Məhkəmə qərarları › İş №2(105)-985/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-985/2023

03.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-985/2023 03.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və torpağın qaytarılması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(027)-203/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar bələdiyyəsinin sədri Cavabdeh tərəfindən 7 il ərzində ona dəymiş ziyanın hesablanması və torpağı ilə bir yerdə ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ulu babaları Nəcəfalı, Nəcəfalının oğlu Nəsir, Nəsirin oğlu Heybət onun ailə üzvləri, oğlanları Nəsirov Qasım, Nəsirov Həşim, Nəsirov Nəcəf və Nəsirov Bircəbala, qızı Nəsirova Güləşər, Heybətin həyat yoldaşı X1 ilk sakinlərindən olmuş, həyətyanı torpaq kimi istifadə etdikləri 0,15 ha azacıq torpaq sahəsi nəsildən-nəsilə ötürülərək gəlib ona çatmışdır. 1931-ci ildə kollektivləşmə dövrü həmin torpaq sahəsi toxunulmaz olaraq onun ailəsinə qalmışdır. O vaxtdan 85 il (2015-ci il) keçmişdir. Ailəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün bu torpaqdan səmərəli istifadə etmiş, bu torpaqda qarğıdalı, lobya və sairə bostan bitkiləri yetişdirərək dolanmışlar. Ailə üzvlərindən X6, Nəsirov Nəcəf və Nəsirov Bircəbala oğlu müharibədə döyüşlərdə həlak olmuşlar. 1962-ci ildə kolxoz sədri və kolxozun məsul işçiləri tərəfindən kənddə onların mülkiyyətində olan torpaq sahəsində mağaza tikilmiş, lakin 2015-ci ilə kimi mağaza sahibsiz qalmışdır. Onlar da öz mülkiyyətindən mağazanın arxasında qalan torpaq sahəsindən istifadə etmişlər və hər ildə olduğu kimi vergi ödəmişlər. 2015-ci il tarixdə Amsar bələdiyyəsinin sədri Cavabdeh onlara gələrək mağazanı özəlləşdirdiyini, mağazanın arxasında qalan 0,05 ha torpaq sahəsinin yardımçı təsərrüfat kimi ona (Cavabdeh) verilməsini bildirmiş və orada əkib-becərmə işləri aparmamasını demişdir. O, bununla bağlı Cavabdeh irad bildirmiş və 85 ildir ki, ailəsi tərəfindən həmin torpaq sahəsindən istifadə edildiyini və onlara məxsus olmasını qeyd etmişdir. Cavabdeh isə dinləməmiş və həmin gündən ərazidə, çəpərin diblərində əkdiyi 20-25 ədəd bar verən gavalı ağacını, 1 ədəd bar verən qoz ağacını və 3 ədəd gilas ağacını kəsərək ərazini mişar daşı ilə hasara almışdır. O, bələdiyyə sədri Cavabdeh özbaşınalığı haqqında RPŞnə məlumat vermiş, bir müddətdən sonra RPŞ-dən xx.xx.2015-ci il tarixdə ona Cavabdeh barəsində müvafiq tədbirlərin görülməsi haqqında müvafiq cavab verilmişdir. Həmin torpaq sahəsi onun və ailəsinin mülküdür, onlar 85 ildir ki, həmin torpaq sahəsindən istifadə edirlər. Uzun illər ərzində heç bir kənd idarə rəhbəri tərəfindən onun torpaq sahəsindən qeyri-qanuni istifadə etməsi barədə irad bildirilməmişdir. Cavabdeh saxta sənəd əldə edərək onun ata-babalarından miras qalmış 0,05 ha torpaq sahəsini xüsusi mülkiyyətinə keçirmişdir. Cavabdeh özbaşınalıq edərək ailəsinin 85 ildən artıq istifadə etdiyi 0,05 torpaq sahəsindən 20-25 ədəd bar verən qara gavalı, 3 ədəd gilas və 1 ədəd bar verən qoz ağaclarını kəsmiş və mülkü mişar daşı ilə hasara almış, özbaşınalıq edərək orada kaferestoran tikmişdir. 7 ildir ki, onlara öz mülkündən istifadə etməyə qoymur. Quba Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(027)-203/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(027)-203/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəllər ailəsinə məxsus olan torpaq sahəsini Azərbaycanda torpaq islahatı keçirilməmişdən qabaq istifadə etmiş və 2015-ci ilə qədər mübahisə predmeti olan torpaq sahəsinə heç bir etiraz olmadan sahiblik etmişdir. Həmin torpaq sahəsi 1931-ci ildən onun ailəsinin istifadəsində və sahibliyində olmuşdur. Artıq yüz ilə yaxın müddətdir ki, onlar heç bir mübahisə olmadan həmin torpaq sahəsinə sahiblik edirlər. Ancaq 2015-ci ildə cavabdeh həmin torpaq sahəsinin ətrafına çəpər çəkərək heç bir hüquqi sənədi olmadan onun həmin torpaq sahəsindən istifadə etməsini məhdudlaşdırmışdır. Bununla bağlı uzun müddət fərqli qurumlara müraciət etsə də araşdırmalar nəticə verməmiş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun həmin torpaq sahəsindən istifadə etməyi kənddə yaşayan hər kəs tərəfindən bilinir. Amsar bələdiyyəsi özü də onun həmin torpaq sahəsinə sahiblik etdiyini bilir. O buna görə uzun illərdir ki, vergi ödənişi edir. Ancaq məhkəmə işə baxarkən onun ödədəyi ödənişlərlə bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə cavabdehin bildirdiyi “iddiaçı 0.15 ha torpaq sahəsi üçün torpaq vergisi ödəmişdir, ancaq həmin torpaq sahəsi bəlli deyildir” izahatını əsas qəbul edərək heç bir əlavə sənəd tələb etmədən qətnamə qəbul etmişdir. Mövcud qanunvericiliyə əsasən bələdiyyədə torpaq vergi ödəyicisi kimi uçota düşmək üçün vergi obyekti olan torpaq sahəsinin sənədləri təqdim edilməlidir. Bələdiyyə özü onun uzun illər 0.15 ha torpaq sahəsi üçün torpaq vergisi ödənişi etidiyini qəbul edir. Ancaq onun ödəniş qəbzlərinin hansı torpaq sahəsinə aid olmasını bilmədiklərini iddia edirlər. Bu özlüyündə absurd yanaşmadır. Bu məlumatı bələdiyyə bilməyəcəksə onda kim biləcək?! Məhkəmə bu ziddiyyətli məqamı bilsə də bununla bağlı heç bir araşdırma aparmamış, əlavə sənədlər tələb etməmişdir. Bundan əlavə məhkəmə qətnamə qəbul edərkən cavabdehə məxsus 147,9 kv.m. sahəsi olan ticarət təyinatlı qeyri-yaşayış obyektinə dair çıxarışının olmasını əsas gətirmişdir. Onun iddiası isə həmin qeyri-yaşayış obyektinə dair deyil, həmin obeyktin ətrafında olan torpaq sahəsinə aiddir. Ancaq məhkəmə qeyd edilən çıxarışa istinad edərək sanki, torpaq sahəsinin də cavabdehə aid olması təəssüratı yaratmışdır. Məhkəmə cavabdehdə mübahisə predmeti olan torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədin olmamasını bilsə də, bu hissədə də onun iddiasına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə həmin torpaq sahəsinin cavabdehə aid olmamasını müəyyən etsə də, qətnamədə cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə qanunsuz sahiblik etməsinə münasibət bildirməmişdir. Məhkəmə qətnaməsində müstəqil tələb irəli sürməsə də, oğlu X4 torpaq sahəsini zəbt etməsinə münasibət bildirmiş, ancaq cavabdehin qüvvədən düşmüş AR İXM 194.2-ci maddəsi ilə inzibati tənbeh edilməsini nəzərə almamış və əlavə araşdırma aparmamışdır. Bu araşdırma aparılsa idi, cavabdehin özünün mübahisə predmeti olan torpaq sahəsini zəbt etməsi ortaya çıxardı. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, vətəndaşın iddia etdiyi 0,05 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə deyil, dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir. Həmin torpaq sahəsinin təxminən 0,015 sotunun üzərində yerləşən və 1960-cı ildə inşa edilmiş ərzaq mağazasını 2015-ci ildə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında mağazanın əvvəlki sahibi X2 və eyni zamanda Azərittifaqın İdarə heyətinin qərarı ilə satın almışdır. Həmin ərzaq mağazasını aldığı vaxt İddiaçı həmin ərazini nahaq yerə aldığını bidirirək İİ Düya Müharibəsindən öncə əmilərinin öküz və at bağladığı yer olduğu üçün ona satılmalı olduğunu qeyd etmişdir. Bu zaman onun barəsində Respublikanın müxtəlif icra hakimiyyəti orqanlarına, o cümlədən Ədliyyə Nazirliyinə qərəzli şikayət ərizələri yazmışdır. Hətta onun ərizələri əsasında 2015ci ildə Xaçmaz regional ədliyyə şöbəsində araşdırma aparılmış və araraşdırma uçun yerində mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, lakin İddiaçı müraciətində yazdığı xüsusatlar öz təsdiqini tapmamışdır. Bu müddət ərzində İddiaçı mütəmadi olaraq eyni məzmunlu şikayətlər etmişdir. İddiaçı 2020-ci ilin fevral-mart ayında nəvəsinin adına torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə şifahi müraciət etmişdir. Həmin dövrdə nəvəsi hərbi mükəlləfiyyətli olmadığından İddiaçı tərəfindən yalnız nəvəsi hərbi xidmət etdikdən sonra adına torpaq sahəsinin ayrıla biləcəyi bildirilmişdir. Həmin il İddiaçı ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.30 ha və içərisində 120 kv.metrlik yarımtikilini Bakı şəhər sakininə satmışdır. Deməli belə bir nəticəyə gəlmək olar ki, əgər bu adama və ya onun nəvəsinin torpaq sahəsinə ehtiyacı yaranmışdırsa, nəyə görə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini özgəninkiləşdirirdi. Bundan sonra bu yaxınlarda təxminən 2022-ci ilin iyun-iyul ayında İddiaçı yenə də bələdiyəyə gələrək qeyd etdiyi 0.05 ha torpaq sahəsini ona verməyini,verməyəcəyi təqdirdə barəsində yenə də şikayət edəcəyini israrla bildirmişdir. Az sonra məlum oldu kı, Amsar kənd orta məktəbinə müəllim kimi işləmək üçün təyinat altmış müəllimə fərdi yaşayış üçün Amsar kəndində məktəbə yaxın həyətyanı torpaq sahəsi axtarırmış, İddiaçı sözügedən 0.05 ha torpaq sahəsini məhz həmin müəlliməyə satmaq məqsədi ilə ona qeyd olunan torpaq sahəsinin onun adına sənədləşdirilməsini tələb etmişdir. Onun tərəfindən ona həmin ərazinin dövlət mülkiyyətinə aid olduğu və həyətyanı məqsədi ilə satılmasının mümkün olmadığı bildirildikdən sonra İddiaçı öz faktiki yaşadığı həyətyanı torpaq sahəsinindən 0.04 ha torpaq sahəsinin həmin müəlliməyə satmışdır. Burdan da yenə belə bir nəticəyə gəlmək olar ki, İddiaçı hər hansı torpaq sahəsinə ehtiyacı yoxdur, yəni o torpaq sahəsini maklerlik etmək məqsədi ilə öz adına sənədləşdirmək istəyir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs kimi cəlb edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində və texniki pasporta əsasən cavabdehə aid mağazanın istifadəsində olduğu üçün apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,01716 ha torpaq sahəsində olan 147,9 kv.m. ticarət təyinatlı qeyriyaşayış sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmçinin Quba rayon İstehsal-İstehlak Kooperativinin sədri Z.Bayramov tərəfindən təsdiq edilmiş həmin mağazanın ümumi torpaq sahəsinin 0,0515 ha olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində Quba rayonu Amsar bələdiyyəsinin sədri Cavabdeh zəbt olunmuş torpağın qaytarılması tələb olunsa da, məhkəmə araşdırması zamanı İddiaçı həmin əmlakın mülkiyyətçisi olmaması müəyyən edilməmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddiasını təmin etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək şikayətində 2015-ci ilə qədər mübahisə predmeti olan torpaq sahəsinə heç bir etiraz olmadan sahiblik etdiyini, həmin torpaq sahəsinin onun ailəsinin istifadəsində və sahibliyində olduğunu göstərmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, iddiaçının iddia etdiyi Quba rayonu, Amsar kəndində yerləşən 0,05 ha torpaq sahəsinin onun istifadəsinə icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, eləcə də onlar arasında bağlanmış müqavilə əsasında verildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Bundan əlavə iddiaçı apellyasiya şikayətində həmin torpaq sahəsinə görə uzun illərdir ki, vergi ödənişi etdiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsinə torpaq sahəsinə görə vergi ödədiyinə dair qəbzlər əlavə etsə də, həmin qəbzlərin məhz iddia etdiyi Quba rayonu, Amsar kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair ödənişlər olmasını mötəbər dəlillərlə sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı həmçinin müəyyən edildi ki, İddiaçı iddia etdiyi Quba rayonu, Amsar kəndində yerləşən 0,05 ha torpaq sahəsinin təxminən 0,01716 ha sotunun üzərində yerləşən və 1960-cı ildə inşa edilmiş 147,9 kv.m. sahəsi olan ticarət təyinatlı qeyri-yaşayış sahəsi notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış və hazırda çıxarışa əsasən onun mülkiyyətindədir, iddiaçının ona verilməsini tələb etdiyi, eləcə də həmin qeyri-yaşayış sahəsinin yerləşdyi 0.0515 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, iddiaçı Quba rayonu, Amsar kəndində yerləşən 0,05 ha torpaq sahəsinin ona qaytarılmasını xahiş etsə də, həmin torpaq sahəsinin onun mülkiyyətində olması, həmin torpaq sahəsinə dair onun hər hansı hüququnun olması iş materialları ilə təsdiq olunmur. Əksinə məhkəmə kollegiyasının araşdırması əsasında müəyyən edilmişdir ki, Quba rayonu, Amsar kəndində yerİəşən qeyri-yaşayış binasına dair xx.xx.2014-cü il tarixli, **********77-06301 reyestr nomrəli texniki pasporta əsasən Cavabdeh istifadəsində olan 0.0515 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(027)-203/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar