Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1026/2025 08.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, katib X5, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 848-ADN- 0125-24 saylı kredit müqaviləsinə əsasən kreditor BOKT tərəfindən borcalan Cavabdeh 35% faiz dərəcəsi ilə aylıq 276 manat olmaqla, 6 ay müddətinə ödəmək şərtilə 1500 manat məbləğində istehlak krediti verilmişdir. İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı sadələşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 679,77 manat əsas borc, 159,78 manat faiz və 54,75 manat cərimə borcu olmaqla cəmi 894,30 manat və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 6 ay müddətinə ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka borcu yaranmışdır. Birinci instansiya məhkəməsində cavabdehə, iddiaya qarşı etirazının və ya vəsatətinin məhkəməyə təqdim etməsinə dair müvafiq məktub göndərilmiş, cavabdehin iddiaya qarşı müvafiq etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi işə yazılı icraat qaydasında baxmışdır. Füzuli Rayon Məhkəməsinin (hakim E.İsmayılov) 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə 679,77 manat əsas, 31,57 manat faiz və 54.75 manat cərimə borcu olmaqla cəmi 766,09 manat və ödənilmiş 26,20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə şifahi məhkəmə iclasında baxılması üçün məhkəmə baxışı təyin edilmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının qərarı aldı hissəsinin 4-cü bəndinə qeyd olunur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Füzuli Rayon Məhkəməsi Konstitutsiya Məhkəməsi Plenumunun bu normasını düzgün tövsif etməmiş, iş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli maliyyə arayışında müəyyən olunan ümumi gecikdirilmiş annuitet borcu - 679.77 AZN (altı yüz yetmiş doqquz manat 77 qəpik) əsas borcu və 159.78 AZN (yüz əllidoqquz manat 78 qəpik) faiz borcunu və 54.75 AZN (əlli dörd manat 75 qəpik) cərimə borcunu nəzərə almamışdır. Qeyd olunan maddənin tələblərinin əksinə olaraq cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda lazımi şəkildə, kredit müqaviləsinin şərtlərini icra etməkdən yayınmasına baxmayaraq, məhkəmə qətnaməsində bu maddi hüquq pozuntusunu da nəzərə almamışdır. Şikayətə görə, Füzuli rayon məhkəməsi iş materiallarına əlavə edilən sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, BOKT "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilən Bildirişdə Qətnamədə qeyd edildiyinin əksinə, cavabdehdən bütün borc məbləği deyil yalnız xx.xx.2024-cü il tarixə olan borc məbləğinin (əsas və faiz borc məbləği) ödənilməsi tələb edilmişdir. Füzuli rayon məhkəməsi xx.xx.2024-cü il tarixdə göndərilən Bildirişi müqavilənin ləğvinə dair yazılı iradə ifadəsi kimi qiymətləndirməklə düzgün nəticəyə gəlməmişdir. Bunlardan əlavə, Füzuli rayon Məhkəməsi tərəfindən gəlinən nəticəyə uyğun olaraq xx.xx.2024-cü il tarixdə göndərilən Bildiriş BOKT "xxxx" QSC-nin müqavilənin ləğv edilməsinə dair iradə ifadəsi hesab edilsə belə məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi anlayışı düzgün tövsif edilməyərək faiz borcunun məbləği əsassız olaraq azaldılmışır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, məhkəmə əsassız olaraq faiz borcunu azaltmışdır. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni iddiaçı faiz borcuna dair hissədə mübahisələndirmişdir. Kollegiya işə iddiaçının apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 848- ADN-0125-24 saylı kredit müqaviləsinə əsasən BOKT "xxxx" QSC tərəfindən Cavabdeh 35% faiz dərəcəsi ilə aylıq 276 manat olmaqla, 6 ay müddətinə ödəmək şərtilə 1500 manat məbləğində istehlak krediti verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə cavabdehin iddiaçıya 679,77 manat əsas borcu, 159,78 manat faiz və 54,75 manat cərimə borcu olmaqla cəmi 894,30 manat məbləğində borcu vardır. İddiaçı BOKT "xxxx" QSC xx.xx.2024-cü il tarixli xəbərdarlıqla cavabdehə banka olan borclarını ödəməklə bağlı müraciət edərək onun banka həmin tarixə 679,77 manat əsas borc, 31,57 manat faiz borcu, 54,75 manat cərimə borcu olmaqla xx.xx.2024-cü il tarixinə cəmi 766,09 manat borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 5 təqvim günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq məktubları göndərilmişdir. BOKT "xxxx" QSC iddia ilə məhkəməyə müraciət edən vaxt 679,77 manat əsas borc, 159,78 manat faiz borcu və 54,75 manat cərimə borcu olmaqla cəmi 894,30 manat məbləğində borcu və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2024-cü ildə başa çatmış, kreditor BOKT müqavilə müddəti başa çatdıqdan sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmadığı, ödənişlərdə pozuntulara yol verildiyi müəyyən edilir. Cavabdeh kredit borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, cavabdeh tərəfindən öhdəliyinin yerinə yetirilməməsi hesab olunmalıdır. Ona görə də iddiaçı kredit borcunu, faizləri və cəriməni haqlı olaraq tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsində tələb olunan əsas və cərimə borcunun məbləği ilə razılaşsa da, faiz borcunun məbləği ilə razılaşmamışdır. Kollegiya hesab edir ki, faiz borcuna dair hissədə məhkəmə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, müqavilə müddəti xx.xx.2024-cü ildə başa çatdıqdan sonra kreditor xx.xx.2024-cü il tarixli xəbərdarlıqla cavabdehə müraciət edərək onun banka həmin tarixə 679,77 manat əsas borcu, 31,57 manat faiz borcu, 54,75 manat cərimə borcu olmaqla cəmi 766,09 manat borcunun yarandığını bildirməklə borcunu tələb etmişdir. Kollegiya birnci instansiya məhkəməsinin mövqeyi ilə mahiyyətcə razılaşır. Belə ki, iddiaçı müqavilə müddəti bitənədək yaranmış faiz borcunu, yəni kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqını (faizləri) tələb edə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: İddiaçı BOKT "xxxx" QSC -nin apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(004)-962/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1026/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1026/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver