Məhkəmə qərarları › İş №2(105)-977/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-977/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-977/2020 24.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Lətifə Məhyəddin qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, ilkin iddia üzrə İddiaçı Balağa oğlunun, cavabdeh “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı Balağa oğlunun “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, X7, 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv. metr olan mənzilin və ona dair zəruri sənədlərin “xxxxxxxxxx” MTK tərəfindən ona təhvil verilməsi, habelə, onun mənzilə dair mülkiyyət hüququnun ayrılmaz hissəsi sayılan sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində “xxxxxxxxxx” MTK-nın ona qarşı yaratdığı maneənin aradan qaldırılması tələbi barədə ilk, “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin İddiaçı Balağa oğluna qarşı mənzil tikintisi müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, xx xxx 2018ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı Balağa oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, 16 may 208-ci il tarixli qətnaməsi ilə İddiaçı Balağa oğlunun “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası təmin edilməmiş, “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin qarşılıqlı iddiası təmin edilmiş, “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi ilə İddiaçı Balağa oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, X7 1, ünvanındakı yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilə dair bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir (hakimC.İ.Səfiyeva). Qətnamədən İddiaçı Balağa oğlu apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3738/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli, qətnaməsi ilə İddiaçı Balağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 208-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı Balağa oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)7643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3738/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı Balağa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə onunla, Xırdalan şəhəri, X7 1 ünvanında yerləşən “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən satın aldığı, dəyəri 55250 (əlli beş min iki yüz əlli) manat olan Abşeron rayonu, Xırdalan şəhəri, X7 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 saylı, ümumi sahəsi 85 kv.metr olan mənzilin və ona dair zəruri sənədlərin “xxxxxxxxxx” MTK tərəfindən ona təhvil verilməsi, habelə, onun mənzilə dair mülkiyyət hüququnun ayrılmaz hissəsi sayılan sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində “xxxxxxxxxx” MTK-nın ona qarşı yaratdığı maneənin aradan qaldırılması, eləcə də iddianın məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 85 kv. metr olan 2 (iki) otaqdan ibarət 21 saylı mənzilinə dair İddiaçı Balağa oğlu ilə «kooperativ binanın mənzil tikintisi haqqında» xx xxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlk iddia üzrə İddiaçı Balağa oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin sözügedən qətnaməsi qanunsuz, əsassız və heç bir qanunvericiliyə əsaslanmayan qətnamədir və eləcə də işə baxan hakim ona qarşı qərəzli mövqe tutmaqla, qarşılıqlı iddiaçının qanunsuz tələbinə hüquqi don geyindirərək onun hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Belə ki, qətnamənin məzmun və mahiyyətindən də göründüyü kimi, mübahisəli mənzilin onun tərəfindən satın alınmasını təsdiq edən həm onunla “xxxxxxxxxx” MTK arasında bağlanmış “kooperativ binanın mənzil tikintisi haqqında” xx xxxx 2017-ci il tarixli müqavilə, həm də sözügedən mənzilin dəyərinin MTK-ya ödənilməsini sübut edən qəbz tərəfindən məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı bu faktorları təsdiq edən şəxslər məhkəmə tərəfindən şahid qismində məhkəməyə dəvət olunaraq onun xeyrinə ifadə vermişlər. Lakin məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan və həqiqətin ortaya çıxmasına kömək olan şahid ifadələrini qətnaməsində düzgün tövsif etməmiş, iddia tələbinin təmin olunması üçün həmin şahid ifadələrinin vacibliyini nəzərə almamışdır. Bir sözlə qərəzli halda bütün imkanlarından istifadə edərək cavabdehin (qarşılıqlı iddiaçının) xeyrinə qətnamə qəbul etmişdir. Halbuki cavabdehin qarşılıqlı iddiasının təmin olunması üçün heç bir sübut və ya dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, mübahisə edilən mənzilə görə cavabdeh “xxxxxxxxxx” MTK-ya 55250 manat məbləğində pulu nəğd şəklində ödəməyini təsdiq edən sənəd - üzərində MTK-nın adını, ödənilmə tarixini, öz adı, ödəmə məqsədini, ödənilən mənzilin dəyərini və habelə MTK-nın rəhbərinin, baş mühasibinin və kassirinin sözlərini özündə əks etdirən mədaxil qəbzidir. Həmin qəbzdən də göründüyü kimi, sözügedən mənzilə görə tələb olunan məbləği MTK-ya tam ödəməyini “xxxxxxxxxx” MTK-nın rəhbəri (sədri) X4 öz imzası və MTK-nın möhürü ilə təsdiq etmişdir. Sadalanan bütün xüsusatlar aralarında bağlanmış müqavilədə əks olunmuşdursa, bu zaman MTK tərəfindən imzalı və möhürlü belə bir qəbzin ona təqdim edilməsinə zərurət yoxdur. Ödəniş qəbzində baş mühasibin və kassirin imzasının olmamasını onunla izah edir ki, onunla MTK-da müqavilə bağlanarkən və tərəfindən pul ödənilərkən, cavabdeh tərəfindən yalnız MTKnın sədri iştirak etmişdir və pulu ondan alaraq müqavilə bağlamaqla və bu qəbzi ona təqdim etməklə mənzilə dair MTK-ya qarşı heç bir öhdəçiliyinin olmadığını və bunun məsuliyyətinin onun özünün daşıdığını bildirmişdir. Onu“xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinə onunla qohumluq münasibətində olan X3 aparmışdır. MTK-nın ofisində mübahisə edilən mənzilin pulunu ödəmiş, qəbz yazılaraq verilmişdir. Bir müddət sonra mənzilə getdikdə MTK-nın əməkdaşları onu mənzilinə buraxmamış, mənzilin başqa şəxsə məxsus olduğunu bildirmişlər. Mənzilin dəyərini ödədiyindən mənzil ona məxsusdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2019 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə ilkin iddia tələbinin təmin edilməsi, cavabdeh “xxxxxxxxxx” MTK-nın qarşılıqlı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Balağa oğlunun vəkili X5 apellyasiya şikayətini müdafiə edib apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1851/2019 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə ilkin iddia tələbinin təmin edilməsi, cavabdeh “xxxxxxxxxx” MTK-nın qarşılıqlı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil Şəmsəddin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, tərəflər arasında bağlanan müqavilə MTK tərəfindən yuxarıda qeyd edilən ünvanda inşa edilən binanın qaraj hissəsinin Namik adlı şəxs tərəfindən inşa olunmasının müqabilində əmək haqqının əvəzi olaraq verilməsi olmuşdur. Buna görə də belə razılaşma olmuşdur ki, Namikin təqdim etdiyi Kamil adlı şəxsin adına müqavilə rəsmiləşdirilsin və mənzilin dəyərinin 55250 manat olması barədə sənəd verilsin. Daha sonra qarajın tikintisi başa çatandan sonra mənzil tikintisi haqqında müqavilə mənzilin alqı-satqı müqaviləsi ilə, qeyd edilən sənəd isə kassa-mədaxil orderi ilə əvəz edilsin. Lakin Namik üzərinə düşən öhdəliyi icra etməmiş, bu səbəbdən də İddiaçılə mənzilin alqısatqısı müqaviləsi bağlanmamışdır. Hazırda mənzilin dəyəri göstərilən MTK-ya məxsus olan xx xxxx 2017-ci il tarixli qəbz ləğv edilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2019 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, İddiaçı bibisi nəvəsidir. Namik Həmidovu isə mənzili alandan 4-5 ay qabaq tanımışdır, o, MTK-da işləyirdi, hörgü, və s. işlər görürdü. Namik ona mənzilin bir kvadrat metrinin təxminən 700 manat olduğunu, lakin Ağa müəllimin onun tanışı olduğuna görə 650 manat olduğunu bildirmişdir. Binanın dördüncü mərtəbəsindən sahəsi 84 kvadrat metr olan mübahisəli mənzil pulu özünü sədr kimi təqdim edən Ağa müəllim deyilən şəxsə (Ağamoğlan) ödənilməklə alınıb. Mənzilin pulunun ödənişi günü MTK-da Ağa, Namik, İddiaçı, o və mühasib olub. Müqavilə bağlanıb, pulun ödənilməsinə dair qəbz verilib. Ağa demişdi ki, sentyabr ayında gəlib təmir edin. 2017-ci ilin sentyabr ayından Kamil ona zəng edirdi ki, Ağa mənzili vermir. Artıq 3 ildən yuxarıdır ki, mübahisə davam edir. Daha sonra göstərmişdir ki, o, mənzilə görə Namik Həmidova və ya qeyrisinə pul verməmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X9 ifadə verərək bildirmişdir ki, Şahid tanıyır, ona mənzilini satmaq istədiyini bildirmiş, o da qohumu Kamili alıcı kimi təqdim etmişdir. O, Ehtibarla mənzili 38.000 manata razılaşmış, pulu ona vermişlər. Daha sonra göstərmişdir ki, «xxxxxxxxxx» MTK-nın bir sıra sifarişlərini yerinə yetirir və bunun müqabilində ona mənzil veririlirdi. O, işi tam təhvil verə bilmədiyinə görə MTK ilə aralarında mübahisə yarandı və işi tam görə bilmədi. Eləcə də göstərdi ki, iddiaçının pulunu verib, lakin o, 38.000 manatı qəbul etmədi və ondan 55.000 manat tələb etdi. Alqı-satqı zamanı o, MTK-da olub, sənədi də iddiaçı ilə Ehtibara verib. Onun MTK üçün iş görmə öhdəliyinin əvəzində İddiaçı evin veriləcəyi ilə bağlı onunla razılaşması olmayıb. MTK-la razılaşması olub ki, iş görəcək. Bununla bağlı akt var. Bundan başqa göstərdi ki, MTK ona inandığı üçün iddiaçıya 55.000 manat ödənilməsinə dair qəbz verdi. Çünki o, MTK üçün iş görürdü. Bu inama görə MTK ödəniş qəbzini verdi. Sonra işi tamamlaya bilmədi, MTK-nın ona neçə ev verməli olduğunu konkret deyə bilmir, çünki evləri gördüyü işin müqabilində veridilər. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməyərək, qarşılqlı iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X7 1, ünvanındakı yaşayış binasının 4-cü giriş,3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilinə dair tərəflər arasında mənzil tikinti müqaviləsi bağlansa da mənzilin dəyərinin ödənməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddianın dəlillərinə hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiadan və şahid Namik Həmidovun izahatından göründüyü kimi onlar arasında görülən işin qarşılığında mənzil vermək şərti ilə onlar arasında işbirliyi olmuş, İddiaçı adına verilən qeyd edilən müqavilə isə məhz Namik Həmidovun təqdimatı ilə tərtib olunmuş, lakin aralarında olan razılaşma tam icra olunmadığından mənzil tikintisi haqqında müqavilə mənzilin alqı-satqı müqaviləsi ilə, qeyd edilən qəbz isə kassamədaxil orderi ilə əvəz edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. İş materiallarında olan İddiaçı Balağa oğlu ilə “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin mətnindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X7, 1 ünvanındakı yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilin dəyəri 55250 manat məbləğində razılaşdırılmışdır. Vergi hissəsi sonra hesablanacaqdır. Müqavilədə eləcə də qeyd edilmişdir ki, ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaq. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli qəbzdən görünür ki İddiaçı Balağa oğlu müqaviləyə əsasən mənzilin dəyəri olan 55250 manat pulu dəmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilə bağlanan zaman qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı mübahisələndirilən mənzilin ödənişini tam şəkildə həyata keçirmişdir. Belə olan halda iddiaçının həmin mənzilə istifadə və sahiblik hüququ yaranmışdır. Lakin həmin hüquqlar dövlət qeydiyyatına alınmadığına görə iddiaçının mənzil üzərində sərəncam hüququ yoxdur. Bu isə iddiaçının mübahisələndirilən mənzilə mülkiyyət hüquqlarının yaranmasına maneçilik yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tamödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Başqa sözlə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi kooperativin müqavilədə nəzərdə tutulmuş əmlakın təhvil verilməsi öhdəliyini yaradır. Birinci instansiya məhkəməsi mübahisəli mənzillə bağlı iddiaçı tərəfindən MTK-ya müqavilə ilə müəyyən edilmiş pay haqqının ödənilmədiyini qeyd etmişdir. Məhkəmə bu nəticəyə gələrkən şahid kimi dindirilmiş Namik Həmidovun ifadəsinə istinad etmişdir. Məhkəmə kollegiyası şahid N.Həmidovun ifadəsinə tənqidi yanaşır. Belə ki, o, iddiaçının Şahid vasitəsilə mənzilə görə 38.000 manat pulun ona verilməsini qeyd etsə də buna dair hər hansı bir sübutu təqdim etməmişdir. Bundan başqa Namik Həmidovla MTK arasında hər hansı bir iş birliyinin olması barədə müqavilə, yaxud başqa sənəd yoxdur. Əgər belə bir hal mövcud olsa belə MTK-nın İddiaçı qarşı deyil, Namik Həmidova qarşı iddiası ola bilər ki, öhdəliyə götürdüyü işləri görüb başa çatdırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Bundan başqa iddiaçı iddia tələbinin əsası kimi məhkəməyə MTK ilə arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”nin və mənzilin dəyəri qismində 55250 manat ödənilməsi barədə qəbzin surətini əlavə etmişdir. Məhkəmə həmin müqaviləyə görünüş üçün bağlanmış əqd kimi qiymət vermiş, mənzillə bağlı iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmadığını qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, kooperativ binalar dövlət reyestrində qeydiyyata alınmadığından həmin binada mənzillərin faktiki alqı-satqısı alqı-satqı müqavilələri ilə deyil, “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” ilə rəsmiləşdirilir və mənzillərin pay haqqı həmin müqavilələrə uyğun olaraq MTK-lara ödənilir. Müxtəlif mənzil-tikinti kooperativlərində həmin müqavilələr fərqli formada tərtib edilərək fərqli adlandırılsa da, təşəkkül tapmış işgüzar adətlərə görə, bu müqavilələr MTK-nın binasında mənzil alqı-satqısı müqavilələridir. Məzmunlarına görə MTK ya tikilib hazır vəziyyətdə olan binadan, ya da tikilməkdə olan binadan alıcıya konkret mənzili satır, alıcı isə həmin mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini ödədikdən sonra mənzilə pay hüququnu əldə edir (Mübahisə yaranan zaman qüvvədə olan normaya və işgüzar adətlərə əsasən). Məhkəmə mənzilin dəyərinin ödənilməsi barədə qəbzi də sübut kimi qəbul etməmişdir. Halbuki həmin qəbzdə iddiaçını adı, mənzilin dəyəri, MTK-nın möhürü və imza əks olunmuşdur. Qəbzdə qeyd olunan rekvizitlərinin tam olmamasına görə alıcı deyil, satıcı MTK məsuiyyət daşıyır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mənzilin qiyməti olan 55.250 manat tərəflər arasında bağlanmış müqavilədə göstərilmişdir,bu alqı-satqı müqaviləsinin mühüm şərti olmaqla müqavilənin özündə göstərilməlidir, ayrıca qəbz yazılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası müqavilənin və qəbzin Namik Həmidov adlı şəxsin MTK-ya görəcək işlərin təminatı kimi yazılması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə əlaqədar qeyd edir ki, həmin sənədlər Namik Həmidovun deyil, sonuncuya və MTK-ya aidiyyatı olmayan İddiaçı adına tərtib olunmuşdur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi sübutlara tam, hərtərəfli baxmamış, tərəflər arasında hüquq münasibətlərini düzgün müəyyən etməmiş, nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənzilin pulunu tam ödədiyinə görə həmin mənzil üzərində sahiblik və istifadə hüququ yaranmışdır, ona görə də həmin mənzil və zəruri sənədlər ona təhvil verilməli, iddiaçının hüquqlarını sərbəst şəkildə həyata keçirilməsində cavabdeh tərəfindən yaranan manelər aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 85 kv. metr olan 2 (iki) otaqdan ibarət 21 saylı mənzilinə dair İddiaçı Balağa oğlu ilə «kooperativ binanın mənzil tikintisi haqqında» xx xxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4. maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1. maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. «T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vəasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi müqavilə qanunvericiliyin tələblərinə uyğundur və onun etibarsızlığı üçün isə heç bir əsas yoxdur. Qarşılıqlı iddianı əsaslandıran hər hansı bir sübut təqdim olunmamışdır. Eləcə də qarşılıqlı iddia tələbində qeyd olunan dəlillər iş materialları ilə təkzib olunur. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən ilk iddia təminedilməli, Abşeron rayonu, Xırdalan şəhəri, X7 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 saylı, ümumi sahəsi 85 kv.metr olan mənzil və ona dair zəruri sənədlər “xxxxxxxxxx” MTK tərəfindən İddiaçı balağa oğluna təhvil verilməli, onun mənzilə dair sahiblik və istifadə hüquqları tanınmalı, bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində “xxxxxxxxxx” MTK-nın ona qarşı yaratdığı maneə aradan qaldırılmalı, ödənilmiş 30 manat məbləğində pul cavabdehdən alınaraq ona qaytarılmalı, qarşılıqlıiddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, X7 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 saylı, ümumi sahəsi 85 kv.metr olan mənzil və ona dair zəruri sənədlər “xxxxxxxxxx” MTK tərəfindən İddiaçı Balağa oğluna təhvil verilsin. İddiaçı Balağa oğlunun həmin mənzilə sahiblik və istifadə hüquqları tanınsın.Bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində “xxxxxxxxxx” MTK-nın İddiaçı Balağa oğluna qarşı yaratdığı maneə aradan qaldırılsın. İlk iddia ərizə verilərkən dövlət rüsumu ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdeh “xxxxxxxxxx” MTK-dan alınıb İddiaçı Balağa oğluna qaytarılsın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar