Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-998/2024 20.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(029)-477/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən tikintisi başa çatmamış, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması, Cavabdeh üzərinə onunla bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 Reyestr nömrəli İlkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri ,Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində ona satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(029)-477/2024 nömrəli qərardadı ilə (hakim Anar Qasımov) İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə əsasən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələblərindən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması təşkil edir ki, həmin tələbə baxılması ümumi məhkəmələrinə səlahiyyətinə aid olmamaqla, şəxs əvvəlcə daşınmaz əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınması barədə müvafiq qeydiyyat orqanına müraciət etməli, müsbət cavab alınmadıqda isə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Buna görə də biricni instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən bir iddiada bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilmişdir. Qusar Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(029)-477/2024 nömrəli qərardadından narazı qalan İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və həmin iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiq edilməsində səhvə yol verir və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hallarını qarışdırır. Əldə olunmayan, yaxud da tanınmayan mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması sadəcə mümkün deyildir. Hazırkı halda da qeyd olunan daşınmaz əmlak üzərində əvvəlcə mülkiyyət hüququ əldə edilməlidir ki, sonra da onu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilsin. İnzibati məhkəmə icraatı qaydasında baxılan iddialar da Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (İPM) 2.2-ci maddəsində sadalanır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar həmin iddialara aid deyildir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(029)469/2024 №-li qərardadı (hakim Əli Cəlilov) ilə, başqa bir iddiaçı X2 eynilə həmin Cavabdeh qarşı ‘Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən tikintisi başa çatmamış, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüququnun tanınması və Cavabdeh üzərinə, iddiaçı X4 ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-342 Reyestr №-li ilkin alqısatqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində iddiaçı X1, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulması" tələbinə dair demək olar ki, eyni məzmunlu iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:30-a təyin edilmişdir. Eləcə də həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 16(029)-10/2024 №-li qərardadı (hakim Əli Cəlilov) ilə iş üzrə iddiaçının müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəsi də təmin olunmuşdur. Eyni bir məhkəmədə ayrı-ayrı hakimlər tərəfindən eyni məzmunlu iddialarından biri üzrə məhkəmə icraatının mümkün hesab edilməsi, digəri üzrə isə iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması anlaşılmazdır. Qusar Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(029)-477/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(029)-477/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 16 aprel 2024-cü il tarixli 2(029)-477/2024 qərardadı ləğv edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsində nəzərədə tutulan bir-biri ilə əlaqədar olmayan bir neçə tələb anlayışı mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələbləri nəzərdə tutmaqdadır. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun tanınması tələbini mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan, digər tələbi isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab etdiyi halda mülkiyyət hüququnun tanınması tələbi üzrə iddia ərizəsini Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə əsası ilə geri qaytarmalı, digər tələbi isə icraata qəbul etməli idi ki, bununla da birinci instansiya məhkəməsi iddia ərizəsini Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinin tələbi baxımından geri qaytarmaqla prosessual qanunvericiliyin tələbini pozmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətləri çərçivəsində əmələ gəlmiş əmlaka bir neçə şəxs paylı və ya tam mülkiyyət hüququnun olmasını iddia etməsi mümkün olmaqla, həmin iştirakçılar arasında birgə mülkiyyətin mövcud olub-olmamasını və həmin əmlaka tam və ya paylı mülkiyyət hüququnun tanınması tələbinə mülki məhkəmə icraatı çərçivəsində baxılır. Məsələn, ümumi mülkiyyətdə və ya ayrıca mülkiyyətdə olan torpaq sahəsi üzərində tikilinin tərəflərin müvafiq razılaşmasına uyğun olaraq bir və ya bir neçə şəxs tərəfindən inşa edilməsi mümkün olan hal olmaqla, əmlakın birlikdə və ya fərdi qaydada inşası və onun üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair mübahisənin olması halında inzbati orqanın mübahisəli əmlak üzərində ümumi paylı və ya tam mülkiyyət hüququnu qeydə alması dolayısı ilə həmin əmlaka dair hüquqlarının olmasını iddia edən şəxslər arasında mülki mübahisəni həll etməsi anlamına gəlir. Hərçənd ki, həmin mübahisə iddiaçılar arasında Mülki Məcəllənin 157.1-ci və 213.5-ci maddələrinin tələbi baxımından mülki məhkəmə icraatı qaydasında həll edilməli olan məsələ hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmçinin, Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mülkiyyət hüququnun tanınması tələbinə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati orqana qarşı baxılmalı olan tələb olması ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Birinci instansiya məhkəməsi inzibati hüquq münasibətlərinin predmeti olan mübahisənin fiziki şəxsə qarşı qaldırıldığını iddia etdiyi təqdirdə isə tərəflərin hansı hüquq münasibətində olmasını, verilmiş iddia tələbinin inzibati hüquq münasibətlərinin predmeti olmasını əsaslandırmaqla müvafiq qərar qəbul etməlidir. Hazırkı mübahisələndirilən qərardadda isə birinci instansiya məhkəməsinin belə bir əsaslandırması mövcud olmamaqla, birinci instansiya məhkəməsi mülkiyyət hüququnun tanınması tələbini yalnız inzibati məhkəmə icraatı qaydasında, inzibati orqana qarşı baxılmalı olan tələb hesab etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Buna görə də birinci instansiya məhkəmələri işə baxıldığı zaman mübahisə tərəflərinin hansı hüquq münasibətində olduğunu müəyyən etməklə, tələblərini məhkəmədə dəqiq ifadə edə bilmələri üçün onların prosessual hüquqlarını həyata keçirməsində köməklik göstərməkdə haqlı hesab olunurlar. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(029)-477/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 16 aprel 2024-cü il tarixli 2(029)-477/2024 qərardadı ləğv edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(029)-477/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 16 aprel 2024-cü il tarixli, 2(029)-477/2024 qərardadı ləğv edilsin. Mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-998/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-998/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver