Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-979/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-191/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-191/2020 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 25000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-191/2020 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 2014-cü ildə ümumilikdə 30000 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh pulu alarkən ən geci iki ay müddətinə qaytaracağı barədə vəd vermişdir. Cavabdeh ondan aldığı pulun 25000 ABŞ dollarını Qazaxıstandan gətirdiyi borulara sərf etmiş, qalan 5000 ABŞ dollarına isə özü üçün maşın almışdır. Həmin pulları o yaxın dostundan alıb ona vermişdir. Pul sahibi ondan verdiyi pulu tələb etdiyindən cavabdeh onu dostunun yanında pis vəziyyətdə qoyduğunu ilk vaxtlarda cavabdehə desə də, o, boruları payladığını, lakin pullarını hələ ala bilmədiyini deyərək, onu arxayın salaraq narahat olmamağını bildirmişdir. Borcunu artıqlaması ilə qaytaracağı barədə dəfələrlə vəd versə də, bugünə kimi o, bir manat belə qaytarmamış, telefonlara cavab verməmiş və sonra isə söndürərək onunla əlaqəsini tam kəsmişdir. Halbuki o, boruları qısa müddət ərzində sataraq bütün pullarını, eyni zamanda həmin pullar əsasında əldə etdiyi gəlirləri ondan gizlətmiş və ona yalan danışaraq guya hələ pulları almadığını bildirməklə başqasının pulunu mənimsəmək məqsədi güdmüşdür. Dəfələrlə cavabdehə ona borclu olduğu cəmi 30.000 ABŞ dollarını qaytarmasını ondan tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh gedib boruların pulunu götürsə də ona heç nə verməmişdir. Pulun əvəzinə etibarnamə əsasında torpaq verəcəyini bildirsə də, nə torpaq, nə də torpağa etibarnamə verməmişdir. Buna görə də məcbur olub ilk dəfə Xətai rayon Polis İdarəsinə müraciət etmiş, lakin mülki xarakterli mübahisə olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, Cavabdeh 30000 ABŞ dolları pulun və 5 faiz əldən çıxmış faydanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 324.5, 373.2, 375.2, 377.1,739.1, 740.2-ci maddələrinin və Azərbaycan Respublikası MPMnin 81, 88, 218.1, 220.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı, xx.xx.2019-cu il tarixdə Nizami RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2014-cü ildə qonşusunun qohumu kimi tanıdığı Nazir adlı şəxs onunla görüş zamanı Qazaxstan Respublikasından dəmir boru sifariş etdiyini və pulu olmadığına görə dəmir borunu gətirə bilmədiyi üçün ona bir ay müddətinə 25.000 ABŞ dollar verilməsini xahiş etmişdir. Sonradan Nazir adlı şəxs dəmir borunun gəldəyini deyərək müştəri tapmaq üçün maşına ehtiyac olduğunu deyərək əlavə 5.000 ABŞ dollar da verməsini və ona 35.000 ABŞ dollar qaytaracağını söz vermişdir. Bir müddətdən sonra Nazirdən pulu istəyən zaman Nazir ona tezliklə pulu qaytaracağını desə də bu günə kimi pulu qaytarmamışdır. Həmin iş materialları ilə müəyyən olur ki, Cavabdeh PŞ-də izahat verərək qeyd etmişdir ki, İddiaçı ət dükanından taınımışdır. Elxan ona ferma açmağı təklif etmiş o, isə pulunun olmadığını deyərək imtina etmişdir. Sonradan qarşılıqlı razılaşma əsasında Elxan ona 25.000 ABŞ dollar gətirmiş və onlar birlikdə Qazaxıstan Respublikasından dəmir boru gətirmişdirlər. Həmin dəmir boruları İnqilab adlı şəxsə vermişdirlər. İnqilab isə vaxtında verə bilmədiyinə görə o, maşınını satıb Elxana 8900 ABŞ dollar vermişdir. 3-4 aydan sonra isə İnqilab onlara borclu olduğu 29.000 ABŞ dolların 19.000 ABŞ dollarını qaytarmışdır. Bir müddət sonra İnqilab həbs olunduğuna görə onların 10000 ABŞ dollarını qaytara bilməmişdir. Sonradan isə Elxanla torpaq sahəsi almışdırlar və torpaq sahəsinin alınmasına görə Elxanla birlikdə 11400 manat və 5200 ABŞ dollar vermişdirlər. Torpaq işləri də alınmadığına görə torpaq aldıqları şəxs 23.000 min mamat dəyərində torpaq sahəsi üçün Elxana etibarnamə vermişdir. Cavabdeh izahatında onu da qeyd etmişdir ki, Elxanla birlikdə gördükləri iş birliyindən 11150 manat ziyana düşmüşdür. Cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə xx xxxx 2019-cu il tarixli qərarı ilə müəyyən olunur ki, xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-nə ərizə ilə müraciət edərək “Nazir” adlı tanışının onu aldararaq 25.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli məktublarından görünür ki, İddiaçı müraciəti əsasında bildirilmişdir ki, Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış və toplanmış material müvafiq qərar qəbul edilməsi üçün Xətai Rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsində toplanmış material Xətai Rayon Prokurorluğuna göndərilmişdir. Cavabdeh Nizami RPİ-nin 24-cü PŞ-də xx.xx.2019-cu il tarixdə yazdığı izahatdan məlum olur ki, İddiaçı Cavabdeh ferma açmaq üçün 25000 ABŞ dolları pul vermiş və həmin pulları onlar Qazaxıstana göndərmişlər. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərarın surətindən məlum olur ki, Xətai rayon Pİnin İ-nin baş müstəntiqi M.Cümşüdovun həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, material qeyd edilən xüsusatlar ətrafında əlavə araşdırmanın aparılmasının təmin edilməsi üçün aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, cavabdehin iddiaçıdan 25000 ABŞ dolları məbləğində pul vəsaitinin aldığını etiraf edir, İddiaçı Cavabdeh 25000 ABŞ dolları məbləğin tələb etməsinin hüquqi əsası var və işdə olan sübutlarla təstiqini tapdığından iddia qismən təmin olunmalı və Cavabdeh 25000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçının cavabdehə avtomobilin alınması üçün 5000 ABŞ dolları pulun verməsi öz təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyündən iddia müddətinin tədbiq edilməsi ilə bağlı qeyd edir ki, tərəflər arasında razılaşma əsasında pul cavabdehə 2014-cü il tarixdə verilsə də cavabdeh həmin pulu 2019-cu il tarixdə etiraf etdiyindən burada pul tələbi ilə bağlı iddia müddəti 2019-cu il tarixdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəsdirlər. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafıə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib, Cavabdeh 25000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 25000 ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa sübut təqdim etməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasını hallarını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-191/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh 25000 ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-979/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-979/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver