Məhkəmə qərarları › İş №2(106)-101/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-101/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-101/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cəbrayıl Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020/00164-01 saylı, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən ASC tərəfindən Cavabdeh1 illik 36 % dərəcəsi tətbiq edilməklə, 36 ay müddətinə 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində kredit verilmişdir. Kredit borcunun ödənilməsinin təminatı olaraq, İddiaçı BOKT ASC ilə Cavabdeh2 qızı arasında bağlanmış 2020/00164-01İP saylı, 30 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin, 29 saylı mənzili BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan əmlak 50000 (əlli min) manat məbləği dəyərində qiymətləndirilmişdir. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, 26.400 manat məbləğində əsas kredit borcunun, 16.570,80 manat məbləğində faiz borcunun, 16.500 manat məbləğində cərimə borcunun, ümumilikdə 59.470,80 manat məbləğində kredit borcunun və 30,40 manat məbləğində dövlət rüsumunun tutulmasını, borcun Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 29 saylı mənzilə yönəldilməsi, mənzilin likvid dəyərinin 50000 (əlli min) manat müəyyən edilməklə açıq hərracda satılmasını, satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin kredit borcunun ödənilməsi, açıq hərracda satıldıqdan sonra mənzilin boşaldılması və mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən borclu Cavabdeh1 hər ay vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəmək öhdəliyi götürmüş, müəyyən məbləğ pul ödənişini həyata keçirmiş, lakin sonra bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Banka olan kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020/00164-01 saylı, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 26400 (iyirmi altı min dörd yüz) AZN məbləğində əsas kredit borcu, 16570.80 (on altı min beş yüz yetmiş, səksən) AZN məbləğində faiz borcu, 500 (beş yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 43470.80 (qırx üç min dörd yüz yetmiş, səksən) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 29 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 69000 (altmış doqquz min) AZN məbləği olmaqla, açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan kredit borcunun ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada mülki iş üzrə əlavə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaitinin tutularaq Dövlət nəfinə və mülki iş üzrə mütəxəssis rəyinin əldə edilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) AZN məbləğində pul vəsaitinin tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı BOKT ASC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan mənzilin yeni likvid dəyərinin müəyyən edilərək dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iş üzrə təkrar qiymətləndirici təyin edilməsi üçün kifayət qədər əsas olsa da, məhkəmə bu barədə vəsatəti təmin etməmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə məyyən edilən likvid dəyərlə, ekspert rəyi ilə müəyyən edilən likvid dəyər arasında fərqin 19000 manat məbləğində olması ağlabatan deyil. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ipoteka predmeti olan mənzilin yeni likvid dəyərinin “X3” MMC-nin qiymətləndirmə rəyinə uyğun müəyyən edilərək dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya baxışında iştirak etməmiş, məhkəməyə vəsatət göndərərək, iş üzrə faiz borcunun düzgün hesablanmasını xahiş etmişdir. Cavabdeh2 qızı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya şikayətə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin məhkəməyə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəf qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə mübahisələndirmişdir. Buna görə də, Məhkəmə Kollegiyası işə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020/00164-01 saylı, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 illik 36 % dərəcəsi tətbiq edilməklə, 36 ay müddətinə 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı BOKT ASC ilə ASC ilə Cavabdeh2 qızı arasında bağlanmış 2020/00164-01İP saylı, 30 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin, 29 saylı mənzili BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti olan əmlak 50000 (əlli min) manat məbləği dəyərində qiymətləndirilmişdir. İddiaçı BOKT ASC kredit müqaviləsi üzrə borcunu tələb emişdir. Birinci instansiya məhkəməsində ipoteka predmeti olan mənzilin qiymətləndirməsi keçirilmişdir. "xxxx" MMC-nin ƏEM/O 43-978/21 saylı, 21 oktyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 29 saylı mənzilin likvid dəyəri 69000 (altmış doqquz min) AZN məbləği təşkil edir. İddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə mübahisələndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı apellyasiya şikayətində ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini qeyd etmişdir. İşin hallarından görünür ki, ipoteka predmetinə dair tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilən likvid dəyəri ilə qiymətləndiricinin rəyi arasında böyük fərq vardır. Ona görə də, apellyasiya baxışında iş üzrə müvafiq qiymətləndirmə keçirilmişdir. Müəyyən edilir ki, “X3” MMC-nin 14 noyabr 2022-ci il tarixli qiymətləndirmə hesabatına görə mübahisəli əmlaka baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmamışdır. Əmlakın qiymətləndirilməsi Cavabdeh1 tərəfindən təqdim edilən fotoşəkillər əsasında aparılmışdır. “X3” MMC-nin monitorinq bazasına əsasən, Xırdalan şəhərində likvidlik faizi 7-15 faiz arasında dəyişir. Əmlakın yaxşı yerdə yerləşməsi likvidliyinə müsbət təsir etdiyindən likvidlik 9 faiz hesablanmışdır. Bütün göstəricilər nəzərə alınmaqla, apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, mənzilin 14 noyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 66.000 manat, likvid dəyəri 60.000 manat təşkil edir. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən “X3” MMC-nin arayışında göstərilən likvid dəyəri əsas götürülməlidir. Cavabdeh1 (Sonuncu qiymətləndirmə rəyinin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini bildirmiş, əmlakın qiymətləndirilməsinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsini və iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir.) yazılı etirazında iş üzrə faiz borcunun düzgün hesablanmadığını qeyd etmiş, faiz borcunun düzgün hesablanmasını xahiş etmişdir. İşin hallarından görünür ki, iş üzrə əsas borcun və faizlərin müəyyən edilməsi məqsədilə müvafiq qaydada ekspertizalar keçirilmişdir. Cavabdeh tərəf faiz borcunun yenidən hesablanmasını əsaslandırmamışdır. Kollegiya faiz borcunun yenidən hesablanması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas tapmır. Digər tərəfdən, cavabdeh məhkəmə qətnaməsini mübahisələndirməmişdir və Kollegiya işə iddiaçının apellyasiya şikayəti həddində baxır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməlidir. Qiymətləndiricinin rəyinin alınmasına görə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 qızından 300 manat məbləğində pul vəsaiti tutularaq “X3” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı BOKT ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cəbrayıl Rayon Мəhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(072)-004/2022 nömrəli qətnaməsi qismən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 60.000 manat müəyyən edilsin. Qiymətləndiricinin rəyinin alınmasına görə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 qızından 300 manat məbləğində pul vəsaiti tutularaq “X3” MMC-nin hesabına köçürülsün. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar