Məhkəmə qərarları › İş №2(106)-1024/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1024/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1024/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3.000 (üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh tanıyır və yaxın münasibətləri olmuşdur. Cavabdeh 01 yanvar 2020-ci ildə onun yanına gələrək, 3.000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt o, Cavabdeh 3.000 manat borc pul vermişdir. Cavabdeh ondan 3.000 manat borc pul alması barədə ona borc sənədi vermiş, öz xətti ilə qəbz yazaraq aldığı 3.000 manat borc pulu yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh 3.000 manat pulu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulu qaytaracağını bildirərək onu aldatmışdır. Ona görə də borc tələb ilə bağlı Xocavənd Rayon Məhkəməsinə müraciət etmiş, iddası təmin edilmişdir. Lakin cavabdehin qeydiyyatı Beyləqan rayonu olduğuna görə, Xocavənd Rayon Məhkəməsinin iddianın təmin edilməsinə dair 25 avqust 2022-ci il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərardaı ilə ləğv edilmiş və mülki iş aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh hərbiçidir, hər ay yuksək məbləğdə əmək haqqı alır və onun borcunu qaytarmağa maddi imkanı vardır. Göstərilənlərə əsasən Cavabdeh 3.000 (üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı heç bir borcu yoxdur. Belə ki, 2018-ci ildə cavabdeh iddiaçıdan 1.000 manat borc pul almış və həmin pulu qaytarmışdır. Lakin cavabdeh iddiaçıdan 3000 manat pul almamışdır. Ekspert rəyi ilə də müəyyən edilmişdir ki, 01 yanvar 2020-ci il tarixli qəbzdə “qəbizi özüm yazdım düzgün olmasnı imzamla təsdiq edirəm. İmza Cavabdeh. Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE № ********. xx.xx.2020” əlyazmaları və imza sözünü qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Lakin 01 yanvar 2020-ci il tarixli qəbzdə “mən Cavabdeh İddiaçı 3000 (üç min) manat pul almışam, əgər qaytarmasam məni məhkəməyə verilməsinə heç bir etirazım yoxdur” əlyazmaları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi iş materiallarında olan qəbzdəki imza cavabdehə məxsus olsa da, qəbzdəki mətnin sözləri başqa şəxs tərəfindən icra olunmuşdur. Həsab edir ki, həmin sənəd saxta olmaqla skan edilib hazırlanmışdır. Sənədin əsli mövcud deyildir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsi ilə (hakim R.Nurullayev) iddia təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumuna görə 50 (əlli) manat alınıb dövlət büdcəsinə verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manatın Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində göstərilir ki, cavabdeh iddiaçıdan 3000 manat məbləğində borc almamışdır. Ekspertin rəyindən də göründüyü kimi 3000 manat pulun alınmasına dair yazılar da cavabdeh tərəfindən deyil, başqa şəxslər tərəfindən yazılmışdır. İş materiallarına əlavə edilmiş qəbz saxtalaşdırılmış qəbzdir. Qəbzdə 3000 manat pulun alınmasına dair sözlərinin kimin tərəfindən yazılması məhkəmə tərəfindən araşdırılmamışdır. İş materiallarına əlavə edilən yeganə sübut olan qəbz mübahisəlidir. Həmin qəbz ekspertin rəyindən də göründüyü kimi mübahisəlidir. Məhkəmə qəbzdəki yazıların skayner vasitəsilə köçürülməsinə dair məsələləri araşdırmamışdır. Göstərilənlərə əsasən Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilmədən Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xocavənd RPŞ tərəfindən xx.xx.2016-cı il taixdə verilmiş, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəşidli X6 rayonunun Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seryalı 401101 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkünlük statusu vardır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Cavabdeh Beyləqan rayonun Əmirzeyidli kəndində qeydiyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3.000 manat pul almışdır. Əgər qaytarmasa onu məhkəməyə verməsinə heç bir etirazı yoxdur sözləri həmin qəbzdə qeyd olunmuşdur. İşə Xocavənd Rayon Məhkəməsində baxılarkən cavadeh Cavabdeh məhkəməyə vəsatət verərək təqdim olunmuş qəbzdəki yazıların və imzanın ona məxsus olmadığını göstərmiş və iş üzrə məhkəmə xəttşunaslıq ekspertizası təyin edilməsini xahiş etmiş, məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək, iş üzrə məhkəmə xəttşunaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2022-ci il tarixli 4/1020 №-li rəyindən görünür ki, eksperizaya təqdim olunmuş, mülki işin 8-ci vərəqində olan 1 yanvar 2020-ci il tarixli qəbzdə “Qəbizi özüm yazdım düzgün olmasnı imzamla təsdiq edirəm. İmza Cavabdeh. Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE № ********. xx.xx.2020” əlyazmaları və “İmza” sözünü qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Mülki işin 8-ci vərəqində olan 1 yanvar 2020-ci il tarixli qəbzdə “Qəbiz. Mən Cavabdeh İddiaçı 3000 (üç min) manat pul almışam. Əgər qaytarmasam məni məhkəməyə verilməsinə heç bir etirazım yoxdur” əlyazmaları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2022-ci il tarixli 4/1020 №-li ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 127 (bir yüz iyirmi yeddi) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442- ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin bu cür halında, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticəni qanuni hesab edir. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işin 8-ci vərəqində olan 1 yanvar 2020-ci il tarixli qəbzdə “Qəbz. Mən Cavabdeh İddiaçı 3000 (üç min) manat pul almışam. Əgər qaytarmasam məni məhkəməyə verilməsinə heç bir etirazım yoxdur” əlyazmaları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki Cavabdeh 01 yanvar 2020-ci il tarixdə İddiaçı 3000 (üç min) manat borc almış və bu barədə borc sənədi tərtib edilmiş, cavabdeh həmin borc sənədini imza etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2022-ci il tarixli ekspert rəyi ilə də borc sənədi olan qəbzdəki imzanın Cavabdeh məxsus olması müəyyən edilmişdir. Ekspertizanın rəyi ilə borc sənədindəki imzadan əlavə “qəbzi özüm yazdım, düzgün olmasını imzamla təsdiq edirəm, imza X2, şəxsiyət vəsiqəsinin seriya nömrəzi AZE №18103206, xx.xx.2020” əliyazmalarının da Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, iş materialları ilə də Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad edilən Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ üç min manat olmaqla, yəni Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(020)470/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar