Məhkəmə qərarları › İş №2(105)-980/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-980/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-980/2024 02.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X19 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-401/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20.000 manat məbləğində pulun və ödədiyi 150 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşı, digər Cavabdeh2 isə onun həyat yoldaşıdır. Onlar bir müddət onun da yaşadığı və qeydiyyatda olduğu anası Sevil Əhmədovaya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzildə yaşamışlar, lakin mütəmadi olaraq münaqişələr baş verdiyi üçün 2011-ci ildə bu mənzildən köçmüşlər. Bundan sonra, Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun mənzilə istifadə hüququ tanınmışdır. Cavabdeh N.Məmmədov 2013-cü ilin dekabr ayında iddiaçıya müraciət edərək bildirdi ki, yaşadıqları mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verə və o bankdan 25000 ABŞ dolları məbləğində pul götürəcək, özünə yaşayış sahəsi alacaq və bankın pulunu da özü ödəyəcəkdir. Evi adına rəsmiləşdirdikdən sonra isə bu mənzildən qeydiyyatdan çıxmaqla öz evinə qeydiyyata düşəcəkdir. Onlar cavabdehə inanaraq yaşadıqları mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər, lakin cavabdeh bankdan götürdüyü pul ilə özünə yaşayış sahəsi alsa da, qeydiyyatdan çıxmamış və banka olan borcu ödəməmişdir, hər dəfə o, başqa banklardan pul götürməklə cavabdehə vermişdir ki, bankın pulunu ödəsin və bank yaşadıqları mənzili hərraca çıxarmasın. Lakin borcun çox olması səbəbindən "xxxx" onlara qarşı məhkəmədə iddia qaldırmaqla yaşadıqları mənzilin hərraca çıxarılmasını iddia etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Cavabdeh1 28713 ABŞ dolları məbləğində pulun tutulması qət edilmiş və həmin borca görə yaşadıqları mənzilin hərraca çıxarılması qərara alınmışdır. Həmin mənzil onun valideynlərinin və onun ailə üzvləri ilə yaşadıqları yeganə yaşayış yeri olduğu üçün o, borc-xərc olaraq 20.000 manat məbləğində pul taparaq Cavabdeh1 yerinə həmin borcu ödəmiş və cavabdeh İddiaçı ona əminliklə bildirmişdir ki, o və həyat yoldaşı olan digər Cavabdeh2 bu mənzilə iddia qaldırmayacaqlar və qeydiyyata düşməyə mənzil tapan kimi qeydiyyatdan çıxacaqlar. Lakin cavabdeh və onun həyat yoldaşı onun banka olan borcunu ödəməyinə baxmayaraq, 2022-ci ildə Cavabdeh2 və Cavabdeh1 yaşadıqları bu mənzilə köçürülmə ilə bağlı məhkəmədə iddia qaldırdılar və onların mənzilə köçürülmələri təmin olunmuşdur. Halbuki, o, banka olan 20.000 manat məbləğində borcunu ödəyərkən, cavabdehlər ona söz vermişdir ki, bu məbləği evdən onlara düşən kompensasiya kimi qəbul edərək heç vaxt bu mənzilə iddia qaldırmayacaq və mənzildən də qeydiyyata düşmək üçün ünvan tapan kimi çıxacaqlar. Cavabdeh razılaşdırılmış bu şərti pozmuş və mənzilə köçürülmüşdür. Belə olan təqdirdə onun banka olan borcuna görə ödədiyi 20.000 manat məbləğində pul alınaraq ona geri qaytarılmalıdır.

3. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(060)-6596/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15.577 ABŞ dolları məbləğində əsas, 13.036,16 ABŞ dolları məbləğində faiz və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28.713 (iyirmi səkkiz min yeddi yüz on üç) ABŞ dolları 16 (on altı) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, tutmanın Cavabdeh1 məxsus Binə ticarət mərkəzi, 2-ci sıra, korpus 5, mağaza 18 ünvanında yerləşən, dəyəri 30.000 manat hesablanan müxtəlif növ qadın ayaqqabılarına və cavabdeh X4 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 22 saylı mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 22 saylı mənzilinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, qadın ayaqqabıları və mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına 28.713 (iyirmi səkkiz min yeddi yüz on üç) ABŞ dolları 16 (on altı) sent məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 bir yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli, 2(105)-791/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15.577 (on beş min beş yüz yetmiş yeddi) ABŞ dolları məbləğində əsas, 4801 (dörd min səkkiz yüz bir) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində faiz və 100 (bir yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20.378 (iyirmi min üç yüz yetmiş səkkiz) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Binə ticarət mərkəzi, 2-ci sıra, korpus 5, mağaza 18 ünvanında yerləşən, dəyəri 30.000 manat hesablanan müxtəlif növ qadın ayaqqabılarına və cavabdeh X5 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 22 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 22 saylı mənzilinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına 20.378,37 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra bir ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan, ümumilikdə 350 (üç yüz əlli) manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7464/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2024-cü tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1, X10 və X11 ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli 10122013/124362 saylı kredit müqaviləsi bağlanaraq, borcalana 30 (otuz) ay müddətinə illik 26% ödəmək şərti ilə 25.000,00 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin ödənilməsi vaxtında icra olunmadığı üçün sənədlər məhkəməyə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 21,06.2019-cu il tarixli 2(105)791/2019 saylı qərarı ilə 15.577,00 (on beş min beş yüz yetmiş yeddi) ABŞ dolları məbləğində əsas, 4.801,37 (dörd min səkkiz yüz bir dollar 37 sent) ABŞ dolları məbləğində faiz, 100.00 (bir yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20378.37 (iyirmi min üç yüz yetmiş səkkiz dollar 37 sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-791/2019 saylı qərarı üzrə 14.705,88 (on dörd min yeddi yüz beş dollar 88 sent) ABŞ dolları ödəniş olunmuşdur. Halhazırda cavabdehlər Cavabdeh1, X10 və X3 LPO "xxxx" ASC-yə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 791/2019 saylı qərarı üzrə 5.672,49 (beş min altı yüz yetmiş iki dollar 49 sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu məbləğində borcu mövcuddur.

7. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində iştirak edən X13 bildirmişdir ki, iddiaçının anası əmisinin həyat yoldaşıdır. Ondan xahiş etdiyi üçün ona borc vermişdir. 8000 manat pul lazım olduğunu demiş, o da həmin məbləği ona vermişdir. Borc almasının səbəbini soruşmamış, hazırda da səbəbini bilmir. Borcdan təxminən 600-700 manat qaytarılmışdır. İmkanları yoxdur. Nə zaman imkan olsa qaytara biləcəklərini bildirmişdir. İddiaçı ondan pandemiyadan təxminən 7-8 ay əvvəl borc götürmüşdür.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-401/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmiş və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbini irəli sürərkən hazırki iş üzrə cavabdehlərin ona münasibətdə zərər vuran şəxslər olduğunu (buna görə onlara qarşı reqres qaydasında iddia verilə biləcəyini) sübuta yetirə bilməmişdir. Onun dəlili məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli X14 tərəfindən Cavabdeh1 hesabına ödənilmiş 20.000 manat məbləğində olan qəbzin surətidir.

10. İddiaçı tərəf X12 şahid qismində məhkəmə iclasının iştirakının təmin ediləcəyi bildirilsə də, onun iştirakı təmin edilməmişdir. Belə olan halda İddiaçı sözügedən qəbzin “ödəyən” qrafasındakı “X14” adlı şəxsin kim olduğunu və ona tərəfindən kreditin ödənilməsi üçün 20.000 manat pul verildiyini sübuta yetirə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 431.1, 431.3, 522.1, 1096, 1097.1, 1114.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qardaşı olan Cavabdeh1 "xxxx"ın Bakı şəhər Yasamal rayonunda yerləşən filialından kredit götürdüyü kredit müqabilində yaşadıqları mənzili girov qoymuş, pulu qaytarmadığı üçün bank anası X3 mülkiyyətində olan mənzilin əldən çıxmaması üçün məcburiyyət qarşısında qalaraq xx.xx.2019-cu ildə "xxxx"ın Bakı şəhər Xətai rayonunda Xocalı abidəsinin yanında yerləşən ofisində müdir müavini Vəli adlı şəxsin tapşırığı əsasında o, bank əməkdaşı X6 4000 manat, xx.xx.2019-cu ildə müdir müavinin göstərişi əsasında bank işçisi X7 6200 manat və 4000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə Vəzirov Natiqə 1500 manat, xx.xx.2020-ci il tarixdə isə X9 1500 manat pul vermiş, banka ümumilikdə 20000 manat pul ödəmişdir. Bu bank işçiləri həmin pulu ondan alarkən onu qardaşı Namiqin kredit borrcundan çıxacaqlarını bildirmiş, o, da həmin vəsaitin kredit borcuna ödənilməsi ilə bağlı sənəd tələb etdikdə "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli X14 tərəfindən Cavabdeh1 hesabına ödənilmiş 20.000 manat məbləğində olan qəbzin surəti ona təqdim edilmişdir. Həmin qəbz məhkəməyə təqdim edilmiş, lakin məhkəmə bu qəbzin məhz onda olmasına və qəbzdə adı çəkilən şəxsin, eyni zamanda ondan ayrı-ayrı vaxtlarda həmin pulları hissəhissə qəbul etmiş şxslərin məhkəməyə dəvət olunaraq dindirilməsini, yaxud da bununla bağlı məsələyə aydınlıq gətirilməsi ilə bağlı həmin banka sorğu göndərilməsini təmin etməmiş və son nəticədə belə bir qərara gəlmişdir ki, o, vəsaitin onun tərəfdən ödənilməsini məhkəmədə sübut edə bilməmişdir. Halbuki həmin vəsaiti o, ödəmiş və vəsaiti ödəyərkən pul borc aldığı şəxsləri də məhkəməyə dəvət etmişdir. 20.000 manat məbləğində vəsaiti ödəməyi ilə bağlı qəbzdə “ödəyən” qrafasındakı “X14” adlı şəxslə telefon əlaqəsi yaratmış, o müəyyən səbəblərdən məhkəməyə gələ bilməmiş və bu səbəbdən məhkəmədən onun iştirakı ilə bağlı təkrar vaxt verilməsini xahiş etsə də, məhkəmə onu cəlb etmədən, dindirmədən, həmin qəbzdə digər 4 ədəd aktda adları qeyd olunan şəxslərin kimliyi ilə bağlı ləğv prosesində olan "xxxx"a sorğu vermədən hazırki qətnaməni çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

18. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

19. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

21. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehlərin banka olan borc öhdəliklərinin icrası ilə əlaqədar 20.000 manat məbləğində pul vəsaitini ödəniş olaraq icra etdiyini və hazırda həmin məbləği tələb etməkdədir. İddiaçı tələbinin əsası kimi "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli X14 tərəfindən Cavabdeh1 hesabına ödənilmiş 20.000 manat məbləğində olan qəbzin surətinə istinad edərək həmin məbləğin məhz onun tərəfindən icra edilməsi ilə əsaslandırır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

32. İddiaçı tərəfindən təqdim olunmuş qeyd olunan sənəd yazılı sübut hesab edilir. Lakin həmin sübut iddia tələbinin əsasını təsdiq etmir və iddianı cavabdeh tərəf etiraf etmir. İddianın əsasını təşkil edən həmin xx.xx.2020-ci il tarixli qəbzdə isə 20.000 manat məbləğində pul vəsaitinin banka X14 tərəfindən ödənildiyi müəyyən olunur.

33. İddiaçı daha sonra apellyasiya şikayətində göstərir ki, o, bank əməkdaşı X6 4000 manat, xx.xx.2019-cu ildə müdir müavinin göstərişi əsasında bank işçisi X7 6200 manat və 4000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə Vəzirov Natiqə 1500 manat, xx.xx.2020-ci il tarixdə isə X9 1500 manat pul vermiş, banka ümumilikdə 20000 manat pul ödəmişdir. Bu bank işçiləri həmin pulu ondan alarkən onu qardaşı Namiqin kredit borrcundan çıxacaqlarını bildirmiş, o, da həmin vəsaitin kredit borcuna ödənilməsi ilə bağlı sənəd tələb etdikdə "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli X14 tərəfindən Cavabdeh1 hesabına ödənilmiş 20.000 manat məbləğində olan qəbzin surəti təqdim edilmişdir.

34. Şikayətdə göstərilənlərdən belə aydın olur ki, iddiaçı tərəfindən əsas sübut növü kimi təqdim edilən xx.xx.2020-ci il tarixdə X14 tərəfindən 20.000 manat məbləğində pul vəsaitinin banka ödənilməsini göstərən qəbzdəki 20.000 manat pul vəsaiti birdəfəyə deyil ayrı-ayrı vaxtlarda ödənilmiş pul vəsaitlərinin cəmidir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin - qəbzdə adı çəkilən şəxsin, eyni zamanda ondan ayrı-ayrı vaxtlarda həmin pulları hissə-hissə qəbul etmiş şəxslərin məhkəməyə dəvət olunaraq dindirilməsini, yaxud da bununla bağlı məsələyə aydınlıq gətirilməsi ilə bağlı həmin banka sorğu göndərilməsinin təmin edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM-in 81-ci maddəsi)

36. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci maddəsinə əsasən, banklar ödəniş əməliyyatlarını və hesablaşmaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Mərkəzi Bankın həmin Məcəlləyə və Qanuna uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.

37. Mülki Məcəllənin 529.7-ci maddəsinə əsasən, icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.

38. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.44-cü maddəsinə əsasən, ödəyici – ödəniş əməliyyatının həyata keçirilməsi məqsədilə ödəniş xidməti təchizatçısına ödəniş sərəncamını verən şəxsdir.

39. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir.

40. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, ödəniş təşkilatı istisna olmaqla digər ödəniş xidməti təchizatçılarına verilən ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər. Razılaşdırılan müddət ödəniş sərəncamının icra müddəti hesab edilir və həmin gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə, ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir.

41. İddiaçı ərizəsində həmçinin göstərmişdir ki, o, banka olan 20.000 manat məbləğində borcu ödəyərkən cavabdeh tərəf ona söz vermişdir ki, bu məbləği evdən onlara düşən kompensasiya kimi qəbul edərək heç vaxt bu mənzilə iddia qaldırmayacaq və mənzildən də qeydiyyata düşmək üçün ünvan tapan kimi çıxacaqlar. Cavabdeh razılaşdırılmış bu şərti pozmuş və mənzilə köçürülmüşdür. Belə olan təqdirdə onun banka olan borcuna görə ödədiyi 20.000 manat məbləğində pul alınaraq ona geri qaytarılmalıdır.

42. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

43. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-791/2019 saylı qərarı üzrə banka 14.705,88 ABŞ dolları ödəniş olunmuşdur, 5.672,49 ABŞ dolları və 30 manat dövlət rüsumu məbləğində borc mövcuddur.

44. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinin mülkiyyətçisi X8r. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun xitamı isə mülkiyyətçi ilə bağlanan yazılı razılaşma ilə müəyyənləşdirilir.

45. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin yuxarıda göstərilən qənaəti işin mahiyyətinə uyğun olaraq düzgündür.

48. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara və iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-401/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar