Məhkəmə qərarları › İş №2(105)-960/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-960/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-960/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2426/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 9500 (doqquz min beş yüz) manat borc və 115 (bir yüz on beş) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehqarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında 02 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cavabdeh 02 avqust 2024-cü il tarixədək borcu ödəməyi öhdəsinə götürsə də bu günə kimi yalnız 1.000 manat məbləğində ödəniş etmişdir. Məhkəməyə müraciət etməzdən qabaq cavabdehə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması ilə qeyd olunan faktlar təsdiqin tapmalı və iddia tələbi tam təmin edilərək Cavabdeh 9.500 (doqquz min beş yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edərək iddianın 9000 manat hissəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz tələbini əsaslandırmağa borcludur, lakin tələb tam əsaslandırılmamışdır. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Mövcud vəziyyətdə qətnamə əsaslı deyil və qanunun maddəsi pozulmuşdur. Məhkəmə mülki işi tam və hərtərəfli araşdırmamışdır. Bütün faktiki halları aydınlaşdırmamış, hesablama üzrə səhv nəticəyə gəlmişdir. Mühasibat ekspertizası keçirilməmiş, xüsusi bilik tələb olunan mütəxəssis dəvət edilməmişdir. Məhkəmə qətnaməsində göstərilən məbləğ işin faktiki halları ilə sübut edilmir. Məhkəməyə gələ bilmədiyi üçün sübutlar təqdim edə bilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnaməni mübahisələndirərək, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd olunanlara əsasən hüquqi qiymət verilməlidir. İşdən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 743-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. İşdən görünür ki, iddiaçı mövcud kredit müqaviləsinə əsasən cavabdehə 10.500 manat pul verdiyini və sonuncunun ona həmin məbləğdən 1000 manat qaytarmaqla, yerdə qalan 9500 manat məbləğində pulu qaytarmadığını, cavabdehsə həmin borcun 9000 manat olduğunu bildirərək, iddiaya etiraz edir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi xx.xx.2023-cü il kredit müqaviləsi üzrə pulu cavabdehə verdiyini sübut etdiyi halda, cavabdeh isə bunu təkzib edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən o cümlədən, qaytarılmasını təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar