Məhkəmə qərarları › İş №2(105)-957/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-957/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-957/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32495 olan Samsung Galaxy J5 2017 markalı telefon üçün 38 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********57030 olan Samsung Galaxy S9 dual markalı telefon üçün 1272 manat ödənilməmiş hissə, 127 manat cərimə, ümumilikdə 1440 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32495 olan Samsung Galaxy J5 2017 markalı telefon üçün 38 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********57030 olan Samsung Galaxy S9 dual markal telefon üçün 1272 manat ödənilməmiş hissə, 127 manat cərimə, ümumilikdə 1440 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********32495 olan Samsung Galaxy J5 2017 və İMEİ kodu **********57030 olan Samsung Galaxy S9 dual markal telefonlar almış və nəticədə 1440 manat borcu yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 660 manat (28 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********32495 olan Samsung Galaxy J5 2017 markalı telefon üçün ümumilikdə 41 manat olmaqla, ondan 38 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu yaranmışdır. xx.xx.2018ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2506 manat (24 ay x 98 manat +154 manat ilkin ödəniş) olan İMEİ kodu **********57030 olan Samsung Galaxy S9 dual markal telefon üçün ümumilikdə 1399 manat olmaqla, ondan 1272 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 127 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1856 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Bununla da çəkişmə prinsipini pozmuşdur. Özü heç bir yerdə işləmir, xəstəliklə əlaqədar günəmuzd iş yerləri baglanmış, gündəlik qazanc 6 manat təşkil edir. Bu pulla o ödənişi edə bilmir. Bu səbəbdən faizlərin tam silinməsi, uzun müddətli vaxt verilməsi və qısa-qısa pulun ödənilməsi üçün yeni cədvəl tərtib olunsa borcları az-az ödəyə bilər. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(028)-422/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi T.K.Hüseynov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında olan müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə olan xx.xx.2018-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, İ.F.X2 J5 2017 markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, K00265432 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə İMEİ kodu **********57030 olan Samsung Galaxy S9 dual markal telefona dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (24 ay) 98 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2018-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh İMEİ kodu **********57030 olan Samsung Galaxy S9 dual markal telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32495 olan Samsung Galaxy J5 2017 markalı telefona görə 38 manat ödənilməmiş əsas borcu, 3 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********57030 olan Samsung Galaxy S9 dual markal telefon üçün 1272 manat ödənilməmiş hissə, 127 manat cərimə, ümumilikdə cəmi 1440 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından «xxxx» MMC ilə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində qanunla müəyyən olunmuş qaydada onun iştirakı təmin olunmamış və onun iştirakı olmadan hazırkı qətnamə çıxarılmışdır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh məhkəmənin vaxtı barədə lazımi qaydada rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası Cavabdeh hazırda maddi imkanın olmaması barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, K00261148 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Samsung Galaxy J5 2017 markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2018-ci il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 55 manat olmaq şərti ilə ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ji maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(028)-422/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar