Məhkəmə qərarları › İş №2(105)-982/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-982/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-982/2021 05.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanma Fondunun Cavabdeh qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2997/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanma Fondu və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2997/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsinə əsasən 29142,83 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitmə tarixinə 19.484,33 manat faiz borcu, 200 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2393,55 manat olmaqla, cəmi 51220,71 manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin boşaldılması, açıq hərracdan satılması, fərdi yaşayış evinin satışından əldə edilən vəsait hesabına Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh alınaraq məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim C.Səfiyeva). Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanma Fondu apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2997/2019 saylı qətnaməsinin qismən ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh da qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan “xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli 1641/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh onun xeyrinə 29150,43 manat əsas borc, 25.190,52 manat faiz borcu, 477,74 manat dəbbə borcu, cəmi kredit üzrə 54818,69 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC tərəfindən Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24% hesablanmaqla 30000 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsindəki 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə şərtləri pozaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə banka 29150,43 manat əsas borc, 25190,52 manat faiz borcu, 477,74 manat dəbbə borcu, cəmi kredit üzrə 54818,69 manat borcu yaranmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh onun xeyrinə 29150,43 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 19484,33 manat faiz borcu, 14897,98 manat müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2393,55 manat borc, cəmi 65926,29 manat məbləğində borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsindəki 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və ləğv prosesində olan “xxxx” ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi kredit müqaviləsi üzrə yaranmş cərimə borcunun azaldılması hissəsində qanunsuzdur. Bank tərəfindən cavabdehdən tələb edilən 14897,98 manat cərimə borcu kredit müqaviləsində nəzərdə tutulmuş müddəaya əsasən hesablanmışdır. Lakin məhkəmə cavabdehdən cəmi 200 manat məbləğində cərimə borcu tutmuşdur ki, bu da Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə ziddir, yəni əsas borca nisbətən mütənasib deyildir. Bundan başqa, ipoteka predmetinin hərracda satış qiymətini də məhkəmə düzgün müəyyən etməmişdir. Bu barədə olan ekspert rəyləri isə həqiqəti əks etdirmir, çünki bu əmlaka ekspert və ya mütəxəssis tərəfindən bilavasitə baxış keçirilməmiş, hesablamalar nəzəri müşahidələrə əsasən aparılmış, likvid dəyər düzgün müəyyənləşdirilməmişdir. Belə ki, qətnamədə qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti 60000 manat müəyyən edilməlidir, halbuki bu əmlakın likvid dəyəri olduqca aşağıdır. Əmlakın likvid dəyərini isə əlavə əmtəəşünaslıq ekspertizası vasitəsilə müəyyən etmək mümkündür. Göstərilənlərə əsasən qətnamə cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməli, Cavabdeh cərimə borcunun tutulması hissəsində iddianın tam təmin edilməsi, ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və dəyərin bu rəyə əsasən müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən məhkəmə iclaslarında onun iştirakı təmin edilməmiş, iş materiallarındakı sənədlərə münasibəti öyrənilməmiş, prosessual hüquqları pozulmuşdur. Bundan başqa, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat dəyərində müəyyən edilməsi hissəsində də qətnamə əsassızdır, çünki ipoteka predmetini təşkil edən evin real qiyməti qat-qat yuxarıdır. Məhkəmə mübahisəni araşdırarkən işin bütün faktiki hallarını araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Buna görə də qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 bankın apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Nümayəndə cavabdehin şikayətinə etiraz etdi və bildirdi ki, iddianın rədd edilməsinə heç bir hüquqi əsas yoxdur. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə Cavabdeh iş materiallarındakı ünvanına bildiriş göndərilsə də, məktub həmin ünvanın tam olmaması səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Bundan sonra, cavabdehin vəkili və nümayəndəsi E.T.Mustafayevə məhkəmə iclasının vaxtı və yeri barədə mobil telefon vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24% hesablanmaqla şəxsi istehlak məqsədilə 30.000 manat məbləğində kredit verilmişdir. Yenə işdə olan xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı ipoteka müqaviləsindən görünür ki, eyni tarixli və saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yenə də işdə olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evi xx xxxxxx 2014-cü il tarixdən Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin 36 ay müddətinə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi rəsmi reyestrdə qeydə alınmışdır. Yenə iş materiallarında olan bildirişlərdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiaçı bank tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş xx xxx 2017-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir İşdə olan xx xxx 2018-ci il tarixli ərizədən görünür ki, LPO “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” ASC-yə xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsi üzrə 29150,43 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 25190,52 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 477,74 manat borc, cəmi 54818,69 manat məbləğində borcu vardır. Mülki iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” ASC-yə xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsi üzrə 29150,43 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 19484,33 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1222,69 manat borc, cəmi 49857,55 manat məbləğində borcu vardır. Mülki işdəki xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” ASC-yə xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsi üzrə 29150,43 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 19484,33 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2393,55 manat borc, cəmi 65.926,29 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan xx xxx 2019-cu il tarixli, 1207 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh xx xxx 2018-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) “xxxx” ASC-yə olan borcu cəmi 50922,24 manat məbləğində müəyyən edilir, o cümlədən 29142,83 manat əsas, 21779,41 manat faiz borcu. Qeyd edilir ki, iş materiallarında xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Mülki işin materiallarında olan “LEX FORİ” hüquq və qiymətləndirmə şirkətinin xx xxxx 2019-cu il tarixli, 35 saylı rəyindən Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin hazırkı vaxta bazar dəyərinin 60000-65000 manat olduğu müəyyən edilir. Yenə iş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin dəyəri 35000 manat təşkil edir. Yenə də iş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin orta bazar dəyəri 58000 manat, likvid dəyəri 42000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının qətnamədən apelyasiya şikayətini şikayət həddində, yəni cərimə məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2997/2019 saylı qətnaməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak xərcləri məqsədilə illik 24 % olmaqla, 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı qismində borcluya məxsus yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh iddiaçıdan götürdüyü krediti vaxtında (qrafik üzrə, xx xxxxxx 2018-ci ilədək) qaytarmamış, bununla da bank qarşısında borc öhdəliyi yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qaydada qətnamə qəbul etmişdir. Tərəflər qətnamədən apelyasiya şikayəti vermişlər. İddiaçı qətnaməni cərimə məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirib həmin hissədə müvafiq qətnamə qəbul edilməsini, cavabdeh isə qətnamənin bütövlükdə ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, bankdan kredit götürsə də xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İşdən göründüyü kimi, Cavabdeh iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, habelə faiz borcu və cərimə borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 29150,43 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 19484,33 manat faiz borcu, 14897,98 manat müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2393,55 manat borc, cəmi 65926,29 manat məbləğində borcun tutulmasını xahiş etmiş, tələb faiz və gecikdirilmi müddət üçün faiz borcları hissəsində tam, əsas və cərimə borcu hissəsində isə qismən, yəni 29142,83 manat əsas borc və 200 manat cərimə borcu şəklində təmin olunmuşdur. Məhkəmə kollegiyası tərəflərin apelyasiya şikayətində kredit, ona hesablanmış faiz və cərimə məbləği barədəki dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş kredit borcunun məbləği ilə razılaşır, çünki borcun bu məbləğdə olmasını işdəki ekspert rəyi təsdiq edir. İddiaçının apelyasiya şikayətində mübahisələndirdiyi cərimə borcunun məbləğilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edildiyi kimi kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 14897,98 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən cərimə pulunun borclunun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 200 manata endirilməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Cavabdeh məxsus Abşeron rayonu Hökməli qəsəbəsindəki 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Tərəflər apelyasiya şikayətlərində ipoteka predmetinin ilkin satış qiymətini də mübahisələndirir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin orta bazar qiymətini 60000 manat müəyyən etmiş, lakin əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Hazırda tərəflər həmin məbləği mübahisələndirir, ipoteka predmetinin ilkin satış qiymətinin bundan fərqli olduğunu bildirilər. İşdə olan “xxxx” MMC-nin tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin orta bazar dəyəri 58000 manat, likvid dəyəri 42000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış sahəsi açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 42000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin hazırda qüvvədə olan mətninə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beəliklə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, bu qiymət məlum hesabatdakı daşınmaz əmlakın likvid dəyərinə əsasən müəyyən edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunmalı, əmlakın qiymətləndirilməsi üçün tələb edilən xərc isə cavabdehdən tutularaq “xxxx” MMC-nin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanma Fondunun apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)- 2997/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh məxsus Abşeron rayonu Hökməli qəsəbəsindəki 0,0222 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinin açıq hərracdakı ilkin satış qiyməti 42000 manat müəyyən edilsin. Qətnamə, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 1641/15 saylı kredit müqaviləsinə əsasən 29142,83 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitmə tarixinə yaranmış19.484,33 manat faiz borcu, 200 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 2393,55 manat, cəmi 51220,71 manat məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında 0,0222 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,1 kv.metr olan 3 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin boşaldılması, açıq hərracdan satılması, fərdi yaşayış evinin satışından əldə edilən vəsait hesabına Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh alınaraq məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün tələb edilən 300 manat xərc Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına (Paşa Bank ASC, cari hesab AZ53PAHA********************, VÖEN **********) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar