Məhkəmə qərarları › İş №2(106)-1005/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1005/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1005/2023 04.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı “Finca Azerbaijan” MMQBKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)627/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı «Finca Azerbaijan» MMQBKT cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 11802 manat, faiz borcuna görə 365.95 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 12167.95 manat məbləğində borcun və 126.5 manat məbləğində ödənilmiş dövlət rüsumunun «Finca Azerbaijan» MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, təşkilat ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0282 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 11802 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclular Cavabdeh3 və X3 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı və xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə görə zaminlər və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin cavabdehlər müqavilə üzrə nəzərdə tutulmuş qrafikə uyğun ödənişləri etməkdən yayınmışlar. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar öhdəliklərinin icra edilməsindən yayınmışlar. Odur ki, qeyd olunan borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. İddiaçı «Finca Azerbaijan» MMQBKT-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)627/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Z.Zeynalov), iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada əsas borca görə 11802 manat və faiz borcuna görə 365.95 manat olmaqla, cəmi 12167.95 manat məbləğində pul vəsaiti və 126.5 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nın hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh3 Masallı Rayon Məhkəməsinin 2(050)627/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə ədalətli yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda iştirak etməmiş, həmçinin iştirakı etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)627/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini iddianın əsaslı olması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən Cavabdeh3 apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 2(050)627/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edərək qətnaməni apellyasiya qaydasında qismən ləğvi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan iddiaçı təşkilat ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0282 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında" Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 11802 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan Bankla cavabdehlər Cavabdeh3 və X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı və xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər xx.xx.2019-cu il tarixli, **********0282 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh2 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «Finca Azerbaijan» MMQBKT tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 banka əsas borc üzrə 11802 manat, faiz borcuna görə 365.95 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 12167.95 manat borcu vardır. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəlləilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxilolan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımıncaicra edilməməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görədə əsas kredit öhdəliyi üzrə zamin durmuş digər borclular Cavabdeh3və X2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Kollegiya Cavabdeh3 apellyasiya şikayətinin dəlililərni “ apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi Cavabdeh2 13 mart 2020-ci ildə vəfat etməsinə baxmayaraq ölmüş şəxsə münasibətdə qətnamə qəbul etməsini prosessual qanunvericiliyin pozulması kimi göstərmişdir”. Məhkəmə kollegiyası Cavabdeh3 yuxarıda qeyd olunan apellyasiya şikayətinin dəlilləri ilə, qismən razılaşır. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, iş üzrə cavabdeh borclu Cavabdeh2 13 Mart 2020-ci il tarixdə vəfat etmişdir. iddiaçı Finca Azerbaijan” MMQBKT tərəfindən verilmiş hazırkı iddia ərizəsi 21 yanvar 2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, barəsində mübahisə edilən hüquq münasibəti üzrə borclu Cavabdeh2 iddia ərizəsi məhkəməyə verilməmişdən 2 il 10 ay əvvəl ölmüşdür. Bu isə onu göstərir ki, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmaqla prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, birinci instansiya məhkəməsi də ölmüş şəxsə münasibətdə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki iddiaçı “Finca Azerbaijan” MMQBKT iddia verməzdən öncə borcluya bildiriş göndərməli bu hal yəni borclunun öldüyü halda onun hüququ varisini (vərəsələrini) müəyyən etməli daha sonra isə borclunun bank qarşısında öhdəliyin icrasını ölmüş şəxsin vərəsələrinə qarşı qaldırmalı idi. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdehlər Cavabdeh3 və X1 müştərək qaydada əsas borc üzrə 11802 manat və faiz borcuna görə 365.95 manatolmaqla, cəmi 12167.95 manat məbləğində pul vəsaiti və 126.5 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq «Finca Azerbaijan» MMQBKT-nə ödənilməlidir.” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianın bu hissəsi üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Lakin digər cavabdeh borclu Cavabdeh2 borcun tutulması hissəsi ilə razılaşmır və hesab edir ki, ölmüş şəxsə münasibətdə iddia tələbinin təmin etməklə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 25.1, 25.2, 28.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir (Mülki Məcəllə maddə 25.1,25.2,28.1). Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1005/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərardadı ilə, iddiaçı Finca Azerbaijan” MMQBKT Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)627/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi qismən yəni Cavabdeh2 əsas borca görə 11802 manat və faiz borcuna görə 365.95 manat olmaqla, cəmi 12167.95 manat məbləğində pul vəsaiti və 126.5 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nın hesabına ödənilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə yəni cavabdehlər Cavabdeh3 və X1 müştərək qaydada əsas borca görə 11802 manat və faiz borcuna görə 365.95 manat olmaqla, cəmi 12167.95 manat məbləğində pul vəsaiti və 126.5 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MMQBKT-nın hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385.2, 392,393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)627/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 əsas borca görə 11802 manat və faiz borcuna görə 365.95 manat olmaqla, cəmi 12167.95 manat məbləğində pul vəsaiti və 126.5 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MMQBKT-nın hesabına ödənilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə yəni cavabdehlər Cavabdeh3 və X1 müştərək qaydada əsas borca görə 11802 manat və faiz borcuna görə 365.95 manat olmaqla, cəmi 12167.95 manat məbləğində pul vəsaiti və 126.5 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MMQBKT-nın hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın . Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar