Məhkəmə qərarları › İş №2(106)-1004/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1004/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1004/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-652/2025 saylı qətnaməsindən iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İşin halları İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə cavabdehdən 888,96 manat əsas və 216,51 manat faiz borcu olmaqla cəmi 1105,47 manat və ödənilmiş 31,45 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 973-ETY-0501-23 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 06 ay müddətinə ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka ümumilikdə 1105,47 manat borcu yaranmışdır. Odur ki, iddiaçı həmin borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-652/2025 saylı qətnaməsi ilə (hakim E.İsmayılov) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı BOKT "xxxx" QSCnin xeyrinə 888,96 manat əsas və 54,52 manat faiz borcu olmaqla cəmi 943,48 manatın və ödənilmiş 26,8 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023cü il tarixli, 973-ETY-0501-23 saylı müqavilənin, ona edilmiş 1 saylı əlavənin və ödəniş cədvəli, qaimə, maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi yazılı xəbərdarlıq və ona dair qəbz əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmundadır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə cavabdehə müraciət edərək onun banka həmin tarixə 888,96 manat əsas, 54,52 manat faiz, 0 manat cərimə borcu olmaqla cəmi 943,48 manat borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 5 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, faiz borcunun məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğə uyğun olaraq nəzərə alınmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 31,45 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 31,45 manat dövlət rüsumunun 26,8 manatı cavabdehə aid edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 743.1, 745.5, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 284-5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 427.3, 423.2, 424.3 vo 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023- cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun bu normasını düzgün tövsif etməmiş, iş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunan ümümi gecikdirilmiş annuitet borcu-888.96 manat əsas borcu və 216.52 manat faiz borcunu nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsi sadələşdirilmiş icraat qaydasında iddia tələbini qismən təmin edərkən qeyd olunan prosessual hüquq normasını pozmuşdur. Belə ki, məhkəmə iş üzrə obyektiv va ədalətli araşdırma aparılması üçün işə iddia icraatı qaydasında baxılmağa çağırmamış, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsini, tərəfləri çağıraraq izahatların alınmasını təmin etməmişdir. Bundan başqa BOKT "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilən bildirişdə qətnamədə qeyd edildiyinin əksinə, cavabdehdən bütün borc məbləği deyil, xx.xx.2024-cü il tarixə olan borc məbləğinin ödənilməsi tələb edilmişdir. Belə ki, BOKT "xxxx" QSC sozügedən bildirişdə xx.xx.2024-cii il tarixə olan mövcud borc məbləğinin ödənilməsini tələb etmiş və bu borc ödənilmədiyi təqdirdə müqavilənin ləğv edilməsi ilə bağlı tədbirlər görüləcəyinə dair niyyətini ifadə etmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2024-ci il tarixdə gönderilən Bildirişi müqavilənin ləğvinə dair yazılı iradə ifadəsi kimi qiymətləndirməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Müllki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 va 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azarbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-ci il tarixli Qərarında qeyd edildiyi kimi "müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir." Yəni tərəflər arasında bağlanmış Əlaqəli Kredit müqaviləsi ləğv edilsə belə cavabdehin əsas borcu və ona hesablanmış faizləri ödəmək öhdəliyi müqavilə bağlandığı tarixdən yarandığından sonuncunun əsas və faiz borcunu ödəmək öhdəliyi aradan qalxmır. Belə olan halda iddiaçı sözügüdən müqavilənin 2.1.1-ci bəndində istinad edilan hallar yarandığı təqdirdə cavabdehdan borc məbləğini vaxtından əvvəl ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də Füzuli Rayon Məhkəməsinin 18.0.2025ct il tarixli, e-2(064)-652/2025 saylı qətnaməsinin təmin olunmayan hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Həmin Məcəllənin 284-5.5-ci maddəsinə əsasən bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Füzuli Rayon Məhkəməsinin 18.0.2025-ci il tarixli, e-2(064)-652/2025 saylı qətnaməsinin təmin olunmayan hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Füzuli Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(064)-652/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-652/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Vurğulanmalıdır ki, Cavabdeh Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-652/2025 saylı qətnaməsi ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. İddiaçı BOKT "xxxx" QSC isə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)- 652/2025 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsi ilə razılaşmayaq apellyasiya şikayəti vermişdir. Ona görə də məhkəmə tərkibi iddiaçı tərəfindən apellyasiya şikayətində mübahisələndirilən-Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)- 652/2025 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsinə münasibətdə araşdırma aparmalıdır. Apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 427.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023- cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun bu normasını düzgün tövsif etməmiş, iş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunan ümümi gecikdirilmiş annuitet borcu-888.96 manat əsas borcu və 216.52 manat faiz borcunu nəzərə almamışdır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 973- ETY-0501-23 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 06 ay müddətinə ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə cavabdehin iddiaçıya həmin tarixə 888,96 manat əsas borcu, 216,51 manat faiz borcu olmaqla, cəmi 1105,47 manat məbləğində borcu vardır. İddiaçı BOKT "xxxx" QSC xx.xx.2024-cü il tarixli xəbərdarlıqla cavabdehə banka olan borclarını ödəməklə bağlı müraciət edərək onun banka həmin tarixə 888,96 manat əsas borcu, 54,52 manat faiz borcu olmaqla cəmi 943,48 manat borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 5 təqvim günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq məktubları göndərilmişdir. BOKT "xxxx" QSC iddia ilə məhkəməyə müraciət edən vaxt 888,96 manat əsas borc, 216,51 manat faiz borcu olmaqla cəmi 1105,47 manat məbləğində borcu və ödənilmiş 31,45 manat məbləğində dövlət rüsumunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2024-cü ildə başa çatmış, kreditor BOKT müqavilə müddəti başa çatdıqdan sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmadığı, ödənişlərdə pozuntulara yol verildiyi müəyyən edilir. Cavabdeh kredit borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, cavabdeh tərəfindən öhdəliyinin yerinə yetirilməməsi hesab olunmalıdır. Ona görə də iddiaçı kredit borcunu və faizləri haqlı olaraq tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsində tələb olunan əsas borcun məbləği ilə razılaşsa da, faiz borcunun məbləği ilə razılaşmamışdır. Kollegiya hesab edir ki, faiz borcuna dair hissədə məhkəmə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, müqavilə müddəti xx.xx.2024-cü ildə başa çatdıqdan sonra kreditor xx.xx.2024-cü il tarixli xəbərdarlıqla cavabdehə müraciət edərək onun banka həmin tarixə 888,96 manat əsas borcu, 54,52 manat faiz borcu olmaqla cəmi 943,48 manat borcunun yarandığını bildirməklə borcunu tələb etmişdir. Kollegiya birnci instansiya məhkəməsinin mövqeyi ilə mahiyyətcə razılaşır. Belə ki, iddiaçı müqavilə müddəti bitənədək yaranmış faiz borcunu, yəni kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqını (faizləri) tələb edə bilər. Yəni müqavilə ləğv edildikdən sonrakı dövr üçün faiz hesablanması hüquqi əsasa malik deyil, çünki faiz yalnız müqavilə qüvvədə olduqda və ya ləğv edilənə qədərki dövr üçün hesablana bilər. Apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iş üzrə obyektiv va ədalətli araşdırma aparılması üçün işə iddia icraatı qaydasında baxılmağa çağırmamış, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsini, tərəfləri çağıraraq izahatların alınmasını təmin etməmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Hazırkı işdə iddianın qiyməti 1105,47 manatdır. Yəni iddia tələbi qanunda nəzərdə tutulmuş 5000 manat məbləğin aşağısındadır və bu səbəbdən işə sadələşdirilmiş icraatla baxılması tam qanuni və əsaslıdır. Əlavə olaraq qeyd edilməlidir ki, iddia ərizəsi məhz sadələşdirilmiş icraatla verilmişdir. Yəni iddiaçı özü bu prosedur qaydanı seçmiş, sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdir. Bundan başqa əgər tərəf sadələşdirilmiş icraat qaydasında işə baxılmasına qarşıdırsa və iddia icraatı qaydasında baxılmasını tələb edirsə, bu barədə yazılı şəkildə vəsatət verə bilər. Bu deməkdir ki, iddiaçı sadələşdirilmiş icraatla razı deyilsə və işi iddia icraatı qaydasında araşdırılmasını istəyirdisə, o halda vaxtında məhkəməyə yazılı vəsatət təqdim etməli idi. Hazırkı işdə iddiaçı belə bir vəsatət təqdim etməmişdir. Ona görə də məkhəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-652/2025 saylı qətnaməsi iddiaçı BOKT "xxxx" QSC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-652/2025 saylı qətnaməsi iddiaçı BOKT "xxxx" QSC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar