Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1015/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(050)-281/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona borclu olduqları 4000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyun ayında nəvəsi Nazilə Bağırovanın qaynanası Cavabdeh3 iddiaçıya müraciət edərək oğlu Cavabdeh1 nəvəsi Nazilə ilə birlikdə İran İslam Respublikasına getməsi üçün pul lazım olduğunu demiş, 10000 manat borc pul istəmişdir. İddiaçı əvvəlcə onlara borc pul verməsə də, sonradan Ülkərlə yanaşı, əri Arzuman iddiaçının oğlu Hüseynə də müraciət edib borc pul istəmişdir. Oğlu Hüseyn də iddiaçıya zəng edərək bankdan kredit götürüb onlara borc verməsini tapşırmışdır. İddiaçı da öz adına "xxxx" ASC-dən 4500 manat kredit götürmüş, onun 4000 manatını Məhəmmədə vermişdir. Qeyd olunan pulu Məhəmmədə borc olaraq onun valideynlərinin xahişinə görə vermişdir. Məhəmmədin valideynləri pulu istədiklərindən və qaytaracaqlarını vəd etdiklərindən, nəvəsi də Məhəmmədin həyat yoldaşı olduğundan ailənin dağılmaması üçün iddiaçı qeyd olunan pulu bankdan götürüb cavabdehlərə vermişdir. Lakin onlar həmin pulu qaytarmamışlar. Sonradan isə məlum olmuşdur ki, X9 Respublikasına tək getmiş, Naziləni aparmamışdır. Hətta Nazilənin bir sıra əşyalarını da satmışdır. İddiaçı verdiyi pulu istədikdə cavabdehlər həmin pulu iddiaçıya qaytarmamışlar. Məcburiyyət qarşısında qalaraq Masallı RPŞ-yə müraciət etmişdir. Orada araşdırma zamanı da iddiaçıdan cavabdehlərin qeyd olunan məbləği borc almaları təsdiq olunsa da, mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. İddiaçı cavabdehlərə 4000 manat borc vermişdir, həmin məbləğə dair onlarla arasında yazılı əqd olmasa da, onlar Masallı RPŞ-də verdikləri izahatlarında bunu etiraf etmişlər. Qanunvericiliyin tələbinə əsasən, iddiaçı cavabdehlərə borc verməklə, onlar isə həmin borc pulu iddiaçıya qaytarmağı öhdəsinə götürməklə, onların arasında borc müqaviləsi bağlanmışdır. Lakin iddiaçı öz öhdəliyini yerinə yetirsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Cavabdehlərə verdiyi pul vəsaitindən məhrum olması nəticəsində ona ziyan dəymişdir. Həmçinin, cavabdehlər öhdəliyi könüllü şəkildə yerinə yetirmədiklərindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bundan ötrü dövlət rüsumuna görə 60 manat pul ödəmişdir. Qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu kimi ödədiyi pul vəsaiti də cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Masallı Rayon Məhkəməsinin 2(050)-281/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-281/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin həmin qətnaməni qəbul etməsi üçün əsas o olmuşdur ki, “Məhkəmə qeyd edir ki, verilmiş 4000 manat pulun borc olaraq verilməsi sübuta yetirilməmişdir... İşin araşdırılması zamanı təsdiqlənmişdir ki, pul verilərkən niyyət bağışlamaq olmuşdur. Bunu iddiaçının verdiyi izahatı da təsdiq edir. Həmçinin, pulun tələb edilməməsi, sonradan X2 Cavabdeh1 qarşı nikah qeydinin pozulması tələbi barədə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçının xx.xx.2022-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etməsi də nəzərə alınmalıdır”. İddiaçı məhkəmənin bu qənaəti ilə razı deyil. Hətta məhkəmənin qənaəti ilə razılaşaraq verilmiş 4000 manat pulun borc deyil, guya bağışlama olduğunu qəbul etsək belə, məhkəmənin səhvə yol verdiyi sübut olunur. Belə ki, bu halda pulun müəyyən şərt və öhdəliklə bağışlanıldığını elə məhkəmənin özü də təsdiq edir. Belə ki, sözügedən qətnamədə məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatında “...Məhəmməd pulu götürüb İran İslam Respublikasına getmişdir. Gedərkən nəvəsi Naziləni aparmamışdır. Nəvəsi Nazilə də Məhəmməd ilə İran İslam Respublikasına getdiyi və ya onlar mehriban yaşadıqları təqdirdə pulu tələb etməyəcəkdi.” fikrini qəbul etmişdir. Başqa sözlə desək, məhkəmə pulun iddiaçı tərəfindən cavabdehə müvafiq şərt və yerinə yetirməli olduğu öhdəlik altında verildiyini təsdiq etmişdir. Məhkəmə verilmiş 4000 manat pulun borc deyil, bağışlama olduğu qənaətinə gəlsə də, pulun iddiaçı tərəfindən cavabdehə müvafiq şərt və yerinə yetirməli olduğu öhdəlik altında verdiyini nəzərə almamış və buna hüquqi qiymət verməmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 iddiaçıdan 4000 manat pul almışdır. Bunu cavabdeh məhkəmədə verdiyi ifadəsində də təsdiq etmişdir. Cavabdeh eyni zamanda həmin pulun ona həyat yoldaşı Nazilə ilə İran İslam Respublikasında birgə yaşamaları üçün ev alınmasına görə verildiyini etiraf edir. Lakin Cavabdeh1 nə həmin pula İranda ev almamış, nə də həyat yoldaşını birgə yaşamaq üçün ora aparmamış, sadəcə pulu da götürüb İran İslam Respublikasına getmiş, orada pulun bir hissəsinə məişət əşyaları almış, bir hissəsini isə kirayə evə görə vermiş, sonradan aldığı əşyaları da satmışdır. Beləliklə, pul xərclənmişdir. İddiaçı ilə cavabdeh arasında bağışlamanın olduğu qənaətinə gələn məhkəmə işi bu hal üzrə hərtərəfli, tam və obyektiv araşdırmamış, həmin pulun bağışlama kimi müvafiq şərt və öhdəlik altında cavabdehə verildiyinin iddiaçının izahatı ilə təsdiq olunduğunu qeyd etməsinə baxmayaraq, həmin hala düzgün hüquqi qiymət verməmişdir. Daha sonra məhkəmə qətnaməsində qeyd edir ki, “Cavabdeh bildirmişdir ki, hədiyyə olaraq verilmiş 4000 manat pulu götürüb İran İslam Respublikasına getmiş, orada pulun bir hissəsinə məişət əşyaları almış, bir hissəsini isə kirayə evə görə vermiş, sonradan aldığı əşyaları da satmış, beləliklə, pul xərclənmişdir”. Lakin cavabdeh həmin pula hansı məişət əşyalarını aldığı və buna nə qədər pul xərclədiyi, sonradan aldığı əşyaları satmaqla əldə etdiyi pulun aqibəti və ümumiyyətlə 4000 manat pulu tam olaraq xərclədiyi, habelə həmin pulu itirdiyi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin həmin pulu qaytarmaq niyyətinin olmadığı, onun pulu xərclədiyi barədə təkcə özünün izahatının məhkəmə tərəfindən qəbul edilməsi səhvdir və MPM-in ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirildiyini təsbit edən 9-cu maddəsinin tələblərinə tam ziddir. Məhkəmə iş üzrə məhkəmədə dindirilmiş iddiaçı tərəfin şahidi olan Şahid ifadəsinə ümumiyyətlə hüquqi qiymət verməmiş, onları sadəcə qeyd etməklə kifayətlənmişdir. Halbuki, şahid öz ifadəsində cavabdehə qaytarmaq şərtilə 4000 manat pulun borc olaraq verildiyini göstərmişdir. Məhkəmənin X2 Cavabdeh1 qarşı nikah qeydinin pozulması tələbi barədə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçının xx.xx.2022-ci il tarxidə hazırkı tələblə məhkəməyə müraciət etməsi halının iddia tələbinin ziyanına əsas kimi qəbul etməsi də qanunsuz və əsassızdır. İddiaçının nəvəsinin nikahın pozulması barədə cavabdehə qarşı iddia tələbi ilə çıxış etməsi, digər mübahisə üzrə cavabdehin xeyrinə qiymətləndirilə bilməz. Göründüyü kimi, yuxarıda sadalanan halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, onlara hüquqi qiymət vermədən məhkəmənin gəldiyi qənaət tamamilə səhvdir. Beləliklə, şərh olunanlar məhkəmə qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını əsaslandırır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, hazırda işin mübahisəli halı 4000 manat məbləğində pulun Cavabdeh1 borc və ya hədiyyə kimi verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, 4000 manat məbləğində pul hədiyyə kimi verilmişdir, lakin məhkəmə bu mövqeyini tam əsaslandırmamışdır. Həmin pul Cavabdeh1 şərt və öhdəliklə verilmişdir. Belə ki, iddiaçının nəvəsi Nazilə də Cavabdeh1 ilə birlikdə İran İslam Respublikasına getməli idi. Həqiqətən də, həmin pul hədiyyə olaraq verilmişdir. Lakin bu zaman şərt nəzərdə tutulmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, İran İslam Respublikasında ev almaq istəyir və ona pul lazımdır. Pul da ona görə verilmişdir ki, iddiaçının nəvəsi Naziləni də özü ilə İran İslam Respublikasına aparsın. Cavabdeh1 İran İslam Respublikasına orada təhsil almaq üçün getmişdir, təhsil alıb qalacağı müddətdə Nazilə də orada qalacaqdı. Onlar orada yaşayıb Məhəmməd təhsilini başa vurduqdan sonra ölkəyə qayıdacaqdılar. Göründüyü kimi, pul Cavabdeh1 elə-belə verilməmiş, ona hədiyyə olaraq verilsə də, şərtlə verilmişdir. Belə ki, Cavabdeh1 Naziləni da İran İslam Respublikasına aparmalı və onlar orada mehriban yaşamalı idilər. Hazırda 4000 manat məbləğində pul Cavabdeh1 özündən tələb olunur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İran İslam Respublikasında özünə şərait yarada bilməsi üçün ona həyat yoldaşı Nazilənin nənəsi olan iddiaçı tərəfindən dayısı Hüseynin iştirakı ilə 4000 manat məbləğində pul hədiyyə edilmişdir. Həmin pul hər hansı öhdəlik qarşılığında ona verilməmişdir. İddiaçının nümayəndəsinin həmin 4000 manat məbləğində pulun hədiyyə edilərkən öhdəliyin də nəzərdə tutulması ilə bağlı bildirdikləri isə həqiqəti əks etdirmir. Belə ki, onunla iddiaçının nəvəsi Nazilə arasındakı münasibətlər pisləşdiyinə görə iddiaçı hazırda hədiyyə etdiyi pulu ondan geri tələb edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, nə ona, nə də onun həyat yoldaşı olan Cavabdeh3 iddiaçı tərəfindən hər hansı məbləğdə pul verilməmişdir. Əgər iddiaçı tərəfindən Cavabdeh1 hər hansı məbləğdə pul verilmişdirsə, bu onların arasında olan məsələdir. Nə onun, nə də həyat yoldaşı Cavabdeh3 İddiaçı Cavabdeh1 4000 manat pul verərkən aralarında hər hansı başqa razılaşmanın olub-olmaması barədə məlumatı yoxdur, əgər hər hansı razılaşma olmuşdursa, bu onun və həyat yoldaşının iştirakı olmadan baş vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 1327 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və X3 nikahı haqqında 18 avqust 2022-ci il tarixdə 75 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İşdəki Masallı RPŞ-nin 22 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı Cavabdeh1 onu döydüyünü göstərmişdir. Lakin həmin qərarla Cavabdeh1 barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarının 50-ci vərəqində olan iddia ərizəsinin surətindən görünür ki, X5 Cavabdeh1 qarşı nikah qeydinin pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 24 yanvar 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında göstərmişdir ki, nəvəsi Nazilə ilə Məhəmməd ailə həyatı qurmuşdur. Nazilənin gəlin köçdüyü 7 gün olardı qaynanası Ülkər onlara gəlib bildirmişdir ki, oğlu X9 Respublikasında təhsil alır, orada ev almaq istəyir, pulu yoxdur, 7-8 min manat pul ver. O, birinci dəfə pul verməmişdir. Cavabdehlər nəvəsini onlar ilə danışmağa qoymamışdır. Nəvəsi demişdir ki, pul verilmədiyinə görə onu incidirlər. Nəvəsi zəng edərək, ailəsinin dağılmamasını istəyirsə, bunlara pul verilməsini xahiş etmişdir. "xxxx" ASC-dən 4500 manat kredit götürüb oğlu Hüseynə 4000 manat vermişdir ki, Məhəmmədə pulu versin. Məhəmməd və Nazilə evə qonaq çağırılmış, həmin vaxt oğlu Hüseyn Məhəmmədə 4000 manat pulu vermişdir. Pul onlara İran İslam Respublikasında evin alınması üçün verilmişdir. Məhəmməd pulu götürüb İran İslam Respublikasına getmişdir. Gedərkən nəvəsi Naziləni aparmamışdır. Nəvəsi Nazilə də Məhəmməd ilə İran İslam Respublikasına getdiyi və ya onlar mehriban yaşadıqları təqdirdə pulu tələb etməyəcəkdi. Məhkəmədə Nazilə ilə Məhəmmədin nikahın pozulması barədə iş var. Birinci instansiya məhkəməsinin 21 fevral 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında göstərmişdir ki, tələb edilən 4000 manat pul onun olmuş, həmin pulu oğlu kişi olduğu üçün ona vermişdir ki, Məhəmmədə o, versin. Məhəmməd də bilirdi ki, pul onundur. Nəvəsi və Məhəmməd onlarda olan zaman oğlu Hüseyn ailə üzvlərinin yanında 4000 manat pulu Məhəmmədə vermişdir. Həmin vaxt orda Arzuman və Ülkər olmamışdır. 4000 manat pulu həm borc, həm də nəvəsi ailənin gəlini olduğu üçün X8 Respublikasında ev alması üçün vermişdir. Birinci instansiya məhkəməsinin 21 fevral 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçı onun həyat yoldaşı Nazilənin nənəsidir. Onunla Nazilə xx.xx.2022ci il tarixdə ailə həyatı qurmuşdur. O, Nazilənin dayısı Hüseynə bildirmişdir ki, İran İslam Respublikasında ev almaq istəyir, pul lazımdır. Qarşı tərəf bildirmişdir ki, düzələr. Toylarından sonra ilk dəfə qız evinə arvadı ilə qonaq getmişdir. Həmin vaxt Hüseyn ona 4000 manat pul vermişdir. Hüseyn pulu verəndə bildirmişdir ki, işlərini gör, pulu qaytarmağa ehtiyac yoxdur. Pul ona borca verilməmişdir. O da pulu götürmüşdür. Sonradan pulu da götürüb İran İslam Respublikasına getmiş, orada pulun bir hissəsinə məişət əşyaları almış, bir hissəsini isə kirayə evə görə vermiş, sonradan aldığı əşyaları da satmışdır. Beləliklə pul xərclənmişdir. Birinci instansiya məhkəməsinin 21 fevral 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı anası, Cavabdeh1 bacısı qızı Nazilənin həyat yoldaşı, digər cavabdehlər isə bacısı qızının qaynanası və qaynatasıdır. Məhəmməd ona bildirmişdir ki, İran İslam Respublikasına getmək istəyir, 5000 manat pul lazımdır. O da Məhəmmədə qaytarmaq şərti ilə evlərində təşkil olunmuş qonaqlıq zamanı şəxsən 4000 manat pul vermişdir. Pul anası Mərgam xanıma məxsus olmuşdur. Sadəcə olaraq kişi olduğu üçün anası pulu ona vermişdir ki, Məhəmmədə o versin. Anası pulu "xxxx" ASCdən kreditə götürmüşdür. Pulu Məhəmmədə verəndə demişdir ki, pul anasınındır və borca verilir. Məhəmməd ailənin kürəkəni olduğundan o da əvvəlcədən bilirdi ki, pul anasınındır, kredit götürülüb və qonaqlıq zamanı pul veriləcək. Məhəmməd 4000 manat pulu qəbul edərək, qaytacağını bildirmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 isə öz izahatında bildirmişdir ki, 4000 manat məbləğində pul Cavabdeh1 hədiyyə kimi verilmişdir, lakin həmin pul şərt və öhdəliklə verilmişdir. Belə ki, iddiaçının nəvəsi Nazilə də Cavabdeh1 ilə birlikdə İran İslam Respublikasına getməli idi. Həqiqətən də, həmin pul hədiyyə olaraq verilmişdir. Lakin bu zaman şərt nəzərdə tutulmuşdur. Belə ki, Cavabdeh1 Naziləni da İran İslam Respublikasına aparmalı və onlar orada mehriban yaşamalı idilər. Hazırda 4000 manat məbləğində pul Cavabdeh1 özündən tələb olunur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X1 Mərgam Allahverdi qızının nəvəsidir, X5 ilə Cavabdeh1 arasında nikah bağlanmış, qohumluq münasibətlərinə görə Cavabdeh1 4000 manat pul verilmişdir. Pulun verilməsi ilə bağlı yazılı müqavilə bağlanmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehlərdən borc verilmiş 4000 manat pulun tutulmasını xahiş etmiş, tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh1 isə tələbə etiraz edərək, pulun ona borc olaraq deyil, hədiyyə olaraq verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini tamamilə rədd etmiş, öz mövqeyini onunla əsaslandırmışdır ki, verilmiş 4000 manat pulun borc olaraq verilməsi sübuta yetirilməmiş, 4000 manat pul Cavabdeh1 hədiyyə olaraq verilmişdir. Eləcə də, Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında nə qanun, nə də müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Bundan sonra, iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin əsas dəlili kimi qeyd etmişdir ki, məhkəmə verilmiş 4000 manat pulun borc deyil, bağışlama olduğu qənaətinə gəlsə də, pulun iddiaçı tərəfindən cavabdeh müvafiq şərt və yerinə yetirməli olduğu öhdəlik altında verdiyini nəzərə almamış, buna hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin iclasında isə iddiaçının nümayəndəsi və vəkili olan Vəkil2 təsdiq etmişdir ki, 4000 manat pul həqiqətən də Cavabdeh1 hədiyyə olaraq verilmiş, lakin həmin pulun verilməsi öhdəliklə şərtləndirilmişdir və hazırda 4000 manat məbləğində pul Cavabdeh1 özündən tələb olunur. Məhkəmə kollegiyası ilk öncə onu bildirməyi zəruri hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıdan pul alması faktı müəyyən edilmədiyindən, pulun Cavabdeh1 verilməsi müəyyən edildiyindən və iddiaçı tərəf də həmin halı təsdiq etdiyindən, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh1 münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı tərəf əvvəlcə iddia ərizəsində Cavabdeh1 verilmiş 4000 manat pulun borc olaraq ona verildiyini bildirmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iddia edilən məbləğ 3000 manatdan çox olsa da, yazılı formada hər hansı müqavilə bağlanmamışdır. Bundan başqa, iddiaçı tərəfindən həmin məbləğin borc olaraq verilməsi sonradan iddiaçının birinci instansiya məhkəməsinin iclasında bildirdikləri, eləcə də, onun nümayəndəsinin apellyasiya məhkəməsinin iclasında bildirdikləri ilə də istisna olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin 21 fevral 2023-cü il tarixli iclasında iştirak edərkən iddiaçı izahatında göstərmişdir ki, 4000 manat pulu həm borc, həm də nəvəsi ailənin gəlini olduğu üçün X8 Respublikasında ev alması üçün vermişdir. Eləcə də, iddiaçı birinci instansiya məhkəməsinin 24 yanvar 2023-cü il tarixli iclasında qeyd etmişdir ki, nəvəsi Nazilə də Məhəmməd ilə İran İslam Respublikasına getdiyi və ya onlar mehriban yaşadıqları təqdirdə pulu tələb etməyəcəkdi. Göründüyü kimi, pulun verilməsi zamanı iddiaçının sonradan həmin pulun geri tələb edilməsinə dair niyyəti olmamış, onun niyyəti pulun bağışlanılması olmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi də pulun hədiyyə olaraq Cavabdeh1 verildiyini təsdiq etmiş, lakin pulun verilməsinin öhdəliklə şərtləndirildiyini bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Mülki Məcəllənin 3891.-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göründüyü kimi, bağışlama bir qayda olaraq cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alananın hədiyyə verən tərəfindən zənginləşdirilməsidir. Odur ki, bağışlamanın hansısa xüsusi bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Başqa sözlə, tərəflərin arzuladıqları yeni hüquqi nəticənin (hüquq və öhdəliklərin) əmələ gəlməsi, yəni bildirilən şərtlərlə müqavilə bağlanması aşkar edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, bağışlamanın öhdəliklə şərtləşdirilməsinə dair “müqavilə şərti” üçün xarakterik hal, tərəflərin müqavilə bağlayarkən istək və niyyətlərinin açıqlanması, buna xidmət edən ikitərəfli və ya çoxtərəfli razılaşmanın nəticəsi kimi ortaya çıxmasıdır. Hazırkı halda isə pul verilərkən iddiaçının açıqlanmamış niyyəti Cavabdeh1la razılaşdırılmamış və müqavilə şərti üçün zəruri olan əlamətə (“razılaşma” əlamətinə) malik olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş iddiaçı öz izahatında Cavabdeh1 pul verərkən həmin pulu şərtlə verdiyini bildirməsi ilə bağlı hər hansı mülahizə irəli sürməmiş, Cavabdeh1 da öz izahatlarında həmin pulun ona hər hansı şərt müqabilində deyil, hədiyyə olaraq verildiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı 4000 manat məbləğində pulun Cavabdeh1 hər hansı öhdəliklə şərtləşdirilməklə hədiyyə verilməsi halını sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazının əsasını təşkil edən halları sübut etmək vəzifəsi daşıyır. Bundan başqa, birinci instansiya məhkəməsi öz qətnaməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarına istinad etmiş və qeyd etmişdir ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və nəzərə alır ki, Cavabdeh1 da öz izahatında bildirmişdir ki, hədiyyə olaraq verilmiş 4000 manat pulu götürüb İran İslam Respublikasına getmiş, orada pulun bir hissəsinə məişət əşyaları almış, bir hissəsini isə kirayə evə görə vermiş, sonradan aldığı əşyaları da satmış, beləliklə pul xərclənmişdir. Göründüyü kimi, hazırda bağışlanmış 4000 manat pulun onun mülkiyyətində olması Cavabdeh1 tərəfindən inkar edilmişdir. İddiaçı apellyasiya şikayətində həmin halın birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmadığını bildirmiş, sübutetmə vəzifəsini öz üzərindən atmağa çalışmışdır. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən əvvəlcə tələbin faktiki əsası kimi 4000 manat məbləğində pulun cavabdehlərə borc verildiyi göstərilsə də, sonradan apellyasiya məhkəməsinin iclasında iddiaçı tərəf mahiyyət etibarilə tələbin faktiki əsasını dəyişərək, tələb edilən 4000 manat məbləğində pulun Cavabdeh1 hədiyyə olaraq verildiyini, lakin həmin pulun verilməsinin öhdəliklə şərtləşdirildiyini qeyd etmişdir. Bu halları nəzərə alan məhkəmə kollegiyası 4000 manat məbləğində pulun Cavabdeh1 öhdəliklə şərtləndirilməklə hədiyyə verilməsini inandırıcı hesab etmir və bildirir ki, hədiyyə verilmiş 4000 manat məbləğində pulun verilməsinin öhdəliklə şərtləşdirilməsi iddiaçı tərəfindən də sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsi MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərinə uyğun olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun da iddiaçıya aid edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-281/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1015/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1015/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver