Məhkəmə qərarları › İş №2(106)-1024/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1024/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1024/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(072)-152/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(072)-152/2024 saylı qətnaməsi (hakim Tərlan Nüsrətov) ilə iddia təmin edilərək Cavabdeh 230 (iki yüz otuz) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə borcu, ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh apellyasiya şikayəti verərək Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(072)-152/2024 saylı qətnaməsinin ləğvini və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WTCN-000649 saylı 09 iyul 2019-cu il tarixli Nisyə alğı-satqı müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 50 (əlli) manat məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 950 (doqquz yüz əlli) manat məbləği olan 1 (bir) ədəd “SAMSUNG A505 64” markalı mobil telefon satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd “SAMSUNG A505 64” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 75 (yetmiş beş) manat məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, hüquqi şəxs "xxxx" MMC ilə İddiaçı MMC arasında 002 saylı 11 iyul 2023-cü il tarixli faktorinq müqaviləsi bağlanmışdır. Faktorinq müqaviləsinə əsasən əsasən hüquqi şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı 950 (doqquz yüz əlli) manat məbləği həddində tələb hüquqi İddiaçı MMC-yə güzəşt edilmişdir. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 10 yanvar 2024-cü il tarixə cəmiyyətə 230 (iki yüz otuz) manat məbləğində əsas borcu, 30 (otuz) manat məbləğində cərimə borcu və ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 230 (iki yüz otuz) manat məbləğində əsas borcun, 30 (otuz) manat məbləğində cərimə borcunun, ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə aralarında bağlanmış WTCN-000649 saylı xx.xx.2019-cu il tarixli “Nisyə alqı-satqı” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmiş, müqavilə üzrə ödənilməli olan məbləğ tam ödənilmişdir. Buna baxmayaraq İddiaçı MMC qətnamə çıxan günədək ona borclu olmağı barədə heç bir bildiriş göndərməmiş, heç bir məlumat verməmiş və nəticədə onu əsassız yerə məhkəməyə vermiş, məhkəmə iclaslarında iştirakı təmin edilmədən, ona heç bir məlumat verilmədən yalnız iddiaçının əssasız iddiası əsasında barədə qətnamə çıxarılmışdır. Beləliklə, hazırkı iş üzrə iddia müddəti keçdiyi halda məhkəmə proses barədə ona məlumat verməməklə onu iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququndan məhrum etmişdir. Mülki Məcəllənin 373-cü maddəsinə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə isə məhkəmə proseslərində cavabdeh tərəfin iştirakını təmin etməyərək, iddiaya qarşı öz etirazını bildirməkdə həqiqətləri məhkəmənin diqqətinə çatdırmaq imkanından və hüququndan onu məhrum etmişdir. Cavabdeh vəsatət verərək İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(072)-152/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WTCN-000649 saylı 09 iyul 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” hüquqi şəxs "xxxx" MMC tərəfindən ilkin ödəniş 50 (əlli) manat məbləği olmaqla, 12 (on iki) ay müddətinə ümumi dəyəri 950 (doqquz yüz əlli) manat məbləği olan 1 (bir) ədəd “SAMSUNG A505 64” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan 09 iyul 2019-cu il tarixli malın təhvil-təslim aktının surətindən görünür ki, alıcı Cavabdeh ümumi dəyəri 950 (doqquz yüz əlli) manat məbləği olan 1 (bir) ədəd “SAMSUNG A505 64” markalı mobil telefonu təhvil almışdır. İş materillarında olan WTCN-000649 saylı 09 iyul 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 950 (doqquz yüz əlli) manat məbləği olan 1 (bir) ədəd “SAMSUNG A505 64” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 75 (yetmiş beş) manat məbləğində pulu hissə-hissə “satıcı” hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış WTCN-000649 saylı 09 iyul 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.3-cü bəndinə əsasən “alıcı” ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 002 saylı 11 iyul 2023-cü il tarixli “Faktorinq” müqaviləsinin surətindən görünür ki “faktor” İddiaçı MMC “borclu” barəsində “müştəri” hüquqi şəxs "xxxx" MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 002 saylı, 11 iyul 2023-cü il tarixli “Faktorinq” müqaviləsinə əlavə olunan 00000649/23 saylı 11 iyul 2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı 950 (doqquz yüz əlli) manat məbləği həddində tələb hüquqi İddiaçı MMC-yə güzəşt edilmişdir. İş materiallarında olan 00000649/24 saylı 10 yanvar 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 10 yanvar 2024-cü il tarixə cəmiyyətə 230 (iki yüz otuz) manat məbləğində əsas borcu, 30 (otuz) manat məbləğində cərimə borcu və ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 10 yanvar 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya qeyd edir ki, MPM-in 284-5.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bundan əlavə, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan başqa, MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunvericiliyin tələblərindən göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılarkən ərizə daxil olduğu müddətdən 5 gün ərzində cavabdehə məlumat verilməli, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə bilməsi ilə bağlı məlumatlandırılmalıdır. İş materiallarından görünür ki, cavabdehə və Cəbrayıl RİHB-nin X4 Ərazi Dairəsinə (bildirişin cavabdehə təqdim edilməsi üçün) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılarkən ərizə baxılması barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehə göndərilmiş zərf geri qayıtmış, Cəbrayıl RİHB-nin X4 Ərazi Dairəsinin cavabdehə məhkəmə bildirişini çatdırıb-çatdırmaması ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. Qeyd edilənlərə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək imkanı olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən bildirir ki, MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-nin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının möhkəmlənməsinə kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. İşdə olan 09 iyul 2019-cu il tarixli WTCN-000649 saylı Nisyə alğı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh ümumi dəyəri 950 manat məbləği olan 1 ədəd “SAMSUNG A505 64” markalı mobil telefonun dəyərinə görə 12 ay müddətinə hər ay 75 manat məbləğində pulu hissəhissə satıcı hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödəməli olmuşdur. Göründüyü kimi, müqavilənin icra müddəti 09 iyul 2020-ci il tarixdə bitmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqinə dair vəsatət verərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, cavabdehin hazırkı mülki iş üzrə məlumatlandırılmadığına və iddiaya qarşı etiraz və başqa sübutlarını təqdim edə bilmədiyinə görə vəsatəti qəbul edilməli və buna görə də, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Qeyd edilməlidir ki, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli e-2(072)-152/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar