Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-967/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 237.709 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı ünvanda qeydiyyatda olan Cavabdeh 237790 manat, 140.000 ABŞ dolları ekvivalentində borc pulun, məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh müəyyən problemlərini həll etmək üçün xx.xx.2018-ci tarixinədək olan müddətə qaytarmaq şərti ilə ondan 237.790 manat (iki yüz otuz yeddi min yeddi yüz doxsan ), 140.000 (bir yüz qırx min ABŞ dolları ekvivalentində) borc pul alaraq bu barədə aralarında 11 saylı notariat kontorunda xx xxxx 2018-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh krediti qaytarmaq üçün üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtdan artıq 1 (bir) il müddət keçməsinə baxmayaraq yerinə yetirməmişdir, O, bu barədə cavabdehə dəfələrlə bidirilsə də, cavabdeh müxtəlif bəhanələrlə krediti qaytarmaqdan boyun qaçırmışdır. Son vaxtlar ümumiyyətlə telefon zənglərinə belə cavab verməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Əslində isə iddianın əsası kimi istinad edilən, kredit müqaviləsinin tərtib edilməsi tamam başqa münasibətdən irəli gəlmiş, ortada hər hansı məbləğdə ondan pul alınmamış, borc ondan mənzilin alqısatqısından yaranmış və qısa müddətdə də qaytarılmışdır. İddiaçı əvəllər tanımamışdır. Onunla tanışlığı ona aid məzilin alqı-satqısı ilə bağlı yaranmışdır. Belə ki, İddiaçı aid olan mənzil bankda girovda idi və satışa çıxarılmışdır. Bu barədə birja qəzetində elan verilmiş və mənzilin şəkilləri verilmişdir. Həmin mənzil dayısı Eyubov Sahib Böyükağa oğlunu maraqlandırmış və bu barədə qardaşı X1 demişdir. Aydəm də alqı-satqı firmasının rnüdürü olan Rüfətə zəng edib, həmin mənzilə maraqlanmasını xahiş etmişdir. Rüfətin topladığı məlumatdan bəlli olmuşdur ki, mənzil bankda girovdadır, hərraca çıxarılıb və bank tərəfindən götürülmək ərəfəsindədir. Bundan sonra Bankla əlaqə saxlamışlar, oradan da onları mənzilin sahibi olan cavabdeh İddiaçıla əlaqələndirmişlər. Qalibin adından onun yaxın adamı adı ilə Zaur ortaya çıxmış və Qalibin olmadığı vaxtlarda danışıqlar onunla aparılmışdır. Həmin vaxtları İddiaçı xaricdə idi. Danışıqlardan sonra İddiaçı uçub Bakıya gəlmişdir. Mənzili qiymətləşmiş və 720.000 ABŞ dollara razılaşmışlar. Mənzili əvvəlcədən girovdan çıxarmaq, sonrada alqı-satqını rəsmiləşdirmək, ilkin olaraq mənzili girovdan çıxarmaq üçün dayısı S.Eyubov 150.000 dollar vermişdir Rüfətə, o, da Zaurla getmişlər evi girovdan çıxartmağa. Bankla razılaşıb, pulunu ödəyib, evi girovdan çıxarmışlar və alqısatqının rəsmiləşdirilməsinə yığışmışlar. Həmin gün də notariat konturuna onlarla getmişdir. 720.000 ABŞ dollardan əvvəlcədən ödənilmiş 150.000 ABŞ dollar nəzərə alınmaqla, həmin günü toparlaya bildikləri pul, mənzil üçün razılaşdığları məbləğdən 140.000 ABŞ dollar pulunu çatdıra bilməmişlər və razılaşmışlar ki, pul 5-6 aya ödəniləcəkdir. Mənzil dayısı S.Eyubovun adına rəsmiləşdirilmişdir. Ona görə də kredit müqaviləsi onunla bağlanılmışdır. Bir aydan sonra da həmin məbləği hisə-hisə ödəməyə başlamış və təqribən 4-5 ay müddətinə yerdə qalan 140.000 ABŞ dollar məbləği tam şəkildə bağlanmışdır. Pulların da çox hissəsi onun adamı olan Zaur gətirib götürüb aparıb, Rüfətin də alıb göndərdiyi hal olub, bir dəfə də şəxsən Qalibin özünə verilib. Hər dəfə də pulun ona çatdırıldığı barədə məlumat vermiş və bununla bağlı aralarında heç bir sözsöhbət və irad olmamışdır. Həmin alqı-satqıya kimi də ümumiyyətlə İddiaçı görməmiş, onu tanımamış və onunla hər hansı razılaşma olmamışdır. Alqısatqıdan sonra da onunla heç bir əlaqəsi olmamışdır. Onun əlaqələri qardaşı Cavabdeh ilə olmuşdur və öz aralarında alver etmişlər. Sonunda da Qalib düzgün mal vermədiyinə görə mübahisələri olmuşdur. Belə ki, İddiaçı Türkiyədə yaşadığını və orada bizneslə məşğul olduğunu qardaşı Aydəmə demiş, qardaşı da ona malın üzərinə yapışdırılan “birkalar” lazım olduğunu demiş və birkaları Türkiyədə hazırlayıb göndərilməsi ilə bağlı qardaşı Aydəmlə cavabdeh İddiaçı razılaşmışlar. Pulu göndərəndən sonra da Qalib mallar göndərmişdir. Sonuncu 2 partiya birklarları düzgün olmayan mal göndərmişdir. Həmin mallar da üstlərində qalmış və ümumilikdə 90.000 dollar qardaşına ziyan dəymişdir. Sonradan Türkiyəyə gedəndə məlum olmuşdur ki, Qalib sonrakı partiyanı dediyi fabrikdən deyil, kustar üsulu ilə 32.000 dollar ucuzuna zay maldan düzəltdirmişdir. Özü də gəlib malını götürmür. Ona görə də həmin birkaları ləğv etməyə vermək məcburiyyətindədirlər. Lakin İddiaçı həmin birkalarm satışından 120.000 dollar gəlir olduğunu iddia edir və gəlirdən qardaşından pay istəyir. Bununla bağlı da aralarında mübahisə baş vermiş və davam edir. İddiaçı da onunla arada olan kredit müqaviləsini məqsədli şəkildə olaraq, istifadə etməyə qalxmışdır. Əslində isə mənzildən qalan borcun son məbləğini alandan sonra, kredit müqaviləsi ləğv edilmiş hesab olunur. Məhkəmənin ilk iclasında iştirak edərkən, bunlar barəsində məhkəməyə geniş izahat vermişdir və iddiaçının da sonrakı iclasda iştirakının təmin edilməsini xahiş etmişdir. Lakin məhkəmənin sonrakı iclasları barədə bildirişlər ona çatmamışdır, iştirakı olmamışdır. Nəticədə işin faktiki halları aydınlaşdırılması mümkün olmamış, məhkəmə yalnız iddiaçının dediklərini nəzərə almaqla qətnamə çıxarmışdır. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-42/2020 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi M.R.Məlikov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçıdan pulun alınmasında müqavilə ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Bakı şəhəri 11 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı, borc alan Cavabdeh 237790 manat (140000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan borc məbləğini qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ doları ekvivalentində ödəyəcəkdir. Məhkəmə kollegiyası Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən işin tam və hərtərəfli araşdırılmaması, borcun tam şəkildə iddiaçıya başqa şəxs tərəfindən ödənilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı, Cavabdeh 237790 manat (140000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermişdir. Cavabdeh krediti xx.xx.2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğini qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ doları ekvivalentində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmçinin tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Cavabdeh kredit borcunu iddiaçıya tam şəkildə ödəyini bildirsədə bu barədə hər hansı bir subut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası iclası zamanı Cavabdeh kredit borcunun iddiaçıya tam şəkildə ödədiyini bildirsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı oldugundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(074)-42/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-967/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-967/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver