Məhkəmə qərarları › İş №2(105)-961/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-961/2022

21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-961/2022 21.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(067)-484/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(067)-484/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(067)-1368/11 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq 08 avqust 2007-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 115 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən övladı 08 avqust 2007-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(060)- 1368/2011 saylı qətnaməsinə əsasən 20.09.2011-ci il tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 72 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda övladının 14 yaşı vardır, 72 manat aliment uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdükcə məsrəfləri də yetərincə artır. Uşağın bütün ehtiyacını o çəkir. Cavabdeh isə alimenti vaxtlı vaxtında da ödəmir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(067)-1368 saylı qətnaməsi ilə ondan X1 üçün İddiaçı xeyrinə tutulmalı olan 72 manat məbləğində alimentin miqdarının azaldılaraq 50 manat həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ayrıldıqdan sonra ikinci nikaha daxil olmuş və bu nikahdan 2 uşağı vardır. Özü 2-ci dərəcəli əlildir, hər ay 120 manat sosial müavinət alır. Faktiki olaraq əmək qabiliyyəti yoxdur, işləyə bilmir. Cavabdehin himayəsində olan uşaqla birlikdə 3 uşağı vardır. Uşaqlar bir-birinə münasibətdə üstünlüyə malik deyildirlər. Aldığı 120 manat pensiyanın 72 manatı cavabdehin himayəsində olan övladı Fəqanın saxlanması üçün ödənildikdə, digər övladlarına həmin məbləğdə vəsait qalmır. Ona görə də Fəqanın saxlanması üçün hər ay 50 manat məbləğində aliment ödəyə bilər. Cavabdeh kənddə yaşamaqla mal-qara, toyuq-cücə saxlamaqla, habelə torpaq sahəsində taxıl əkməklə yaxşı qazanc götürür və maddi imkanları ondan qat-qat yaxşıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsinə əlilliyə görə 120 manat pensiya almagı barədə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz Regional filialının 18.01.2022-ci il tarixli, **********2 saylı, 08.02.2022-ci il tarixli **********6 saylı arayışlarını əlavə etmişdir. Həmçinin məhkəməyə Quba Rayonlararası Psixonevroloji Reablitasiya Mərkəzində 12.12.1991-ci il tarixdən qeydiyyatda olmaqla dəfələrlə stasionar müalicələr almagı, habelə sonuncu dəfə 16.01.2021-ci il tarixdən 30.01.2021-ci il tarixə qədər “Şəxsiyyətin affektiv paranoid pozuntusu” diaqnozu ilə müalicədə olmagı barədə 15.09.2021-ci il tarixli, 1628 saylı arayışı, 08.02.2022-ci il tarixli, 215 saylı arayışları, 03.04.2012-ci il tarixdə Əmrahova (Qubatova) Nəsibə Şahqulu qızı ilə rəsmi nikah əsasında evlənməyi və bu nikahdan 29.07.2012-ci il tarixdə Nübar və 20.05.2017-ci il tarixdə Cəvahir adlı iki övladının dogulmasını təsdiq edən nikah şəhadətnaməsinin və dogum şəhadətnamələrinin surətlərini təqdim etmişdir. Qətnamədə isə həmin sənədlər barədə heç nə yazılmamış və həmin sənədlər məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin Xaçmaz Rayon Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(067)-1368/2011 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq 08 avqust 2007-ci ildə anadan olmuş Qubatov Fəqan Kamran oglunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 115 manat məbləgində sabit pul şəklində alimentin alınaraq Hüseynova Fəzilə Saməddin qızına verilməsi və onun Hüseynova Fəzilə Saməddin qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması hissələrində ləgv edilərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Nümayəndə iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması və ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 08 avqust 2007-ci il tarixdə X10 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 18 oktyabr 2011-ci il tarixli, 2(067)-1368/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 12 may 2010-cu il tarixli, 2(067)-464/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 08 avqust 2007-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20 sentyabr 2011-ci ildən başlayaraq Cavabdeh hər ay 72 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah 03.04.2012-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsinə bağlanılaraq 137 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X3 nikahından 29.07.2012-ci il tarixdə X8 və 20.05.2017-ci il tarixdə X7 anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba- Xaçmaz Regional filialının 18.01.2022-ci il tarixli, **********2 saylı arayışından görünür ki, Cavabdeh 30.09.2026-cı ilədək 3-cü qrup əlilliyə görə 120 manat sosial müavinət alır. İş materiallarında olan Quba Rayon Psixonevroloji Reablitasiya Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 1628 saylı arayışdan görünür ki, Cavabdeh 12.12.1991-ci il tarixdən həmin mərkəzin müşahidəsindədir, 12.12.1991-25.12.1991-ci il, 07.05.2020- 15.05.2020, 16.01.2021-30.01.2021-ci il tarixlərdə mərkəzdə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(067)-1368/2011 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 12.05.2010cu il tarixli, 2(067)-464/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 08 avqust 2007-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20 sentyabr 2011-ci ildən başlayaraq Cavabdeh hər ay 72 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2011-ci ildə yaşayış minimumu uşaqlar üçün 76 manat məbləğində müəyyən edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(067)-1368/2011 saylı qətnaməsi qəbul olunan vaxtdan keçən 10 ildən artıq müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşağın saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, 08 avqust 2007-ci ildə anadan olmuş X10 iddiaçının himayəsindədir, uşağa qulluq, onun təhsil, sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, Xaçmaz Rayon Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(067)- 1368/2011 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2011-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşağın saxlanılması üçün 72 manat miqdarında aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay uşağa görə 115 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində, əlil olmasını, yeni nikahından iki uşağı olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yeni nikahından 2 uşağı olması onu əvvəlki nikahından olan uşağın minimum tələbatını ödəmək vəzifəsindən azad etmir. Cavabdeh 3-cü qrup əlil olsa da, Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən yüngül işlərdə işləyə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi artırılmış məbləğdə alimentin tutulmasının hesablanmasının əvvəlini göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 26-cı bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki mübahisə üzrə iddiaçının artırılmasını tələb etdiyi alimentin bir illik məbləği 1536 manat (200 manat -72 manat = 128 manat x 12 ay) və cavabdehin azaldılmasını tələb edildiyi alimentin bir illik məbləği 264 manat (72 manat -50 manat = 22 manat x 12 ay) təşkil edir. Ona görə də hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(067)-484/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Miqdarı artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar