Məhkəmə qərarları › İş №2(105)-974/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-974/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-974/2023 08.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, gecikdirilmiş müddət üçün illik 5%) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq bugünədək (xx.xx.2021-ci il tarixinədək) bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ çatmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən qanunsuz ələ keçirmiş, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə İddiaçı ASC-nin əmlakını gizli olaraq talayıb ona külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, İddiaçı ASC tərəfindən istifadəyə verilmiş Birbank mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra Birbank mobil tətbiqinə digər vətəndaşlara aid olan Birkart kredit kartlarının məlumatlarını əlavə etmiş və kart sahiblərinin məlumatları olmadan əməliyyatlar həyata keçirmişdir. Həmin əməl nəticəsində ümumilikdə İddiaçı ASC-yə 62065,79 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğdən 29243 manat Unibank ASC-yə aid kart hesabına köçürülmüş, 4753 manat E-pul ödəniş sisteminə köçürülmüş, 4805,82 manat ATM və filiallardan məxaric etdilmiş, 1166,87 manat hesablarda formalaşmış müsbət qalıq olmuş, 22097,10 manat isə müxtəlif operatorlara köçürülmüşdür. Müxtəlif operatorlara məxsus mobil nömrələrə köçürülmüş vəsaitdən 21643,42 manat miqdarında pul həmin operatorlar tərəfindən Banka geri qaytarılmışdır. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa həmin hökümlə İddiaçı ASC-nin mülki iddiası təmin edilərək vurulmuş maddi ziyanla bağlı Cavabdeh 39572,21 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdehin tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bildirir ki, Cavabdeh bu günədək vurulmuş maddi ziyanın ödənilməsini təmin etməmişdir. Bankın itkisi tək vurulmuş real zərəri deyil, həm də əldən çıxmış faydanı da əhatə edir. Belə ki, real zərərlə yanaşı bank hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də məhrum olmuşdur (əldən çıxmış fayda). Məlumdur ki, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa-əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Bank sahibliyində olan pul vəsaitinin dövriyyəsini təşkil etməklə gəlir əldə edir. Lakin Cavabdeh Banka 39572,21 manat real zərər vurararaq adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum etmişdir. Beləliklə, cavabdeh vurulmuş real zərərlə yanaşı həmin zərərə münasibətdə əldən çıxmış faydanın da ödənilməsini təmin etməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh cinayət əməlini 05 oktyabr 2018ci il tarixindən 23 noyabr 2018-ci il tarixinədək olan müddət ərzində törətmişdir. Nəticədə cavabdeh xx.xx.2018-ci il tarixindən etibarən Banka külli miqdarda ziyan vurmuş və onu gəlir əldə etmək imkanından məhrum etmişdir. Beləliklə əldən çıxmış faydanın hesablanmasının başlanğıcı həmin tarixdən, yəni xx.xx.2018-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikasının Mərkəzi X4 tərəfindən xx.xx.2021-ci il tarixindən uçot dərəcəsi 6,5 % miqdarında müəyyən edilmişdir. İddia ərizəsinin hüquqi əsası olaraq Mülki Məcəllənin 21, 449, 1096, 1097-ci maddələrinə istinad olunmuşdur.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

4. Abşeron Rayon Məhkəməsinin (sədrlik edən Elman Məmmədov) 2(012)- 402/2022 nömrəli 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehin gəlir əldə etməsi halı müəyyən edilməyib.Nəzərə alsaq ki,cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-976/2019 saylı, 09 dekabr 2019cu il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2018-ci il tarixdən hesablanmaqla 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, bu hal cavabdehin həmin puldan gəlir əldə etməsini qeyri-mümkün edir. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-in 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq İddiaçı ASC daşıdığı halda bunu edə bilməmişdir.”

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayəti və onun dəlilləri

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prossesual hüquq normalarını pozmuşdur. Məhkəmə faydalanma faktının, yəni cavabdehin Bankın vəsaiti hesabına gəlir əldə etməsi faktının mövcud olmamasını əsas gətirərək iddanı rədd etmişdir. İlk növbədə qeyd edilməlidir ki, hal-hazırkı mübahisə üzrə faydalanma (gəlir, bəhər, artım) faktının sübutedilməsi yükünün iddiaçının üzərinə qoyulması məntiq qaydalarına uyğun hesab edilə bilməz və ədalətsiz hesab edilməlidir. Belə ki, Bank özünə məxsus vəsaiti hər hansı qarşılıqlı razılıq və ya müqavilə əsasında cavabdehə verməmişdir. Cavabdeh bu vəsaiti cinayət nəticəsində gizli olaraq talamışdır. O, iddiaçıya məxsus pulları tam realizə etdikdən sonra hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilmişdir. Bu müddət ərzində Bank oğurlanmış vəsaitə nəzarət etmək imkanında olmamışdır. Belə olan halda faydalanma faktının iddiaçı tərəfindən sübut edilməsini gözləmək qanunauyğun və ədalətli hesab edilə bilməz. Buna baxmayaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş iş materiallarını kifayət qədər diqqətlə tədqiq edib araşdırsaydı cavabdehin iddiaçıya məxsus vəsaitdən necə fayda və gəlir əldə etdiyini müəyyən edə bilərdi. Belə ki, BakıAğır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmüdə Cavabdeh ifadəsi qeyd olunmuşdur. O, ifadəsində bildirmişdir ki, Bankdan oğurladığı pulların əsas hissəsini borclarının ödənilməsinə yönəltmişdir. Yəni Bankın vəsaiti hesabına əmlak passivini azaldaraq üçüncü şəxslər qarşısında olan öhdəliklərini icra etmişdir. Eyni zamanda SəddamNəzərli qalan vəsaitlə “bir qədər dincəlmək, həyatdan həzzalmaq üçün Türkiyəyə istirahətə getdiyini”etiraf etmişdir. Məhz cavabdehin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmüdə öz əksini tapmış bu etirafı MM-nin 449.1-ci maddəsində qeyd edilən faydalanma faktını tam sübut edir. Bundan başqa Abşeron Rayon Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Cavabdeh 6 il 6 aymüddətinə azadlıqdan məhrumetmə cəzazsına məhkum edildiyi üçün hal-hazırda cəzaçəkmə müəssisəsindədir və belə olan halda onun oğurlanmış vəsaitdən gəlir əldə etməsi qeyri-mümkündür. Lakin işin faktiki hallarından müəyyən olur ki, cavabdeh hüquq-mühafizə orqanları tərəfindən saxlanılanadək artıq oğurlanmış vəsaiti realizə etmiş və ondan əmlak passivinin azalması və şəxsi maraqlarının təmin edilməsi formasında fayda (gəlir) əldə etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdırmadan, işin faktiki hallarını düzgün qiymətləndirmədən yanlış qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə hüquqi əsasın olmaması qənaətinə gəlsəydi belə ən azından Mülki Məcəllənin 445.1 və 445.7-ci maddələrinin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməli idi. Yuxarıda qeyd edilənlər birinci insitansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazı və dəlilləri:

9. Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

10. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində onun ifadəsi əsas kimi qeyd edilmişdir. Həmin ifadə onun gəlir əldə etməyini deyil, cinayəti törətmə səbəbini izah etməyi özündə əks etdirir, ərizədə göstərilən fayda anlayışı hüquqazidd şəkildə təsvir olunub. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. O, törətdiyi əmələ görə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmlə iddiaçının mülki iddiası təmin edilib. Lakin nə iddiaçı tərəf, nə də ki, hökmü çıxarın hakim mülki iddianın ödənilməsi şərtlərini və qaydasının müəyyən edilməsi üçün müvafiq tədbirlər görməyib. Eyni zamanda iddiaçı tərəf ona hər hansı bir rəsmi hesab təqdim etməyib. Nəzərə alınsa ki, o, hal-hazırda cəzaçəkmə müəssisəsində saxlanılır, hər bir halda mülki iddianı təmin etimək istəsə belə bu imkanı məhduddur. Ona görə də iddiaçının apellyasiya şikayətində qeyd etdiyi «gecikdirilmiş vaxt» məsuliyyəti ona yox, iddiaçıya məxsusdur. Hər bir halda cəza çəkdiyi müəssisə tərəfindən aylıq əmək haqqından tutulmalar olunaraq iddiaçıya ödənilmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, əgər o, oğurluq yolu ilə pul vəsaitini qanunsuz şəkildə mənimsəməsəydi, bu halda bank bu vəsaitdən gəlir əldə edə bilərdi. Bu, sadəcə «gümandır» və ya «ehtimaldır» hər halda şikayətdə qeyd olunan müddət ərzində bank ilə müqavilə bağlayaraq pul (faiz müqabilində) götürmək istəyən şəxs olması və bankın bu şəxslə onun əməli ucbatından müqavilə bağlaya bilməsi sübut kimi təqdim olunmayıb. O, cinayət əməli törətməsə belə bank bu müddət ərzində həmin pul vəsaitin dövriyyə edə bilməsini sübut edə bilməz. Çünki bank hüquqi şəxsdir və hüquqi şəxs vəsaitinin gəlirini sadəcə «güman» edə bilər, bu məqsədlə müəyyən fəaliyyət göstərir. Bundan başqa iddiaçı ərizədə qeyd etmişdir ki, onunla bank arasında heç bir müqavilə yoxdur. Müqavilə yoxdursa onun bank qarşısında heç bir öhdəliyi yoxdur, ona görə də onun bank qarşısında heç bir məsuliyyəti müəyyən edilə bilməz. Onun məsuliyyəti sadəcə məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddianın qanunvericiliyə uyğun olaraq cəza müddəti bitdikdən, bu qərarı icra etməyə real imkanı olduğu andan yaranır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) 2(105)- 1492/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Apellyasiya şikayətindən görünür ki, apellyant İddiaçı ASC-yə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq bugünədək (xx.xx.2021-ci il tarixinədək) bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanın Cavabdeh tutulmasını xahiş etmişdir. Lakin apellyant cavabdehin məhkəmənin hökmü ilə ondan tutulmasını müəyyən etdiyi mülki iddianın ödənilməsinin təmin etməməsini əsaslandıra bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh 26 noyabr 2018-ci il tarixdən həbsdədir, yəni onun qeyd olunan pulu ödəməkdən yayınması iş materialları ilə təkzib olunur.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 449.1ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş işin faktiki hallarına və cavabdehin etirafına istinad edilmişdir. Cavabdeh ifadəsində oğurlanmış puldan borclarının ödənilməsi və şəxsi maraqlarının təmin edilməsi məqsədi ilə istifadə etdiyini etiraf etmişdir. O, bu faktı dolayı yolla Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində də etiraf etmişdir. Cavabdeh oğurladığı vəsait hesabına borclarını ödəməsini və şəxsi məqdəsdləri üçün xərcləməsini cinayətin səbəbi kimi izah etməyə çalışmışdır. Lakin unutmuşdur ki, o, eyni zamanda həmin vəsaitdən əmlak passivini azaltmaqla fayda (gəlir) əldə etmişdir. Hər bir halda məhkəmələr bu halları araşdırmalı, çəkişmə prinsipinin tələblərinə uyğun olaraq iddiaçı ilə müzakirə etməli və sonda bu sübutlara və faktlara hüquqi qiymət verməli idi.

16. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3, 21, 445.1, 445.7, 449, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddalarının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli və S.Əliyevanın şikayəti ilə əlaqədar xx.xx.2006-ci il tarixli qərarlarına istinadla əsaslandırılmışdır.

17. Kassasiya şikayətinə qarşı cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı əmlak müsadirəsi və ya ödənişlərin hissələrə bölünməsi üçün məhkəməyə müraciət etməyib. Cəzaçəkmə müəssisəsində olması onu ödəniş etməkdən məhrum edir. Digər tərəfdən, aylıq əmək haqqının 50 faizi müəssisə tərəfindən banka ödənilir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2023cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1492/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğ edilərək iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir.

19. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində “məhkəmə Mülki Məcəllənin 449.1-cimaddəsi ilə hüquqi əsasın olmaması qənaətinə gəlsəydi belə ən azından Mülki Məcəllənin 445.1 və 445.7-ci maddələrinin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğdə zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməli idi” məzmunda dəlil irəli sürmüş, apellyasiya instansiyası məhkəməsi isə həmin dəlilə heç bir münasibət bildirməmiş, hüquqi qiymət verməmiş, müvafiq araşdırma və əsaslandırma aparmaqla, dəlili təsdiq və ya təkzib etməmişdir.

20. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməli, həmçinin, faktiki cəhətdən əldən çıxmış fayda, hüquqi cəhətdən isə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırılan iddia tələbinə Mülki Məcəllənin 445.7-ci maddəsinin “zərər real zərər - əldən çıxmış fayda” kontekstində tətbiqi məsələsi qanunvericilik, Konstitusiya Məhkəməsinin şərhləri və formalaşmış məhkəmə təcrübəsi baxımından müzakirə edilməli və bundan sonra iddianın əsaslılığı ilə bağlı müvafiq nəticəyə gəlinməlidir.

21. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 425.1, 427.5, 442, 443.1, 445.1, 445.2, 448.1 və 448.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392.1, 392.2, 407.2, 416.1, 416.2, 417.1, 417.1.3, 418.1, 418.2, 418.3 və 418.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

23. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı əsassız olaraq təmin etməmişdir.

29. Belə ki, kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ çatmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən qanunsuz ələ keçirməsi, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə İddiaçı ASC-nin əmlakını gizli olaraq talayıb külli miqdarda maddi ziyan vurduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)976/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, eyni zamanda həmin hökmlə İddiaçı ASC-nin mülki iddiasının qismən təmin edilməsi, vurulmuş maddi zərərlə bağlı Cavabdeh 39572,21 manat məbləğində pulun tutulub İddiaçı ASC-yə ödənilməsi hökm edilmişdir. Cavabdeh cinayət əməlini 05 oktyabr 2018-ci il tarixindən 23 noyabr 2018-ci il tarixinədək olan müddət ərzində törətmişdir. Nəticədə cavabdeh xx.xx.2018-ci il tarixindən etibarən Banka külli miqdarda ziyan vurmaqla əmlakından məhrum etmişdir. İddiaçı qeyd olunan əsasla çıxış edərək xx.xx.2018-ci il tarixdən məhkəməyə müraciət edildiyi - xx.xx.2021-ci il tarixədək 39572,21 manat real zərərə görə 7287,87 manat əldən çıxmış fayda şəkildə pul tələbi irəli sürmüşdür. İddia tələbinin əsası olaraq Mülki Məcəllənin 449-u maddəsinə istinad etmişdir.

30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir.

31. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı araşdırılan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

32. Apellyator, şikayətin dəlili olaraq işin faktiki halları ilə cavabdehin Banka məxsus pud vəsaitindən istifadə etməklə faydalandığının sübuta yetdiyini, lakin birinci instansiya məhkəməsi işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdırmadan, işin faktiki halları üzrə düzgün qiymətləndirmə aparmadığını, eləcə də Mülki Məcəllənin 449.1ci maddəsi ilə hüquqi əsasın olmaması qənaətinə gəlsəydi belə ən azından Mülki Məcəllənin 445.1 və 445.7-ci maddələrinin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olmasını göstərmişdir.

33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

35. Apellyasiya şikayətinin dəlliləri ilə bağlı araşdırma apararaq məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd edir:

36. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

37. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri).

38. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

39. İşin hallarından göründüyü kimi cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz əldə edilb özündə saxlamaqla bankı bu məbləği dəyərləndirmək imkanlarından məhrum etmişdir. Bununla da cavabdeh iddiçıya faktiki olaraq zərər vurmuşdur.

40. Qeyd olunmalıdr ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən MM-in 449-cu, xüsusilə də 449.3cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir.

41. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.

42. Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

44. Bununla yanaşı, qeyd olunmalıdır ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən də irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.

45. MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir.

46. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

47. Məhkəmə kollegiyası Mülki Məcəllənin 449.1-ci maddəsi və Mülki Məcəllənin 445.7-ci maddəsinin “zərər - real zərər - əldən çıxmış fayda” kontekstində tətbiqi məsələsini qanunvericilik, Konstitusiya Məhkəməsinin şərhləri və formalaşmış məhkəmə təcrübəsi baxımından müzakirə edərək hesab edir ki, iddia tələbinə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından qiymət verilməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır.

48. Məhkəmə kollegiyası iddiaya Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından qiymət verilməsini eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə də uyğun hesab edir.

49. Həmin mövqeyə görə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.

50. Mütənasiblik prinsipinin hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əldən çıxmış fayda şəklində faiz tutulması hissəsində əsaslı deyildir. İşin müəyyən edilmiş faktiki halları baxımından Mülki Məcəllənn 449.1-ci maddəsinin tətbiqi əsasları müəyyən edilməmişdir. Hazırkı halda iddia tələbinə MM 445.7-ci madəsinə əsasən qiymət verilməsi işin faktiki hallarına uyğundur.

52. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 39572,21 manat real zərərə görə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün (2 il 10 ay) 5606,06 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

53. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.

54. MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun 07 manatı iddiaçıya aid edilməli, 23 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 39572,21 manat real zərərə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün illik 5% hesablanmaqla 5606,06 (beş min altı yüz altı manat altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 (iyirmi üç) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar