Məhkəmə qərarları › İş №2(105)-980/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-980/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-980/2023 02.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh İddiaçı, Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1114/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-5100/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 193 manat olmaqla ümumilikdə 386 manat məbləğində alimentin artırılması və mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat xərcin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək aliment məbləğinin hər ay hər uşaq üçün 220 manat olmaqla artırılmasını və cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər uşağa 137 manat aliment himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün kifayət etmir, uşaqlar bpyüdükcə maddi-sosial tələbatları, ehtiyacları, reabilitasiya və müalicəsi, habelə təhsil və tədrisi ilə bağlı xərclər artmışdır. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1114/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5100/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması, cavabdeh X3 60.80 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, iddia mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməsi qət edilmişdir (hakim Elman Məmmədov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin əmək haqqı məbləğinin miqdarını nəzərə alaraq alimentin tələb olunan miqdarda tutulması hazırda cavavdehin maddi vəziyyətinə mütənasib olmaması, alimentin əmək haqqına uyğun tutulması isə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi nəzərə alınmaqla uşaqların mənafeyinə uyğun olmaması məhkəməyə sabit pul məbləğində aliment tutulmasına əsas verir və məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, alimentin miqdarı artırılaraq hər uşaq üçün 170 manat həddində müəyyən edilməsi ədalət pirinsipinə cavab verir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023cü il, e-2(012)-1114/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin 2017-ci il tarixli, № 2(012)-5100/2017 saylı qətnaməsinə əsasən 17 iyul 2010-cu il tarixdə doğulmuş X4 və 06 oktyabr 2011-ci il tarixdə doğulmuş X1 üçün müəyyən olunmuş 137 AZN ( yüz otuz yeddi) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək Cavabdeh hər ay hər uşağa görə 220 AZN ( iki yüz iyirmi manat) olmaqla, ümumilikdə iki uşağa görə hər ay 440 AZN (dörd yüz qırx manat) alimentin tutularaq yetkinlik yaşına çatmayan uşaqların mənafeyi naminə İddiaçı ödənilməsini, artırılmış alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan hesablanması barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Şikayətin dəlilləri: Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. 2023-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə müraciət edərək iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək aliment məbləğinin hər ay hər uşaq üçün 220 manat olmaqla artırılmasını və cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2022-ci ildə təsdiq etdiyi qanunu heçə sayaraq haqsız və ədalətsiz olaraq hər uşağa 220 AZN ( iki yüz iyirmi manat) aliment təyin etməmişdir. Üstəlik iddiaçı iddia ərizəsini 2022-ci il tarixdə verməyinə baxmayaraq 193 AZN (yüz doxsan üç manat) alimenti belə təyin etməməklə olduqca əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq hər uşaq üçün 170 AZN aliment müəyyən etmişdir. Gün keçdikcə uşaqlar böyüyür, onların qida, təhsil, reabilitasiya, geyim-keçimlə bağlı xərcləri birə beş artır. Avtobusun, taxılın, benzinin, qida və geyim ləvazimatlarından tutmuş hər şeyin qiyməti qalxmışdır və cənab prezident 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunu 220 AZN müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsi 100.2-ci maddəsini görməzdən gələrək yanlış nəticəyə gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qətnamənin “qət etdi” hissəsində “qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması” qərara alınmışdır. Bildirir ki, bu olduqca yanlış nəticədir. Alimentin hesablanması qətnamənin qanuni qüvvəyə mindiyi gündən yox, məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsi maddi hüquq normalarının tətbiqində çox kobud və bağışlanılmaz səhvlərə yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh uşaqlarla maraqlanmır, cavabdehin imkanı çoxdur, o, xəstədir, buna baxmayaraq övladlarına özü baxır. Alimenti övladlarına xərcləyir. Övladlarının oxumağını istəyir, valideynləri kömək deir. Cavabdehin anası, bacıları uşaqlara kömək etmir. Xahiş edir ki, qanunvericiliyə uyğun aliment tutulsun. Cavabdeh əmək haqqından əlavə bahalı telefon nömrələri satır, gəliri çoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Ədliyyə Nazirliyi Pentensiar Xidmətdə sürücü vəzifəsində işləyir. İstifadə etdiyi nömrə işlədiyi müəssisədən verilib. Dövlətin ona verdiyi evi iddiaçıya verib, 8 ildir özü kirayədə yaşayır, ailə qurmayıb. İşlədiyi müəssisədən aldğı əmək haqqından artıq gəliri yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsi, brinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin məbləği hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə Xədicə, xx.xx.2011-ci ildə Zəhra doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5100/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 136,6 manat olmaqla, cəmi 273 manat pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 1799 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Cavadova X6 rayonundan məcburi köçkündür və ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Penitensiar Xidmətin Avtonəqliyyat təsərrüfatından alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ƏN PX ANT-də kiçik inspektor vəzifəsində xidmət edir və onun aylıq əmək haqqı 647,80 manat təşkil edir. Cavabdehin əmək haqqı məbləğinin miqdarını nəzərə alaraq alimentin tələb olunan miqdarda tutulmasının hazırda cavabdehin maddi vəziyyətinə mütənasib olmaması, alimentin əmək haqqına uyğun tutulması isə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini nəzərə alınmaqla uşaqların mənafeyinə uyğun olmamasını, məhkəməyə sabit pul məbləğində aliment tutulmasına əsas verir və məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab etmişdir ki, alimentin miqdarı artırılaraq hər uşaq üçün 170 manat həddində müəyyən edilməsi ədalət pirinsipinə cavab verir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 2 uşağın saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 137 manat məbləğindəki aliment xx.xx.2017-ci ildə, yəni uşaqların müvafiq olaraq 7 və 6 yaşları olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini nəzərə alınmaqla alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə, cavabdehin hər uşaq üçün 220 manat aliment ödəmək qabiliyyətinin olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğinin 170 manat hissəsi ata tərəfindən ödənildiyindən qalan hissə də ana tərəfindən ödənilməlidir. Bundan başqa məhkəmə kollegiyası alimentin tutulma vaxtının iddia ərizəsinin verildiyi gündən hesablanması barədə iddiaçının dəlilinə qiymət verərək qeyd edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1114/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Abşeron Rayon Məhkəməsinin e-2(012)-1114/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar