Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-959/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi - müqavilənin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1204/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5500 manat əsas, 659.92 manat faiz borcu, 23.31 manat cərimə borcu olmaqla, cəmi 6182.23 manat borcun və həmçinin 82.24 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-ci il tarixli ərizə anketi imzalamaqla Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. X4 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə illik 27,60% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 234.01 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-yə 5500 manat əsas, 659.92 manat faiz borcu, 23.31 manat cərimə borcu olmaqla, cəmi 6182.23 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında olan müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus olan "xxxx" ASC tərəfindən verilmiş **********321467 nömrəli kredit kartından kredit və öz vəsaiti də daxil olmaqla ümumilikdə 4683.41 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 03:02:26 radələrində mobil tətbiq vasitəsi ilə naməlum şəraitdə silinərək ələ keçirilmişdir. Bu barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə şikayət etmişdir. Faktla əlaqədar olaraq Sumqayıt ŞPİ-nln 3-cü PB-də ilkin yoxlama aparılıb toplanmış material 28 mart 2024-cü ildə istintaq aldiyyatı üzrə Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş, xx.xx.2024-cü ildə Sumqayıt şəhər Polis İdarəsində cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Yəni bankın tələb etdiyi pul vəsaitini o götürməyib. Ona görə də həmin pulun ondan tələb olunması əsassızdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, tərəflər arasında olan müqavilə ləğv olunmalıdır.
5. İlk iddia üzrə iddiaçı "xxxx" KB ASC məhkəməyə qarşılıqlı iddia tələbinə dair etiraz təqdimat edərək bildirmişdir ki, cavabdeh X3 ilkin iddialarına qarşı olaraq müqavilənin ləğv edilməsi tələbinə dair xx.xx.2025-ci il tarixli qarışlıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassızdır və 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi verilərkən pretenziya proseduruna riayət edilməyib. Tərəf Mülki Məcəllənin tələbinə uyğun olaraq ilk növbədə müqavilənin ləğv edilməsi ilə bağlı Unibank KB ASC-yə pretenziya məktubu göndərməli və MM-nin 423.2-ci maddəsinə uyğun olaraq Unibank KB ASC-nin imtina cavabını (pretenziya məktubda müddət göstərilmədiyi halda bankdan cavab məktubu almasa 30 gün keçdikdən sonra) aldıqdan sonra müqavilənin ləğv edilməsi ilə məhkəməyə müraciət etməlidir. Tərəf öz qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, vəsaitin kibercinayətkarlar tərəfindən oğurlanması ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bir halda ki, tərəf bunu öz qarşlııqlı iddia ərizəsində qeyd etmişdirsə, Bankla cavabdeh arasında bağlanmış sözügedən kredit müqaviləsinin ləğvi üçün heç bir mötəbər əsas yoxdur. Həmin əməlin (vəsaitin oğurlanması) araşdırılması və hüquqi qiymət hazırki iş üzrə mülki işə baxan məhkəmə tərəfindən yox, məhz hüquq mühafizə orqanları tərəfindən həyata keçirilməlidir. Odur ki, qarşılıqıli iddia ərizəsi tam olaraq əsassız olduğundan həmin ərizəyə etiraz edirlər, o cümlədən MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə riayət olunmadan verildiyinə görə qarşılıqlı iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş edirlər.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1204/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) ilk iddia təmin edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5500 (beş min beş yüz) manat əsas, 659,92 (altı yüz əlli doqquz manat doxsan iki qəpik) manat faiz borcu, 23,31 (iyirmi üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 6182,23 (altı min yüz səksən iki manat iyirmi üç qəpik) manat borc və həmçinin 82,24 (səksən iki manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun tutulması, iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İlk iddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Qarşılıqlı iddiaçı ilkin iddia tələbini qəbul etmir və tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini xahiş edir. Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini "xxxx" KB ASC tərəfindən verilmiş və ona məxsus kredit kartından çıxarılan pulun onun tərəfindən əldə edilmədiyi, həmin məbləğin naməlum şəraitdə silindiyi, bununla əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü PB-nə verdiyi şikayət ərizəsi əsasında cinayət işinin başlanması və icraata qəbul edilməsi ilə əsaslandırır. Qarşlıqlı iddiaçının qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehin kart hesabına üçüncü şəxslər tərəfindən müdaxilə edilməsi, onun hesabından pul oğurlanması mübahisələndirilən müqavilənin ləğvi üçün əsas ola bilməz. Belə ki, kredit kartı və ona dair hesab cavabdehin istifadəsində olduğu müddətdə kartın, o cümlədən hesabda olan pul məbləğinin oğurlanması, itirilməsi və s. riskləri borcalan daşıyır.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 743, 746.1, 442, 443.1, 445.2.1, 462.1,421, 423.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
9. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1204/2025 nömrəli qətnaməsinin ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus olan "xxxx" ASC tərəfindən verilmiş **********321467 nömrəli kredit kartından kredit və öz vəsati də daxil olmaqla ümumilikdə 4683.41 manat məbləğində pul vəsati xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 03:02:26 radələrində mobil tətbiq vasitəsilə naməlum şəraitdə silinərək ələ keçirilmişdir. Bu barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə şikayət etmişdir. Faktla əlaqədar olaraq Sumqayıt ŞPİ-nin 3-cü PBdə ilkin yoxlama aparılıb toplanmış material 28 mart 2024-cü ildə istintaq aidiyyati üzrə Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü ildə Sumqayıt şəhər Polis İdarəsində cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Yəni bankın tələb etdiyi pul vəsaitini götürməyib. Ona görə də həmin pulun ondan tələb olunması əsassızdır. Ona görə də qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tərəflər arasında olan müqavilə ləğv olunmalıdır. Çünki qeyd etdiyi kimi bankdan kredit götürməyib. Lakin məhkəmə əsassız olaraq qarşılıqlı iddianı təmin etməmiş, ilkin iddianın isə təmin etmişdir. Məhkəmə belə nəticəyə gəlib ki, kredit kartı və ona dair hesab cavabdehin istifadəsində olduğu müddətdə kartın, o cümlədən hesabda olan pul məbləğinin oğurlanması, itirilməsi və s. riskləri borcalan daşıyır. Bununla bağlı tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.9.2.12-ci bəndində qeyd edilmişdir ki, kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üzrə bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 3.1.13-cü maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən X2 dərhal məlumatlandırmalıdır. Borcalan tərəfindən məlumatların vaxtında verilməməsinə görə eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.9.2.12-ci bəndində qeyd edilmişdir ki, kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üzrə bütün mümkün tədbirləri görməlidir. İşdən görünür ki, kiber cinayət törədilərək onun adına kredit götürülüb və həmin pul vəsaiti cinayət yolu ilə onun kartından çıxarılıb. Yəni onun kartı itsəydi, oğurlansaydı, üzərində təhriflər edilsəydi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsini bilsəydi o zaman bütün mümkün tədbirləri görməliydi. Hazırkı vəziyyətdə onun bu cinayət əməlindən xəbəri olmayıb. Yəni onun iradəsindən asılı olmayan səbəbdən həmin pul vəsaiti onun kartından çıxarılıb. Belə olan halda o, hər hansı bir məsuliyyət daşımır. Hazırkı vəziyyətdə bank hüquqdan sui-istifadə edərək, əsassız olaraq varlanmışdır. Hüquqdan sui-istifadə isə yolverilməzdir. Həmçinin hesab edir ki, bu fors major haldır. Fors-major (fransızca "force majeure") müqavilə tərəflərinin iradəsindən asılı olmayan və müqavilənin yerinə yetirilməsini qeyri-mümkün edən gözlənilməz hadisələrdir. Bundan əlavə məhkəmə gedişatında iş üzrə icraatın dayandırılması ilə bağlı vəsatət verərək, xx.xx.2024-cü ildə Sumqayıt şəhər Polis İdarəsində başlanmış cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar üzrə işə baxılıb yekun qərar qəbul olunana kimi iş üzrə icraatın danaydırılmasını xahiş etmişdir. Lakin məhkəmə icraatı dayandırmamışdır. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən icraatın dayandırılması məsələsinə də təkrar olaraq münasibət bildirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsindən, sms bildirişdən və ərizədən görünür ki, Cavabdeh "xxxx" KB ASC tərəfindən 35 ay müddətinə illik 27,60% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə kredit xətti açılmışdır.
14. xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 5500 manat əsas, 659.92 manat faiz borcu, 23.31 AZN cərimə borcu olmaqla, cəmi 6183.23 AZN borcu vardır.
15. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.
16. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Cavabdehı ona məxsus olan "xxxx" ASC tərəfindən verilmiş **********321467 nömrəli kredit kartından kredit və öz vəsati də daxil olmaqla, ümumilikdə 4683.41 manat məbləğində pul vəsatinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 03:02:26 radələrində mobil tətbiq vasitəsilə naməlum şəraitdə silinərək ələ keçirilməsinə dair müraciəti üzrə cinayət işi başlanmış və icraata qəbul edilmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Məhkəmə kollegiaysı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1204/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığını apellyasiya şikayətinə münasibətdə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1204/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh X1 xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla “ümumi Oferta” ilə tanış olmuş, onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS bildiriş vasitəsi ilə cavabdehə 35 ay müddətinə illik 27,60% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5500 manat kredit xətti açılmış, müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 5500 manat əsas, 659.92 manat faiz, 23.31 manat cərimə məbləği olmaqla, cəmi 6183.23 manat borcu yaranmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən imzalanmış ərizə anketdən görünür ki, cavabdeh ona 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətə kredit xətti ayrılmasını xahiş etmişdir. İlkin olaraq xx.xx.2023-cü il tarixdə ona 1600 manat kredit xətti limiti verilmiş, xx.xx.2024-cü il tarixdə kredit limiti artırılaraq 5500 manat müəyyən edilmişdir(i.v.18). Bununla da müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Cavabdeh ümumi ofertanı imzalamaqla akspetsiz qaydada qəbul etməsinə dair şərt də daxil olmaqla kredit müqaviləsini imzalamaqla və mobil bankçılıq vasitəsi ilə banka məxsus tətbiqi öz telefonunda qeydiyyatdan keçməklə “bank xidmətlərinin təqdim edilməsinə dair” xx.xx.2022-ci il tarixli Ümumi Ofertadakı şərtləri də qəbul etmişdir.
23. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının cinayət əməli nəticəsində pulunun kartından oğurlanması, yəni onun iradəsindən asılı olmayan səbəbdən həmin pul vəsaitinin onun kartından çıxarılması ilə bağlı şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “bank xidmətlərinin təqdim edilməsinə dair” xx.xx.2022-ci il tarixli Ümumi Ofertanın 5.9.2.12-ci bəndində qeyd edilmişdir ki, kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üzrə bütün mümkün tədbirləri görməlidir. Qarşılıqlı iddiaçı pulun kartından kənar şəxslər tərəfindən hansı qaydada çıxarılmasını ətraflı ərizəsində qeyd etməsə də bu hal adəti üzrə şəxsin ehtiyyatsızlıq edərək şəxsi məlumatları təqdim etməsi nəticəsində mobil tətbiqlərin və ya kart məlumatlarının ələ keçirilməsi ilə baş verir ki, qeyd edilən hal isə kreditor bankın hər hansı bir məsuliyyətinə səbəb olmur. Tələb edilən borc məbləği krediti limitinin artırılması barədə cavabdehin müraciəti əsasında xx.xx.2024-cü il tarixdə onun kartına yüklənmişdir ki, belə olan halda həmin məbləğin qorunub saxlanılmasına da cavabdeh məsuliyyət daşımışdır.
24. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. İddiaçının dəlillərindən belə anlaşılır ki, o, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsini tələb etməkdədir. Lakin, qarşılıqlı iddiaçının qeyd etdiyi hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilməz. Belə ki, kibercinayətkarlıq yolu ilə bank hesabından pulun çıxarılma ehtimalının olması əvvəlcədən bilinən haldır. Buna görə də birinci instansiya məhkəməsi məhz qeyd edilən əsasa görə müqavilənin ləğv edilməsi tələbini haqlı olaraq əsassız hesab etmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin polis orqanın aşikayət etməsi, şikayət üzrə başlanılmış cinayət işinin yekunlaşdırılana qədər hazırki iş üzrə icraatın dayandırılması barədə dəlilə qiymət verərək qeyd edir ki, iş üzrə icraatın dayandırılmasını tənzimləyən Mülki Prosessual Məcəllənin 254-cü maddəsində qeyd edilən əsaslar hazırki işdə mövcud olmadığından iş üzrə icraatın dayandırılmasına zərurət yoxdur.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1204/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1204/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.