Məhkəmə qərarları › İş №2(105)-980/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-980/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-980/2025 12.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh, cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-266/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Abiyeva) iddianın qismən təmin edilməsi, 17500 (on yeddi min beş yüz) manat məbləğində borc pul, hüquqi yardıma görə ödənilmiş 160 manat və dövlət rüsumuna görə ödənilmiş 141 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat pulun, ödənilmiş 195 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilən 325 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2021-ci ildə cavabdeh meyvə alveri ilə məşğul olduğunu və meyvəni almaq istədiyini bildirmişdir. Lakin o, həmin vaxt cavabdehlə razılaşmasa da, sonradan onu razı sala bilmişdir. Bundan sonra o, özünə və kənd sakinlərinə məxsus meyvə yığaraq cavabdehə vermişdir. Cavabdeh həmin meyvələri Rusiya Federasiyasına xalası oğluna göndərmişdir ki, meyvələri satıb onun pulunu versin. Lakin sonradan cavabdeh qısa müddətdə ona olan borcunu qaytarmağa söz versə də, müxtəlif bəhanələrlə pulu verməkdən yayınmış, zənglərinə cavab verməmişdir. Cavabdeh ona ümumilikdə 35000 (otuz beş min) manatlıq ziyan vurmuşdur. Buna görə də tərəfindən Xaçmaz rayon polis şöbəsinə müraciət olunmuşdur. Aparılan təhqiqat araşdırması zamanı cavabdeh ondan yalnız 34000 (otuz dörd min) manatlıq meyvə aldığını etiraf etmişdir. Xaçmaz rayon polis şöbəsində müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hər dəfə cavabdehə pulunu geri qaytarmaq barədə tələb irəli sürülsə də o, pulu yaxın vaxtlarda qayataracağını bildirsə də, hazır ki, vaxtadək pulunu geri qaytarmır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin 34000 manat, 195 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə ödənilən hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, Xaçmaz Rayon Məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırsa da, iddia ərizəsinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. İş üzrə cavabdeh Xaçmaz rayon polis şöbəsində izahat verərək etiraf etmişdir ki, iddiaçıdan 34000 manatlıq meyvə almış, lakin ziyan elədikləri və şərik olduqları üçün göstərilən məbləği qaytarmır. Aparılmış geniş məhkəmə araşdırması zamanı da cavabdeh 34000 manatlıq meyvə aldığını lakin şərik olduqları üçün pulu qaytarmadığını bildirmişdir. Məhkəmə prosesi zamanı cavabdehə verilən əgər borclu deyildirsə son dövrlərə qədər nəyə görə pulu qaytaracığını söz vermişdir sualına belə cavab vermişdir ki, guya iddiaçı ona şərikliklərini gizlətməyi borclu olduqları adamların qabağına çıxmağı xahiş etmişdir. Artıq suala verilən cavabdan müəyyən etmək olur ki, cavabdeh özünü müdafiə xarakterli ziddiyyətli izahatlar verərək mülki məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məhkəmə əsaslandırma hissəsində cavabdehin 34000 manat dəyərində iddiaçıya pul verməli oldğu sübuta yetirildiyi, cavabdehin isə şərikliklə bağlı heç bir sübut təqdim etmədiyi qənaətinə gəlsə də iddia tələbi yalnız 17500 manat hissəsində təmin etmişdir. Belə bir sual yaranır ki, əgər cavabdeh 34000 manat dəyərində meyvəni aldığı sübuta yetirilibsə, şəriklik isə sübuta yetirilməyibsə nəyə görə iddia tələbi 34000 manata münasibətdə təmin edilməmişdir. Göründüyü kimi iddia tələbi təsdiqini tapdığı hissədə yəni 34000 manat hissəsində təmin edilməli idi. Hazırki işdə cavabdehin iddiaçıdan 34000 manat dəyərində meyvə alması sübuta yetirilsə də, tərəflər arasında şəriklik münasibətlərinin olması sübuta yetirilməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırsa da, sonda işə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlmişdir ki, cavabdehin polis şöbəsində verdiyi izahata və məhkəmə araşdırması zamanı qeyd etdiklərinə əsasən cavabdehin iddiaçıdan 34000 manat dəyərində meyvə alması işin mübahisəsiz halı olsa da, tərəflər arasında şəriklik münasibətləri öz təsdiqini tapmamışdır. Lakin məhkəmə sonda gəldiyi qənaətə görə iddia tələbini 34000 manata dair hissədə təmin etməli olsa da yalnız 17500 manata dair hissədə iddia tələbini təmin etmişdir. Məhkəmə Xaçmaz rayon polis şöbəsinin qərarını mötəbər sübut kimi qəbul etmiş, həmin qərarda qeyd edilən izahatlara istinad etsə də, həmin izahatda cavabdehin iddiaçıdan 34000 manat dəyərində meyvə alması təsdiqini tapsa da sonda qərar qəbul edilərkən bunu nəzərə almamışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparsa da sonda apardığı araşdırmaya düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində sübutlara düzgün qiymət verilməmişdir. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən maddədə göstərilən münasibətlər ümumiyyətlə mövcud deyil. Onlar arasında heç bir şifahi və ya yazılı müqavilə olmamış və bu baxımdan məhkəmənin qeyd edilən maddəsinin onların münasibətlərinə tətbiqi əsassızdır. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə sübutları araşdırmamışdır. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamış, sübutları araşdırmamışdır. O öz faktlarını hesab edir ki, sübut etmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşlıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəməyə təqdim etdiyi yuxarıda adları göstərilən sənədlər sübut hesab olunsa da, məhkəmə təqdim etdiyi sübutları “mötəbər” olmadığı üçün qəbul etməmişdir. Xaçmaz Rayon Məhkəməsi hansı halların sübut edilməməsi ilə bağlı halları deyil, ümumiyyətlə sübutları araşdırmayıb. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ziddiyətli Xaçmaz Rayon Polis İdarəsinin qərarını mötəbər sübut kimi qiymətləndirilmişdir. Halbuki qeyd edilən qərar ona təzyiq vasitəsi ilə ifadəsi alınmışdır. Orda ifadəsində belə ona borclu olduğunu qeyd etməmişdir. Məhkəmədə işə baxılarkən bu ziddiyətli məqamlara düzgün qiymət verilməmişdir. Xaçmaz Rayon Məhkəməsinə etiraz olaraq təqdim etdiyi xüsusları təsdiq edərək 3 il iddia müddəti keçsə də və etirazda bunu bildirsə də məhkəmə bunu nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini, hər ikisi sahibkarlıq fəaliyyəti ilə məğul olsalar da, hazırkı mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini, mülki işin mahiyyəti üzrə baxılmasını xahiş etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh izahatında işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini, qətnamənin ləğv edilməsini və mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini, tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını və hazırkı mübahisənin məhz onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu, mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən edilməsi barədə nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər. Məhkəmə apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan müəyyən edilir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (kommersiya və ya ümumi), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və nəticədə qanunvericiliyin yuxarıda qeyd normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi məqsədi ilə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri qeyd etməyi zəruri hesab edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan vergi ödəyicisinin məlumatlarına əsasən İddiaçı ********** VÖEN-lə, Cavabdeh ********** VÖEN-lə qeydiyyata alınmışlar. Qeyd olunmalıdır ki, iddiaçının tələb etdiyi pul məbləği tərəflərin meyvənin satışı ilə bağlı olmuşdur. Mülki Prosessual Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.3., 32.4. maddələri). Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından, eləcə də hazırkı mübahisə məhz onların bu fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibatiiqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 31.1, 32.3, 32.4, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar