Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-972/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, borc münasibətləri) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X25 və X15 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, üçüncü şəxs X16 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Cavabdeh qarşı (X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10.000 manat pulu, həmin vaxtdan bu günə qədər olan inflyasiya fərqini indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan X10 17 iyun 2005-ci il tarixdə Binəqədi rayon Xocəsən Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək, Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadəsində olan 600 kv.m. torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmişdir. Əliqulu Qənbərov həmin torpağın nəzərdə tutulmuş satış qiymətini, o vaxtki qiymətlə 2.400.000 manat pulu Xocəsən bələdiyyəsinin büdcəsinə ödəyərək almışdır. Əliqulu Qənbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il keçsə də maddi imkanının olmaması səbəbindən, hərhansı bir tikinti işləri apara bilməmişdir. Ona görə də həmin 600 kv.m. olan torpaq sahəsini etibarnamə vasitəsilə ünvan 3 ünvanda yaşayan Cavabdeh satmışdır. Cavabdeh da həmin torpaq sahəsini aldıqdan bir neçə il vaxt keçsə də hər hansı bir tikinti işləri aparmamışdır. O və bacısının həyat yoldaşı X23 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidən hər birinə 3 sot olmaqla, 6 sot torpaq sahəsi almaq istəyiblər. Elnur adlı bir şəxsin həmin ərazidə özünə məxsus olan 600 kv.m. torpaq sahəsi satdığını öyrənmişlər. Elnurun mobil nömrəsini öyrənmiş, onunla danışmış və müəyyən olunmuş yerdə görüşmüşlər. Bacısının həyat yoldaşı Beyləqan şəhərində yaşadığına görə tez-tez Bakıya gəlməsi çətin olduğundan o, öz payına düşən (yəni 3 sotun) 5.000 (beş min) manat pulunu ona verib ki, 600 kv.m. torpaq sahəsini alsın və sonra torpağı bölsünlər. Ona görə də o, Elnurla həyat yoldaşı ilə birlikdə görüşmüşlər. Söhbət zamanı Cavabdeh bildirib ki, Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidə öz adına fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m. torpaq sahəsi var. Həmin torpaq sahəsini ümumilikdə 10.000 (on min) manata satır. Şifahi razılaşdıqdan sonra torpağa baxmaq üçün getmiş, Cavabdeh hamar bir sahəni göstərərək torpaq sahəsinin ora olduğunu demişdir. Xoşagələn sahə olduğu üçün razılaşmışdır. Həyat yoldaşı Elnurdan torpağın çıxarışının olub-olmamasını soruşmuş, Elnur isə hələ çıxarış almadığını, ancaq problem olmadığını, Məhbubənin adına etibarnamə verəcəyini, həmin etibarnamə əsasında torpağın bütün sənədlərini ala biləcəklərini demişdir. Həmin gün o, həyat yoldaşı və Cavabdeh Bakı şəhər 19 saylı notariusuna getmişlər və Cavabdeh onun adına 20 avqust 2015-ci il tarixli, AR-İ 423092 nömrəli etibarnamə vermişdir. Həmin etibarnamədə özəlləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi, satmağı, bağışlamağı ipoteka qoymağı, adından ərizə verməyi, iddia ərizəsi verməyi və digər hərəkətləri etməyi etibar edildiyi qeyd edilmişdir. Dövlət notariusu tərəfindən verilən bu hüquqlar onları inandırıb ki, bu etibarnamə əsasında həmin torpağın tam mülkiyyətçisi olmuşlar. Onlar 10.000 (on min) manat pulu Cavabdeh vermişlər. Həmin vaxtdan sonra yoldaşının xəstəliyi ilə əlaqədar torpaqla maraqlana bilməmişlər. 23 sentyabr 2020-ci il tarixdə Sulutəpə ərazisində torpaq alğı-satqısı (makler) ilə məşğul olan Zaur adlı şəxs zəng edib torpaq sahəsində kənar şəxslərin tikinti işləri apardığını demişdir. O, yoldaşı ilə həmin yerə getmiş, Cavabdeh onlara göstərdiyi (satdığı) yerdə yox, sağ tərəfindəki yerdə tikinti işləri aparıldığını görmüşdür. Onlar həmin vaxt oradan gedib Xocəsən Bələdiyyəsi sədrinin qəbulunda olmuş və torpağa dair bütün sənədləri göstərmişlər. Sədr mütəxəssis çağırmış və aydın olmuşdur ki, Cavabdeh yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satıb. Hansı ki, kənar şəxslər tikinti işləri aparırlar. 23 sentyabr 2020-ci il tarixdə o, yoldaşı ilə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət etmişlər. Etibarnamə ilə aldığı torpaq sahəsi adlarını bilmədiyi şəxslər tərəfindən zəbt edilərək, qanuna zidd tikinti işləri aparırlar. Həmin tikinti işlərinin dayandırılmasını, həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsini və məhkəmə vasitəsi ilə torpağından çıxarılması barədə tədbirlər görülməsini xahiş etmişdir. Beləliklə həmin gündən Xocəsən qəsəbəsinin 40-cı PB-də araşdırma işi başlamışdır. İş 19 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət işindən materialın ayrılması” qərarı ilə başa çatmışdır. Həmin qərardan görünür ki, Cavabdeh 10.000 (on min) manat verib etibarnamə ilə aldığı 600 kv.m. torpaq sahəsini, X24 heç bir rəsmi sənəd vermədən, aldadaraq öz əmlakı adı altında X13 və X6 pul alaraq satmışdır. Ona görə də həmin qərarda Elman Bağırova Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, torpağı zəbt edənlər X12 və X4 həmin torpaq sahəsindən çıxarılmaları barədə ona mülki qaydada məhkəmədə iddia qaldırmağı bildirmişlər. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat pulu qaytarıb almasına üzürlü səbəbdən itirilmiş iddia müddətinin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, oğlu X20 hansı torpaq sahəsini alıbsa oranı da iddiaçıya 10.000 manata satmışdır. Həmin torpaq sahəsi isə kadastr planındakı kordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir. Hazırda həmin işlə bağlı mülkiyyətçi tərəfindən iddia qaldırılmış və iş məhkəmədədir. Eyni zamanda iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, hazırki iddianın verilməsi üçün müəyyən edilmiş 6 illlik iddia müddəti ötürülüb. Həmin torpaq sahəsi satıldığı xx.xx.2015-ci ildən 6 il 5 ay keçdikdən sonra verilmiş iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmiş imperativ normaya, yəni daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 il müəyyən edilmiş müddətin keçirilməsi ilə verildiyindən rədd edilməlidir. Həmçinin əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında 1 illik iddia müddəti də ötürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verib bildirmişdir ki, iddiaçını tanıyır, Məhbubə ona torpaq axtardığını demiş və o, Cavabdeh torpaq sahəsi satdığını demişdir. Özləri danışıb razılaşdıqdan sonra Məhbubə torpağı almışdır. Göstərilən torpaq tikintiyə yararlı olmuşdur. Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10.000 manat pulun alınaraq İddiaçı ödənilməsi və Cavabdeh 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh 20 avqust 2015-ci il tarixdə Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 600 kv.metr torpaq sahəsini qanunvericliyin tələblərini pozaraq İddiaçı 10.000 manata satmışdır. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə ona satılan torpaq sahəsində başqa şəxslərin tikinti işləri apardığını bildikdən sonra bu barədə həmin gün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə şikayət etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və iddiaçı Cavabdeh verdiyi 10.000 manat pul məbləğini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın digər hissəsinə münasibətdə qeyd etmişdir ki, iddianın 10.000 manat pul məbləğinin 20 avqust 2015-ci il tarixdən bu günədək olan inflyasiya nəzərə alınmaqla indeksasiya edilərək qaytarılması hissəsi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddianın məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pula dair heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyindən həmin hissədə də iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 146.3, 337.1, 337.3, 337.5, 372.1, 377.1, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1091.2, 1092.1, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.2, 217.4, 218.3-cü və maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1865/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1178/2023 saylı Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1865/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Apelyant apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir il ərzində mübahisə edilə bilər. Göründüyü kimi iddiaçı 2015-ci ildə aldığı torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə, cavabdehə qarşı qanunsuz iddia irəli sürmüşdür. Yəni iddiaçı öz mülki hüquqlarından sui-istifadə etmiş, nəticədə isə cavabdehin hüququnun, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi iddia müddəti və əqdin etibarsızlığının mübahisələndirmə müddətləri iddiaçı tərəfindən ötürülsə də məhkəmə bu halları nəzərə almamış, qətnamədə bu hallara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh iki dəfə iddia ərizəsinə verdiyi etirazlarda iddia müddətinin tətbiqini məhkəmədən xahiş etmişdir. Bundan əlavə işdən aydın olur ki, Cavabdeh, X3 hansı torpaq sahəsini alıbsa, həmin torpaq sahəsini də iddiaçıya satmışdır. Hətta torpaq sahəsi iddiaçıya verilərkən bələdiyyə sədri də ərazidə olmuşdur. İddiaçı torpaq sahəsini alarkən, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının olmadığını bilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçının aldadılmasından söhbət gedə bilməz. Həmin torpaq sahəsi isə kadastr planındakı koordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir. İddiaçı özü 2015-ci ildə torpağı aldıqdan sonra torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə cavabdehə qarşı heç bir hüquqi əsası olmayan iddia irəli sürmüşdür. Göründüyü kimi cavabdeh iddiaçıya heç bir zərər vurmamışdır. Cavabdeh aldığı pulun əvəzinə torpaq sahəsini iddiaçıya vermişdir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan və həmçinin cavabdehin heç biri təqsiri olmadan, iddianı qismən təmin etməklə, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X23 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Apellyasiya kollegiyası qeyd edir ki, apellyant apellyasiya şikayətində qətnamənin ləğv edilməklə iddianın təmin edilməməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnamənin iddianın təmin edilən hissəsində mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 17.06.200-ci il tarixli, 12/01 saylı Bakı şəhəri Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin qərarının surətindən görünür ki, Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600m2 torpaq sahəsinin alğı-satqı yolu ilə X5 mülkiyyətinə verilməsi, onun torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği (hər kv.m. üçün 4000 manat, cəmi: 2.400.000 manat) bələdiyyə büdcəsinə ödəyib, qəbzi bələdiyyəyə təqdim etməsi, ayrılmış torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin layihəsinin rayon memarlıq xidməti ilə razılaşdırılması vətəndaşa tapşırılmış, torpaq sahəsinə mülkiyyət hüququnun təsdiqinə dair şəhadətnamənin verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi vətəndaşın nəzərinə çatdırılmış, ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi və alğı-satqı aktı ilə rəsmiləşdirilməsi bələdiyyənin icra aparatına tapşırılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, X2 bələdiyyəsinə 08 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, 2.400.000 manatı bələdiyyənin hesablna ödəmiş, bunun müqabilində ona Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində 600 m2 torpaq sahəsi satılması barədə 2005ci il 17 iyun tarixli, 12/01 saylı qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci tarixli, AR-İ 423092 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X10, etibar edən Cavabdeh, etibar edilən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, N/12/01 saylı qərarına sasən Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərasində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinə dair sənədləşmə işinin aparılması, yəni hüquq müəyyənedici sənədi, dövlət torpaq aktı və ya çıxarış verildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin məhdudiyyət və yüklülük haqqında arayışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Kadastr planı almağı, özəlləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka ödənişlərini ödəməyi, iddia ərizəsi verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı İddiaçı bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan X10 xx.xx.2005-ci il tarixdə Binəqədi rayonu, Xocəsən bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək Xocəsən bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmiş, torpaq sahəsi üçün həmin dövrə olan qiymətlə ******* manat pulu Xocəsən Bələdiyyəsinin büdcəsinə ödəyərək almış, həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il keçsə də maddi imkanının olmaması səbəbindən orada hər-hansı bir tikinti işləri apara bilmədiyindən həmin torpaq sahəsini etibarnamə ilə ünvan 6 ünvanında qeydiyyatda olan X1, Cavabdeh da heç bir tikinti işləri aparmadan həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə ona satmışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra həyat yoldaşının qəflətən ciddi xəstəlik tapması, onun həmin torpaq sahəsində hər hansı bir tikinti işləri aparmasına çətinlik yaratdığını, hal-hazırda maddi imkanı normal olduğu üçün həmin torpaq sahəsində tikinti işləri aparmaq istədiyini, ona bu işdə maneçilik yaradan şəxslərin olduğunu, torpaq sahəsi ilə qonşu olan adlarını bilmədiyi şəxslərin qanunvericiliyin tələblərini pozaraq ona məxsus torpaq sahəsinin xeyli hissəsini zəbt etmələrini və hal-hazırda tikinti işlərini aparmalarını göstərmişdir. Vət.İddiaçı ona məxsus olan torpaq sahəsini qanuna zidd olaraq zəbt etmiş səxslərin kimliyinin müəyyən edilməsini, tikinti işlərinin dayandırılmasını və həmin səxslərin torpaq sahəsindən çıxarılması üçün lazımı tədbirlərin görülməsini xahiş emişdir. Bundan əlavə sözü gedən torpaq sahəsinə dair müəyyən sənədlərin surətini təhqiqat orqanına təqdim etmişdir. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh 20 avqust 2015-ci il tarixdə Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 600 kv.metr torpaq sahəsini qanunvericliyin tələblərini pozaraq İddiaçı 10000 manata satmışdır. İddiaçı 23 sentyabr 2020-ci il tarixdə ona satılan torpaq sahəsində başqa şəxslərin tikinti işləri apardığını bildikdən sonra bu barədə həmin gün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə şikayət etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və iddiaçı Cavabdeh verdiyi 10000 manat pul məbləğini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 10000 manat pul məbləğinin 20 avqust 2015-ci il tarixdən hazıradək olan infilyasiya nəzərə alınmaqla indeksasiya edilərək qaytarılması hissəsi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa iddianın məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsinə dair hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı bununla bağlı heç bir sübutu iddia ərizəsinə əlavə etmədiyindən eyni zamanda məhkəmə iclasında təqdim etmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 10000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/01 saylı qərarı ilə Binəqədi Rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinin alğı-satqı yolu ilə X5 mülkiyyətinə verilməsi qərara alınmışdır. X8 Xocəsən bələdiyyəsi tərəfindən 600 kv.m torpaq satılmasına dair bələdiyyənin elektron bazasında qeydiyyat aparılmışdır. X21 həmin torpağı etibarnamə ilə ünvan 6 ünvanında qeydiyyatda olan X1, Elmir Mikayılov isə öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə İddiaçı satmışdır. İddiaçı uzun müddət orada heç bir tikinti işi aparmadığından həmin torpaq sahəsi kənar şəxslər tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmağa başlanılmışdır. Məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı ona məxsus olduğunu hesab etdiyi torpaq sahəsinin hansı ərazi olduğunu müəyyən etmək məqsədi ilə 23 sentyabr 2020-ci il tarixdən sonra Xocəsən Bələdiyyəsinə müraciət etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh Elmir Mikayılov yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satmışdır. Həmin vaxt isə kənar şəxslər həmin yerdə tikinti işləri aparmışlar. Beləliklə məlum olmuşdur ki, cavabdeh Elmir Mikayılov iddiaçını aldadaraq başqa torpaq sahəsini satmışdır. Bu barədə cavabdehdən soruşduqda isə cavabdeh bildirmişdir ki, “ona da elə göstərib satıblar”. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə iddianı qismən, 10.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, aldığı torpaq sahəsini iddiaçıya satmışdır və bundan başqa iddiaçı tərəf iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Ona görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10.000 manat pulu, həmin vaxtdan bu günə qədər olan inflyasiya fərqini indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia əsasında işə məhkəmələrdə baxılarkən, iddiaçı və cavabdeh arasında mövcud olmuş münasibətlərin etibarsız hesab edilməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdehin arasında torpağın alğısatqısına dair razılaşma olsa da alğı-satqının rəsmiləşdirilməsi ilə bağlı hər hansı addım atılmadığından, həmin münasibətlərin alğı-satqı kimi qiymətləndirilməsi və alğı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Çünki iddiaçı ilə cavabdehin arasında alğı-satqı münasibətlərinin olması haqqında işdə heç bir sübut yoxdur. Hüquqi əsası olmadığını bildiyi halda, dəqiq yeri belə ona məlum olmayan torpaq sahəsi barəsində cavabdeh tərəfindən iddiaçıya yalnız torpağın yanlış yeri göstərilmiş, ilk sahibinin adından etibarnamə verilmiş və iddiaçıdan torpağa görə pul alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh iddiaçıya heç bir hüquqi əsas olmadan torpaq sahəsi satmaqla iddiaçıdan aldığı pul vəsaiti hesabına varlanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də məhkəmə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin ijdianın təmin edilməsinə dair hissədə apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-972/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-972/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver