Məhkəmə qərarları › İş №2(105)-998/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-998/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-998/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1984/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat məbləğində alimentin tutulması, himayəsində olan 07 fevral 2015-ci il tarixli X1 və 27 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-772/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan alimentin 160 manatdan artırılaraq 220 manat olmaqla, cəmi aliment məbləğinin 660 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1984/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır (hakim Məlahət Abbasova). Qərardaddan İddiaçı şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1984/2023 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətində qeyd etmişdir ki, qüvvədə olan prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi birləşdirməyə haqlıdır. Buna baxmayaraq Məhkəmə MPM-nin 152.1.7-ci maddəsini əsas gətirərək iddia ərizəsini geri qaytarmışdır. Lakin Məhkəmə “bir-biri ilə əlaqədar olmayan bir neçə tələb” dedikdə nəyi nəzərdə tutduğunu, hansı əsasla bu qənaətə gəldiyini qeyd etməmiş, iddia ərizəsində nəzərdə tutulan tələblərə diqqət yetirmədən bir-biri ilə əlaqədar olmayan tələb birləşdirilməsi səbəbindən iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Buna görə də qərardad ləğv edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(012)-1984/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 1984/2023 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona əsaslanmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilmişdir. Belə ki, əvvəlki qətnamə ilə atasının himayəsinə verilmiş xx.xx.2007-ci il təvəllüdlü X2 iddiaçının yanında qalmasının müəyyən edilməsi, onun saxlanılması üçün alimentin tutulması və birgə nikahdan doğulmuş uşaqların saxlanılmaları üçün alimentin miqdarının artırılması tələbləri bir-biri ilə bağlı olmayan iki tələbdir. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 152.1.7-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qərardadla razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Birinci instansiya məhkəməsinin istinad etdiyi Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 152.1.7-ci maddəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması göstərilmişdir. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddia tələbi 2 hissədən ibarət olmaqla İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş uşaqlarından birinin ananın himayəsinə verilməsi, onun saxlanması üçün alimentin tutulması və iddiaçının himayəsində olan digər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-772/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan alimentin artırılaraq 220 manat müəyyən edilməsi barədədir. Göründüyü kimi xx.xx.2007-ci il təvəllüdlü X2 iddiaçının yanında qalmasının müəyyən edilməsi, onun saxlanılması üçün alimentin tutulması tələbi ilə birgə nikahdan doğulmuş digər uşaqların saxlanılmaları üçün alimentin miqdarının artırılması tələbinin bir-biri ilə əlaqədar olmayan hesab edilməsi ilə bağlı məhkəmənin mövqeyi düzgün deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsi mülki prosessual qanunvericilikdə tələblərə ayrıca baxılmasının məqsədə müvafiq hesab edildiyi halda tələblərdən birini ayrıca icraata ayırmaq imkanının nəzərdə tutulduğuna əhəmiyyət verməmiş, göstərilən məsələni araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1984/2023 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(012)-1984/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi, alimentin tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar