Məhkəmə qərarları › İş №2(105)-990/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-990/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-990/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e-2(012)-454/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.238,38 manat məbləğində əsas borc və 1.193,12 manat faiz borcu olmaqla, cəmi 6.431,50 manat borcun və 84,72 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 23% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh1 arasında 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 30 avqust 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5.238,38 manat məbləğində əsas borcu və 1.193,12 manat faiz borcu olmaqla, ümumilikdə 6.431,50 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit borcu yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e-2(012)-454/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsi üzrə 5.238,38 (beş min iki yüz otuz səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində əsas borcu və 1,193,12 (min yüz doxsan üç manat, on iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.431,50 (altı min dörd yüz otuz bir manat, əlli qəpik) manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,72 (səksən dörd manat, yetmiş iki qəpik) manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e-2(012)-454/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməlidir. Bu qayda tərəflər arasında bağlanan 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsinin 6.2-ci bəndində nəzərdə tutulmuşdur. Bu bəndə əsasən bank borcalana kredit öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı əsas borcun, faizlərin və digər xərclərin banka ödənilməsinə dair xəbərdarlıq göndərir, borcalan isə həmin xəbərdarlıqda göstərilən müddətdə və qaydada tələb olunan məbləği ödəməlidir. Qeyd olunan qaydaya riayət olunmasının əsası kimi iddiaçı iddia ərizəsində göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixli, 105/105/0875/2021 nömrəli xəbərdarlıq məktubundan və yol qaimələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun 5 (beş) gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunmuşdur. Bildirir ki, qeyd olunan xəbərdarlıq məktubu ona təqdim edilməmiş, poçt qəbzi ona məlum olmayan şəxs tərəfindən imzalanmışdır. Ona məxsus imza nümunəsi kredit müqaviləsində əks olunmuşdur. Poçt qəbzində əks olunan imza ilə kredit müqaviləsində olan imzalar eynilik təşkil etmir. Həmçinin bildirir ki, 10 noyabr 2021-ci il tarixli, 105/105/0875/2021 nömrəli xəbərdarlıq məktubunda iddiaçı ondan ümumilikdə 8894.35 manat borc tələb etmişdir, lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından və iddia tələbindən də məlum olduğu üzrə onun tərəfindən ödənilməli ümumi məbləğ faiz borcu ilə birlikdə 6431.50 manat olmuşdur. xx.xx.2022-ci il tarixdən sonra iddiaçı tərəfindən 6431.50 manat borcun ödənilməsinə dair pretenziya qaydasına riayət edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə şəxsi istehlak məqsədi ilə 15.000 manat məbləğində kredit vermiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 yanvar 2020-ci il tarixli, 105804-77998/2 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri hər ayın 22-i tarixdən gec olmayaraq 22 yanvar 2023-cü il tarixədək banka hissə-hissə ödəməklə qaytarmalıdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 bankdan 15.000 manat məbləğində pul götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli krediti müqaviləsi üzrə İddiaçı ASC-yə 30 avqust 2022-ci il tarixinə 5238,38 manat əsas və 1.193,12 manat faiz borcu olmaqla, cəmi 6.431,50 manat məbləğində borcu vardır. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli, 105/105/0875/2021 nömrəli xəbərdarlıq məktubundan və yol qaimələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun 5 (beş) gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 5238,38 manat əsas, 1.193,12 manat faiz borcu olmaqla, cəmi 6.431,50 manat borcu yaranmış, həmçinin zamin Cavabdeh1 da bank qarşısında borclu ilə birgə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, borcalan (cavabdeh) Cavabdeh2 İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh1 da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlərdən borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətini «iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində onların banka olan borcunun 5 (beş) gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunduqları qeyd olunsa da, qeyd olunan xəbərdarlıq məktubunun ona təqdim edilməməsi, poçt qəbzinin ona məlum olmayan şəxs tərəfindən imzalanması» ilə əsaslandırsa da istinad etdiyi bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəmə kollegiyasına təqdim edə bilməmiş, həmin imzanın ona məxsus olmaması ilə bağlı ekspertizanın keçirilməsi üçün məhkəmə iclasında vəsatət verməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etmir. Əksinə, məhkəmə kollegiyasının araşdırması nəticəsində 10 noyabr 2021-ci il tarixli, 105/105/0875/2021 nömrəli xəbərdarlıq məktubundan və yol qaimələrindən göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 banka olan borcunun 5 (beş) gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunması müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, e-2(012)-454/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar