Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-988/2023 14.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(074)- 93/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, DK0461015/13 nömrəli kredit müqaviləsinə əsasən, 3481,49 manat əsas borc, 71,18 manat faiz borcu olmaqla, cəmi 3552,67 manat məbləğində borcun və 56 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, DK0461015/13 saylı müqaviləyə əsasən, bank ona xx.xx.2014-cü il tarixdə sms vasitəsilə (LS0268710/14) 25 faiz olmaqla, 36 ay müddətinə 6556 manat məbləğlərində kredit vermişdir (dostlar klubu kartına köçürmə yolu ilə). X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hazırda kredit müqaviləsi üzrə ümumi 3481,49 manat borc vardır. Cavabdeh X1 qanuni vərəsəsidir. X4 tərəfindən vərəsəyə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X3 verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 59,4 kv.m olan fərdi yaşayış evindən və 0,12 ha torpaq sahəsindən ibarətdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hər tərəfli tam və obyektiv araşdırmamışvə düzgün nəticə əldə etməmişdir. borclu X1 qanun üzrə 1- ci dərəcəli vərəsələri onun Bank of Baku ASC-yə kredit borcu olması barədə məlumatlı olmuşlar. Təşkilatı hüquqi formasından asılı olmayaraq heç bir hüquqi şəxs fiziki şəxsin fərdi məlumatlarını onun razılığı olmadan əldə edə bilməz. X7 ölüm haqqında şəhadətnaməsi məhz onun vərəsələri tərəfindən təqdim olunmuşdur (bank həmin sənədi başqa cür əldə edə bilməzdi). Həmçinin, xx.xx.2016-cı ildə vərəsəlik işinin açılması və miras əmlakın Cavabdeh verilməsinə dair Banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumatı isə xx.xx.2022-ci il tarixində məlumatlı olmuşdur. Şamaxı Rayon Məhkəməsi isə vərəsəlik barədə məlumatı əldə etmək öhdəliyini əfsuslar olsun ki, onun üzərinə qoyaraq iddia tələbinə qərəzli mövqe bildirmişdir. Halbuki, mülki normadan da görmək olur ki, bu öhdəlik onun deyil mirası qəbul edən şəxsin öhdəliyidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən göründüyü kimi 11 mart 2013-cü il tarixdə tərəflər arasında 36 ay müddətinə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin icra müddəti 11 mart 2016-cı il tarixdə bitdiyindən və həmin andan iddia müddətinin axımı başlamış, lakin iddiaçı həmin müqavilə üzrə borcu 04 noyabr 2022-ci il tarixdə tələb etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-988/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-988/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver