Məhkəmə qərarları › İş №2(106)-1010/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1010/2024

24.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1010/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Lənkəran rayonu Haftoni Bələdiyəsinin sədri Nümayəndə, Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsi) və Maraqlı şəxs iştirakları ilə, İddiaçı Lənkəran rayonu Haftoni Bələdiyəsinin Maraqlı şəxs cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilən ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş darvazanın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Lənkəran rayonu Haftonı Bələdiyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmiş Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən Lənkəran rayon Haftoni bələdiyyəsinin mülkiyyində olan gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması, həmin yolun başlanğıcında olan darvazanının cavabdehlərin hesabına sökülməsi və həmçinin cavabdehlər təəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Haftoni qəsəbə sakini X8 tərəfindən şifahi və ərizə ilə Lənkəran rayon Haftoni qəsəbəsinin bələdiyyəsinə müraciət edib göstərmişdir ki, həyətyanı torpaq sahələrinə gedən yolu qonşusu, əmisi oğlu X4 tərəfindən zəbt olunmuşdur. Həmin müraciətlə bağlı mübahisəli əraziyə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Haftoni bələdiyyəsi, Lənkəran ŞİHB Haftoni qəsəbə İƏD üzrə nümayəndəsi, Lənkəran ŞİHB Haftoni qəsəbə İƏD üzrə nümayəndəsinin müavini, Lənkəran rayonu Haftoni bələdiyyəsinin qulluqçusu, Lənkəran rayonu Haftoni qəsəbə sakinləri Maraqlı şəxs, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə yerində baxış keçirilmiş və akt tərtib olunmuşdur. Yolun tutulması ilə bağlı Cavabdeh1 bildirmişdir ki, həmin sözügedən yer onların ata-baba torpaqları olmaqla, həyətyanı torpaq sahəsidir. Əmisi oğlunun xahişi ilə valideyinləri tikinti materiallarının daşınması üçün əsas yolda çətinlik olduğuna görə müvəqqəti olaraq onların həyətyanı torpaq sahəsindən maşın yolu kimi istifadə etmələrinə icazə vermişdir. Hal-hazırda həmin yer həyətyanı torpaq sahəsi olduğuna görə anası Cavabdeh2 tərəfindən istifadə olunmasına icazə verilmir. Vətəndaş Cavabdeh1 iddia edir ki, onlara verilmiş torpaq sahəsinin mülkiyyət haqqında şəhadətnaməsində həmin ərazidə yol göstərilməmişdir. Cavabdeh1 həyətyanı torpaq sahəsinin anasına aid olduğunu bildirərək, söz haqqının anasında olduğunu və onluq bir şey olmadığın qeyd edib. Bələdiyyə tərəfindən vətəndaş Cavabdeh2 yeni hazılanmış elektron kadastr xəritəsində həmin ərazidə Maraqlı şəxs və ailə üzvlərinin yaşadığı evə yol nəzərdə tutulduğu bildirilmiş və həmin yolla əlaqədar məhkəmə orqanlarına müraciət olunacağı bildirilmişdir. Belə ki, Lənkəran rayonu, Haftoni qəsəbə sakinləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gediş-gəliş yollunu zəbt etmiş və həmin yolda mişar daşı və çəpər qoymuşlar. Cavabdehlərin bu hərəkətləri nəticəsində vətandaş Maraqlı şəxs həmin yoldan istifadə edə bilmir. Həmin orqanlar həmin yolun ümumi istifadədə olan yol olduğunu qeyd etsələr də və bu barədə cavabdehlərə desələr də cavabdeh bunların heç birinə məhəl qoymamışdır. Həmin yol Haftoni bələdiyyəsinin mülkiyyətindədir. Məhz bu səbəbdən cavabdehlərin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı Lənkəran rayonu Haftoni Bələdiyəsinin sədri Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, ona qarşı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbində qeyd edilən torpaq sahəsi ona atası X2 qalmışdır. Həmin ərazi onun mülkiyyətində olmaqla, həyətyanı torpaq sahəsidir. İş üzrə Maraqlı şəxs onun əmisi oğlu, qonşusudur. Şamo bir neçə il bundan əvvəl özünə yaşayış evi inşa edərkən ondan xahiş etmişdir ki, tikinti materiallarının daşınması üçün ona həmin mübahisəli sahədən yol versin. O, da müvəqqəti olaraq buna icazə vermişdir. Hazırda isə Şamo həmin ərazidən özünə qapı açmaq istəyir. Şamonun qapısı həyətyanı sahəsinin digər tərəfindəndir. Hazırda mübahisələndirilən torpaq sahəsi onun özünün və ailə üzvlərinin istifadasindədir və bu səbəbdən də Şamonun oradan istifadəsi mümkün deyildir. Digər cavabdeh Bəylər Qızbacı onun anasıdır. Qeyd edilən torpaq sahəsindən həmçinin anası da istifadə edir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Anar Pənahov), iddia qismən təmin edilməsi, cavabdehlər X7 və Cavabdeh2 tərəfindən zəbt olunmuş Lənkəran rayonu Haftoni bələdiyyəsinin mülkiyyətində olan və Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən (mülki iş üzrə mütəxəssis rəyinə əlavə edilmiş yerquruluş planında qeyd edilmiş) ümumi sahəsi 60 kv.m. olan torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilərək Lənkəran rayonu Haftoni bələdiyyəsinin istifadəsinə qaytarılması, həmin torpaq sahəsinin girişində quraşdırılmış dəmir darvazanın cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsindən istifadədən cavabdehlər tərəfindən Lənkəran rayonu Haftoni bələdiyyəsinə yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaitinin X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 153, 157, 170-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “mübahisəli torpaq sahəsi mənim mərhum atamın və digər cavabdeh olan anamın ümumi birgə mülkiyyətində olmaqla hazırda həmin torpaqsahəsində mən, ailəmlə və anamla birgə istifadə edirik, torpaq sahəsində yerləşən fərdi yaşayış evində də birgə yaşayırıq. Qeyd etdiyim kimi həmin torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi hələ İslahat keçirilməmişdən əvvəl mənim ata-babamın istifadəsində və mülkiyyətində olmuş, İslahat zamanı isə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08saylı qərarına əsasən mərhum atam X5 və iş üzrə digər cavabdeh olan anam Cavabdeh2 İsbat qızının mülkiyyətinə verilmişdir. Bu barədə valideyinlərimin adına JN seriyalı 156F saylı 80205018 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə də verilmişdir. Şəhadətnamədə 0.07ha qeydedilsə də, faktiki olaraq qeyd olunandan çoxdur. Belə ki,faktiki torpaq sahəsinə baxdıqda aydın görünür ki, torpaq sahəsinin ətrafına çəkilmiş daş hasar və dəmir setka çoxdan hörülmüş və çəkilmişdir. İş üzrə Maraqlı şəxs mənim əmim oğludur və həm də qonşumdur. Onun və onun ailə üzvlərinin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bizim torpaq sahəsi arasında daş hasar və dəmir setka mövcuddur. Maraqlı şəxs küçəyə çıxışı da başqa tərəfdəndir. Lakin hazırda isə o, özünə məxsus torpaq sahəsinin bu başında fərdi yaşayış evi inşa edərək özünə məxsus torpaq sahəsinin o biri başında olan ata-babasından qalan evin yanından küçəyə çıxışdan istifadə etmək istəmir və valideynlərimin mülkiyyətində olan torpaq sahəsindən keçməklə özü üçün rahat gediş-gəliş yolu istəyir. Hansı ki, onun iddia etdiyi yerdən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Maraqlı şəxs bilə-bilə ki, onun iddia etdiyi torpaq sahəsindən gediş-gəliş yolu nəzərdə tutulmayıbdır, bunu zor gücü ilə kənd bələdiyyəsinin əli ilə özü üçün gediş-gəliş yolu kimi ayrılmasını istəyir. Baxmayaraq ki, onun iddia etdiyi torpaq sahəsi uzun illərdirki, mərhum atamın və hazırdada mənim və iş üzrə digər cavabdeh olan anamın istifadəsindədir, həmin ərazidə tərəfimizdən ağaclar əkilmiş və eyni zamanında daş hasar və tövlə inşa edilmişdir..” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Bəylərov X6 Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Lənkəran rayonu Haftoni Bələdiyəsinin sədri Nümayəndə keçirilən iclasda iştirak edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs keçirilən iclasda iştirak edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 keçirilən məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Lənkəran Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh2 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 8-ci maddəsinə əsasən öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsini təmin etməlidir. 47-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 66-ci maddəsininə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 67-68-ci maddələrinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Lənkəran rayonu, Haftoni blədiyyəsinin xx.xx.2023-cü il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, bələdiyyənin 0.02.2023-cü il tarixli iclasının qərarı ilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsi ilə əlaqadar Lənkəran rayon Məhkəməsinə müraciət olunması səlahiyyəti bələdiyyənin sədri Nümayəndə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Haftonu qəsəbəsində yerləşən 0,06247 ha ölçüsə “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 147.5 kv.m. yaşayış sahəsi X3 xüsusi mülkiyyətindədir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı 156 F saylı 80205018 kod nömrəli şəhadətnamədən görünür ki, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən X5 və Cavabdeh2 İsbat qızının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3288/2023 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən mübahisəli əraziyə baxış keçirilmiş və ərazinin koordinatları müəyyən edilmişdir. Maraqlı şəxs və ailə üzvlərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-155F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) və **********43-10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,06247 ha torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmaması müəyyən olunmuşdur. Yol kimi iddia olunan torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyətinə aid torpaq sahəsi olması və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən nəzərdə tutulan yolun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Maraqlı şəxs və ailə üzvlərinin mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,06247 ha torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmaması, yol kimi iddia olunan torpaq sahəsinin torpaq islahatına dair kompleks quruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması və həmin torpaq sahəsinin cavabdehlərin faktiki istifadələrində olması müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçı Lənkəran rayonu, Haftoni bələdiyyəsi tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin giriş hissəsində cavabdehlər tərəfindən darvaza quraşdırılması müəyyən olunmuş və iddia edilən torpaq sahəsinin üzərində hər hansı tikililərin mövcud olması müşahidə edilməmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçı Lənkəran rayonu, Haftoni bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin (iddia olunan torpaq sahəsinin ölçüsünün 60 kv.m. olması müəyyən olunmuş) bir hissəsinin (37 kv.m. ölçüdə) yol olması, digər hissəsinin (23 kv.m. ölçüdə) isə həyatyanı torpaq sahəsi olması müəyyən edilmiş və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olması müəyyən olunmuşdur. Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1886/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı mütəxəssis rəyinə yerquruluşu planı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9375 nömrəli ekspert rəyinin nəticə hissəsində də xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3288/2023 saylı mütəxəssis rəyində qeyd edilənlərə uyğun xüsusatlar qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, Haftoni bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsi yol kimi, digər hissəsi isə həyatyanı torpaq sahəsi kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrindədir. Mübahisələndirilən torpaq sahəsinin girişində cavabdehlər tərəfindən dəmir darvaza quraşdırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, Lənkəran rayonu Haftoni Bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi Lənkəran rayonu Haftoni Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsinin (iddia olunan torpaq sahəsinin ölçüsünün 60 kv.m. olması müəyyən olunmuş) bir hissəsinin (37 kv.m. ölçüdə) yol olması, digər hissəsinin (23 kv.m. ölçüdə) isə həyatyanı torpaq sahəsi olması və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olması müəyyən olunmuşdur. Mübahisələndirilən torpaq sahəsinin girişində cavabdehlər tərəfindən dəmir darvaza quraşdırılmışdır. Həmin torpaq sahəsindən ümumi istifadəyə cavabdehlər tərəfindən maneə yaradılmışdır.. Bu isə ona əsas verir ki, mübahisəli torpaq cavabdehlərin qanunsuz istifadəsindədir və həmin torpaq sahəsinin girişində cavabdehlər tərəfindən dəmir darvaza qanunsuz quraşdırılmışdır. Ona görə də iddia əsaslı hesab olunaraq, mübahisəli torpaq sahəsinin Lənkəran rayonu Haftoni bələdiyyəsinin istifadəsinə qaytarılması, həmin torpaq sahəsinin girişində quraşdırılmış dəmir darvazanın cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsindən istifadədən cavabdehlər tərəfindən Lənkəran rayonu Haftoni bələdiyyəsinə yaradılan maneələrin aradan qaldırılması barədə birinci instasniya məhkəməsinin gəldiyi nəticə qanuni və əaslıdır. Belə ki, cavabdehlərin hərəkətləri bələdiyyə torpağını özbaşına tutma hesab edilir, bu hərəkəti ilə o, bələdiyyənin mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də yuxarıda istinad olunmuş maddi noramaların tələblərinə əsasən, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə geri qaytarılması və darvazının cavabdehlərin hesab sökülməsi barədə qənaəti kollegiya əsaslı hesab edir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-15/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar