Məhkəmə qərarları › İş №2(106)-100/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-100/2023

16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-100/2023 16.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işi üzrə İmişli Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(036)- 1735/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə məhkəmədə iddia qaldıraraq qarşı tərəfin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus olan İddiaçı2 etibarnamə əsasında idarə etdiyi «Mersedes Benz» markalı ** HP *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində 2615,0 manat miqdarında maddi ziyan dəydiyini göstərib həmin məbləğin və 30 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində, Cavabdeh idarə etdiyi «VAZ 21061» markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən işıqforun qırmızı işığında dayanmadığından onun tərəfindən idarə olunan İddiaçı1 məxsus olan «Mersedes Benz» markalı ** HP *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində xidməti avtomobilin zədələnməsi nəticəsində ona 2615,0 məbləğində maddi ziyan dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh edilmiş, lakin “Mersedes Benz” markalı, ** HP *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərəri ödəməmişdir. İmişli Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(036)-1735/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh 2515,0 ( iki min beş yüz on beş) manat və dövlət rüsumuna görə 30 ( otuz) manat tutulub İddiaçı1 verilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 100,0 (yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(036)-1735/2021 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin avtomobilə faktiki zərər-dəymiş 500 manat məbləğində təmin edilməsi, tələbin qalan hissəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə, saat 17-40 radələrində, Cavabdeh idarəetdiyi «YAZ 21061» markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən işıqforun qırmızı işığında dayanmadığından onun tərəfindən idarə olunan İddiaçı1 məxsus olan «Mersedes Benz» markalı ** HP *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində xidməti avtomobilin zədələnməsi nəticəsində ona 2615,0 məbləğində maddi ziyan dəymişdir. Cavabdehyol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh edilmiş, lakin Mersedes Benz» markalı ** HP *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərəri ödəməmişdir. Ona görədə, Cavabdeh 2615,0 manat və 30 manat dövlət rüsumu tutulub onlara ödənilməsi haqqında iddia qaldırılmışdır. İmişli Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(036)-1735/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh 2515,0 ( iki min beş yüz on beş) manat və dövlət rüsumuna görə 30 ( otuz) manat tutulub İddiaçı1 verilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 100,0 (yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İmişli rayon məhkəməsi tələb olunan maddi ziyanın həddini təyin edərkən İmişli rayon "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 41 nömrəli ziyan aktına əsaslanmışdır. Ekspert isə avtomobilə baxış keçirməmiş, yalnız "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 41 nömrəli ziyan aktına əsaslanmışdır ki, bu da düzgün deyildir. Bildirmişdir ki, ziyan aktını təqdim edən həmin təşkilat yalnız Vaz markalı avtomobillərə dəymiş ziyanı müəyyən edə bilər. Belə ki, təmirxananın təchizatı almaniya istehsalı olan MERSEDES markalı avtomobillər üçün nəzərdə tutulmamışdır. Burada yalnız rusiya istehsalı olan vaz markalı avtomobillərin təmirinə baxılır. İddiaçı məhkəməyə əvvəlcədən özünün istəyinə uyğun olaraq şişirdilmiş qiymətlərlə qüsur aktı hazırlanmasını sifariş vermişdir. Həmin maddəyə əsasən öz hüquqlarını həyata keçirərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Məhkəmə həmin normanı tətbiq etsəydi, daha düzgün nəticəyə gələrdi. İddiaçının öz təqsiri olduğu halda, ondan yüksək məbləğdə vəsait tələb etməsinə məhkəmə tərəfindən münasibət bildirilməyib. İşə cavabdeh kimi cəlb edilməyimə baxmayaraq birinci instansiya məhkəməsində iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. İmişli rayon məhkəməsinin qətnaməsinin mövcudluğundan icra məmuru ona zəng edən zaman məlumatlı olmuşdur. Hesab etmişdir ki, qətnamə qəbul edilən zaman mülki qanunvericiliyin məhkəmə çəkişməsi prinsipi də gözlənilməmişdir. İştirakı təmin edilsəydi, sübutlarını təqdim edərdi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir, iddiaçıya məxsus olan avtomobilə dəymiş ziyanın məbləği reallığı əks etdirmir. Qət edilən məbləğ çoxdur, onu heç bir halda ödəyə bilməyəcəkdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İş materiallarında olan İmişli rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 3(036)- 297/2021 saylı qararının surətinə əsasən Cavabdeh 07 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində idarə etdiyi «VAZ 21061» markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən işıqforun qırmızı işığında dayanmadığından İddiaçı2 tərəfindən idarə olunan «Mersedes Benz» markalı ** HP *** dövlət nömrə nişanlı avtomobillə toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. İş materiallarında olan AC 746434 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2002-ci ildə buraxılmış «Mersedes Benz» markalı ** HP *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətinə əsasən İddiaçı1 məxsus olan «Mersedes Banz» markalı ** HP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı2 8 il 6 ay 27 gün müddətinə idarə etmək səlahiyyəti ilə verilmişdr. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 41 nömrəli Ziyan aktının surətinə əsasən Mersedes Benz» markalı ** HP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin miqdarı "xxxx" MMC tərəfindən cəmi 2615,0 manat həddində müəyyən edilmişdir. İş materiallarında olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/6793-8/2368 nömrəli ekspert rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı «Mersedes Benz» markalı ** HP *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2515,0 manat (dəyişdirilməli hissələrin qiyməti-2015,0 manat, təmir-bərpa işlərinin qiyməti 500,0 manat) müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı da əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli, 9/7316 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışı “Mersedes Benz” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2515.0 manat müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, adhüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın və apellyasiya şikayətinin dəlillərinin əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş “Mersedes Benz” markalı, **-HP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yararsız vəziyyətdə olmasını, həmin avtomobilin yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmiş, həmçinin işə baxılan zaman apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilərək dəymiş ziyanın məbləği dəqiqləşdirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfin izahatı ilə yanaşı, həmçinin təqdim olunmuş sübutlar, o cümlədən də ekspert rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, cavabdehin baş verən hadisədə təqsirli olduğunu sübut edən məhkəmənin qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarı mövcuddur və həmin qərarda müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza tədqiqatının dəyəri də cavabdehə aid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən göründüyü kimi iddiaçı iddia tələbində maddi ziyanın məbləğini 2615,0 manat tələb etsə də, sonda tələbi 2515,0 manat təmin edilmişdir. Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi 5000 manatdan çox olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(036)-1735/2021 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh X2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar