Məhkəmə qərarları › İş №2(105)-975/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-975/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-975/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-270/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK6191034A122 saylı kredit müqaviləsinə əsasən sonuncuya 4478,62 manat kredit verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4478.62 manat əsas, 514.85 manat faiz borcu olmaqla, cəmi 4993.47 manat məbləğində vəsaitin və ödənilmiş 69.93 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK6191034A122 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4478.62 manat əsas, 514.85 manat faiz borcu olmaqla, cəmi 4993.47 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, banka sonuncu ödəniş fevral ayının 8-də olmuşdur. Ümumi olaraq ödənişi 70 manatdan çox olmuşdur. Umiko kreditini tamamilə bağlamış, bir kartla ödəniş etmişdir. İddia ərizəsində yazılanlar qədər onun banka borcu yoxdur. Onun 100 manat ödəməyə imkanı çatmamışdır. 2022-ci ilin avqust ayında bankla yeni müqavilə bağlamışlar. Onun banka borcu var, amma onlar şişirdilmiş rəqəmlərdir. Bir il yarım ərzində üstünə 3000 manata yaxın pul yükləmişlər. Bankdan 21 sentyabr 2021-ci ildə 5500 manat pul götürmüşdür. Götürən gündən 71 manat ödəniş etmişdir. Ödənişləri hesablansa borcu az qalmışdır. Əvvəlki borcundan 1800 manat qalmışdır. 3500 manat borcu 5000 manat etmişlər. Yanvar, fevral aylarında 71 manat ödəniş etmişdir. 2022-ci ilin avqust ayından bu yana faiz borcunu 514 manat etmişlər. Üzərinə 2000 qədər borc yükləmişlər. İddiaçı ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 2021-ci ilin sentyabr ayında götürdüyü 3550 manat gündəlik tələbat kreditinə 2022-ci ilin fevral ayına qədər ümumilikdə 1500 manatdan çox ödəniş etmişdir. 2022-ci ilin fevral ayında əlavə olaraq 350 manat ödəniş etmişdir. Zəngilan Rayon Məhkəməsi tərəfindən çıxarılmış qanunsuz qətnamə əsasında maaşından pul tutulmuş və bunun nəticəsində işini itirmişdir. Sonradan avto qəza nəticəsində ağır xəsarət almış və bir müddət ödənişlər etməmişdir. Bununla bağlı banka da məlumat vermiş, lakin bankın əməkdaşı bu məsələnin ödənişə aidiyyatı olmadığını və ödənişlərin vaxtında ödənilməli olduğunu bildirmişdir. 2022-ci ilin fevral ayından avqust ayına kimi nə qədər faiz yükləyiblərki məbləğ 4400 manat olmuşdur. Bankdan cif kod üzrə çıxarışları tələb etmiş, verməmişlər. Müqaviləyə özü qol çəkmiş, məbləğin bu qədər olduğunu bilməmişdir. Müqavilə bağlayandan sonra ödənişlər etmiş, lakin səhhəti ilə bağlı ödənişlər edə bilməmişdir. Sonda cavabdeh məhkəmədən iddia tələbi təmin olunmamasını xahiş etmişdir.

5. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 4478.62 manat əsas; 514.85 manat faiz borcu olmaqla, cəmi 4993.47 manat məbləğində borcu yaranmışdır.

6. İş materiallarında olan və cavabdehə bank tərəfindən 23 dekabr 2022-ci il tarixdə göndərilmiş bildirişin surətindən görünür ki, cavabdehdən banka olan borcun öədnilməsi tələb edilmiş, əsk təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərini görüləcəyi bildirilmişdir.

7. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/6457 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 12 avqust 2022-ci il tarixli, RGTK6191034A122 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 07 aprel 2023-cü il tarixə banka olan borcu ümumilikdə 4.982,27 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2023-cü il tarixinə əsas borcu 4.478,62 manat, faiz borcu isə 503,65 manat təşkil edir.

8. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-270/2023 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilmiş, Cavabdeh 4478,62 manat əsas, 503,65 manat cərimə borcu olmaqla, cəmi 4982,27 manat məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməsi və iddiaçı tərəfindən ödənilmiş 69.93 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-270/2023 nömrəli qərardadı ilə “503,65” manat cərimə borcunun 503,65 manat faiz borcu kimi oxunması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia əriəsini təmin etdikdə işin faktiki hallarını düzgün araşdırmadığından əsassız qətnamə qəbul etmişdir. Ona görə də, qətnamə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə ərizə verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

19. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

20. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

21.Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

26. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin təmin edilmiş hissə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməlidir.

32. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK6191034A122 saylı kredit müqaviləsinə əsasən sonuncuya 4478,62 manat kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən edilmiş müddətdə ödəniş cədvəlinə uyğun olaraq kredit məbləğini və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.

33. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin banka 4478.62 manat əsas; 514.85 manat faiz borcu olmaqla, cəmi 4993.47 manat məbləğində borcu yaranmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

35. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

36. Tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.

37. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/6457 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh 07 aprel 2023-cü il tarixə banka olan borcu ümumilikdə 4.982,27 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2023-cü il tarixinə əsas borcu 4.478,62 manat, faiz borcu isə 503,65 manat təşkil edir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

39. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

40. Məhkəmə kollegiyası iddianın faizin ödənilməsi ilə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə borcluya bildiriş göndərərək cavabdehdən sözügedən müqavilə üzrə ümumi borcun 4812,73 manat olduğunu göstərmiş və gecikmə günü üçün hesablanmış faiz borcunu ödəməsini tələb etmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək 5 təqvim günü ərzində ödənişi tələb etməsi, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq etməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz.

41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tələb olunan faiz borcu cavabdehə bildirişin göndərildiyi xx.xx.2022-ci il tarixə hesablanaraq tutulmalıdır.

42. Cavabdeh apellyasiya şikayətində borcla razılaşmamış, bu səbəbdən apellyasiya şikayətinin dəlillərini nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən əlavə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

43. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4555 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə Cavabdeh 23 dekabr 2022-ci il tarixə banka 4478,62 manat əsas və 315,44 manat faiz borcunun olması müəyyən edilmişdir.

44. Beləliklə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.

45. Ekspert rəyindən müəyyən edilir ki, əsas borc məbləği birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə olması təsdiqini tapsa da, faiz borcunun məbləği azalmışdır.

46. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

47. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, faiz borcu üzrə 315,44 manat Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

49. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 (bir yüz) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(034)-270/2023 nömrəli qətnaməsi faiz borcunun tutulmasına dair hissədə dəyişdirilsin. Faiz borcu üzrə 315 (üç yüz on beş) manat 44 (qırx dörd) qəpik Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 100 ( bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar