Məhkəmə qərarları › İş №2(106)-1001/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1001/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1001/2024 28.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş 12650 manat miqdarında ziyanın əvəzinin ödənilməsi tələbinə dair Neftçala Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(053)-13/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığına vurduğu ziyana görə 5000 manat, 17 ay ərzində işləmədiyinə görə məhrum olduğu 7650 manat məbləğində əldə edəcəyi gəlirin, ümumilikdə 12650 manat məbləğində pul vəsaitinin və ödənilmiş 128 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət almışdır. Hadisə nəticəsində aldığı xəsarətə görə onu “sol büd sümüyünün 1/3-nin qapalı qəlpəli yerini dəyişǝn sınığı” diaqnozu qoyulmuşdur. Baş vermiş hadisəyə görə Cavabdeh təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə Cavabdeh təyin edilmiş cəza artırılmışdır. O, qəzadan sonra normal şəkildə hərəkət edə bilmir. Sağlamlığında problem olduğu üçün fiziki iş görə bilmir. Belə ki, qəzadan əvvəl o, Neftçala rayonunda tikilməkdə olan İdman Kompleksində qeyri-rəsmi fəhlə işləməklə ayda 450 manat məblğində əmək haqqı almışdır. Sağlamlığı ilə əlaqədar işləyə bilmədiyi üçün artıq 17 aydır ki, heç bir qazancı yoxdur. Bundan əlavə, hal-hazırda ona “sol diz oynağının kontrakturası” diaqnozu qoyulmuşdur. İndiki halda, onun sağlamlığını bərpa etmək üçün 5000 manat məbləğdə pul vəsaiti tələb olunur. Cavabdeh isə ona 1500 manat pul ödəmiş, 1500 manat da sığorta pulu almışdır. Şirvan şəhərində 6 ay fizioterapiya müalicəsində olmuşdur. Müalicələri ilə bağlı ödəniş qəbzləri vardır. Hazırda o, əməliyyat olunmalıdır, çünki ayağında mil vardır. Əlavə olaraq, fizioterapiya aldığı xəstəxanadan ona bildirilmişdir ki, ona ən azı 4-6 ay müddətində müalicə lazımdır ki, onun ayağında müsbət dəyişiklik olsun. O, qəzaya düşən vaxt X3 fəhlə işləyərək aylıq 450-500 manat əmək haqqı almış, qəzaya düşdükdən sonra işləyə bilməmişdir. Kompleksin tikintisi o, qəzaya düşdükdən sonra 15 ay davam etmişdir. Ona görə də, mülki icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Neftçala Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(053)-13/2024 saylı qətnaməsi ilə (hakim Quliyev Samir) iddia qismən təmin edilərək Cavabdeh cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 2800 (iki min səkkiz yüz) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğlərdə pul vəsaitinin tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Sübutlar: Neftçala Rayon Məhkəməsinin 1(053)-90/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli hökmündə məhkəmənin müəyyən etdiyi hallar kimi aşağıdakılar qeyd olunur: “Cavabdeh 19 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonu Xıllı qəsəbəsinin ərazisindən keçən 30-cu km-də sürücülük hüququ qüvvədə olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Daewoo Nexia” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri istiqamətindən Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmçinin həmin Qanunun 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfüqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv nişanlama xətti) kəsib keçməməli olduğu halda qanunun həmin maddələrinin tələblərini pozmuş, ehtiyatsızlıqdan idarə etdiyi “Daewoo Nexia” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağında X2 idarə etdiyi “İj Planet” markalı dövlət qeydiyyat nişansız motosikletlə toqquşmuş, nəticədə motosikletin sürücüsü Məxsud Süleymanovun sol ayağın İİ-İİİ-İV daraq sümüklərin distal ucunun qapalı yerini dəyişməyən sınıqları ilə müşayiət olunan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, motosikletdə olan sərnişinlər İddiaçı sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı ilə müşayiət olunan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər və X1 aşağı ətrafın əzilməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət almalarına və Məxsud Süleymanova məxsus “İj Planet” markalı dövlət qeydiyyat nişansız motosikletǝ 450 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir”. Hökmə əsasən Cavabdeh CM-in 263.1-cü maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2023-cü il tarixli 1(106)-23/2023 saylı qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 1(053)- 90/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı protest, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilərək Cavabdeh CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsindən sonra İddiaçı bütün müalicə xərclərində köməyini əsirgəməmiş, hətta ev şəraitində də müalicə xərclərini çəkmişdir. Ona ümumilikdə 3500 manatdan artıq yardım göstərmişdir. Həmin pulun 1500 manatı sığortadan ödənilmişdir. İddiaçı ondan işləmədiyi dövrlərin də pulunu hesablayıb tələb edir. İddiaçı müalicələrini yaşadığı rayonda sığortasından istifadə etməklə deyil, müxtəlif yerlərdə, ödənişli xəstəxanalarda etdirməklə ondan müalicələrinə çəkilmiş xərcləri tələb edir. İddiaçı tərəfindən cinayət işinə baxılarkən izahat vermiş və izahatda qeyd olunur ki, hadisədən sonra o, tibbi müayinə və müalicə aldığı dövrdə Cavabdeh onun xərclərini qismən çəksə də, tam sağalmamışdır. Tam sağalmağını təmin etmək üçün icbari sığorta qaydasında dövlət xəstəxanalarında tam sağala bilər. Bunun üçün özəl deyil, dövlət xəstəxanasına müraciət etməlidir. Onun müalicəsinin və tam sağalmasının dövlət müalicə müəssisəsində mümkün olmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, baş vermiş bədbəxt hadisədən sonra o, iddiaçıdan heç bir köməyini əsirgəməmişdir. Onu Bakı şəhərinə apararaq “Koreya Şərq təbabət klinikası”nda müalicə etdirmiş, həmin müddətdə də onun üçün Bakı şəhərində ev kirayə götürmüşdür. Bütün bunların xərcini o çəkmişdir. Sonralar iddiaçını Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparmış, orada iddiaçının müalicəsi üçün tibbi xidmətlərin keyfiyyətinin aşağı olması səbəbindən Neftçala rayonunda yeni açılmış, özəl tibb müəssisəsi olan “X12”nə aparmışdır. Orada həkimlər tibb mərkəzinin müasir standartlara cavab verən tibbi avadanlıqlarla təhciz olunduğunu, hətta iddiaçının aldığı xəsarətin də həmin tibb mərkəzində müalicə olunmasının mümkün olduğunu bildirmişlər. O, bununla bağlı cavabdehə bildirərək onun bütün müalicəsinin xərcini çəkəcəyini demişdir, lakin iddiaçı bununla razı olmamışdır. Özü də ailə başçısıdır və 355 manat əmək haqqı alır, hal-hazırda maddi imkanı aşağıdır, amma gələcəkdə də nə qədər maddi kömək lazımdırsa etməyə hazırdır. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı cinayət işinə baxanda onun həbs olunmağını istəmişdir. Məhz iddiaçının şikayətindən sonra onun cəzası ağırlaşdırılmış və demişdir ki, “istəyirəm ki, sən həbs olunasan, mənim müalicəmi atam edəcək”. Ona görə də, iddiaçıya sağlamlığa vurulmuş zərərin bərpası üçün çəkilmiş xərclərin qarşılığında 1200 manat məbləğində pul vəsaiti ödəməyə razıdır. Bununla bağlı məhkəməyə yazılı ərizə təqdim edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, cavabdehin təqsiri üzündən sağlamlığını itirmişdir. Ona təklif etdiyi müalicələr onun xəstəliyini sağalda bilməyəcək. O, sadəcə keyfiyyətli tibbi xidmətlər olan özəl və ya dövlət tibb müəssisələrində müalicə olunmağını demişdir. Hansı ki, həmin müalicələrlə o, öz əvvəlki sağlamlığına qovuşacaqdır. Onun üçün vacib olan pul deyil, sağlamlığıdır. Cavabdeh törətdiyi əmələ görə azadlığı məhdudlaşıb, lakin onun ömürlük sağlamlığı məhdudlaşıb və məhdudiyyətlə hərəkət edir. İddiaçının vəkili Vəkil məhkəmədə bildirmişdir ki, iddiaçının xəstəliyi uzun sürən xəstəlikdir və yüksək məbləğdə xərc tələb edir. O, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(053)-13/2024 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən o, iddia tələbini qismən – 1200 manat hissədə qəbul edərək çəkilən xərcləri həmin hissədə etiraf etmişdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməlidir. Cavabdeh tərəfindən qəbul edilən hissədə tələbin təmin edilməsi əsaslıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara, habelə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə qanunvericiliyin imperativ normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(053)-13/2024 saylı qətnaməsi dəyişdirilərək Cavabdeh sağlamlığa vurulmuş zərərin bərpası üçün çəkilmiş xərcin əvəzi qismində 1200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, ödənilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(053)-13/2024 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh sağlamlığa vurulmuş zərərin bərpası üçün çəkilmiş xərcin əvəzi qismində 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar