Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1032/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-2586/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 9410 manat pulun, 5000 manat dəymiş ziyanın və məhkəməyə iddia ərizəsi üçün ödənilən rüsum kimi 114,40 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şuşa şəhəri işğaldan azad olunan vaxtdan sonra orada təcili işıq və enerji xətlərinin çəkilməsi üçün qum-çınqıla ciddi ehtiyac yarandığından əvvəlcədən tanıdığı şəxs olan İmişli rayon sakini Cavabdeh ona Şuşaya təcili qum-çınqıl lazım olduğunu bildirmiş və iddiaçıdan xahiş etmişdir ki, mallar gələn kimi pulları nağd şəkildə ödəyəcək. İddiaçı da onunla razılaşmış və şəxsi maşınları daşımaya cəlb edərək 2021-ci ilin mart ayının sonuna qədər 22 maşın, yəni 22000 manat dəyərində yük göndərmişdir. Əvvəllər cavabdeh pulun bir hissəsini çətinliklə də olsa iddiaçıya qaytarmış, lakin sonradan gedən yüklərin pullarını ödəməmişdir. Cavabdeh iddiaçıdan gizlənmiş, telefon zənglərinə cavab verməmişdir. İddiaçı da öz növbəsində yük daşıyan maşınların sürücülərinin pullarını verə bilməmişdir və çox pis anlar yaşamışdır. Dəfələrlə cavabdehə zəng etmiş, cavabdeh isə yalan vədlər verməklə onu aldatmışdır. Göndərilən hər bir avtomaşın və yük üçün iddiaçı tərəfindən qaimə yazılmış, cavabdeh yükü qəbul edərkən qaiməni imza etmiş, bir nüsxəsini özündə saxlamış, 2-ci nüsxəsini isə iddiaçıya göndərmişdir. İddiaçı da onun imzası əsasında sürücülərin haqqını çətinliklə ödəmişdir, çünki onlar gələn kimi pullarını tələb edirdilər. Bu sübutlardan (yəni qaimələrdən) başqa, iddiaçının cavabdehlə telefon danışıqlarının yazısı da təqdim olunur. Cavabdeh pulları mənimsəmək xatirinə guya gələn malların az olmasını bəhanə gətirmək istəmiş, halbuki yükləri özü baxıb qəbul etmiş və imza etmişdir. Nəticədə cavabdeh iddiaçıya çatası 22000 manat puldan 12590 manatını iddiaçıya hissə-hissə qaytarmış, qalan 9410 manat məbləğində pulu aldatma yolu ilə mənimsəyərək verməmişdir. O vaxtdan bəri cavabdeh ona çatası 9410 manat məbləğində pulu hələ də iddiaçıya verməmiş və bu vaxt ərzində iddiaçıya 5000 manat məbləğində ziyan vurmuşdur, çünki həmin pullar vaxtında ona verilsəydi, iddiaçı bu qədər qazanc əldə edə bilərdi. Bu barədə iddiaçı İmişli Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin ona bildirmişlər ki, tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(036)-2586/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qurban Hacıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 9410 manat məbləğində pul, əldən çıxmış fayda olaraq 500 manat və iddiaçı tərəfindən çəkilmiş 114,40 manat məbləğində məhkəmə xərcləri, cəmi 10024,4 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(036)-2586/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə hüquqi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmənin qətnaməsi ilə razı deyil. İddiaçının iddia tələbinin qismən təmin edilməsi barədə qətnamədə iddiaçının iddia ərizəsinin tarixi göstərilməmişdir. İddia ərizəsinin surəti bugünədək cavabdeh tərəf kimi ona nə məhkəmə, nə də iddiaçı tərəfindən təqdim edilmədiyindən dəlillərini yalnız qətnamədə göstərilən faktlara istinadən əsaslandırmaq məcburiyyətində qalır. Qətnamədə göstərilir ki, məhkəmə iddiaçının yalnız etirafedici izahlarına əsaslanaraq cavabdehə 2021-ci ilin mart ayının sonuna qədər 22000 manat məbləğində qum-çınqıl göndərdiyini, lakin cavabdeh tərəfindən iddiaçıya 12590 manat maliyyə vəsaitinin verildiyini, qalan 9410 manat vəsaitin isə qaytarılmadığını təsdiqləsə də, maliyyə vəsaitinin məbləği 3000 manatdan artıq olduğundan iddiaçı cavabdeh ilə Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq mütləq yazılı müqavilə bağlanmalı idi. Belə bir yazılı müqavilənin olmaması faktı iddiaçı ilə cavabdehin bir-birlərinə münasibətdə üzərlərinə hər hansı öhdəliklər götürməsini istisna edir və bu səbəbdən də iddiaçının cavabdehdən 9410 manat pul tələbi hakim tərəfindən rədd edilməli idi. Onun məhkəmə iclaslarında iştirakı da təmin edilməməklə prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qətnamədə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərin, qaimə fakturaların olduğunu göstərsə də, iş üçün əhəmiyyət kəsb edən həmin tərəzi qəbzlərinin, qaimələrin nə vaxt kim tərəfindən tərtib edildiyini, onların miqdarını və dəyərini göstərməmişdir. Bu da həmin sənədlərin tam tədqiq edilmədiyinə dəlalət edir. Bu səbəbdən iddiaçının tələbini təmin etməklə hakim səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh çıxış edərək bildirdi ki, o, hazırda "xxxx" MMC-də işləyir. Həmin MMC "xxxx" MMC-nin yenidən təşkil edilməsi nəticəsində yaranmışdır. O, əvvəllər "xxxx" MMC-də işləmişdir. "xxxx" MMC "xxxx" ASC ilə əməkdaşlıq çərçivəsində Şuşada təmir-bərpa işlərinin aparılmasında iştirak etmişdir. Bu zaman Şuşaya qum-çınqılın göndərilməsi zərurəti yaranmışdır. "xxxx" MMC-nin işçisi kimi ona göndərilmiş qum-çınqılın qəbul edilməsinə nəzarət edilməsi tapşırılmışdır. Malları İddiaçı rəhbəri olduğu, lakin hazırda adını unutduğu MMC çatdırmalı idi. Gecikmələr olanda isə o, İddiaçıla əlaqə saxlayaraq, məlumat verirdi. Onunla nə iddiaçının özü, nə də iddiaçının rəhbəri olduğu MMC arasında hər hansı bir müqavilə olmamışdır. Həmçinin, göndərilmiş bütün qum-çınqılın dəyəri tona uyğun hesablanmaqla tam şəkildə ödənilmişdir. Lakin sonradan iddiaçı guya daha çox mal gətirdiyini iddia etməklə əlavə pul tələb etmişdir və bunu guya hər maşında 55-60 ton qum-çınqıl gətirməsi ilə izah etmişdir. Ümumiyyətlə, Şuşa şəhərinə iddiaçının qeyd etdiyi avtomaşınların iddia etdiyi tonnajda yüklə qalxması mümkün deyil. İddiaçı və ya onun rəhbəri olduğu MMC ilə həmin işləri gördürən şirkət arasında hər hansı müqavilənin olub-olmaması, faktiki mövcud olmuş münasibətlərin isə məhz hansı sənədlə tənzimlənməsi ona məlum deyil. Onun özü isə nə fərdi sahibkar deyil, nə də fiziki şəxs kimi özü üçün Şuşa şəhərində hər hansı tikinti-yenidənqurma işləri aparması mümkün deyil. Həmçinin, bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş qaiməfakturaların bəziləri ümumiyyətlə imzalanmamış, bəziləri isə “Məmmədov” soyadlı şəxs tərəfindən imzalanmışdır. Qeyd etdi ki, həmin şəxs də "xxxx" MMC-nin işçisi olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı çıxış edərək bildirdi ki, o, "xxxx" adlı MMC-nin rəhbəridir. Həmin MMC-nin əsas fəaliyyət istiqaməti qum-çınqılın və betonun satışıdır. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təmir-bərpa işlərinin aparılması ilə əlaqədar cavabdeh onunla əlaqə yaratmış, rəhbəri olduğu "xxxx" MMC-dən Cavabdeh qum-çınqılın satılması və Şuşa şəhərinə qum-çınqılın çatdırılması barədə razılığa gəlmişlər. "xxxx" MMC tərəfindən 2021-ci ilin mart ayınadək 22 maşın qum-çınqıl Şuşa şəhərinə yola salınmış, hər maşının qiymətini apardığı yükün tonnajından asılı olmayaraq 1000 manata razılaşmışlar. Ümumilikdə 22000 manat borcdan 12590 manat ödənilmiş, 9410 manat isə ödənilməmiş qalmışdır. Həmin borcun mövcudluğunu iş materiallarına əlavə edilmiş qaimə-fakturalarla da müəyyən etmək olar. Belə ki, malın qəbuluna dair həmin qaimə-fakturaların hamısı məhz Cavabdeh tərəfindən imzalanmışdır. Yola salınan 22 avtomobilə yüklənmiş malın tonnajı bir-birindən fərqli olmuş, əksər avtomaşınlara 30-40 ton arası yük vurulmuşdur. Həmçinin, bildirdi ki, cavabdehin hansısa şirkətdə işləyibişləməməsi ona məlum deyil. Aralarındakı sövdələşmə məhz Cavabdehla olmuş, ona ödənilmiş 12590 manatı da məhz Cavabdeh almışdır. Lakin onun nə Cavabdehla, nə də sonuncunun işlədiyi hər hansı bir təşkilat arasında hansısa bir yazılı əqd olmamışdır. Eyni zamanda, qeyd etdi ki, "xxxx" MMC-nin direktoru olduğuna və danışıqları özü şəxsən apardığına görə hesab edir ki, iddianı məhz öz adından qaldırmaqda, alıcı kimi isə məhz Cavabdeh tanıdığına görə iddia tələbini sonuncuya qarşı yönəltməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, eləcə də, şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasını müəyyən etmədən iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmiş, beləliklə də, MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(036)-2586/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, M.Bağırovun şikayəti üzrə qəbul etdiyi 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının hazırkı tələblə çıxış edə bilməsi üçün subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı olsa da, bunu etməmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş İmişli RPŞ-nin 04 iyul 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan da görünür ki, İddiaçı öz izahatında "xxxx" adlı MMC-sinin və qum-çınqıl emalı zavodunun olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı isə həmin hallar müəyyən edilmədən iddiaçının hazırkı tələbi qismən əsaslı sayılmışdır. Apellyasiya məhkəməsinin iclasında çıxış edərkən İddiaçı bildirmişdir ki, malları (qum-çınqılı) satan "xxxx" MMC olmuşdur, o isə həmin müəssisənin rəhbəri kimi bu mübahisəli münasibətdə iştirak etmişdir. Göründüyü kimi, İddiaçı özü qəbul etmişdir ki, qum-çınqıl onun tərəfindən deyil, onun rəhbəri olduğu "xxxx" MMC tərəfindən satılmışdır. Bu isə o deməkdir ki, qum-çınqılın "xxxx" MMC tərəfindən satılması faktı İddiaçı özü tərəfindən də təsdiq edilir və həmin qum-çınqılı satan hüquq subyekti İddiaçı olmamışdır. Buna görə də, həmin qum-çınqıl üçün ödənilməmiş qalan pulun ödənilməsini tələb etmək hüququ da İddiaçı məxsus deyil və onun tələb hüququ yaranmamışdır. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan da göründüyü kimi, İddiaçı həqiqətən də "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsində İddiaçı onun əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı hər hansı təklif irəli sürülməmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsinin iclasında iştirak edən zaman iddiaçı "xxxx" MMC-nin direktoru olduğuna və danışıqları özü şəxsən apardığına görə iddianı məhz öz adından qaldırmaqda, alıcı kimi isə məhz Cavabdeh tanıdığına görə iddia tələbini sonuncuya qarşı yönəltməkdə haqlı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-in 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh izahatında hazırda özünün "xxxx" MMC-də işlədiyini, həmin MMC-nin "xxxx" MMC-nin yenidən təşkil edilməsi nəticəsində yarandığını, özünün əvvəllər "xxxx" MMC-də işlədiyini, məhz "xxxx" MMC-nin işçisi kimi iddiaçının rəhbəri olduğu MMC tərəfindən göndərilmiş malların qəbul edilməsinə nəzarət etdiyini, onunla nə iddiaçının özü, nə də iddiaçının rəhbəri olduğu MMC arasında hər hansı müqavilə olmadığını bildirmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi əsl olmayan iddiaçı tərəfindən verilməklə yanaşı, həm də əsl olmayan cavabdehə qarşı qaldırılmışdır. Sadalananlarla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi işdə olan qaimə-fakturalara istinad edərək, cavabdehin iddiaçıya 9410 manat borcu qalmasının müəyyən edildiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qaimə-fakturaları da mötəbər sübut olaraq qəbul etmir və bildirir ki, həmin qaimə-fakturaların bəziləri ümumiyyətlə imzalanmamaqla yanaşı, bəzilərində onların “Məmmədov” soyadlı şəxs tərəfindən imzalandığı qeyd edilmişdir. Belə olan halda isə həmin qaimə-fakturalarla cavabdehin iddiaçıya tələb edilən məbləğdə borcunun olması nəticəsinə gəlməklə məhkəmə prosessual hüquq normalarını pozmuş, həmin qaiməfakturalara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı hazırkı iddia tələbini irəli sürə bilmək üçün subyektiv hüquqa malik olmamış, bu hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadan iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normaları pozulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(036)-2586/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393, 402.1 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-2586/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-1032/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1032/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver