Məhkəmə qərarları › İş №2(105)-963/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-963/2024

08.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-963/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2-də yerləşən 4 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir (hakim Elmir Hüseynov). Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadının ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə istinad edən birinci instansiya məhkəməsi göstərmişdir ki, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır.Lakin onun cavabdeh qismində qeyd etdiyi orqan Sumqayıt şəhər İcra hakimiyyəti inzibati orqan olsa da, yaranmış mübahisə onun mənzilə istifadə hüququnun tanınması ilə bağlıdır ki, bu hala qiymət verilməsi yalnız mülki məhkəmə icraatı qaydasında həyata keçirilir. Konkret halda qaldırılmış iddia hər hansı bir hüquqi aktın mübahisələndirilməsi ilə bağlı olmamış,onun mənzilə istifadə hüququmun tanınması ilə bağlı qaldırılmışdır ki,burada Sumqayıt şəhər İcra hakimiyyətinin cavabdeh qismində qoyulması istifadə hüququnun tanınmasını iddia etdiyi mənzilin dövlət fondunda olması ilə bağlıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilən 14 aprel 2024-cü il tarixli şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2də yerləşən 4 saylı mənzilə istifadə hüququnun tanınması barədə ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı qeyd edilən mənzilin Dövlət Mənzil Fondunun balansında olduğunu qeyd edir. Belə olan halda, iddiaçı inzibati səlahiyyətli orqana müraciət etməli, inzibati orqan müraciətə cavab verməzsə və ya verilən cavab müraciət edən şəxsi qane etməzsə inzibati qaydada məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, iddiaçı mənzilə istifadə hüququnun tanınması tələbin dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən də göründüyü kimi iddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2-də yerləşən 4 saylı mənzilə istifadə hüququnun tanınmasını xahiş edir. Mənzilə istifadə hüququnun tanınması ilə bağlı mübahisələr isə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Qeyd edilən xüsusatlara əsasən birinci instansiya məhkəməsi iddiaçının inzibati səlahiyyətli orqana müraciət etməsi və inzibati orqan müraciətə cavab verməzsə və ya verilən cavab müraciət edən şəxsi qane etməzsə inzibati qaydada məhkəməyə müraciət etməli olması barədə yanlış hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçı onun mübahisəli mənzilə istifadə hüququ tanınmadan Dövlət Mənzil Fondu ilə kirayə müqaviləsinin bağlanmasını tələb edə bilməz. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2-də yerləşən 4 saylı mənzilə istifadə hüququnun tanınması barədə ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2-də yerləşən 4 saylı mənzilə istifadə hüququnun tanınması barədə iddia ərizəsinə baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar