Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-976/2025 04.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəmir borunun bərpa edilməsi və su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-818/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus RX ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə içərisindən axan suyun diametri 120 mm olan dəmir borunun bərpa edilməsi və həmin su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi və ödəmiş olduğu 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-818/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “içərisindən axan suyun diametri 120 mm olan dəmir borunun bərpa edilməsi və su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
3. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-818/2025 saylı qərardadından İddiaçı şikayət verərək, şikayətin təmin edilməsi, qərardadın ləğv edilərək iş üzrə yeni qərardad qəbul etməklə hazırki iddia tələbinin məhkəmə icraatına qəbul edilməsini və mahiyyəti üzrə baxılmasının təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-818/2025 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(074)-818/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
5. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus RX ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə içərisindən axan suyun diametri 120 mm olan dəmir borunun bərpa edilməsi və həmin su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi və bu iddia tələbinə dair ödədiyi 100 manat dövlət rüsumunun da cavabdehdən tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində qeyd etmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, qaynaq işləri ilə məğul olur və hər iki tərəfi tanıyır. Əvvəl su borusunun çəkilməsi üçün ona müraciət etmişdir və o, suyu 2 boru ilə bölüb, borunun ölçüsü 25 mm olmaqla biri Elşadın evinə, digəri isə Rəşadın evinə getmişdir. Həmin vaxt borunu Rəşid almış, 4 metrlik boru olmuş və o, borunu kəsməmişdir. Bildirmişdir ki, ölçüsü 120 mm olan boru ilə həyətdən su çəkilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 2021-ci il tarixdə Rəşidin sifarişi ilə ölçüsü 32 mm olan boru çəkmişdir. Borunu onun həyətindən cavabdehin həyətinə qədər çəkmişdir. Sonradan qaynaqçı gəlib 120 mm-lik boru ilə çəkilmişdir. O, necə qoşulma olacağını izah etmiş və getmişdir. Borudan 2 xətt çıxmış, biri onun digəri isə cavabdehin həyətinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, qaynaqçıdır və hər iki tərəfi tanıyır. Boru çəkilən vaxt Amir və Seyidağanı da orada görmüşdür. Həmin vaxt 3 boru olmuş, dördüncü borunu isə onlar bərpa etmişdir. Həmin boru 120 mm-lik olmuş və Rəşid tərəfindən alınmışdır. Boru 4 metr uzunluqda olmuş və kəsmədən digər boruya birlşədirmişdir. İddiaçı şikayətində qeyd etmişdir ki, bundan əvvəlki Şamaxı Rayon Məhkəməsinin 2(074)- 20/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindəki iddia tələbi ilə hazırki iddia tələbi qarışıq salınmışdır. Aşkar görünür ki, əvvəlki iddia tələbi eyni cavabdehə yönəldilməklə “torpaq sahəsinin boşaldılması, su xəttinin bərpasına dair” olmuşdur. Hazırki iddia tələbi isə “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə içərisindən axan suyun diametri 120 mm olan dəmir borunun bərpa edilməsi və həmin su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi” iddia tələbidir ki, bu əvvəlkindən tam fərqli iddiadır.
b) Şikayətə qarşı etirazın dəlilləri
6. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
7. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;(...)
8.Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
9. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
10. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
11. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
13. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(074)-818/2025 nömrəli qərardadı ləğv edilməli, yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
15. Mülki Prosessual Məcəllənin (MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
16. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.
17. Belə ki, MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işə əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus RX ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xəttinin Cavabdeh hesabına qərpa edilməsi qət edilmişdir . Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2201/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmçinin iş materiallarında olan “icra sənədi üzrə icraata xitam verilməsi barədə” Şamaxı rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edildiyindən icraata xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında olan mübahisənin həllinə dair mülki iş üzrə məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında olan məsələyə artıq hüquqi qiymət verildiyindən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz.
19. İşdən görünür ki, mövcud tələb üzrə iddiaçı diametri 120 mm olan dəmir borunun bərpa edilməsi və həmin su xətti ilə axan suyun qarşısının alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi barədədir.
20. İşdən həmçinin görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edildiyindən icraata xitam verilmişdir.
21. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-in 261.0.2-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
22. MPM-in 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, hazırki işlə yuxarıda qeyd olunan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-20/2020 nömrəli qətnaməsi üzrə işdə iştirak etmiş tərəflər, mübahisənin predmeti, habelə əsasları eyni olsun.
23. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
24. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
25. Hazırki iş üzrə icraata xitam verən birinci instansiya məhkəməsi hazırki işlə yuxarıda qeyd olunan qətnamə üzrə mübahisənin predmetinin, habelə əsaslarının eyni olması qənaətinə gəlmək üçün kifayət qədər araşdırma aparmamışdır. Odur ki, hazırki qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla işə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılmalıdır.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(074)-818/2025 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(074)-818/2025 nömrəli qərardadı ləğv edilsin. Yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.