Məhkəmə qərarları › İş №2(106)-1019/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1019/2024

27.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1019/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması, yolun üzərində inşa edilmiş tikilini sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadından iddiaçınıın nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması, yolun üzərində inşa edilmiş tikilini sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(020)-40/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə icraya yönəldilmiş, Beyləqan rayon İcra və probasiya şöbəsinin 10 may 2022- ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayon 1-ci X1 Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(020)-40/2022 saylı qətnaməsindən şikayət verilməsi üçün apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpasına dair ərizə ilə müddətin bərpasını xahiş edərək apellyasiya şikayəti vermişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(020)-40/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpasından imtina edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin nümayəndəsi vəkil Nümayəndə həmin qərardaddan şikayət verilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı ilə maraqlı şəxsin nümayəndəsinin şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)1779/2023 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(020)-40/2022 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsi yenidən Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(020)-40/2022 saylı qətnaməsindən şikayət verilməsi üçün apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpasına dair ərizə ilə müddətin bərpasını xahiş edərək apellyasiya şikayəti vermişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı ilə maraqlı şəxsin nümayəndəsi vəkilinin ərizəsi təmin edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Beyləqan rayon məhkəməsi Beyləqan rayonu 1ci Şahsevən bələdiyyəsinin və onun nümayədəsinin verdiyi apellyasiya şikayəti üzrə buraxılmış müddətin üzürlü hesab edilməsi və bərpası barədə məsələni araşdırarkən iddiaçı olan 1-ci Şahsevən bələdiyyəsinin sədri Maraqlı şəxs1 mülki işin icra edilməsi mərhələsində icra hərəkətlərinin aparılması barədə icra məmurunun ona göndərdiyi məktubları və eyni zamanda bilavasitə icra hərəkətləri aparılan zaman tərtib edilmiş aktlara imza etməsi məsələsini araşdırmamışdır. Məhkəmənin birbaşa vəzifəsidir ki, həmin halları araşdırsın. Məsələ bələdiyyənin ümumi istifadəsində olan və yol üçün nəzərdə tutulmuş torpaq sahəsindən gedir. Aydındır ki, icra məmuru həmin icra hərəkətlərində mülkiyyətçini dəvət edir və etmişdir. Beyləqan rayon 1-ci Şahsevən bələdiyyəsinin sədri Maraqlı şəxs1 həmin mübahisədən məlumatı olmuş, dəfələrlə icra hərəkətlərində iştirak etmiş, həmin hərəkətlərin həyata keçirilməsinin yekununa dair tərtib edilmiş akta imza etmiş, dəfələrlə əvvəlki iddiaçılarla həmin torpaq sahəsinə görə məhkəməyə niyə müraciət etməməsi ilə bağlı mübahisələri olmuşdr. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı ilə iddiaçının şikayəti geri qaytarılmışdır. İddiaçının nümayəndəsi Vəkil2 yenidən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(020)-40/2022 saylı qərardadından şikayət vermişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Vəkil2 şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 1019/2024 saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadından iddiaçınıın nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. 25 iyun 2024-cü il tarixində keçirilən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Vəkil2 izahat verərək bildirmişdir ki, subyektiv hüquq o demək deyil ki, torpaq sahəsi hər hansı bir formada istifadə olunmalıdır. 2021-ci ildə qəbul edilən qətnamə icraya yönəlmiş, icra mərhələləri dövründə Maraqlı şəxs2 sədri iştirak etmiş və müvafiq aktları imzalamışdır. Yəni əgər bələdiyyənin subyektiv hüququ pozulmuşdusa, o zaman bundan məlumatlı olmuşdur. İcra məmurunun bələdiyyəyə göndərdiyi bildirişlər var. Həmin icra işi üzrə icra hərəkətləri hələ yekunlaşmamışdır. Torpağın mülkiyyətçisi bələdiyyə olsa da, həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir və ora satıla, habelə icarəyə verilə bilməz. Şəxs özünün istifadə hüquqlarına münasibətdə iddia qaldırmışdır. Bələdiyyə mülkü olan torpaq sahəsi zəbtdən azad olunmuşdur. Hazırkı işdə bələdiyyə işə cəlb edilməmişdir, çünki mübahisə onun hüquqlarına toxunmur. 25 iyun 2024-cü il tarixində keçirilən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etmişdir. 25 iyun 2024-cü il tarixində keçirilən məhkəmə iclası zamanı Cavabdeh şikayətin rədd edilməsini xahiş etmişdir. 25 iyun 2024-cü il tarixində keçirilən məhkəmə iclası zamanı Maraqlı şəxs2 nümayəndəsi vəkil Nümayəndə izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və bələdiyyə ilə tərəflər arasında torpağın icarəyə verilməsi barədə sadə yazılı şəkildə icarə müqaviləsi bağlanılmışdır. Hazırkı mübahisə bələdiyyənin hüquqlarına toxunur, çünki burada subyektiv hüquqdan söhbət gedir. İki icarədar arasında olan mübahisəyə baxan zaman məhkəmə bələdiyyəni işə cəlb etməliydi. Şikayətin rədd edilməsini, qərardadın qüvvədə saxılanılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçınıın nümayəndəsi Vəkil2 şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 1-ci Şahsəvən Bələdiyyəsinin mülkiyyətinə aiddir. Bələdiyyənin nümayəndəsi mülki işə baxılması zamanı məhkəmə iclasında iştrak etməmişdir. Məlumatı olduqdan sonra, məhkəmə qətnaməsinin surətini almış və qətnamədən vaxtında apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, qəbul edilmiş qətnamə üzrə mübahisə Beyləqan rayon 1-ci Şahsevən bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadəsində olan və yol üçün nəzərdə tutulmuş torpaq sahəsindən gedir. Ancaq işə baxılarkən mülkiyyətçi dəvət edilmədən mahiyyəti üzrə müvafiq qətnamə qəbul edilmişdir. Həmçinin iş üzrə qətnamənin Beyləqan rayon 1-ci Şahsevən bələdiyyəsinə əvvəllər rəsmi qaydada təqdim edilməsi müəyyən edilmir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, hüquqi dövlətdə və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Belə ki, fundamental hüquq olaraq mülkiyyət hüququnun müdafiəsi hüquqi dövlətə xas olan ən ali dəyərlərdən biri kimi qiymətləndirilir. Bu baxımdan nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə” 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Bununla yanaşı, kollegiya fundamental və toxunulmaz hüquq olaraq mülkiyyətin müdafiəsinin tam təmin edilməsinin iş materialları ilə prosessual müddətin hansı müddət ötürülməsinin dəqiq müəyyən edilməməsi şəraitdə daha üstünlüyü qənaətinə gəlir. MPM-in 133.1-ci maddəsindən aşkar görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(020)-40/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 ərizəsinin təmin edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadından iddiaçınıın nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Beyləqan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadından iddiaçınıın nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(020)-40/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar