Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-981/2023 16.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun və əldən çıxmış faydanın tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh2 nümayəndə və vəkili Nümayəndə4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(012)-306/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3903,03 ABŞ dolları əsas borc, 3228,94 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 835,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7967,07 ABŞ dolları borcun və 130,63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 24 ay müddətinə 9500 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, X2 ilə 29 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 17 aprel 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək, 03 noyabr 2015-ci il tarixli əlavə sazişə əsasən isə kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 3903,03 ABŞ dolları əsas borc, 3228,94 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 835,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7967,07 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(012)-306/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3903,03 ABŞ dolları əsas borc, 3228,94 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 835,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7967,07 ABŞ dolları (ödəniş günü manata olan məzənnə ilə) və ödənilmiş dövlət rüsumu üçün 130,63 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Birinci instansiya məhkəməsi mövqeyini bununla əsaslandırmışdır ki, Yelo Bank» ASC ilə Cavabdeh1 arasında 29 dekabr 2014-cü il tarixli, 4-M-1-0-1504-14 saylı kredit müqaviləsi bağlanmış, bank müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Eləcə də, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün üzərinə müqavilə ilə məsuliyyət götürdüyündən bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Sadalananlar əsasında məhkəmə tərəflər arasında yaranmış mübahisəni yuxarıdakı formada həll etmiş, və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442,443.1, 445.1,448.1, 449.4,472.1, 472.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(012)-306/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməs, iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır. Qətnamə qəbul edilərkən iddia tələbi üzrə gəlinən nəticə obyektiv olmamış, maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə borclu idi ki, borcun zaminə yönəldilməsini istisna edən halları araşdırsın və qanunvericiliklə zaminliyə xitam verilməsini müəyyən edən imperativ normaları nəzərə alaraq yekun nəticəyə gəlsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Belə ki, kredit müqaviləsinin 1.4-cü bəndində də qeyd edildiyi kimi, həmin kreditin təminatı daşınar əmlak olmuşdur. Həmin daşınar əmlak isə avtomobil olmuş və bank tərəfindən Cavabdeh2 istifadəsinə verilmişdir. Lakin kredit müqaviləsinin bağlanmasından 1 ay sonra, yəni 2015-ci ilin yanvar ayında Cavabdeh2 həmin avtomobili nasaz olması səbəbindən İddiaçı ASC-yə geri qaytarmışdır. Tərəflər arasında bağlanılan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin sonradan xx.xx.2015 və xx.xx.2015-ci il tarixli əlavələrlə şərtləri dəyişdirilmişdir. Yuxarıda qeyd edilən təminat (yəni avtomobil) 2015-ci ilin yanvar ayında geri qaytarılmışdırsa, bir neçə ay sonra xx.xx.2015 və xx.xx.2015-ci il tarixli əlavələri zamin kimi Cavabdeh2 imzalaması məntiqə uyğun deyildir. Ümumiyyətlə həmin əlavələrdən Cavabdeh2 xəbəri olmamış, orada adının qarşısında olan imzalar isə özünə məxsus deyildir. Qeyd olunan əlavələrin kim tərəfindən imzalanmasından xəbərsizdir, lakin imzalara nəzər saldıqda müəyyən edilir ki, Cavabdeh2 şəxsiyyət vəsiqəsində olan imzalara uyğunlaşdırılmışdır. Hər bir halda xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsində olan imza fərqli olsa da, Cavabdeh2 həmin imzanı etiraf edir. İş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərsə qeyd edilən fakt öz təsdiqini tapar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Nəzərə alınsa ki, xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələri 24 ay müddətinə bağlanıb və iddiaçı da məhkəməyə 27 iyul 2022-ci il tarixdə müraciət edib, belə olan halda, zaminlik müqaviləsi ilə bağlı müddətin keçməsi barədə dəlillər Mülki Məcəllənin 477.0.4-cü maddəsinin dispozitiv şərti ilə uyğunluq təşkil edir. Sonradan kredit müqaviləsinə sonuncu edilən xx.xx.2015-ci il tarixli əlavədə kreditin bağlanma tarixi xx.xx.2018-ci il qeyd edilmişdir. Həmin müddət əsas götürülsə belə, bitmə tarixinin üzərindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək 4 ilə yaxın müddətin keçməsini nəzərə alaraq, yenə də öhdəliyin zaminə aid edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Odur ki müddət ötürüldüyündən zaminlik müqaviləsi əsas götürülərək ona borcun yönəldilməsi mümkün olmadığından, məhkəmə həmin hissəsini təmin etməməli idi. Mübahisələndirilən qətnamədə qeyd edilmişdir ki, “Cavabdeh2 iddia tələbinə etiraz etmiş və İddiaçı ASC tərəfindən tələb edilən borcun şişirdildiyini bildirmişdir”. Həmin qeydlə bağlı bildirmək istəyir ki, o, zaminlik müqaviləsindən irəli gələn öhdəliklərin icra müddətinə istinadən ümumiyyətlə borcu qəbul etməmiş və ona dair hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən qəbul edilən mübahisələndirilən qətnamədə tamamilə yanlış ifadələrə yer vermiş və bununla da onun borcu qismən qəbul etdiyi təəssuratı yaranmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamə müvəkkilinə dair hissədə əsassızdır. Belə ki, tərəflər arasındakı kredit müqaviləsinin təminatı Cavabdeh2 istifadəsində olan avtomobil olmuşdur. Sədatə Əliyeva həmin avtomobili idarə etmiş, 2015-ci ildə banka geri qaytarmışdır. İş materiallarından görünür ki, kredit müqaviləsinə müəyyən əlavələr olunmaqla müqavilə müddəti iki dəfə uzadılmış, bu dəyişikliklər barədə Cavabdeh2 heç bir məlumat verilməmişdir. Həmin əlavələrdə Cavabdeh2 ayrılmış qrafada icra edilmiş imzaları mübahisələndirir. Cavabdeh2 həmin əlavələrdən ümumən məlumatlı olmayıb və imza etməyib. 2015-ci ildə avtomobil geri qaytarılıbsa, onun sonradan əlavəyə imza etməsi absurddur. Bundan əlavə hesab edir ki, mülki qanunvericiliyə əsasən zaminliyə dair öhdəliyə xitam verilməlidir. Çünki kredit müqaviləsinin və əlavələrinin müddəti bitəndən 4 il sonra bank tərəfindən məhkəməyə müraciət olunmuşdur. Amma mülki qanunvericilik bu hissədə 1 yaxud 2 il müddət müəyyən etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(012)-306/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və Cavabdeh2 münasibətdə iddianın rədd edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, öhdəlik tam icra olunanadək iddiaçının tələb hüququ var. Borc restruktruzasiya olunmalı borcdur. Amma cavabdeh müqavilə bağlamayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(012)- 306/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 qətnaməni yalnız iddianın ona qarşı təmin olunan hissədə mübahisələndiridiyi üşün kollegiya da Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə uyğun olaraq qətnaməni həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(012)-306/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh2 Məhəımmədiyyə qızına qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Mülki işin materiallarında olan 29 dekabr 2014-cü il tarixli, 4-M-1-0-1504-14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" ASC hazırki "xxxx" ASC tərəfindən 21 faizlə 24 ay müddətinə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 29 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında yaranmış öhdəliyinin tamamilə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 9500 ABŞ dolları vəsaiti qəbul etmişdir. İşdə olan 17 aprel 2015-ci il tarixli əlavə sazişdən görünür ki, qeyd edilən kreditin müddəti xx.xx.2018-ci il tarixədək, 03 noyabr 2015-ci il tarixli əlavə sazişdən isə görünür ki, həmin kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 3903,03 ABŞ dolları əsas borc, 3228,94 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 835,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7967,07 ABŞ dolları borcu vardır. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7594 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 29 dekabr 2014-cü il tarixli, 4-M-1-0-1504-14 saylı kredit müqaviləsi; 17 aprel 2015-ci il tarixli və 03 noyabr 2015-ci il tarixli əlavə sazişlərdə qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 29 oktyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 11432,13 ABŞ dolları - əsas borc üzrə 8029,47 ABŞ dolları, faiz borcu üzrə 3402,66 ABŞ dolları. 22 iyul 2022-ci il tarixə (iddia tarixinə) 7967,07 ABŞ dolları - əsas borc üzrə 3903,03 ABŞ dolları, faiz borcu üzrə 3228,94 ABŞ dolları, faiz borcu (illik 5%-lə hesablanmaqla) 835,1 ABŞ dolları. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin zaminə dair iddianın təmin edilməsi barədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə iddia tələbini zaminə münasibətdə təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki işdə olan 29 dekabr 2014-cü il tarixli, 4-M-1-0-1504-14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" ASC hazırki "xxxx" ASC tərəfindən 21 faizlə 24 ay müddətinə 9500 ABŞ dolları məbləğində kredit verilmiş, həmin tarixli zinlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarından görünür ki, Cavabdeh1 ilə bank arasında 17 aprel 2015-ci il tarixli əlavə saziş bağlanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmış, 03 noyabr 2015-ci il tarixli əlavə sazişə əsasən isə həmin kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Hazırki işdən də görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə, müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da iddiaçı zaminə qarşı xx.xx.2015-ci ilədək, hətta müqaviləyə əlavə sazişlərə əsasən xx.xx.2018-ci il götürülərsə xx.xx.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zaminə qarşı gəldiyi nəticədə haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər iddia tələbinin zamin kimi ona münasibətdə təmin edilməməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və Cavabdeh2 qarşı iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan, qətnamə iddia tələbinin Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 Məhəımmədiyyə qızının apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023cü il tarixli, e-2(012)-306/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 Məhəımmədiyyə qızının apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(012)-306/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh2 Məhəımmədiyyə qızına qarşı təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi Cavabdeh2 Məhəımmədiyyə qızına qarşı hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-981/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-981/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver