Məhkəmə qərarları › İş №2(105)-984/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-984/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-984/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(067)-605/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(067)-605/2024 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi təmin edilmişdir.

2. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək Xaçmaz rayon Məhkəməsinin e-2(067)-605/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsindən şikayət vermək üçün nəzərdə tutulmuş müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı "ByTelecom’’ MMC ilə onun arasında kommersiya əlaqələri olmuşdur. Bu işə aidiyyatı üzrə Xaçmaz rayon Məhkəməsi deyil, Sumqayıt Kommersiya Məhkəməsi baxmalı idi. Belə ki, "ByTelecom” MMC hüquqi şəxsdir. "ByTelecom” MMC ona borc verməmiş, onlar birlikdə iş görmüşlər. O, Xaçmaz rayonu, Nərimanov küçəsində icarəyə yer götürərək telefon və məişət avadanlıqları satırdı. Sonra iddiaçı birlikdə işləməyi təklif edərək onunla şərik oldu. Bu zaman onlar notarial müqavilə bağlayaraq borc kimi sənədləşdirmişlər. Əslində isə qarşı tərəf ona inanmadığı üçün bu müqavilə bağlanmışdır. Onlar birlikdə telefon və məişət avadanlıqlarının satışı mağazasını işlətməyə başlamışlar. Şərik olduqdan sonra o, yenidən mağazanı böyük miqdarda vəsait qoyaraq təmir etmişdir. Mağazanı qurduqdan sonra isə onlar onu əsassız böhtan ataraq şəriklikdən çıxmağa və polisə verib təzyiq etməyə başladılar. Cinayət işinin başlanması qərarı obyektiv həqiqəti əks etdirmir və təzyiq altında yazılmışdır. Bu iş şəriklik müqaviləsi çərçivəsində araşdırılmalı, onun obyektə çəkdiyi xərclər və onun tərəfindən qoyulmuş malların dəyəri nəzərə alınmalıdır. Beh olan təqdirdə onun onlara hər hansı bir borcu qalmamaqdadır. Mağaza qurulan zaman onun özünə məxsus kifayət qədər məişət avadanlıqları şərikli biznesinə qoyulmuşdur. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Xaçmaz rayon Məhkəməsi tərəfindən 2(067)-605/2024 saylı nömrə ilə, 13 may 2024-cü il tarixdə qəbul edilmiş qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

4. Poçt göndərişindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 13 may 2024cü il tarixli e-2(067)-605/2024 nömrəli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamır” qeydi ilə məktub geri qaytarılmışdır.

5. İş materiallarına əlavə edilmiş ərizənin surətindən görünür ki, cavabdehin nümayəndəsi və vəkili qətnaməni rəsmi qaydada xx.xx.2025-ci il tarixdə məhkəmədən şəxsən almışdır.

Birinci instansiya məhkəməsində icraat

6. Xaçmaz Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(067)-605/2024 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) ərizə təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(067)-605/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır.

7. İddiaçı MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-605/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2(067)-605/2024 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(067)- 605/2024 saylı qərardadından İddiaçı MMC-nin verdiyi şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

9. İddiaçı MMC-nin nümayəndəsi X4 şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(067)-605/2024 nömrəli qətnaməsi ilə iddiaçı "Bytelecom” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək Xaçmaz rayon Məhkəməsinin e-2(067)-605/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsindən şikayət vermək üçün nəzərdə tutulmuş müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024cü il tarixli e-2(067]-605/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar e-2(067)-605/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir. Hesab edirlər ki, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-605/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Cavabdeh 13 may 2024-cü il tarixli Xaçmaz Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. Cavabdeh Xaçmaz rayon məhkəməsinin 13 may 2024- cü il tarixli, 2(067)-605/2024 saylı qətnaməsini rəsmi qaydada almadığını, apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddəti ötürmədiyini, formal qeydiyyatının Xaçmaz şəhəri olduğunu bildirmişdir. Lakin Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdarlıq edilmiş, lakin o, iştirak etməmiş, həmçinin faktiki ünvan barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Artıq uzun müddət keçməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh e-2[067)-605/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin əldə olunması üçün hal-hazıradək heç bir təşəbbüs göstərməmiş, göründüyü kimi yalnız icra məmurunun axtarışından sonra qətnaməni əldə etmək üçün müraciət etmişdir. Buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onlann dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəbiər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası iş materiallarını tam araşdırmamış, nəticədə şikayət verilmə müddətinin ötürülməsi səbəblərini üzrlü hesab etmişdir. Göründüyü kimi, şəxs öz iradəsindən asılı olan səbəblərə görə qətnamədən xəbərsiz olmuşdur. Qeyd olunanlara görə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsi yanlış qənaətə gəlmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(067)-605/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(067)- 605/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(067)-605/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli e-2(067)-605/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır.

16. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, Cavabdeh qətnaməni rəsmi qaydada almadığından qətnamədən şikayət vermək müddətini ötürməmiş sayılır, bu səbəbdən də, onun ərizəsi təmin edilərək, qətnamədən apellyasiya şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilməli və iş apellyasiya şikayəti ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

17. İddiaçı MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-605/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.

19. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:

20. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

21. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddət daxilində məhkəmə aktından şikayət verilməsi tərəfin hüququdur. Bu müddət prosessual müddətin bütün dövrünü əhatə etməklə, həmin müddətin son günü apellyasiya şikayəti ilə şəxsin müraciət etməsi hərəkətsizlik nümayiş etdirməsi və s. hal kimi qiymətləndirilə bilməz. Prosessual müddət daxilində apelyasiya şikayəti verilməsi qanunla tanınan hüquqdur və bu hüququn hər hansı bir əsaslar məhdudlaşdırılması yolverilməzdir, məhkəmə müdafiəsi hüququnun pozulmasıdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Odur ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(067)-605/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(067)-605/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar