Məhkəmə qərarları › İş №2(105)-96/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-96/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-96/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-3998/2018 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-3998/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Fikrət Əliyev) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 80000 ABŞ dolları əsas borc, 5734 ABŞ dolları faiz borcu və 600 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 86334 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2018-ci il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 80000 ABŞ dolları məbləğində əsas borcun, 5734 ABŞ dolları məbləğində faiz borcunun, 6000 ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) borcunun, ümumilikdə 91734 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx.xx.2015-ci ii tarixli, 025/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi ilə 12 ay müddətinə, illik 10% dərəcəsi olmaqla 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 80000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlıvaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 80000 ABŞ dolları məbləğində əsas borcu, 5734 məbləğində faiz borcu, 6000 ABŞ dolları məbləğində cərmə borcu, ümumilikdə 91734 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmişdir. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Belə ki, məhkəmə gəldiyi nəticəni iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli, 10/H-7446 saylı maliyyə arayışı ilə əsaslandırmışdır. Məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmayaraq Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Vəkili məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək dəftərxana vasitəsilə order və etibarnaməni də təqdim etmişdir. Lakin məhkəmə tərəfindən vəsatətə baxılmamış, hətta onun rədd edilməsi barədə qərardad belə qəbul olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi çıxarışda hansı məbləğdə və tarixlərdə kredit ödənişlərinin edildiyi, faizlərin düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək mümkün deyildir. Belə ki, iqtisadiyyatın bu sahəsi ixtisaslaşmış sahə olduğundan faiz borcu məbləğinin düzgün hesablanıbhesablanmamasını müəyyən etmək məqsədilə obyektiv yekun qərar qəbul edilməsi baxımından iş üzrə xüsusi biliyə malik məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı idi. Eyni zamanda məhkəmə cərimənin miqdarını öz mülahizəsinə əsasən müəyyən etmişdir. Halbuki cərimənin hesablanması xüsusi bilik tələb edən məsələ olduğundan həmin cərimə ekspert tərəfindən hesablanmalıdır. Həmçinin məhkəmə tərəfindən müvafiq vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı xüsusi qərardad qəbul olunmuşdur ki, həmin qərardad da mövcud hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin və eyni tarixli xüsusi qərardadın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx xxxx 2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 10 faiz olmaqla 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 80000 ABŞ dolları, faiz borcu 5734 ABŞ dolları, cərimə (dəbbə) borcu 6000 ABŞ dolları, cəmi borcu 91734 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsinə xx xxxx 2016-cı il tarixli, 025/15/1 saylı əlavədən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh bağlanmış xx xxxx 2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsinə əsasən verilmiş 80000 ABŞ dolları məbləğində kreditin qalıq məbləği 80000 ABŞ dollarının ödəniş müddəti kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx xxxx 2017-ci il tarixədək uzadılmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/3033 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsinin, eləcə də xx xxxx 2016-cı il tarixli 025/15/1 saylı əlavə sazişin şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə xx xxxx 2017-ci il tarixə (müqavilənin bitdiyi tarixə) olan dövr üzrə əsas borcu 79.804,64 ABŞ dolları, faiz borcu 6007,52 ABŞ dollarıdır. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsi üzrə cərimə faizi bank tərəfindən hesablanmadığından Cavabdeh cərimə hesablanılmadı. Bundan başqa, hesabdan çıxarışlardan (iş materiallarında olan və təqdim olunmuş) göründüyü kimi, hesabdan çıxarışın müddəti xx.xx.2015-ci il -xx.xx.2016-cı il tarixədək olan dövrü əhatə etdiyindən xx xxxx 2017-ci il tarixdən sonra Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlərin aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 10 faiz olmaqla 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsinə xx xxxx 2016-cı il tarixli, 025/15/1 saylı əlavəyə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh bağlanmış xx xxxx 2015-ci il tarixli, 025/15 saylı kredit müqaviləsinə əsasən verilmiş 80000 ABŞ dolları məbləğində kreditin qalıq məbləği 80000 ABŞ dollarının ödəniş müddəti kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx xxxx 2017-ci il tarixədək uzadılmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/3033 saylı eksperi rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə xx xxxx 2017-ci il tarixə (müqavilənin bitdiyi tarixə) olan dövr üzrə əsas borcu 79,804,64 ABŞ dollarıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borc məbləğinə aid hissədə dəyişiklik edilməli, Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 79,804,64 ABŞ dolları əsas borc tutulmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 5734 ABŞ dolları faiz borcu tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq 6000 ABŞ dolları məbləğində cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərərək həmin məbləği 600 ABŞ dollarına kimi azaltmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-3998/2018 saylı qətnaməsinə əsas borca aid hissədə dəyişiklik edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 79,804,64 (yetmiş doqquz min səkkiz yüz dörd ABŞ dolları 64 sent) ABŞ dolları əsas borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar