Məhkəmə qərarları › İş №2(106)-1002/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1002/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1002/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-868/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onunla heç bir düşmənçiliyi, ədavəti olmayıb. 2022-ci ilin noyabr ayında Cavabdeh ona müraciət edərək pula ehtiyacının olduğunu, ona borc pul verməsini xahiş etmişdir. Aygünü uzun müddətdir ki, tanıdğı üçün ona pul verə biləcəyini, lakin verdiyi pulu 1 ay müddətinə qaytarmasını xahiş etmişdir. Aygün onunla razılaşmış və aldığı borcu 1 ay müddətinə qaytaracağına söz vermişdir. Bundan sonra qızı Ayselin yanında Aygünə 13000 manat borc pul vermişdir. Həmin pulu verərəkən pulun ərinin və qızının ev almaq üçün yığdıqları pul olduğunu göstərmişdir. Cavabdeh götürdüyü pulu 1 ay müddətinə qaytarcağına söz versə də sonradan vədinə əməl etməyərək həmin pulu geri qaytarmamışdır. Bu günü sabaha sata-sata pulu geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh özünü sığortalamaq məqsədilə ondan və kürəkənindən polis şöbəsinə şikayət edərək guya onu şərlədiklərini bildirmişdir. Bundan sonra Kürdəmir RPŞ-də araşdırma aparılmış və Aygün həqiqətətn onlardan 13000 manat pul aldığını etiraf etmişdir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 13000 (on üç min) manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini istəmişdir. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-868/20243 saylı qətnaməsi (hakim: M.Bayramov) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 12550 (iki min beş yüz əlli) manat pul tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin faktiki hallarından görünür ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, lakin onlar bunu sənədləşdirməmiş, yazılı borc müqaviləsi mövcud olmamışdır. Hər iki tərəf bu münasibətləri şifahi qaydada aralarında razılaşdırmışlar. İddiaçı tərəf cavabdehə borc verdiyini bildirir. Cavabdeh iddiaçının onun hədələdiyi üçün polisə müraciət etdiyini, onun şikayəti əsasında hər iki tərəfin izahatı alınmış, cavabdeh polisə verdiyi izahatında iddiaçıdan 13000 manat pul aldığını, borcun geri qaytardığını bildirmişdir. İddiaçı cavabdehin ona pul vermədiyini, cavabdeh isə aldığı pulu artıqlamasıyla qaytardığını, hazırda iddiaçıya borcu olmadığını bildirmiş, lakin bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmiş, yalnız müxtəlif vaxtlarda iddiaçının bank hesabına göndərdiyi ümümulikdə 450 manat qəbzi məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi cavabdehin iddiaçıdan 13000 manat borc alması hər iki tərəfin etirafı əsasında işin mübahisə edilməyən halı kimi qəbul edilsə də, iddiaçının cavabdeh tərəfindən onun pulunun tam geri qaytarılmadığını bildirir, cavabdeh isə məhkəməyə təqdim etdiyi qəbzlərdə ümumilikdə 450 manat pul qaytarıdldığı sübut olunur, qalan pulun qaytarılması hissəsində tərəflərin fikirləri üst-üstə düşməmiş və cavabdeh tərəfin dəlillərini təsdiq edən sübutu olmadığına görə iddiaçının dəlilləri daha inandırıcı görünür. Cavabdeh tərəfin aldığı pulu iddiaçının kart hesabına atması barədə dəlilləri qismən əsassız hesab edilməlidir (450 manatdan başqa). Ona görə ki, həmin halı təsdiq edən heç bir sübutunu nə Kürdəmir RPŞ-yə, nədə ki, məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbləri yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh (13000- 450)=12550 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 745, 385.1, 425.1, 442-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Atakişili kəndində yaşamaqla tullantı dəmir qırıntılarının satışı ilə məşğul olur. 2022-ci ilin noyabr ayında pula ehtiyacı olduğu üçün əvvəllər tanıdığı İddiaçı müraciət edərək ondan faizə pul istəmişdir. Güllü onunla razılaşaraq ona 13000 manat borc pul vermişdir. Hər ay pulu iddiaçıya qaytarmışdır. Lakin sonradan iddiaçı və onun kürəkəni ona hədələməyə başlamışdırlar. İddiaçı və onun qohumlarının hədələrindən qorxaraq polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, bir daha izahatında iddiaçıya borcunun olmadığını bildirmişdir. İddiaçıya olan borcunu iddiaçının, özünün, kürəkəninin və qızının kartına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə atmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-868/2024 saylı qətnaməsinin ləğv olunması, iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti müdafiə edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən cavabdehin iş materiallarında olan Kürdəmir rayon Polis şöbəsində verdiyi izahatına və ərizəsinə, bunlardan əlavə iddiaçı tərəfindən təqdim edilmiş “vhatsapp “ programında qeydə alınan yazışmalara istinad etmişdir. Lakin cavabdehin Kürdəmir rayon Polis şöbəsində verdiyi izahatına və ərizəsinə diqqət yetirilsə, bu yazılı sübutların ziddiyyətli olduğunu görünür. Belə ki cavabdeh ərizəsində iddiaçı tərəfə 13000 manat borclu olduğunu qeyd etmiş, Kürdəmir rayon Polis şöbəsində verdiyi izahatında isə müxtəlif vaxtlarda 2000, 2500, 3000 manat, ümumilikdə 7500 faizə pul götürdüyü bildirmişdir. Göründüyü kimi ifadələr bir-birini təkzib edir. Bu sübutların mötəbərliyi şübhə altındadır. Həmçinin “vhatsapp” yazışmaları iddiaçı tərəfindən sadəcə onun xeyrinə ola biləcək şəkildə təqdim edilmişdir. Halbuki yazışmalarda iddiaçı cavabdehə “2 ay oldu, borcunu niyə ödəmirsən?” yazır və 23 iyul tarixində cavabdeh tərəfindən ödəniş edilir. Bu tip yazışmalar davam edir. İddiaçı cavabdehə pulu atdığına görə təşəkkür edir. Lakin həmin yazışmalar hal-hazırda mövcud olmadığından təqdim edə bilmiri. Qeyd edilməlidir ki, cavabdeh sadəcə İddiaçı yox, onun yeznəsi Kamalın kartına da ödənişlər etmişdir. Lakin "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartından çıxarışlar sadəcə İddiaçı kartına əsasən aparılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin qəbul etmədiyini bildirərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin qəbul etmədiyini bildirərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəllənin MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-868/2024 saylı qətnaməsinin ləğv olunması, iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-868/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan 13000 manat borc alması hər iki tərəfin etirafı əsasında işin mübahisə edilməyən halı kimi qəbul edilsə də, iddiaçının cavabdeh tərəfindən onun pulunun tam geri qaytarılmadığını bildirmiş, cavabdeh isə məhkəməyə təqdim etdiyi qəbzlərdə ümumilikdə 450 manat pul qaytarıldığı sübut olunmuşdur. Qalan pulun qaytarılması hissəsində tərəflərin fikirləri üst-üstə düşməmiş və cavabdeh tərəfin dəlillərini təsdiq edən sübutu olmadığına görə iddiaçının dəlilləri daha inandırıcıdır. Ona görə ki, cavabdeh həmin halı təsdiq edən heç bir sübutu nə Kürdəmir RPŞ-yə, nədə ki, məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia qismən təmin edilməlidir. Məhkəmə tərkibi aşağıdakılara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin sadəcə 739-cu maddəsinə istinad etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi ilə yanaşı əsassız varlanmadan bəhs edən normalarına da istinad etməli idi. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İş materiallarında olan Cavabdeh Kürdəmir rayon polis şöbəsinə ünvanladığı ərizədən (səhifə 55) görünür ki, Cavabdeh ərizəsində İddiaçı 13000 manat pul borc aldığını qeyd etmişdir. İş materiallarında olan Cavabdeh Kürdəmir rayon polis şöbəsində verdiyi izahatından (səhifə 56) aydın olur ki, Cavabdeh İddiaçı 2021-ci ilin noyabr ayında pula ehtiyacı olduğu üçün 2000 manat, daha sonra 2021-ci ilin dekabr ayında 3000 manat, 2021-ci ilin dekabr ayında yenidən 2500 manat məbləğində borc pul aldığını, ümumilikdə İddiaçı 7500 manat borcunun etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh verdiyi izahatında pula ehtiyacı olduğu üçün iddiaçıdan faizə pul istədiyini və ondan 13000 manat borc pul aldığını qeyd etmişdir. İşin hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda verməklə, ümumilikdə 13000 manat məbləğində borc pul vermişdir. Cavabdehin etirafedici izahatından aydın olur ki, iddiaçıdan ayrı-ayrı vaxtlarda 2000, 3000, 2500 manat məbləğində borc pul almışdır. Bu məbləğlərin hər biri ayrıca borc kimi verilmişdir. Ayrıayrı borcların heç biri 3000 manatdan çox deyil. Deməli, ayrı-ayrı verilən borclar üçün yazılı müqavilə tələb olunmur. Yazılı müqavilə olmasa belə, cavabdehin özü borcu aldığını həm polis izahatında, həm də birinci instansiya məhkəməsinin iclasında etiraf etmişdir. Cavabdehin birinci instansiya məhkəməsində verdiyi etirafedici izahatından aydın olur ki, ümümilikdə 13000 manat borc pul almışdır. Göründüyü kimi Cavabdeh İddiaçı 7500 manat borc puldan əlavə 5500 manat da borc almışdır. Bu məbləğ 3000 manatdan çox olduğuna görə Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə əsasən borc müqavilə yazılı formada bağlanmalı idi, lakin tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Hazırkı halda cavabdeh iddiaçıdan aldığı 5500 manat pula münasibətdə əsassız varlanmış şəxs statusu daşıyıb. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə şifahi formada bağlanan 3000 manatdan çox olan borc münasibətlərinə əsassız varlanmadan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 5500 manat pula münasibətdə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh Kürdəmir rayon polis şöbəsində (səhifə 56) və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatlarında, Kürdəmir rayon polis şöbəsinə ünvanladığı ərizəsində pula ehtiyacı olduğu üçün iddiaçıdan faizə pul istədiyini və iddiaçıdan 13000 manat borc pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutlar iş üzrə obyektivliyin təmin olunması, iddiaların və ya müdafiələrin əsassız olmamasının yoxlanılması, məqsədəuyğun və qanuni qərarın qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sübutlar deyilənlərin söz və iddia səviyyəsində qalmaması, onların hüquqi sənədlərlə təsdiqlənməsi funksiyasını yerinə yetirir. İş üzrə təqdim edilmiş yazılı sübutlar məhkəmənin işin hallarını düzgün müəyyən etməsinə, tərəflərin öhdəlik və hüquqlarını aydınlaşdırmasına əsas vermişdir. Bu sənədlər subyektiv yanaşmaların deyil, obyektiv faktların əsas götürülməsini təmin etmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş xx.xx.2023-cü il tarixli 2802 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, Cavabdeh İddiaçı məxsus bank kartına ümumilikdə 200, 150, 100 manat olmaqla 450 manat pul köçürmüşdür. Göründüyü kimi Cavabdeh İddiaçı 13000 manat borc pul almış, lakin sonradan cavabdeh aldığı borcdan hər hansı pul məbləği ödəməmiş (450 manatdan başqa), iddiaçıdan aldığı 5500 manata münasibətdə isə əsassız varlanmışdır. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12550 (iki min beş yüz əlli) manat pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin yuxarıda qeyd edilən izahatları və yazdığı ərizə yazılı sübut kimi qiymətləndirilməklə mötəbər hesab edilməlidir. Kürdəmir rayon Polis şöbəsində qeyd edilən izahat yazılarkən cavabdehin hər hansı təsirə məruz qalması və ya onun iradəsi ziddinə yazılması iş materialları ilə müəyyən edilmir. Cavabdeh həmin izahatı və eyni zamanda birinci instansiya məhkəməsində verdiyi izahatı mübahisələndirməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, tərəflərin yazılı izahatları və izahatlarında etdikləri etiraflar məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Bu, cavabdehin borcu aldığını təsdiqləyən birbaşa etirafdır (Etiraf sübutların şahıdır (Latınca: confessio est regina probationum)). Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hər ay pulu iddiaçıya qaytarmışdır. Lakin sonradan iddiaçı və onun kürəkəni ona hədələməyə başlamışdırlar. İddiaçı və onun qohumlarının hədələrindən qorxaraq polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış,bir daha izahatında iddiaçıya borcunun olmadığını bildirmişdir. İddiaçıya olan borcunu iddiaçının, özünün, kürəkəninin və qızının kartına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə atmışdır. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, sübutetmə vəzifəsinin daşıyıcısı kimi cavabdehin üzərinə düşür. Borcun verilməsi faktı cavabdehin izahatları ilə sübuta yetirilmişdir. Qeyd olunan izahata əsasən, borcun verilməsi faktı artıq yazılı sübut və etiraf ilə təsdiqlənmişdir. İddiaçının cavabdehə pul verdiyi faktı məhz cavabdehin özü tərəfindən təsdiqlənmişdir. Lakin həmin pulun qaytarıldığı cavabdeh tərəfindən sübut olunmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı halda isə cavabdeh borclu olduğu pulu iddiaçıya qaytardığını bildirsə də, buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəf məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçı və cavabdeh arasında yaranmış borc münasibətlərinin hüquqi əsaslarının, borcun verilməsi və ödənilməsi faktının müəyyən olunması məqsədilə müvafiq bank əməliyyatlarına dair məlumatların əldə edilməsinə zərurət yarandığından “Kapital Bank “ ASC-yə rəsmi sorğu göndərilmişdir. Lakin bütün bu vaxt ərzində sorğuya cavab verilməmişdir. Ona görə İddiaçı, X4 və X2 məxsus bank kartları üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövrdə "xxxx" ASC-dən kart hesabı üzrə əməliyyat çıxarışlarının (hesab tarixçəsinin) tələb olunmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, hazırki mülki iş xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, xx.xx.2024-cü ilə kimi məhkəmənin icraatında olmuşdur. Cavabdeh tərəf məhkəmə iclaslarından xəbərdar olmuşdur. Cavabdeh işin bütün mərhələlərində iştirak etmiş, öz hüquqlarından istifadə etmişdir. Lakin “Kapital Bank “ ASC-yə İddiaçı, X4 və X2 məxsus bank kartları üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövrdə kart hesabı üzrə əməliyyat çıxarışlarının (hesab tarixçəsinin) təqdim edilməsi ilə bağlı sorğu 30 may 2025-ci ildə, qətnamə qəbul edildikdən sonra göndərilmişdir. Göründüyü kimi həmin sorğu iş üzrə artıq birinci instansiya məhkəməsi tərəfindən yekun qətnamə qəbul edildikdən sonra göndərilmişdir. Əgər cavabdeh borcun qaytarıldığını sübut etmək üçün çıxarışların zəruri olduğunu bilirdisə, bu vəsatəti vaxtında birinci instansiya məhkəməsinə təqdim etməli idi. Eyni zamanda iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı Şixalı qızının adına ödəniş kartı üzrə çıxarışdan aydın olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh İddiaçı məxsus bank kartına 12550 manat pul ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında Apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Göründüyü kimi qanunverici sübutların yalınız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki cavabdeh tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir. Cavabdeh tərəf bu vəsatətlə əldə edilə biləcək sübutları birinci instansiya məhkəməsinə təqdim edilməməsi ilə bağlı hər hansı üzrlü səbəb göstərməmiş və vəsasəti əsaslandırmamışdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdehnun apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-868/20243 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 12550 (on iki min beş yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-868/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12550 (iki min beş yüz əlli) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar