Məhkəmə qərarları › İş №2(106)-1036/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1036/2025

29.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1036/2025 29.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-828/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 (on min ) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Biləsuvar rayon polis şöbəsində polis nəfəri kimi birlikdə xidmət etmişlər. Bu səbəbdən aralarında dostluq, yoldaşlıq münasibətləri yaranmaqla inam-etibar var imiş. Cavabdeh pula ehtiyacı odduğundan bankdan kredit götürmək istədiyini, lakin onun götürmək istədiyi məbləğə görə bank tərəfindən zamin tələb olunduğunu ona deyərək ondan bu işdə ona zamin durmaqla köməklik etməsini xahiş etmişdir. Bildirmişdir ki, həmin pulu onsuz da çox ləngitməyəcək, bir-iki işlər var, həmin işlərin nəticəsində əldə etdiyi vəsaitlə bank borcunu bağlayacaqdır. Qeyd etdiyi kimi, onunla iş yoldaşı olduğundan inanaraq onun zamin durmaq xahişini qəbul etmiş və onlar banka gedərək xx.xx.2020-ci il tarixli, RGTK1766246A151 nömrəli zamin müqavilələrinə imza etmiş və cavabdehə bankdan l4.000 manat məbləğində kredit verilmişdir. Sonradan cavabdeh Biləsuvar rayon polis şöbəsindən xidmət etdiyi vaxtlarda işdə yol verdiyi nöqsanlara görə polis sıralarından xaric olunmuşdur. Cavabdeh polis orqanlarından xaric edildikdən sonra kreditor Kapital Bank cavabdehin almış olduğu kredit məbləğinin ödənilməsini ondan tələb edərək hər ay əmək haqqı kartından pul tutulmağa başlamışdır. Bir müddət sonra o, maddi vəziyyəti ilə bağlı banka müraciət etmiş və razılaşmışlar ki, o, zamin kimi həmin cavabdehin banka olan kredit borcunu könüllü olaraq terminal vasitəsi ilə ödəsin. Bu razılaşmaya bu günə kimi əməl edərək Cavabdeh Kapital Banka olan kredit borcu tərəfindən ödənilir. Bu günə kimi 10.000 (on min) manat pul onun tərəfindən zamin olaraq Cavabdeh Kapital Banka olan kredit borcuna görə ödənmişdir. Cavabdeh konkret olaraq bankdan almış olduğu kredit borcu üzrə heç bir ödəniş etmir. Onunla əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Gizlənir və tez-tez ünvanını dəyişir. Ailəsinin maddi ehtiyacları artmışdır. Cavabdeh də almış olduğu kredit borcu üzrə heç bir məsuliyyət hiss etmir və kredit borucunu ödəmir. Odur ki, Cavabdeh Kapital Banka olan kredit borcu üzrə xx.xx.2020-ci il tarixli, RGTK1766246A151 nömrəli zamin müqaviləsinə əsasən zamin kimi ödədiyi 10.000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbində qeyd etdiyi məbləğin bir hissəsi onun iş yeri üzrə mühasibatlıq tərəfindən əmək haqqından tutulmuşdur. Bir hissəsini də ödəniş terminalları vasitəsilə ödəmişdir. Ödəniş qəbzlərini sübut kimi məhkəməyə təqdim etmişdir. Ödəniş qəbzlərindən görünür ki, həmin ödənişlər Biləsuvar rayonu ərazisində ödənilmişdir ki, bu hal da həmin ödənişlərin onun tərəfindən həyata keçirildiyini göstərir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-828/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 925,6 (doqquz yüz iyirmi beş manat altmış qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,1 (on bir manat on qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış aşağıdakı 3 (üç) kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh zamin olmuş, birgə məsuliyyət daşımışdır: 1. xx.xx.2019-cu il tarixli, 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə; 2. xx.xx.2020-ci il tarixli, RGTK1766246A151 nömrəli kredit müqaviləsi üzrə; 3. xx.xx.2022-ci il tarixli, RGTK5034879A151 nömrəli kredit müqaviləsi üzrə. xx.xx.2019-cu il tarixli 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə - İddia ərizəsində qeyd edildiyi kimi, İddiaçı Cavabdeh ilə iş yoldaşı, dostluq münasibətləri olduğundan sonuncunun xahişi ilə Cavabdeh "xxxx" ASC-nin Biləsuvar rayon filialından 24 may 2019-cu il tarixində 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə götürülmüş kreditə İddiaçı zamin olmuş və zaminlik müqaviləsi bağlanmışdır. 24 may 2019-cu il tarixində 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-nin Biləsuvar rayon filialından 14 200 manat kredit götürmüşdür. Cavabdeh polis orqanlarında yol verdiyi pozuntulara görə xx.xx.2019-cu il tarixində polis orqanından xaric edilmişdir. Bundan sonra, qeyd edilən kredit müqaviləsi üzrə, yəni xx.xx.2019-cu il tarixli 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyini vaxtında icra etmədiyinə görə İddiaçı əmək haqqından xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində, cəmi 964,76 manat 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə tutulma olmuşdur. Həmçinin 1000 manat pul vəsaiti xx.xx.2019-cu il tarixində Kapital bankın Biləsuvar filialında, inzibati binada qoyulmuş ödəniş terminalı vasitəsilə 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə kredit ödənişini iddiaçı şəxsən etmişdir. Lakin İddiaçı tərəfindən qeyd edilən ödənişlərlə bağlı sübutlar (xx.xx.2024-cü il tarixli “Ödəniş kartı üzrə çıxarış”, 51576 nömrəli qəbzin əsli) təqdim edilməsinə baxmayaraq, Lənkərən Rayon Məhkəməsi tərəfindən sübut nəzərə alınmamış, ümumiyyətlə, münasibət bildirilməmişdir. İddiaçıya məxsus 510307******2230 nömrəli “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, yuxarıda cədvəldə qeyd edilən tarixlərdə İddiaçı əmək haqqından 964.76 manat pul vəsaiti 151GTKR0118228AD nömrəli kredit üçün silinmişdir. Bundan başqa, iş materiallarında olan 51576 nömrəli kredit qəbzdən görünür ki, 1000 manat pul vəsaiti xx.xx.2019-cu il tarixində Kapital bankın Biləsuvar filialında, inzibati binada qoyulmuş ödəniş terminalı vasitəsilə 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə kredit ödənişi edilmişdir (əməliyyat İD: K**********5688). Həmin kredit ödəniş qəbzinin əsli iddiaçıdadır. Həmçinin Cavabdeh polis orqanlarından xx.xx.2019-cu il tarixində xaric edildikdən sonra yaşayış yeri üzrə qeydiyyatda olduğu (Lənkəran rayonu, Hirkan Ə/D, Hirkan qəsəbəsi) Lənkəran rayonuna köçmüşdür. Bir sözlə, xx.xx.2019-cu il tarixində Kapital bankın Biləsuvar filialında ödəniş edilən zaman cavabdeh Şükürzadə X1 rayonunda yaşamamışdır. Eyni zamanda, ödəniş terminalı vasitəsilə ödənilən kredit ödənişi (1000 manat) həqiqətən Cavabdeh tərəfindən ödənilsə idi, 51576 nömrəli kredit qəbzinin əsli iddiaçıda deyil, Cavabdeh olardı. Birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, iddia tələbinin bu hissəsi ilə bağlı təqdim edilən sübutları (xx.xx.2024-cü il tarixli “Ödəniş kartı üzrə çıxarış”, xx.xx.2019-cu il tarixli 51576 nömrəli kredit ödəniş qəbz) nəzərə almamışdır. Nəticədə, iddia tələbinin təmin edilməyən hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. İddia ərizəsində iddiaçı xx.xx.2019-cu il tarixli 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə zamin kimi ödədiyi pulları tələb edərkən konkret olaraq müqavilə nömrəsinə istinad etməsə də, iddia ərizəsinin məzmundan görünür ki, iddiaçı həmin kredit müqaviləsi üzrə də pulu tələb etmişdir. Belə ki, iddia ərizəsində qeyd edir ki, kredit götürdükdən sonra cavabdeh işdən çıxmış və cavabdeh kredit öhdəliyini icra edə bilməmişdir. Yəni kredit götürülmə tarixi (xx.xx.2019) cavabdehin işdən çıxma tarixindən (xx.xx.2019) əvvəldir. xx.xx.2020-ci il tarixli RGTK1766246A151 nömrəli kredit müqaviləsi üzrə - Cavabdeh xx.xx.2019-cu il tarixli 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişi edə bilmədiyinə görə restrukturizasiyaya etmək məqsədilə "xxxx" ASC-nin Biləsuvar rayon filialına müraciət etmişdir. Onun müraciəti əsasında 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə kredit restrukturizasiyaya edilmiş və onunla "xxxx" ASC-nin Biləsuvar rayon filialı arasında xx.xx.2020-ci il tarixli, RGTK1766246A151 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə 16453,67 manat kredit məbləği, illik 21 faiz dərəcəsi, 445.13 manat aylıq ödəniş və 60 ay müddət müəyyən edilmişdir. İddiaçı ilə "xxxx" ASC-nin Biləsuvar rayon filialı arasında xx.xx.2020-ci il tarixli, Z-RGTK1766246A151 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, qeyd edilən kredit müqaviləsi üzrə də, yəni xx.xx.2020-ci il tarixli, RGTK1766246A151 kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyini vaxtında icra etmədiyinə görə İddiaçı əmək haqqından aşağıda cədvəldə qeyd edildiyi tarixlərdə və məbləğlərdə ümumi 4953,00 manat pul vəsaiti RGTK1766246A151 nömrəli kredit borcuna silinmişdir. xx.xx.2020-ci il tarixdə isə 200 manat pul ödəniş terminalı vasitəsilə iddiaçı şəxsən ödəmişdir. Qəbzin əsli iddiaçıdadır. Lakin İddiaçı tərəfindən qeyd edilən ödənişlərlə bağlı sübutlar (xx.xx.2024-cü il tarixli “Ödəniş kartı üzrə çıxarış”, ödəniş terminalı vasitəsilə kredit ödənişi qəbzin əsli) təqdim edilməsinə baxmayaraq, Lənkərən Rayon Məhkəməsi tərəfindən sübut nəzərə alınmamış, ümumiyyətlə münasibət bildirilməmişdir. İddiaçıya məxsus 510307******2230 nömrəli “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, yuxarıda cədvəldə qeyd edilən tarixlərdə İddiaçı əmək haqqından 4953,00 manat pul vəsaiti RGTK1766246A151 nömrəli kredit borcuna silinmişdir. Bundan başqa, iş materiallarında olan ödəniş terminalı vasitəsilə kredit ödənişi qəbzinin əslindən görünür ki, 200 manat pul vəsaiti xx.xx.2020-ci il tarixində RGTK1766246A151 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişi edilmişdir. Həmin kredit ödəniş qəbzinin əsli iddiaçıdadır. Həmçinin Cavabdeh polis orqanlarından xx.xx.2019-cu il tarixində xaric edildikdən sonra yaşayış yeri üzrə qeydiyyatda olduğu Lənkəran rayonuna köçmüşdür. Bir sözlə, xx.xx.2020-ci il tarixində Biləsuvar rayonunda ödəniş edilən zaman cavabdeh Şükürzadə X1 rayonunda olmamışdır. Eyni zamanda, ödəniş terminalı vasitəsilə ödənilən kredit ödənişi (200 manat) həqiqətən Cavabdeh tərəfindən ödənilsəydi, həmin kredit ödənişi qəbzinin əsli iddiaçıda deyil, Cavabdeh olardı. Birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, iddia tələbinin bu hissəsi ilə bağlı təqdim edilən sübutları (xx.xx.2024-cü il tarixli “Ödəniş kartı üzrə çıxarış”, xx.xx.2020-ci il tarixli kredit ödəniş qəbz) nəzərə almamışdır. Nəticədə, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. xx.xx.2022-ci il tarixli, RGTK5034879A151 nömrəli kredit müqaviləsi üzrə - Cavabdeh xx.xx.2020-cu il tarixli, RGTK1766246A151 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişi edə bilmədiyinə görə təkrar restrukturizasiyaya etmək məqsədilə "xxxx" ASC-nin Biləsuvar rayon filialına müraciət etmişdir. Onun müraciəti əsasında RGTK1766246A151 nömrəli kredit müqaviləsi üzrə kredit restrukturizasiyaya edilmiş və onunla "xxxx" ASC-nin Biləsuvar rayon filialı arasında üçüncü - xx.xx.2022-ci il tarixli, RGTK5034879A151 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə 17 899.85 manat kredit məbləği, 399.7 manat aylıq ödəniş və 84 ay müddət müəyyən edilmişdir. Həmin kredit müqaviləsi üzrə İddiaçı ilə "xxxx" ASC-nin Biləsuvar rayon filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli, RGTK5034879A151 nömrəli kredit müqaviləsi zamin olması xx.xx.2025-ci il tarixli “mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış”la təsdiq edilir (apellyasiya şikayətinə əlavə edilir). Bundan sonra, qeyd edilən kredit müqaviləsi üzrə də, yəni xx.xx.2022-ci il tarixli, RGTK5034879A151 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyini vaxtında icra etmədiyinə görə İddiaçı əmək haqqından aşağıda cədvəldə qeyd edildiyi tarixlərdə və məbləğlərdə ümumi 925.58 manat pul vəsaiti RGTK5034879A151 nömrəli kredit borcuna silinmişdir. Hansı ki, birinci instansiya məhkəməsi yalnız xx.xx.2022-ci il tarixli, RGTK5034879A151 nömrəli kredit müqaviləsi üzrə İddiaçı əmək haqqı kartından silinmiş 925.58 manat pul vəsaitini təmin etmişdir. Bundan başqa, İddiaçı aşağıdakı cədvəldə qeyd edildiyi kimi xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 tarixlərində Biləsuvar şəhəri ərazisində yerləşən ödəniş terminalları vasitəsilə 2000 manat pulu xx.xx.2022-ci il tarixli RGTK5034879A151 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişləri etmişdir. Həmin ödəniş qəbzlərinin əsilləri İddiaçıdır. Həmin ödəniş qəbzlərindən də aydın görünür ki, edilən kredit ödənişi RGTK5034879A151 nömrəli kredit müqaviləsi üzrədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. xx.xx.2019-cu il tarixli, 151GTKR0118228AD nömrəli və xx.xx.2020-ci il tarixli, RGTK1766246A151 nömrəli kredit müqavilələri üzrə birinci insansiya məhkəməsinə təqdim edilən “Ödəniş kartı üzrə çıxarış”lara ümumiyyətlə toxunmamış və münasibət bildirməmiş, sübut kimi qiymət verməmişdir. Ödəniş terminalları vasitəsilə edilmiş ödəniş qəbzləri ilə bağlı birinci instansiya məhkəməsi mövqeyində qeyd edir ki, həmin ödəniş qəbzlərində ödəyici kimi “İddiaçı” deyil, “Cavabdeh Qəhrıman oğlu” qeyd edilmişdir. Ödəniş qəbzlərində vəsaitin "xxxx" ASC-nin Biləsuvar filialı kimi qeyd edilməsi həmin ödənişlərin məhz Cavabdeh tərəfindən ödənildiyini təsdiq etmir. Belə ki, iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən də görünür ki, həmin müqavilə "xxxx" ASC-nin Biləsuvar filialı ilə bağlanmışdır. Birinci instansiya məhkəməsinin bu mövqeyi əsasız və ağlabatan deyildir. Belə ki, yuxarıda qeyd edilən kredit müqavilələri üzrə ödəniş Cavabdeh adından edilməlidir. Çünki kredit müqaviləsi üzrə “borcalan” Cavabdehdur. Kredit ödənişləri də Cavabdeh məxsus müştəri kodu (CİF kod) vasitəsilə həyata keçirilmişdir. Cavabdeh məxsus ******* nömrəli müştəri (CİF) kodu vasitəsilə istənilən şəxs istənilən ödəniş terminalı və internet üzərindən kredit ödənişi etmək imkanına malikdir. Bu halda qəbzdə ödəyən şəxsin adı deyil, Cavabdeh adı qeyd edilir. Birinci instansiya məhkəməsinin diqqət yetirmədiyi əsas hallardan biri ondan ibarətdir ki, terminallar vasitəsilə edilmiş ödəniş qəbzlərinin əslləri İddiaçı olmasıdır. Cavabdeh yaşadığı Lənkəran rayonu, Hirkan qəsəbəsindən Biləsuvar şəhərinə (məsafə təxminən 100 km-dir) gələrək özünə məxsus kredit ödənişini Biləsuvar şəhərində terminal vasitəsilə ödəməsi və özünə məxsus kreditə görə ödəniş qəbzlərinin əsllərini İddiaçı verməsi ağlabatan deyildir. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmişdir. Bundan başqa, Cavabdeh Lənkəran rayonu, Hirkan qəsəbəsində yaşadığı halda terminal vasitəsilə edilən bütün ödənişlərin iddiaçının yaşadığı Biləsuvar şəhəri ərazində yerləşən ödəniş terminallarda edilməsinə də birinci instansiya məhkəməsi diqqət yetirməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-828/2025 nömrəli qətnaməsinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməyən hissəsi olan 9074,40 manatın (xx.xx.2019-cu il tarixli 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə - 1964,76 manat, xx.xx.2020-ci il tarixli RGTK1766246A151 nömrəli kredit müqaviləsi üzrə - 5153 manat və xx.xx.2022-ci il tarixli RGTK5034879A151 nömrəli kredit müqaviləsi üzrə - 1956.64 manat) Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddia ərizəsinin birinci instansiya məhkəməsinə verilməsinə görə 108,90 manat (təmin edilməyən hissə), apellyasiya şikayətinin verilməsinə görə 60 manat dövlət rüsumlərinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, apellyasiya şikayətinin verilməsi, apellyasiya instansiyası məhkəməsində iddiaçının təmsil edilməsi və onun hüquqlarının müdafiəsi üçün ödənilmiş 320 (üç yüz iyirmi manat) manat hüquqi yardım göstərilməsi xərcinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-828/2025 nömrəli qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-828/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-828/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC-dən kreditə görə zamin olaraq onun tərəfindən 10000 manat ödəniş olunmasını bildirib həmin məbləği reqres qaydada cavabdehdən tələb edir. İşdə olan sübutlarla müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" ASC arasında 24 may 2019-cu il tarixli, 151GTKR0118228AD nömrəli, 27 yanvar 2020-ci il tarixli, RGTK1766246A151 nömrəli və 08 aprel 2022-ci il tarixli, RGTK5034879A151 nömrəli kredit müqavilələri imzalanmış və həmin müqavilələr üzrə götürülmüş kreditin təminatı məqsədilə iddiaçı ilə "xxxx" ASC arasında eyni tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələri üzrə İddiaçı borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış 16.453,67 manat məbləğində kredit öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı iddia tələbində həmin zaminlik müqaviləsi üzrə borcalanın əvəzinə ödədiyi 10.000 manatı cavabdehdən tələb edir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bank çıxarışından onun Z- RGTK176624A151 saylı kredit müqaviləsi üzrə zamin kimi cəmi 925,6 manat vəsaiti ödədiyi müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab edib birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 151GTKR0118228AD nömrəli kredit müqaviləsi üzrə İddiaçı hesabından zamin olaraq 964.76 manat, 27 yanvar 2020-ci il tarixli, RGTK1766246A151 nömrəli kredit müqaviləsi üzrə 4953 manat və 08 aprel 2022-ci il tarixli, RGTK5034879A151 nömrəli kredit müqaviləsi üzrə 925.58 manat vəsait silinmişdir. Bundan başqa, iddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bğlanmış kredit müqavilələri üzrə ödəniş terminalı vasitəsilə 3200 manat vəsait ödənilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin ödəniş qəbzlərində ödəyici kimi “İddiaçı” deyil, “Cavabdeh” qeyd edilmişdir. Ödəniş qəbzlərində vəsaitin "xxxx" ASC-nin Biləsuvar filialı kimi qeyd edilməsi həmin ödənişlərin məhz Cavabdeh tərəfindən ödənildiyini təsdiq etmir. Belə ki, iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən də görünür ki, həmin müqavilə "xxxx" ASC-nin Biləsuvar filialı ilə bağlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab edib birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, birincisi, kredit ödənişləri Cavabdeh məxsus müştəri kodu (CİF kod) vasitəsilə həyata keçirildiyindən həmin ödənişi kimin həyata keçirməsindən asılı olmayaraq qəbzdə ödəyici şəxs qismində əsas borclu, hazırkı halda Cavabdeh qeyd edilməsi təbii haldır. İkincisi, terminallar vasitəsilə edilmiş ödəniş zamanı qəbz verilir ki, həmin qəbzlərin əslləri İddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh özünə məxsus kredit ödənişini terminal vasitəsilə ödəyib ödəniş qəbzlərinin əsllərini İddiaçı verməsi isə inandırıcı deyil. Əksinə, həmin qəbzlərin iddiaçıda olması onu göstərir ki, kredit ödənişi, həqiqətən də, iddiaçı tərəfindən edilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan hissədə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-828/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-828/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmayan 9074.4 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh 9074.4 manat tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsmuna görə 108,90 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 60 manat dövlət rüsumu və 320 manat hüquqi yardım göstərilməsinə görə çəkilmiş xərc, cəmi 488,90 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar