Məhkəmə qərarları › İş №2(106)-1001/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1001/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1001/2025 30.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair Füzuli Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(064)-628/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış 10091,36 manat əsas, 7,56 manat faiz borcu olmaqla, ümumilikdə, 10098,92 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən istehlak məqsədilə illik 1% faiz dərəcəsi ilə 60 ay müddətinə 10426,66 manat məbləğində kredit verilmişdir. Hazırda Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-628/2024 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 10091,36 manat əsas, 7,56 manat faiz borcu olmaqla, ümumilikdə 10098,92 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: xx.xx.2019-cu il tarixli BF/91758/72/18 saylı kredit müqaviləsinin surətindən görünür ki, Qaragilə Qaval qızına aralarında bağlanmış müqavilə əsasında İddiaçı ASC tərəfindən istehlak məqsədilə illik 1% faiz dərəcəsi ilə 60 ay müddətinə 10426,66 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli BF/91758/72/18 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 borcun təminatı olaraq öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 10091,36 manat əsas, 7,56 manat faiz borcu olmaqla, ümumilikdə, 10098,92 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3895 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarışlar və İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli BF/91758/72/18 nömrəli Güzəştli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 10134,77 manat, faiz borcu üzrə 62,89 manat. xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 7165,17 manat, faiz borcu üzrə 62,89 manat. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC ilə münasibətdə əsaslı və qanuni tələbi təmin etmək məsuliyyəti daşısa da, hüquqi əsas olmadan borcun - 10098, 92 manat pulun gecikdirilməsi Cavabdeh1 və Cavabdeh2 asılı olmamamış və İddiaçı ASC bilərəkdən borcun ödənilməsi üçün şərait yaratmamışdır. Birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmaqla yanlışlığa yol vermişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək ekspert rəyinin nəzərə alınmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi nümayəndənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin Füzuli Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(064)-628/2024 saylı qətnaməsi əsas borcunun tutulması hissəsində dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə tərkibi işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tərkibi mühasibatlıq-ekspertizası təyin edilərək borc məbləğinin dəqiq müəyyən edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)-1001/2025 saylı qərardadı ilə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3895 saylı ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 16 dekabr 2019-cu il tarixli BF/91758/72/18 nömrəli Güzəştli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il (xəbərdarlıq edildiyi) tarixə faiz borcu üzrə 62,89 manat, xx.xx.2024-cü il (qətnamə qəbul edildiyi) tarixə əsas borc üzrə 7165,17 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, qətnamədən yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verildiyi nəzərə alınsa, məhkəmə-mühasibatlıq ekspertizası üzrə müəyyən edildiyi kimi, qətnamə çıxarılan tarixə əsas borc olaraq hesablanmış 7165,17 manat məbləğin tutulması düzgün və qanuni sayıla bilər. Bu baxımdan, hazırda mübahisələndirilən qətnamə əsas borc hissədə dəyişdirilməli və həmin borc 7165,17 manat məbləğ qət edilməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(064)-628/2024 saylı qətnaməsi əsas borcun məbləği hissəsində dəyişdirilərək əsas borcun məbləği 7165,17 manat müəyyən edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3895 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaitinin 50 manatı İddiaçı ASC-dən, 50 manat hissəsi isə Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(064)-628/2024 saylı qətnaməsi Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 10091,36 manat məbləğdə əsas borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi hissədə dəyişdirilərək əsasən borcun məbləği 7165 (yeddi min yüz altmış beş) manat 17 (on yeddi) qəpik müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3895 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat məbləğdə pul vəsaitinin 50 (əlli) manatı İddiaçı ASC-dən, 50 (əlli) manat hissəsi isə Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar