Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-968/2024 03.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası C blokun 15-ci mərtəbəsində yerləşən 75 saylı mənzilin təmiri üçün ümumilikdə 16900 manat məbləğində vəsait xərclənmişdir.
2. Quba RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X1 xx.xx.2023-cü il tarixli, HK/1-387 nömrəli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir.
3. Cavabdeh Quba RPŞ-də verdiyi izahatında göstərmişdir ki, o, əvvəldən tanıdığı İddiaçı Bakı şəhəri Nobel prospektində yerləşən evini təmir etdirmək üçün onun zəhmət haqqı da daxil olmaqla cəmi 44000 manatdan razılaşmışdır. Görüləsi işlərin kvadrat metrini də 340 manatdan razılaşmışdır. 2022-ci ilin may-sentyabr aylarında təmir işləri apardığı dövrdə Üzeyir ona 34000 manat məbləğində pul vermişdir. O, həmin pul vəsaiti hesabına zəruri təmir işlərini aparmış və yalnız həmin puldan ona 1500 manat məbləğində zəhmət haqqı çatmışdır. Lakin sonrakı dövrdə Üzeyir onun gördüyü təmir işləri ilə razılaşmamış, təmirin dizayn planında dəyişikliklər tələb etmiş və daha bahalı işlər görülməsini istəmişdir. O isə əlavə işlərin görülməsinə pul verməkdən imtina etmişdir. Əvvəldən ona verdiyi 34000 manatın içərisində işləri görüb tamamlamasını tələb etdiyindən razılığa gələ bilməmişlər. O, Üzeyirin verdiyi puilları təmirə istifadə etmiş, pullarını mənimsəməmiş, ona qarşı heç bir dələduzluqda etməmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/5350 saylı, xx.xx.2023-cü il tarixli eksert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası C blokun 15-ci mətəbəsində yerləşən 75 saylı mənzil üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 12047 manat məbləğində olduğu müəyyən edilmişdir. Mənzil üzrə mövcud olan qüsurların qaldırılması üçün aparılmalı təmir və bərpa işlərinə sərf olunmalı vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 6005 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ceyhun-3 İKF ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 235 saylı müqaviləyə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış binası C blokun 15-ci mərtəbəsində yerləşən 75 saylı mənzilin təmiri üçün Cavabdeh ödədiyi 34000 manat məbləğində pulun və mənəvi zərərə görə 10000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödədiyi 222 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım xərci kimi ödədiyi 600 manat məbləğində pulun Cavabdeh barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Quba rayonu, Küpçal kəndində qeydiyyatda olsa da, çox vaxt Rusiya Federasiyasında yaşayır. Vətənə qayıtdıqda ailəsi ilə birlikdə yaşamaq üçün 2021-ci ilin oktyabr ayında “Ceyhun-3” İKF ilə aralarında bağlanan müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasının C blokunun 15-ci mərtəbəsində yerləşən 75 saylı təmirsiz mənzili satın almışdır. Rusiya Federasiyasına qayıtdıqdan sonra satın aldığı mənzili təmir etmək üçün əvvəllər də usta kimi tanıdığı Cavabdeh ilə telefon vasitəsi ilə danışmışdır. Danışıqlar zamanı o, cavabdehə işlərin peşəkar şəkildə və memar tərəfindən hazırlanmış dizayna uyğun həyata keçirilməsini istədiyini bildirmişdir. Cavabdeh də ona çalışdığı şirkətdə bu işlə məşğul olan şəxs olduğunu bildirmiş və onların sonrakı danışıqları zamanı X5 adlı şəxslə onu əlaqələndirmiş və həmin şəxs aldığı mənzilin təmirdən sonrakı görünüşü ilə bağlı qabaqcadan dizayn nümunələrini hazırlayaraq ona göndərmişdir. O, həmin nümunələrdən biri ilə razılaşaraq təmirin həmin nümunəyə uyğun həyata keçirilməsini istəmişdir. Qeyd edilən nümunədəki dizayna uyğun təmirin həyata keçirilməsi üçün Cavabdeh zəhmət haqqı və materiallar da daxil olmaqla evin təmiri üçün smeta məbləğini hesablayaraq 44000 manata bu işi görə biləcəyini bildirmişdir. Təmir işlərinin aparıldığı müddətdə o, Cavabdeh cəmi 34000 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin sonradan Azərbaycan Respublikasına gələrək Cavabdeh üzərinə götürdüyü öhdəlik, yəni təmir işləri ilə maraqlandıqda həmin işlərin olduqca keyfiyyətsiz və natamam görüldüyünün şahidi olmuşdur. Belə ki, göndərdiyi puldan evin təmiri üçün lazım olan materialları almaq yerinə olduqca keyfiyyətsiz və ucuz məhsullardan təmirdə istifadə etmiş, özü ilə işləyən digər ustaların ondan tələb etdikləri məhsulların hətta miqdarını da azaldaraq təhvil vermişdir. O, mütəxəssis apararaq qeyd edilən mənzildə təmir işlərinin olduqca keyfiyyətsiz aparılması ilə bağlı akt tərtib etdikdə ona məlum olmuşdur ki, mənzilin təmiri zamanı ucuz və keyfiyyətsiz döşəmə materiallarından istifadə edildiyi üçün döşəmə sökülərək yeni materiallardan istifadə olunaraq təkrar işlənilməlidir. İstilik sistemi ucuz materiallardan istifadə olunduğundan keyfiyyətsiz, eyni zamanda səliqəsiz işlənmiş, təhlükəsizlik baxımından yenidən işlənilməsi vacib hesab edilir. Su-kanalizasiya sistemi də mütləq sökülərək yenidən quraşdırılmalıdır. Divarlarda da üzlük işi başa çatdırılmamışdır. Asma tavanlarda dizayn razılaşdığımız kimi deyildir. Kafelmetlax üzlükləri işi yararsız vəziyyətdədir və sökülərək yenidən işlənməlidir. Akta əsasən mənzilin təmirində istifadə olunan mal-materiallara və görülən işlərə uyğun smeta-hesabatı aparılmışdır. Hesabat zamanı təmirə istifadə olunan mal-material qiymətləri və işçi-əməkçi xərcləri 16900 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh onun ona ödədiyi 34000 manat məbləğində pulun demək olar ki, çox hissəsini evin təmirinə deyil, özünə xərcləmiş, evin təmirinə xərclədiyi işləri də olduqca keyfiyyətsiz gördüyü üçün artıq həmin vəziyyətdə evi təmir edib tamamlamaq mümkün deyildir. Cavabdeh razılaşdıqları layihəyə uyğun təmir işləri aparmamışdır. Görülən işlər sökülərək yenidən görülməlidir. O, Cavabdeh ona qarşı etdiyi əməllərə görə ərizə ilə Quba Rayon Polis Şöbəsinə də müraciət etmişdir. Lakin aparılmış araşdırma nəticəsində cavabdeh ilə aralarında olan münasibətlərin mülki xarakterli olduğu əsası ilə 25 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin ona guya mənzilində işlərin tez başa çatması üçün briqada işlətdiyi ilə bağlı bildirdiyi fikirlər də həqiqətə uyğun olmamışdır. Mənzildə bir iki nəfər şəxs işləmişlər ki, həmin şəxslərdən X2 və X8 notariat qaydada ərizə təqdim edərək Cavabdeh tərəfindən onlara istədikləri miqdarda və keyfiyyətdə materialın verilmədiyini, hətta zəhmət haqlarının da tam ödənilmədiyi bildirmiş və görülən işlərin keyfiyyətsiz olduğunu təsdiq etmişlər. Eyni zamanda qeyd edilən mənzilin dizayn işlərini aparmış və bununla bağlı ilkin layihələri hazırlamış X5 da mənzildə aparılan təmirin onun verdiyi dizayn əsasında deyil, tamamilə fərqli aparıldığını təsdiq edir. Göründüyü kimi iş üzrə Cavabdeh ondan mənzil təmiri adı altında 34000 manat məbləğində pul almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzilini təmir etməyərək ona maddi və mənəvi zərər vurmuşdur. Cavabdehin hüquqazidd davranışı nəticəsində o, çox böyük mənəvi sarsıntı keçirmiş, övladı Bakı şəhərində tələbə olsa da, öz evləri ola-ola kirayə qalmağa məcbur olmuş, Rusiya Federasiyasından Azərbaycana gələrkən planlaşdırdığı kimi öz evində ailəsi ilə birlikdə qalaraq normal istirahətini həyata keçirə bilməmiş, əksinə cavabdehin təqsirli hərəkətləri nəticəsində mütəxəssis, polis, prokurorluq orqanlarında zamanını keçirmişdir. Ona vurulmuş mənəvi ziyanı 10000 manat məbləğində dəyərləndirir. Ona dəymiş ziyan cavabdehin hərəkətləri nəticəsində baş verdiyi üçün onun tərəfindən ödənilməlidir.
7. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 21953 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 222 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən məhkəmədə hüquqların müdafiəsi üçün ödənilmiş 600 manat məbləğində pulun yarısının, yəni 300 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 390, 405.1, 442, 445.2.1-445.2.2, 756.1 , 752.1, 762.1-762.3, 765, 769-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarlarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119.1, 217.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verib Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi onun öhdəliyi lazımınca icra etmədiyini bildirsə də, iddiaçının da öz öhdəliyini lazımınca icra etməməsi məsələsinə toxunmamışdır. Belə ki, iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, 44000 manata razılaşmış və 34000 manat ödəniş etmişdir. Sözsüz ki, smetada müəyyənləşdirilmiş məbləğ ödənilməyincə, görülmüş işlərin yüksək səviyyədə olmaması tam normaldır. Alınacaq materialların keyfiyyəti barədə də iddiaçı özü məlumatlı olmuş, yaxşı keyfiyyətdə işə özü razı olmamışdır. İlkin olaraq iddiaçı özü öhdəliyini lazımi qaydada icra etməli idi ki, sonra onun öhdəliyi icra-edib etməməsi məsələsi araşdırılsın. Ümumiyyətlə isə iddiaçı daim qiymət azaltmaqla məşğul olmuş, keyfiyyət onu maraqlandırmamışdır. Belə ki, dizayn işləri üçün ilkin olaraq kv.m 40 manata iş görən insanı təklif etsəm də, bununla razılaşmamış sonradan kv.m 10 manata X5 ilə razılaşmışdır. Evin ümumi sahəsi 131 kv.m olaraq razılaşsaq da, sonradan balkonu da hesaba qataraq əlavə 10 kv. m-dən artıq ərazinin də təmirini onun öhdəsinə qoymuşdur.
11. Birinci instansiya məhkəməsi onlar arasında hansı keyfiyyətdə işin görülməsi barədə razılaşmanın olub-olmaması məsləsini araşdırmamışdır. Keçirilmiş eskpertiza isə ümumiyyətlə hansı metodikadan, hansı qiymətləndirmədən istifadə etdiyi anlaşılmır. Belə ki, iddiaçının özünün mütəxəssis apararaq tərtib etdirmiş olduğu aktda görülmüş işlərin, materialların ümumi dəyəri olaraq 16900 manat müəyyən etməsinə baxmayaraq, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-1616/2-10/5350 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyində 12047 manat məbləğin müəyyən edilməsi gülüncdür. O səbəbdən gülüncdür ki, iddiaçının ilkin olaraq özünün aparmış olduğu mütəxəssisin tərtib etmiş olduğu hesabatdan daha az məbləğin ekspert tərəfindən müəyyən edilməsinin heç bir praktiki əhəmiyyəti yoxdur. Çünki mütəxəssis iddiaçı tərəfindən dəvət olunduğuna görə və iddiaçının da onun hesabatı ilə razı olaraq iddia ərizəsinə əlavə etməsi onu göstərir ki, görülmüş işlərin həcmi ekspert rəyindən çoxdur. Sözsüz ki, mütəxəssis rəyindəki məbləğlə də razılaşmır, amma ekspertin hansı metodika, hansı araşdırma əsasında bu qənaətə gəlməsi ən azı məhkəmədə şübhə oyandırmalı idi və məhkəmə ekspert rəyi ilə bağlı olmadığını nümayiş etdirməli idi. Qiymət üzrə hesablama aparanlar unudurlar ki, o Quba rayonundan Bakı şəhəri təmir müddətində toplam 54 dəfə gedib gəlmiş, bundan əlavə şəhəriçi Sədərək T/M, Ağ şəhər və s. yerləri də işin içinə qatdıqda o bu işdən heç bir xeyir görməmişdir . Çünki iddiaçı işlərə tez-tez müdaxilə etmiş. Kafeli sökdürmüş, onun pulunu təkrarən o öz cibimdən ödəməli olmuşdur . Digər görülən işlərlə bağlı ətraflı olaraq işin faktiki hallarında məlumat verilmişdir.
12. Ona məxsus hesabatda çəkmiş olduğum xərcləri qeyd etmişdir . Sadə məntiq ilə onun hesablamalarının doğru olmasının, dolayısı ilə keçirilmiş ekspertizanın absurdluğunu görünür. Belə ki: 1. divarın sökülməsi -200 manat; 2. kərpicin, sementin alınması, tualetin tikilməsi- 400 manat; 3. styaşka üçün ləvazimat alınması 300+ fəhlə haqqı 200 manat; 4. santexnik materialları-800 manat; 5.usta pulu-1600 manat; 6. elektrik pulu 1700+əlavə işlər olduğu üçün 1900 manat; 7. əlavə elektrik ləvazimatları (spotlar) -1100 manat; 8. birinci kafel pulu 1300 manat+ əl haqqı 800 manat; 9. yeni kafel 1100 manat+ divar panelləri 1200 manat; 10. şpaklyovka-1500 manat+ usta əməyi 7500 manat; 11. alçıpan 1400 manat+ usta pulu 1500 manat; 12. döşəmə 1500 manat+usta pulu 1200 manat; 13. söküntü, zibillərin daşınması üçün fəhlə pulu 400+ 300 manat; 14. mətbəx mebeli 2850 manat; 15. qapıların sifarişi 650 manat.
13. Bu hesabatda hələ öz yol puluna gedən xərcləri, maşınının benzin pulunu və s. qeyd etməmişdir. Göründüyü kimi onun ziyanda olmasına baxmayaraq, ekspertizanın hansı qaydada bu cür hesablama çıxarması anlaşılan deyildir.
14. Hazırki işdə isə tərəflər arasında heç bir yazılı müqavilə olmamışdır. Belə olduğu təqdirdə işlərin iddiaçının bildirdiyi kimi görülməsinə dair aralarında hər hansı bir razılaşmanın olmasını iddiaçı özü sübut etməli idi. İşlərin hansı qaydada görülməsi, aralarında hansı razılaşmanın olmasını iddiaçı sübut etməli olduğu halda, məhkəmə nədənsə sübutetmə yükünü onun üzərinə atmışdır.
15. Məhkəmənin vəzifəsidir ki, çəkişmə prinsipinə əməl etsin və hər bir tərəfə öz sübutlarını təqdim etmək üçün imkan yaratsın. O məhkəməyə iki dəfə teleqram vuraraq ekspert baxışının təxirə salınması və sübutlarının təqdim edilməsi və eyni zamanda səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə isə bir dəfə də olsun onun müraciətini nəzərə almamış və iş üzrə nə eskpert baxışı zamanı orada olub fikrini deyə bilməmişdir, həm də ödəmiş olduğu çekləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə çəkişmə prinsipinə şərait yaratmamaqla, sanki işin tezliklə yarı-yarımçıq bitirilməsində maraqlı olmuşdur. Nəticədə o nəinki xeyir, əksinə ziyana düşmüş olduğu təmir işində ikiqat ziyana salınaraq, iddiaçıya pul ödənilməsinə məhkum edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz ünvanlayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətində göstərilən hallar tamamilə əsassızdır, apellyasiya şikayəti fərziyyələrdən ibarətdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ekspertizada üzrlü səbəbdən iştirak edə bilməməsini, vəkil tutmaq istəməsini, lakin ona vaxt verilməməsinini qeyd etmişdir. Həmçinin ustaları işlətdiyini, onlara pulun verildiyini, iddiaçı və onun qohumu tərəfindən işə maneə olunduğunu, planın dəyişdirildiyini, ekspertizanın rəyinin düzgün olmadığını, iddiaçı ilə aralarında razılaşma olmadığını, iddiaçının özünün öhdəliyini icra etmədiyini qeyd etmişdir.
18. Apellyasiya şikayətində göstərilən heç bir hal ilə razılaşmır. Ona görə ki, cavabdeh birinci dəfə məhkəmə iclasında iştirak etmiş, daha sonrakı məhkəmə iclaslarına gəlməmiş, məhkəməni yubatmaqla məşğul olmuşdur. Cavabdeh xəstə idisə, xəstə olması ilə bağlı sübutları məhkəməyə təqdim edərdi. Cavabdeh sonuncu məhkəmə iclası olub keçəndən sonra, yəni 05 fevral 2024-cü il tarixdən sonra 15:43-də yaşadığı Quba rayonu Qələdüz kəndindən Quba şəhərinə mərkəzi poçta gəlir, səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini yazır. Həmin vaxtı səhhəti ilə bağlı sübutu təqdim etmir. Halbuki məhkəmə ilə poçt arasında heç bir kilometr belə məsafə yoxdur. Poçta gələn insan məhkəməyə də gələ bilərdi. Bundan başqa cavabdehin sübutları təqdim edə bilməməsi barədə dedikləri də yalandır. Ona görə ki, ekspertin rəyi daxil olduqdan sonra məhkəmə iclası bir ay sonraya, yəni 29 dekabr 2023-cü il tarixə, saat 11:40-a təyin edilir. Bundan sonrakı iclas isə bir aydan çox müddətə, yəni 06 fevral 2024-cü il tarixə, saat 11:40- təyin edilir. Yəni bu müddət ərzində cavabdehin sübutları təqdim edə bilməməsi barədə bildirdikləri tamamilə əsassızdır. Cavabdeh bu müddət ərzində xəstə ola bilməzdi. Varsa sübutları məhkəməyə təqdim etsin. Bundan əlavə iş üzrə ekspertiza keçirilmiş, ekspert evin yararsız təmir olunduğunu qeyd etmişdir. Bununla bağlı rəydə izah da vermişdir. İddiaçı əziyyət çəkib, min-bir zülümlə pul qazanaraq cavabdehə göndərmişdir. Cavabdeh aldığı 34000 manat pulla, iddiaçının evini nəinki təmir edib, onu yararsız vəziyyətə salıb, onu ziyana salıb. Halbuki cavabdeh ona qısa müddətə evi təmir edəcəyini bildirmişdi. Lakin ona həm maddi, həm də mənəvi cəhətdən ziyan dəymişdir. Belə ki, evi qısa müddətdə təmir etdirməkdə həm də məqsədi ondan ibarət olmuşdur ki, qızı tələbədir. Bakı şəhərində kirayədə qalmaz, gələr öz evlərində qalar. Bu müddət ərzində qızı kirayədə qalmış, onun planları alt-üst olmuş, daha da yox ziyana düşmüşdür. Cavabdehin guya onun öhdəliklərini yerinə yetirmədiyi barədə dedikləri ilə də qətiyyən razılaşmır. Belə ki, cavabdeh 54000 manatlıq təmir etmişdirmi ki, hələ ondan yerdə qalan pulu da istəyir. Əslində cavabdehə səhv təmir üçün əlavə vaxt vermişdir. Ona bildirmişdir ki, təmirdə yaranan qüsurları aradan qaldırsın. Cavabdeh bununla razılaşmış, hətta atası ilə birlikdə evə gələrək maşını, torpağı satıb bu məsələni həll edəcəyini demişdir. O isə ona maşın, torpaq lazım olmadığını, evi təmir etməsini bildirmişdir. Lakin cavabdeh hazırda məhkəmədə etdiyi kimi, yəni işi yubatdığı kimi də evin təmirini bu formada yubatmış və etməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
30. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
31. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
32. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
33. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
34. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı
35. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia qismən təmin edildiyindən məhkəmə kollegiyası qətnamənin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. İşin mübahisəsiz hallarından, sadalanan xüsusatlardan, iş materiallarından və iddia tələbindən göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər yaranmışdır. İddiaçı məhkəmədədən ünvan 1 ünvanında yerləşən yaşayış binası C blokun 15-ci mərtəbəsində yerləşən 75 saylı mənzilin təmiri üçün podratçıya ödədiyi 34000 manat məbləğində pulun və mənəvi zərərə görə 10000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödədiyi 222 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım xərci kimi ödədiyi 600 manat məbləğində pulun Cavabdeh tutulmasını tələb etmişdir. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehə təmirə görə 34000 manat məbləğində pul vəsaiti vermişdir.
51. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli eksert rəyində göstərilmişdir ki, qeyd olunan mənzil üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 12047 manat məbləğində olduğu müəyyən edilmişdir. Mənzil üzrə mövcud olan qüsurların qaldırılması üçün aparılmalı təmir və bərpa işlərinə sərf olunmalı vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 6005 manat məbləğində olduğu müəyyən edilmişdir.
52. Birinci instansiya məhkəməsi ekspert rəyində əks olunanları nəzərə alaraq, iddianı qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə təmir işinin lazımı qaydada yerinə yetirməməsinə görə 21953 (34000-12047=21953) manat məbləğində pul vəsaitini tutmuşdur.
53. Kollegiya bu hissədə öz mövqeyini aşağıdakı kimi əsaslandırır.
54. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
55. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
57. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
58. Göstərilənlərə əsasən kollegiya hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyini mötəbər sübut növü hesab edir və həmin rəyə uyğun məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir.
59. Apellyasiya şikayətinin digər dəlilləri (cavabdehin özünün də ziyana düşməsi, çəkişmə prinsipin pozulması, aralarında yazılı müqavilənin olmaması və s.) ilə razılaşmayan kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən dəlillər heç bir əsaslı sübutla əlaqələndirilməmiş, habelə həmin dəlillər əsassız olmaqla, iddia tələbinin bütövlükdə rədd edilməsi üçün əsas ola bilməz.
60. Beləliklə, cavabdeh həmin nəticə ilə razılaşmayaraq apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi çəkişmə prinsipini pozaraq yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq ona münasibətdə iddia tələbini qismən təmin etmişdir.
61. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, cavabdeh çəkişmə prinsipinin pozulmasına istinad etsə də, iş materiallarının 86-cı səhifəsində olan xx.xx.2023-cü il tarixli məhkəmənin iclas protokolundan görünür ki, Cavabdeh iclasda iştirak etmiş, iş materiallarının 116-cı səhifəsində olan tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuş, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
62. Göründüyü kimi, cavabdehin çəkişmə prinsipin pozulmasına dair dəlili əsassız olmaqla məhkəmə kollegiyasının araşdırması zamanı təkzib olunmuşdur.
63. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
65. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
66. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
67. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.