Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-98/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-86/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın qismən təmin edilməsi, İddiaçı X1 xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas kredit borcuna görə 23469,46 (iyirmi üç min dörd yüz altmış doqquz dollar qırx altı sent) ABŞ dolları, faiz borcuna görə 13360,18 (on üç min üç yüz altmış dollar on səkkiz sent) ABŞ dolları, cərimə borcuna görə 200 (iki yüz) ABŞ dolları, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 37029,64 (otuz yeddi min iyirmi doqquz dollar altmış dörd sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin açıq hərrac keçirilməsi yolu ilə satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 37029,64 (otuz yeddi min iyirmi doqquz dollar altmış dörd sent) ABŞ dolları borc, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə İddiaçı X1 xeyrinə ödənilməsi, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2də yerləşən 0.06 ha torpaq sahəsinə və üzərindəki 7 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini boşaldaraq ən geci bir ay ərzində torpaq sahəsindən və və üzərindəki fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vəd oğlundan, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000011425 saylı kredit razılaşması üzrə 23549.1 ABŞ Dolları məbləğində kredit borcu, 13360.18 ABŞ Dolları məbləğində faiz borcu və 52522.83 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 89432 (səksən doqquz min dörd yüz otuz iki) ABŞ Dolları 11 (on bir) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 evdən istifadə hüququnun itirilməsinə, onların evdən çıxarılmaları, evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 12.06.2010-cu il tarixli 09L000001901 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Bu kredit xətti müqaviləsinə 31.07.2013-cü il tarixli 1901 saylı dəyişiklik və əlavələr edilərək kredit xəttinin miqdarı 100000 (yüz min) ABŞ Dolları məbləğinədək artırılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10.06.2014-cü il tarixli 09R000011425 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.05.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6450.9 ABŞ Dolları ödəmiş, onun 23549.1 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 08.09.2017-ci il tarixə 851 gün üçün hesablanmış faiz borcu 13360.18 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 08.09.2017-ci il tarixə 851 gün üçün hesablanmış cərimə 52522.83 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəlilərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka qoyan Məmmədov Ağabala oğlunun Bank ilə bağladığı 30.07.2013-cü il tarixli 09M000000824 saylı ipoteka müqaviləsi (Abşeron rayonu 1 saylı notariat kontorunun notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilib) əsasında Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 37 №-li reyestr kitabının 42 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışla Bakı şəhəri, Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 25.07.2013-cü il tarixli 699 saylı Forma 2 arayışına əsasən Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2də Cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər- Cavabdeh4, Cavabdeh2 Ağanəmməd oğlu, Cavabdeh5 həmin mənzilin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipotekaya qoyularkən notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda fərdi yaşayış evini qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 25.04.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, 29.04.2017-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 02.05.2017-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra eməlidirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, birinci instansiya məhkəməsi tərəfindən əsassız və qanunsuz qərar qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməsi, cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İşdən görünür ki, cavabdehin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehlərin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdehlər tərəfindən iddianın təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehlərin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsinə və üzərindəki 7 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlərə vermiş, lakin cavabdehlər kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 739.1., 317.1 və “İpoteka haqqında” Qanunun 33, 59.3. maddələrinin tələbləri baxımından cavabdehdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmış və məhkəmə haqlı olaraq kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, eləcə də boşaldılaraq çıxarılmaları qənaətinə gəlmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası həmçinin ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “B+Ş Audit” Konsaltinq MMC-nin 30 sentyabr 2021-ci il tarixli №A-01/88 saylı rəyinə əsasən Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsinin likvid dəyəri 55.000 manat, "xxxx" MMC tərəfindən verilmiş 02-11/22 № 15 aprel 2022-ci il tarixli ekspertiza rəyi ilə Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsinə və üzərindəki 7 saylı fərdi yaşayış evinin likvid dəyəri 75.000 (yetmiş beş min) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti ilə bağlı əmlakın likvid dəyəri kimi “B+Ş Audit” Konsaltinq MMC-nin verdiyi rəyə münasibətdə "xxxx" MMC-nin rəyi daşınmaz əmlak bazarındakı qiymətlər nəzərə alnmaqla daha inandırıcı və ağlabatan görünür. Odur ki, ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsinə və üzərindəki 7 saylı fərdi yaşayış evinin likvid dəyəri kimi ilkin satış qiyməti 75.000 manat müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsinə və üzərindəki 7 saylı fərdi yaşayış evinin likvid dəyəri 75.000 (yetmiş beş min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 250 (iki yüz əlli) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0.06 ha torpaq sahəsinə və üzərindəki 7 saylı fərdi yaşayış evinin likvid dəyəri kimi ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 250 (iki yüz əlli) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-98/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-98/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver