Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-989/2024 10.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə vəzifəsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(060)-584/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pul borcunun, ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə tanışı X2 vasitəsilə 2022-ci ildə tanış olmuşdur. Ona bir neçə dəfə satmaq üçün qızıl əşyaları vermişdir. O da həmin əşyaları sataraq vaxtlı vaxtında onun pulunu qaytarmışdır. Sonuncu dəfə 2023-cü ilin aprel ayında Ünzüləyə satmaq üçün 5000 (beş min) manat dəyərində qızıl vermişdir. Lakin, dəfələrlə deməyinə baxmayaraq Ünzülə onun pulunu qaytarmaq istəmir. O, bununla əlaqədar polisə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçısı araşdırmanın nəticəsi olaraq xx.xx.2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarla göstərilən faktda cinayət tərkibinin olmaması göstərilərək mülki qaydada məhkəməyə müraciət etmə hüququ ona izah edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Ünzülə bir neçə dəfə qızılları Kərəm adlı şəxsə verdiyini bildirmişdir. Belə ki, Kərəmin adına olan kartdan onun kartına ödəniş olmuşdur. Ünzülənin ona pul borcunun olduğunu tanışları Aysel xanım da təsdiq edə bilər. Həmçinin aralarında bir neçə dəfə ”votsap” yazışmaları da olmuşdur. Həmin yazışmalardan bir neçəsi çıxarılaraq işə əlavə edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmaq istəmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh yaşayış ünvanını qəsdən dəyişir, onun telefonlarına cavab vermir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
4. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(060)-584/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 1091 və 1092-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 77.3, 78.2, 217.4, 119.1, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
6. İddiaçı Zakı̇ r qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(060)-584/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi, Cavabdeh 5000 manat pul borcunun, ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, konkret halda burada əsassız varlanan və götürdüyü öhdəliyi yerinə yetirməyən şəxs cavabdehdir, bu hallar məhkəməyə təqdim etdiyi votsap yazışmaları və disklə də təsdiq olunur. Bundan başqa həmin qızıl-zinət əşyalarını cavabdehə verdiyini təsdiqləyən şahidləri də vardır ki, məhkəmə həmin şahidləri dindirməmiş və obyektiv araşdırmanı təmin etməmişdir. Məhkəmənin istinad etdiyi maddi normalar iddia tələbinin təmin edilməsinə əsas verdiyi halda məhkəmə iddia tələbini rədd etmiş, iş üzrə obyektiv araşdırma aparmamış, təqdim etdiyi sübutları qarşı tərəfin xeyrinə təfsir etməklə qanunsuz qətnamə çıxarmış, votsap yazışmaları və disk təhqiq edilməmişdir. Məhkəmə dəvət etdiyi şahidlərin dindirilməsinə zərurətin olmadığını bildirməklə onları dindirməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
9. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
10. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
11. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
15. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pul borcunun ona ödənilməsini xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.
18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni cavabdehin ondan həqiqətən 5000 manat dəyərində qızıl-zinət əşyalarını qəbul etməsi, lakin dəyərini ödəməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş votsap danışıqları və səs yazısının məzmunundan isə iddiaçı tərəfindən cavabdehə hansı miqdarda qızıl-zinət əşyaları verildiyi, həmin əşyalardan hansı hissəsinin dəyərinin ödənilmədiyi, ümumiyyətlə həmin danışıqların iddiaçı ilə cavabdeh arasında olub-olmadığını müəyyən etmək mümkün deyil. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsaslı şübhədənkənar mötəbər sübutlarla təsdiqini tapmır. Bu səbəbdən iddia təmin edilməməlidir.
19. Qətnamə ilə razılaşmayan İddiaçı Zakı̇ r qızı apellyasiya şikayəti vermişdir.
20. Şikayətin dəlillərindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsini mübahisələndirmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
22. Məhkəmə kollegiyası hesab edir gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.
23. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
26. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Avropa Məhkəməsinin Qərarlarında irəli sürülümş mövqeyə əsasən sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipindən çıxış edərək kollegiya hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən iddia olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni sözügedən qızıl-zinət əşyalarının cavabdehə verilməsi, həmin əşyaların dəyərinin iddia olunan məbləğdə olması və həmin məbləğin cavabdeh tərəfindən ödənilməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının istinad etdiyi sübutlar isə natamam olmaqla iddianın təmin edilməsinə əsas verən mötəbər sübut növü olaraq qiymətləndirilə bilməz.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
30. Qeyd olunmalıdır ki, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
31. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassıdır, iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilməmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(060)-584/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.