Məhkəmə qərarları › İş №2(106)-1009/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1009/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1009/2024 06.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, katib X5, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və əmlakın geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Tərəflər xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı QSC-nin mülkiyyətində olan İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsinin üzərində olan ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evi ilə birlikdə alıcı Cavabdeh nisyə satılması barədə razılığa gəlmişlər. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evindən Cavabdeh yaşayış sahəsindən istifadə hüququnu itirərək çıxarılması və mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, o cümlədən ödənilmiş 100 manat dövlət rüsumu tutularaq QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı QSC-nin mülkiyyətində olan İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsini üzərində olan ümumi sahəsini 163.2 kv.m olan fərdi yaşayış evi ilə birlikdə alıcı Cavabdeh nisyə satılması barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə, alıcı Cavabdeh 3000 manat ilkin ödəniş etdikdən sonra, qalan 25.500,0 manatı 36 ay müddətinə 6 aydan bir dəfə 1800 manat olmaqla 5 ödəniş və sonuncu dəfə 16500 manat ödəniş etməklə xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borcunu ödəmədiyindən ona xəbərdarlıq məktubu göndərilmiş, müqavilənin ləğvi barədə təklif edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı QSC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin bəndlərini və şərtlərini nəzərə almamışdır. İş üçün əhəmiyyətli olan tərəfə göndərilmiş müqavilənin ləğv olunması barədə təklif nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının müqavilənin icrasına maraqlı olmadığı halda gecikdirilən məbləğə görə dəbbə pulu və faizlər ödənilməsi nəzərdə tutulduğunu və müqavilə müddətinin bitmədiyini əsas gətirərək iddiaçını bundan sonra hələ 3 ildə icra olunmayan müqavilə üzrə hərəkətlərini məhdudlaşdırmışdır. İzahatlar Apellyasiya baxışında iddiaçının səlhiyyətli nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, əvvəllər götürülmüş kredit borcu ödənilmədiyinə görə tutma mənzilə yönəldilmiş, qətnamənin icrası ilə mənzil Bankın mülkiyyətinə keçmişdir. Sonra Bank qarşı tərəfin xahişini nəzərə alıb nisyə alqı-satqı müqaviləsi ilə mənzili cavabdehə satmışdır. Lakin cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozub öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin bitməsinə 2-3 ay qalıb, ödənişlər edilməyib, lakin bunu İmişli rayon məhkəməsi nəzərə almamışdır. 3000 manat ilkin və sonra 1800 manat ödəniş olub. Qalan məbləğ üzrə ödəniş olmayıb. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, mənzil ipotekaya qoyulmaqla Nahid Cavadov 20000 dollar (28500 manat) borc götürüb, ancaq borca görə 32000 manat ödəniş edib. Nahidin Banka olan krediti ödənilib. Banka borcu yoxdur. Lakin mənzili Bankın mülkiyyətinə keçib. Nisyə alqı-satqı üzrə isə əvvəlcə 3000 manat, daha sonra 1800 manat ödənilmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki hallarından görünür ki, İddiaçı QSC ilə kredit borcunun tutulması ilə bağlı məhkəmə işləri olmuş, kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə aktları ilə ipoteka predmetinə tutma yönəldilmişdir. İpoteka predmeti olan yaşayış evi hərracda satılmadığından yaşayış evi bankın balansına keçmişdir. Belə ki, İmişli Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı QSC-yə olan borca görə tutma ipotekaya qoyulmuş, Cavabdeh və X1 ümumi birgə mülkiyyətlərində olan İmişli rayonunun Rəsullu kəndində yerləşən 0,1076 ha torpaq sahəsinə və həmin torpaq sahəsində Cavabdeh xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 68 kv.m yaşayış, 95,2 kv.m yardımçı, 163,2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilmiş, qətnamənin icrası ilə yaşayış evi Bankın mülkiyyətinə keşmişdir. İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi üzərində olan ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evi ilə birlikdə **********34-10301 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə İddiaçı QSC-nin adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən tərəflər İddiaçı QSC-nin mülkiyyətində olan İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsinin üzərində olan ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evi ilə birlikdə Cavabdeh nisyə satılması barədə razılığa gəlmişlər. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh 3000 manat ilkin ödəniş etdikdən sonra, qalan 25.500,0 manatı 36 ay müddətinə 6 aydan bir dəfə 1800 manat olmaqla 5 ödəniş və sonuncu dəfə 16500 manat ödəniş etməklə xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Hazırki tələbində iddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, alqı-satqı predmeti olan, İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evindən Cavabdeh yaşayış sahəsindən istifadə hüququnu itirməklə çıxarılması və mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsini xahiş etmişdir. Müqavilənin ləğv edilməsinə dair Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, həmin müddətə müqavilədə nəzərdə tutulmuş tarixlərdə ödənişlər edilməmişdir. Belə ki, ilkin ödənişdən sonra cəmi bir dəfə 1800 manat ödəniş edilmişdir. Məktubda daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi qarşı tərəfə təklif edilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən Bankın təklifinə yazılı və ya şifahi cavab verilməmiş, öhdəliyin yerinə yetirilməsi, borcun ödənilməsi ilə bağlı konkret dəlil irəli sürülməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İddiaçı hazırki tələbində nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İddiaçı tələbində cavabdehin nisyə alqı-satqı üzrə öhdəliklərini yerinə yetirmədiyini iddia etməklə müqavilənin ləğv edilməsini əmlakın qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Müəyyən edilir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ödənişləri barədə hər-hansı sənəd təqdim etməmiş, yaxud gecikdirilmə ilə bağlı arqument irəli sürməmişdir. Cavabdeh öz etirazı ilə bağlı əsas göstərməmişdir. Cavabdehin yeganə əsası ondan ibarət olmuşdur ki, əvvəl götürülən kreditə görə borcalanın borcu artıqlaması ilə ödənilmiş, kredit borcu bağlanmışdır. Halbuki, sözügedən kredit borcu ipoteka predmeti olan yaşayış evinin Bankın mülkiyyətinə verilməsi ilə ödənilmiş hesab edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, müqavilə üzrə borclu olan cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, ona görə də iddiaçı haqlı olaraq müqavilənin ləğvini və yaşayış evinin qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, tərəflər arasında olan müqavilə şərtlərində gecikdirilən məbləğə görə dəbbə pulu və faizlər ödənilməsi nəzərdə tutulduğundan və müqavilə müddəti bitmədiyindən iddiaçı QSC daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunaraq əmlakın geri alınmasını tələb etməkdə haqlı deyil. Belə ki, tərəflər arasında bağlanan müqavilənin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Kollegiya məhkəmənin mövqeyini əsasssız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kollegiya qeyd edir ki, dəbbə pulu öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Belə ki, Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (462-ci maddə). Kreditorun hüququ vardır ki, borcunu gecikdirmiş tərəfdən gecikdirilən məbləğə görə dəbbə pulunu, vurulmuş ziyanı tələb etsin. Bununla yanaşı, müqavilə tərəfi olaraq, satıcının Qanunun tələbinə görə müqavilənin vaxtından əvvəl ləğvini, onun dəyişdirilməsini tələb etmək və ya onun məhkəmə qaydasında xitamını tələb etmək hüququ da vardır. Hazırki halda iddiaçı bu hüququndan istifadə etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını pozulduğundan qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməli, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməli, İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evindən istifadə hüququ itirilməklə Cavabdeh çıxarılmalı və mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən və iddia təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə cavabdehdən 150 manat tutulub iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(036)-207/2024 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evindən istifadə hüququ itirilməklə Cavabdeh çıxarılsın və mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumuna görə Cavabdeh 150 manat tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar