Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1000/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-397/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 2(020)-397/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia qismən təmin edilərək, Beyləqan Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(020)-1193/2017 saylı qətnaməsinə əsasən Beyləqan rayonunun Allahyarlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 08 oktyabr 2008-ci ildə anadan olmuş Şəhanənin saxlanması üçün Beyləqan rayonunun İ Şahsevən kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçı xeyrinə qət edilən hər ay 80 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməklə artırılması, alimentin həmin məbləğdə artırılmasının başlanğıcının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşağın yetkinlik yaşına çatana kimi davam etdirilməsi, Cavabdeh 40,40 manat dövlət rüsumunun alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-397/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli, 2(106)-1000/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş, işə apellyasiya qaydasında baxılması 05 iyul 2023-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. Lakin sonradan 04 iyul 2023-cü il tarixində Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə teleqram ilə müraciət etmiş, teleqram 05 iyul 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Cavabdeh teleqramda apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə bildirişi aldığını, lakin hazırda övladının səhhətində olan problemlər və maddi çatışmazlıqlar səbəbindən gəlmək imkanının məhdud olduğunu bildirmiş, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış teleqramdan görünür ki, o, apellyasiya şikayətindən imtina edir. İş materiallarında olan 142 nömrəli telefonoqramdan da göründüyü kimi, həmin teleqramla bağlı cavabdehdən məlumat almaq məqsədilə cavabdehin apellyasiya şikayətində əlaqə nömrəsi kimi qeyd etdiyi ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış, cavabdeh apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasının dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, onun Beyləqan Rayon Məhkəməsinin 2(020)-397/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-in 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh Beyləqan Rayon Məhkəməsinin 2(020)-397/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-397/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2(106)-1000/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1000/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver