Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-101/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: borc müqaviləsi X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(048)-582/2021 saylı (hakim Atabəy Kiçibəyov) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 02 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 02 may 2016-cı il tarixdə, 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində kredit müqaviləsi imzalanmış və tərəfindən cavabdehə 1 il müddətində geri qaytarmaq şərtilə xx.xx.2016-cı ilədək 2000 (iki min) manat borc verilmişdir. Lakin cavabdeh tərəfindən öhdəlik yerinəyetirilməmiş və həmin pul məbləği ona qaytarılmamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehə məxsus (*** *** ** **) mobil nömrəyə dəfələrlə zənglər etməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirmir. O, yaşlı bir insandır və himayəsində ağır xəstəlikdən əziyyət çəkən 1 qız övladı var. Cavabdeh bütün bu halları bilir və ona verdiyi pulu övladının müalicə olduğunu bildiyi halda məbləği geri qaytarmır. Tərəfindən DİN-ə də şikayət edilmiş, lakin bildirilmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi olduğundan məsələ məhkəmədə həll olunmalıdır. Tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış və pretenziya məktubu cavabdehin oğlu tərəfindən poçt qəbzinə imza edilməklə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh yaşlı və çarəsiz olmağından istifadə edərək pulu qaytarmamışdır. Hazırda borc olaraq verdiyi pulu tələb edir və hesab edir ki, iddia tələbi əsaslıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İşə sadələşdirilmiş icraat qaydasında baxılmış, Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh xx.xx.1950-ci il təvəllüdlü, Lerik rayonunun Gürdəsər kəndində qeydiyyatda olan Cavabdeh 2000 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçıya inanaraq 02 may 2016-cı il tarixdə İddiaçı ilə notariat qaydasında kredit müqaviləsi imzalamışdır. Elə həmin an İddiaçı qızı xəstədir və mənə pul ver deyə bildirmiş və cavabdeh iddiaçıya puldan 200 manat pul vermişdir. Ukraynadan qayıtdıqdan sonra 100 manat məbləğində pul vermişdir. O, özünün işlətdiyi mağazadan ardıcıl olaraq ödənişini ödəmədən ərzaqlar almağa başlamışdır. Bu səbəbdən cavabdeh ərzaq məhsullarını həmin müqavilənin qarşılığı olaraq götürdüyünü bildirməklə dəftərinə qeyd aparmasını və imzalamasını xahiş etmiş və o, imzalamışdır. Daha sonra cavabdeh onun bank hesabına 200 manat məbləğində ödəniş etmişdir. Beləliklə cavabdeh ümumilikdə iddiaçıya 2200 manat məbləğində ödəniş etmişdir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada və vaxtında yerinə-yetirməmişdir. Nəticədə də, cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında işə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həqiqətəndə iddiaçıdan müalicə olunması üçün 2000 manat borc olaraq pul almışdır. Bildirmişdir ki, iddiaçıya borcunu artıqlaması ilə qaytarmışdır. Belə ki, o, Bakı şəhərində mağazada toyuq və digər məhsulların satışı ilə məşğul olmuşdur. İddiaçı ona verdiyi borc pulların müqabilində mütəmadi olaraq ondan ət və digər məhsullar almış və bununla bağlı onda olan dəftərə imza atmışdır. Həmçinin o, iddiaçıya əlbəəl 100 manat, köçürmə yolu ilə isə 200 manat pul köçürmüşdür. Hazırda onun iddiaçıya borcu yoxdur. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etməklə, mahiyyətcə qətnaməni tam olaraq mübahisələndirmişdir. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi borc məbləğinə dair hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 1733.60 manat borc məbləği tutulmalı və qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində, 02 may 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh 1 il müddətində geri qaytarmaq şərtilə xx.xx.2016-cı ilədək 2000 (iki min) manat borc verilmişdir. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan borc olaraq notariat qaydada təsdiqlənmiş borc müqaviləsinə əsasən 2000 manat borc pul almışdır. İddiaçı cavabdehdən 2000 manat borcunu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Notariat qaydasında imzalanmış borc müqaviləsinə görə cavabdehin iddiaçıya 2000 manat borc verdiyi təsdiq olunur. Hazırda cavabdeh qətnaməni tam olaraq mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh iddiaçıya inanaraq 02 may 2016-cı il tarixdə İddiaçı ilə notariat qaydasında kredit müqaviləsi imzalamışdır. Elə həmin an İddiaçı qızım xəstədir və mənə pul ver deyə bildirmiş və cavabdeh iddiaçıya puldan 200 manat pul vermişdir. Ukraynadan qayıtdıqdan sonra 100 manat məbləğində pul vermişdir. O, özünün işlətdiyi mağazadan ardıcıl olaraq ödənişini ödəmədən ərzaqlar almağa başlamışdır. Bu səbəbdən cavabdeh ərzaq məhsullarını həmin müqavilənin qarşılığı olaraq götürdüyünü bildirməklə dəftərinə qeyd aparmasını və imzalamasını xahiş etmiş və o, imzalamışdır. Daha sonra cavabdeh onun bank hesabına 200 manat məbləğində ödəniş etmişdir. Beləliklə cavabdeh ümumilikdə iddiaçıya 2200 manat məbləğində ödəniş etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh iddiaçının imzaları olan dəftərçənin səhifələrini təqdim edərək, bildirmişdir ki, iddiaçıya borcun əvəzinə mağazasından mal və toyuq əti məhsulları vermiş və bu barədə təqdim etdiyi dəftərçənin vərəqlərində iddiaçı həmin ərzaq məhsullarını götürdüyünü qeyd etmiş və imzalamışdır. Bildirmişdir ki, həmin qeydlərdəki bütün yazı nümunələri onun tərəfindən yazılmış, İddiaçı həmin qeydləri imzalamışdır. Apellyasiya baxışında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli, 4/452 nömrəli ekspert rəyinə görə:
1. Ekspertizaya təqdim edilmiş, mülki işin 2-ci vərəqində olan xx.xx.2021-ci il tarixli iddia ərizəsinin arxa tərəfinin sonunda “İmza: İddiaçı” qrafasındakı imza, 3-cü vərəqində İddiaçı ilə Cavabdeh arasında olan 02 may 2016-cı il tarixli kredit müqaviləsinin aşağı hissəsində “Borcverən” qrafasındakı “Бабаjев” yazısı qarşısındakı imza, 114-cü vərəqinin arxa tərəfində olan İddiaçı borc verilməsi barədə qəbzdə “21 noyabr 2019-cu il, 10 dekabr 2019-cu il 17 dekabr 2019-cu il tarixlərdə “İmza” yazılarının qarşılarındakı 4 ədəd imzalar və 115-ci vərəqində olan İddiaçı borc verilməsi barədə qəbzinin kserosurətində “24 dekabr 2019-cu il, 31 dekabr 2019-cu il, 26 yanvar 2020-ci il” tarixlərdə “İmza” yazılarının qarşılarında əks olunmuş 3 ədəd imzalar - İddiaçı tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, 114-cü vərəqin üz tərəfindən İddiaçı borc verilməsi barədə qəbzin aşağı hissəsində “İmza” sözünün qarşısındakı imzanın - İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, imzanın iddiaçıya məxsus olduğu ekspert rəyi ilə təsdiq edilən qəbzlərdə (18,40+5+3+10+30=66.40) iddiaçının cavabdehin mağazasından 66.40 manat məbləğində ərzaq götürməsi müəyyən edilir. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh ünvanlanmış 08 aprel 2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh tərəfində xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin müştərisi X2 məxsus **********880116A68 nömrəli Bank hesabına mədaxil etdiyi 200 manat məbləğində vəsait, Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin müştərisi İddiaçı məxsus **********691415A68 saylı hesaba köçürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən əsaslıdır. Buna görə də, qəbzlərlə təsdiqini tapan 66.40 manat pul vəsaiti və cavabdehin iddiaçının "xxxx" ASC-də olan hesabına ödədiyi 200 manat məbləği ümumi olan borc məbləği 2000 manatdan çıxılmalı və qəti olaraq 1733.60 manat müəyyən edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri apellyasiya baxışında öz təsdiqini tapmamışdır. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(048)-582/2021 saylı qətnaməsi- Cavabdeh 2000 manat əsas borcun İddiaçı xeyrinə tutulmasına dair hissədə dəyişdirilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.1950-ci il təvəllüdlü, Lerik rayonunun Gürdəsər kəndində qeydiyyatda olan Cavabdeh 1733.60 (bir min yeddi yüz otuz üç manat altmış qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.