Məhkəmə qərarları › İş №2(106)-1008/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1008/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1008/2024 17.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(064)- 851/2023 saylı qərardadından İddiaçı MMC-nin vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 26017,82 manat, ödənilmiş dövlət rüsumuna görə 168,05 manat və hüquqi yardım üçün çəkilən xərcə görə 1300 manat olmaqla, cəmi 27485,87 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(064)-851/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən vurduğu maddi ziyana görə 22048,95 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, məhkəmə xərci olan cəmi 1468,05 manatın 1244,11 manat hissəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi, 224,94 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış müddətin bərpa olunmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(064)-851/2023 nömrəli qətnaməsinin surəti cavabdehə rəsmi qaydada verilməmiş, ona 07 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəyə əsasən təqdim edilmişdir. O, həmin qətnamədən verdiyi apelyasiya şikayətini 20 dekabr 2023-cü il tarixdən hazır etsə də, elektron məhkəmə portalına yaranmış texniki problem səbəbindən yerləşdirə bilmədiyinə görə poçt vasitəsilə göndərmiş və 08 yanvar 2024-cü il tarixdə elektron məhkəmə portalına yerləşdirmişdir. Lakin Füzuli Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(064)-851/2023 saylı (Hakim: Aqil Musayev) qərardadı ilə Cavabdeh nümayəndəsi Nümayəndə2 ərizəsi təmin edilərək Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən Füzuli Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(064)-851/2023 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi, Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən həmin qətnamədən verilmiş apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı MMC-nin vəkili Nümayəndə1 tərəfindən şikayət verilmişdir. Füzuli Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(064)-851/2023 saylı qərardadı ilə, İddiaçı MMC-nin vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətə baxıldıqdan sonra işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçının vəkili şikayət verərək, Füzuli Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(064)-851/2023 saylı qərardadını ləğv etməklə Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh ərizəsində müddətin ötürülməsi əsası kimi istinad etdiyi halların üzürlü səbəb olmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası Füzuli Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(064)- 851/2023 saylı qərardadında göstərilənləri qanuni hesab edərək qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsindən vaxtında apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada verilmədiyindən geri qaytarılmışdır. Yeni apellyasiya şikayətinin hazırlanması üçün müəyyən müddət lazım olduğundan cavabdeh həmin müddət ərzində şikayəti hazırlamış və müddəti ötürmüşdür. Bu səbəblə də, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququndan istifadə etmişdir. cavabdeh məhkəmə qətnaməsindən vaxtında apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada verildiyindən geri qaytarılmışdır. Yeni apellyasiya şikayətinin hazırlanması üçün müəyyən müddət lazım olduğundan cavabdeh həmin müddət ərzində şikayəti hazırlamış və müddəti ötürmüşdür. Belə ki; Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə qənaətə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı MMC-nin vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(064)-851/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar