Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1014/2023 25.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia təmin edilərək, Lerik Rayon Məhkəməsinin 22 iyul 2021ci il tarixli 2(048)-455/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X13 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 hər ay bir uşaqa görə 193 (bir yüz doxsa üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızına verilməsi və artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. Cavabdeh “X1 Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 ilə 2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X13 və xx.xx.2014-cü il tarixdə X9 doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, cavabdeh onunla tez-tez narazılıq etməyə başlamışdır. Daha sonra o, azyaşlı uşaqları ilə birlikdə atası evinə qayıtmışdır. Lerik Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdə doğulmuş X13 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X2 hər ay hər uşaqa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X8 verilməsi qət edilmişdir. Daha sonra Lerik Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(048)- 827/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah qeydi pozulmuşdur. Hazırda təyin olunmuş alimentin məbləği uşaqların heç bir maddi təlabatını ödəmir. Uşaqlar hər ikisi məktəblidir, məsrəfləri kifayət qədər yüksəkdir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa, ödəməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkmişdir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, günəmuzd işləyir. Ayda qazancı 250-300 manat məbləğ arası olur. Onun belə qazanc əldə etməyi iddiaçıya məlumdur. Başqa yerdən gəliri, qazancı yoxdur. Hər uşağa 120 manat ödəməyə maddi imkanı yoxdur. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)-455/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay bir uşağa görə 120 manat müəyyən edilmiş aliment miqdarını ödəyə bilməmişdır. İddiaçı da öz tələbinin əsası kimi həmin hala istinad etmişdir. Avtoqəza nəticəsində kəllə-beyin travması almışdır. Bu barədə tibbi sənədi də məhkəməyə təqdim etmişdir. Maddi imkanı olmadığından kəllə-beyin travması ilə bağlı müalicəsini davam etdirə bilmir. Səhhəti ağır işlərdə əməyinə yol vermir, çətinliklər çəkir. Yüngül işlərdə günəmuzd işləməklə özü də az da olsa, qidalanmalı və ikinci nikahdan olan azyaşlı uşağı Ədalətin də yaşamasını təmin etməlidir. Bu barədə iddiaya etirazının dəlili olaraq məhkəməyə bildirmişdir. Onun maddi durumunda hər hansı bir dəyişiklik olmamışdır. Bu səbəbdən də, iddiaçıonun maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Öz əsassız tələbində iddiaçı da dəlil irəli sürür ki, məhkəmə qətnamə çıxardığı vaxtdan bəri hər ay hər uşağa 120 manat bir dəfə də olsa, tərəfindən ödənilməmişdir. Hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmasa da, atasının pensiya pulu ilə müəyyən məbləğlərdə uşaqlarına aliment ödəmişdir. Hər ay hər uşağa görə 120 manat aliment ödəməyə maddi imkanı olmamağı səbəbindən aliment üzrə borcları yaranmışdır, hətta aliment borclarına görə məhkəmədə icra məmurunun təqdimatına baxılmış və inzibatı məsuliyyətə cəlb edilməklə 500 manat cərimə edilmişdir. Hansı ki, uşaqlarının saxlanılması üçün pul tapa bilmir, üstəlik cərimə olaraq 500 manat da dövlət hesabına ödəməyə məcbur edilir. Uşaqlarının geyimi, təhsili, sağlamlığı, normal qidalanması, tələb olunan ərzaq, meyvə-tərəvəz, qida məhsulları və sair üçün saxlanılması üçün hər ay müvafiq məbləğdə vəsait xərclənməsi tələb olunur. İddiaçı işləyib gəlir əldə etsə də, uzun müddətdir ki, uşaqlarının saxlanılması üçün vəsait xərcləmir. Bununla belə, o, utanmadan ondan artırılmış məbləğdə aliment tutulması barədə qətnamə çıxarılmasına nail olmaqla valideyn hüquqlarından yalnız yararlanmaq niyyətində olmuşdur. Sadalanan qanun normalarından göründüyü kimi uşaq hüquqları, onların saxlanılması ilə bağlı ata-ana bərabər məsuliyyət daşıyırlar. Qanunla uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğin uşaqdan ayrı yaşıyan yalnız ata və ya ana tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. Uşaqların saxlanması üçün zəruri olan pul vəsaitin ana, həm də ata tərəfindən sərf edilməlidir və uşaqların saxlanılması ilə bağlı xərcləri də bərabərdir. Nəzərə alınsa ki, “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləgində müəyyən edilmişdir, həmin məbləğin yarı hissəsi 96.5 manat iddiaçı tərəfindən sərf edilməlidir. Bu, vaideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərabərliyi prinsipindən irəli gəlir. Uşağın saxlanılması üçün zəruri olan pul vəsaitinin sərf edilməsini valideynlərindən yalnız atanın öhdəsinə qoyan məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, həm də qanunsuz və ədalətsiz olardı. Belə məhkəmə aktları ilə hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat verilmir. Azyaşlı uşaqlarının normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi, saxlanması üçün cavabdeh hər ay uşqların hər birinə 96.5 manat olmaqla, cəmi 193 manat vəsait sərf etməlidir. Məhkəmə məhz bu konseptdən yanaşmaqla aliment məbləğini müəyyən etməliydi. Bunu həm qanun, həm də azyaşlı uşaqlarının mənafeyi tələb edir. Onun maddi vəziyyətində dəyişiklik olduğu, hər bir uşağa görə hər ay 193 manat- cəmi 386 manat aliment məbləği ödəməyə həqiqətən də maddi imkanının olduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Maddi imkanı olduğu halda uşaqlara aliment ödəməkdən yayınmamışdır. Hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmasa da, atasının köməkliyi - pensiya pulu ilə müəyyən məbləğlərdə uşaqlarına aliment ödəmişdir. Hər ay hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmamağı səbəbindən aliment üzrə borcları yaranmışdır, hətta aliment borclarına görə məhkəmədə icra məmurunun təqdimatına baxılmış və inzibatı məsuliyyətə cəlb edilməklə 500 manat cərimə edilmişdir. Hansı ki, uşaqların saxlanılması üçün pul tapa bilmir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, alimentin artırılması oğlu Bahəddinin gələcəkdə alimenti ödəyə bilməməsi, nəticədə isə gələcəkdə onun barəsində cinayət işinin başlanmasına və həbs edilməsinə gətirib çıxaracaqdır. Həmçinin oğlu ikinci dəfə ailə həyatı qurub, yeni ailəsindən uşaqları var və səhhəti imkan verdiyi qədər günəmuzd işdə çalışır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X13 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X2 hər ay hər uşaqa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı X8 verilməsi qət edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə yekun qənaətə gələrkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Hazırkı iş üzrə iddiaçı Hacıyeva (Həmidova) X14 Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra ötən müddət ərzində müəyyən edilmiş hazırkı aliment məbləğinin artırılması üçün əsas ola biləcək, tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan Lənkəran RMX PHŞ-nin 28 iyul 2021-ci il tarixli arayışından görünür ki, X7 “keçirilmiş kəllə-beyin travmasının davamlı qalıqları. Postravmatik ensefalopatiya qıcolma tutmalarla, hipermetik sindrom” diaqnozu ilə nevroloji xəstədir və dispanser qeydiyyatında durur. Bundan başqa, iş materiallarında iddiaçının yeni ailə qurması və yeni övladlarının olması da qeyd edilir. Kollegiya bütün bunlarla yanaşı, qeyd etməyi zəruri hesab edir ki, işdə olan Lerik Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(048)-319/2022 saylı qərarına əsasən X1 Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı icra sənədini icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Bu da iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini yuxarıda göstərilən səbəblərdən icra edə bilmədiyini göstərir. Bu baxımdan, diqqətə çatdırılmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsby Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Qeyd edilməlidir ki, hazırkı mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında da öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bu baxımdan, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının üzərinə düşür. Onun tərəfindən tələbini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti dəlillər əsaslı olduğu üçün təmin edilməli, Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə, eyni zamanda diqqətə çatdırır ki, hazırkı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra eyni məsələ ilə bağlı gələcəkdə yenidən iddia qaldırmaq hüququ istisna Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1014/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1014/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver