Məhkəmə qərarları › İş №2(106)-1037/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1037/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1037/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə) qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-149/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş 3M-573 reyestr nömrəli, 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi”nin şərtlərinə əsasən borc alan İddiaçı borc verən Cavabdeh ilə ona 2014-cü ildə borc verilmiş 35.000 (otuz beş min) manat pulu 18 ay müddətinə hər ayın sonu 1944 manat olmaqla qaytarması barədə razılığa gəlmişlər. Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən aparılmış 7E- 1357 reyestr nömrəli, 23 yanvar 2018-ci il tarixli icra qeydinə əsasən İddiaçı Cavabdeh xeyrinə 35.010 manat pul vəsaitinin tutulması qeyd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-196/2024 saylı qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)- 2168/2023 saylı qətnaməsinə əsasən həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, İddiaçı 35.00 manat borc və 195 manat dövlət rüsumunun alınaraq Cavabdeh ödənilməsi qət edilmiş, xx.xx.2024-cü il tarixli, 2(106)- 196/2024 saylı qərardadla Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)- 2168/2023 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. Məhkəmə tərəfindən Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinə və dəfələrlə Lənkəran “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə sorğu göndərilsə də, mübahisələndirilən xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş 7E-1357 reyestr nöməli icra qeydinə dair notariat işi məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli 7E-1357 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqribən 20 il bundan əvvəl onun dostu Elxan adlı şəxs ona demişdir ki, Ədalət adlı adam var, işçi axtarır. O, da həmin vaxtlar işsiz olduğuna görə Elxanla razılaşıb Ədalətin iş yerinə getmişdir. Sonra orada Ədalətlə danışaraq işin şərtləri barədə razılığa gəlmişlər. Bundan sonra Ədalət onunla əmək müqaviləsi bağlayaraq onu işçi kimi işə götürmüşdür. O, işləyə-işləyə Ədalət ona əmək haqqı vermirmiş, ondan əmək haqqını istəyəndə ona demişdir ki, işlə, yaxşı olacaq. Ədalət ona demişdir ki, satdığı hər malın üzərinə 2 qəpik pul qoysun və həmin iki qəpik pul ona çatacaq. O, bu minvalla bir xeyli müddət Ədalət ilə işləmişdir. Təqribən 2014-cü il tarixdə Ədalət onun yanına gələrək demişdir ki, onun, yəni Ədalətin Roşen firmasına borcu yaranıb. Ədalət ondan xahiş etmişdir ki, sənədlərə imza etsin ki, həmin pul dükanlara nisyə verilmiş mallardadır. Ədalət onu inandırmışdır ki, həmin borcun ona heç bir aidiyyəti yoxdur. Özü sonra həmin məsələni qaydasına qoyacaq. O, da inanmışdır ki, Ədalət əgər malın dükanlarda olduğunu göstərirsə bunun həqiqətən ona aidiyyəti ola bilməz. Ən uzağı malın nisyədə olduğunu deyəcək və həmin pulun ona aidiyyəti ola bilməz. Ona görə də Ədalətə inanaraq müəyyən sənədlərə imza etmişdir. Sonradan o, bilmişdir ki, əslində həmin pulu Ədalət mənimsəmiş və çıxış yolu kimi həmin pulu onun adına yazmaq istəmişdir. Onun savadsız olduğunu bildiyi üçün bu məsələlərdən başının çıxmayacağını bilərək ona qəsdən həmin sənədlərə imza etdirmiş və özünü borc məsələsindən təmiz çıxarmışdır. Bundan sonra Ədalət 2015-ci ildə onu notariusa apararaq demişdir kı, bu borcun ona dəxli yoxdur. Bunu firmaya göstərəcək və firma dükanlardan nisyələri yığacaq. O, da artıq 10 ilə yaxın müddətdə Ədaləti tanıdığı üçün ona inanaraq notariusda sənədləri imzalamışdır. Lakin 2023-cü ilin sonlarında onun məlumatı olub ki, Ədalət həmin pulun ondan alınması üçün notariusa müraciət edib və icra qeydi verilib. Bundan sonra o, şifahi olaraq icra şöbəsinə müraciət etsə də bunun heç bir faydası olmayıb. Həmçinin Lənkəran Rayon Məhkəməsinin onun barəsində qəbul etdiyi qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsi şikayətini təmin etmişdir. O, Lənkəran Rayon Məhkəməsində iştirak edərkən Ədalətin ondan həmin icra qeydinə əsasən pul istəməsini bilməmişdir. Lənkəran Rayon Məhkəməsi də işə yekun verərkən ona bunu izah etməmişdir. Onun Ədalətə borcu olmadığı üçün və Lənkəran Rayon Məhkəməsi onun Ədalətə pul verməli olduğunu yazdığı üçün o, da həmin qətnamədən apellyasiya şikayəti vermişdir. X2 Məhkəməsi 14 fevral 2024-cü il tarixdə yekun məhkəmə qərarı çıxardıqdan sonra hakimlər ona qətnaməni izah etmişlər və demişlər ki, Ədalətin ondan 35.000 (otuz beş min) manat tələb etməsi ilə bağlı icra qeydi vardır. Ədalət həmin icra qeydinə əsasən ondan pulu tələb edir. Həmin icra qeydi ola-ola yenə mülki iddia verib. Ona görə də Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. O, həmin vaxt bilmişdir ki, barəsində icra qeydi vardır. Notarius icra qeydini verərkən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsini əsas götürmüş, lakin sənədlərin yoxlanılması zamanı həmin maddənin tələblərizi pozmaqla qanunsuz və əsassız icra qeydi vermişdir. Belə ki, həmin qanunun 76-cı maddəsində qeyd edilmişdir ki, borcludan pul məbləğlərini tutaraq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə biİdiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Tələbkar hazırkı vaxta kimi onun yaşadığım ünvana (qeyd edir ki, qeydiyyatda olduğu yer həm də faktiki yaşadığı ünvandır) icra qeydinin aparılması ilə bağlı hər hansı bildiriş, və ya xəbərdarlıq göndərməmiş, notarius da icra qeydini aparakən həmin halı nəzərə almamışdır. Bundan əlavə, notarius barəsində apardığı icra qeydini məlumat üçün ona göndərməli olduğu halda onu da etməmiş, həmin icra qeydini birbaşa icraya yönəltmişdir. İcra qeydində yazılmış borc müqaviləsinə əsasən onun Ədalətlə aralarında 2014-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. İcra qeydi isə 2018-ci il tarixdə verilmişdir. Yəni ki, icra qeydinin verilməsi üçün nəzərdə tutulmuş müddət lap çoxdan keçmişdir. Bu səbəbdən də notarius icra qeydi verməli olmadığı halda bunu etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirmişdir ki, nə Cavabdeh, nə də ki notarius tərəfindən ona qeydiyyatda olduğu və yaşadığı ünvana heç vaxt heç bir bildiriş, məktub göndərilməmişdir, o, belə bir göndərişi almaqla əlaqədar heç vaxt heç bir sənədi imzalamamışdır. Eyni zamanda, mübahisələndirdiyi icra qeydi barədə heç vaxt məlumatlandırılmamışdır. Onun barəsində belə bir icra qeydinin tərtib edilməsi barədə yalnız Şirvan Apellyasiya Məhkəməsində ona qarşı iddia tələbinə baxılarkən məlumatlandırılmışdır və bundan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddia tələbində mübahisələndirilən icra qeydi tərtib edilərkən notarius tərəfindən bu sahədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən icra qeydi verilməmişdən əvvəl tələbkar Cavabdeh tərəfindən İddiaçı bu barədə bildirişin göndərilməsi və bu barədə təsdiqləyici sənədləri notariusa təqdim etməsi tələb edilsə də, Cavabdeh bunları etməmiş, notarius da öz növbəsində qeyd edilən tələbə riayət edilməsini yoxlamadan, yəni İddiaçı bildirişin göndərilmədiyi halda icra qeydi vermişdir. Eyni zamanda, notarius icra qeydini tərtib edərkən həmin tələblə əlaqədar icra qeydi verilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçdiyinə diqqət yetirməmişdir. Qeyd edilənlərdən görünür ki, icra qeydi qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasındakı izahatında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, İddiaçı o, uzun müddət əvvəl tanımışdır və onlar bir yerdə işləmişlər. Birlikdə işlədikləri vaxt Zaid borca pul istəmişdir. O, da öz növbəsində Zaidə inanaraq 2014-cü ildə ona 35.000 manat borc pul vermişdir. Sonradan 27 oktyabr 2015-ci ildə İddiaçıla birlikdə Lənkəran rayon 1 saylı notariat kontoruna gedərək, aralarında olan borcu rəsmiləşdirmişlər. Sonradan İddiaçıla arasında bağladığı həmin kredit müqaviləsini Lənkəran rayon 1 saylı notariat kontoruna təqdim etmişdir və notarius tərəfindən icra qeydi tərtib edilmişdir. O, icra qeydinin verilməsi ilə əlaqadar İddiaçı heç bir bildiriş, məktub göndərməmişdir. Eyni zamanda, bununla əlaqədar notariusa heç bir sənəd təqdim etməmişdir. İcra qeydinin verilməsi üçün notarisa yalnız Zaidlə arasında bağladığı kredit müqaviləsini təqdim etmişdir. Ona qarşı irəli sürülmüş iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran regional “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə Cavabdeh və Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-149/2025 saylı (hakim A.Pənahov) qətnaməsi ilə iddia təmin edilmiş, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli, 7E-1357 reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi və iddia tələbi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində mübahisələndirilən icra qeydinin verilməsi ilə əlaqədar ona Cavabdeh tərəfindən heç bir bildiriş təqdim edilmədiyini bildirdiyi halda, Cavabdeh də məhkəmə iclasında həmin icra qeydi ilə əlaqadar İddiaçı heç bir bildiriş göndərmədiyini bildirmişdir. Eyni zamanda, sözügedən icra qeydinə dair notariat işi də notariat ofisi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sözügedən halları təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli, bildirişin surətini, onun borcluya çatdırıldığını təsdiq edən sənədi və borclunun cavab məktubunu (cavab məktubu olduğu halda) icra qeydinin aparılması barədə notariat ofisinə ünvanladığı ərizəyə əlavə etməli idi. Qeyd edilən hallardan belə müəyyən edilmişdir ki, hazırki iddia tələbində mübahisələndirilən icra qeydi qanunvericiliyin tələblərinə riayət edilmədən aparılmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, qanunvericiliklə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda, borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət etdiyi üçün hazırkı iş üzrə icra qeydinin aparılması ilə əlaqadar qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilmədiyi üçün iddia təmin edilməli, icra qeydi etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının 1, 1-1-ci bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 373.5, 374.1, 374.2, 376-cı maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 119.1-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 8.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildə ondan 35000 manat məbləğində borca pul almışdır. İddiaçı ondan aldığı borc pulunu tezliklə ona qaytaracağını söz vermişdir. İddiaçı 2014-cü ildə ondan aldığı 35000 manat məbləğində borcu ona qaytara bilmədiyi üçün onunla razılaşmışlar ki, o, həmin 35000 manat borc pulu hər ay 1944 manat olmaqla hissə-hissə qaytaracaqdır. Belə olan halda bildirmişdir ki, onda bunu notariusda rəsmiləşdirmək lazımdır. İddiaçı da onunla razılaşdıqdan sonra hər ikisi 27 oktyabr 2025-ci il tarixdə Lənkəran Rayon 1 saylı notariat kontorunun xüsusi notariusu Səfər İsmayılovun yanına getmiş və orada bununla bağlı aralarında əvvəllər verilmiş kreditin etirafı müqaviləsi bağlanılmışdır və həmin müqavilə Lənkəran Rayon 1 saylı notariat kontorunun xüsusi notariusu Səfər İsmayılov tərəfindən reyestrdə 3M-573 nömrə ilə qeydə alınmışdır. Onunla İddiaçı arasında bağlanmış və Lənkəran Rayon 1 saylı notariat kontorunun xüsusi notariusu Səfər İsmayılov tərəfindən təsdiq edilmiş həmin əvvəllər verilmiş kreditin etirafı müqaviləsində qeyd edilmişdir ki, Cavabdeh 2014-cü il tarixdə İddiaçı verdiyi 35000 AZN manat məbləğində borc pulu hər ayın sonu 1944 AZN olmaqla 18 ay müddətində qaytarmaq şərti ilə razılığa gəlmişdirlər. İddiaçı 2014-cü il tarixdə Cavabdeh aldığı 35000 AZN manat məbləğində borc pulu hər ayın sonu 1944 AZN manat olmaqla 18 ay müddətinə qaytarmaq şərti ilə öhdəsinə götürür. Qeyd olunan müqavilə üç nüsxədən ibarət tərtib edilərək onların biri Lənkəran rayon notariat kontorunun işlərində saxlanılmış, qalan nüsxələr tərəflərə verilmişdir. Beləliklə də, qeyd olunan müqavilə 27 oktyabr 2015-ci il tarixdə təsdiq edildikdən sonra da iş üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Ona görə də ilk olaraq tərəfindən İddiaçı bildiriş göndərilmiş və İddiaçı bir xəbər çıxmadığı üçün lazım olan sənədləri Lənkəran Rayon 1 saylı notariat kontorunun xüsusi notariusu Səfər İsmayılova təqdim etmişdir ki, İddiaçı aralarında bağlanılmış qeyd olunan müqavilənin şərtlərini lazımi qaydada icra etmədiyi üçün həmin müqaviləni icraya yönəltsin. Lənkəran Rayon 1 saylı notariat kontorunun xüsusi notariusu Səfər İsmayılov da onun təqdim etdiyi sənədlər əsasında 23 yanvar 2018-ci il tarixdə 7E-1357 reyestr nömrəli icra qeydi tərtib edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh xeyrinə 35010 manat pul vəsaitinin tutulsun. Bundan sonra həmin icra qeydi icra edilməsi üçün icraya yönəldilmişdir. İddiaçı həmin icra qeydinin də tələblərini icra etmədiyi üçün o, bununla bağlı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2168/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(106)-196/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2168/2023 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. Hazırda isə İddiaçı ona qarşı iddia qaldıraraq Lənkəran Rayon 1 saylı notariat kontorunun xüsusi notariusu Səfər İsmayılov tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixdə 7E-1357 reyestr nömrəli icra qeydinin etibarsızlığını tələb edir və qeyd edir ki, guya onun bu icra qeydindən xəbəri olmamışdır və ona cavabdeh tərəfindən hər hansı qaydada bildiriş göndərilməmişdir. Hansı ki hələ ona qarşı həmin pulun tələbi ilə bağlı iddia ərizəsinə məhkəmə iclasında baxılarkən İddiaçı özü etiraf etmişdir ki, İddiaçı ona göndərilən bildirişi almışdır. İndi isə qeyd edir ki, guya onun heç nədən xəbəri yoxdur. Belə ki, İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, 2023-cü ilin sonlarında onun məlumatı olub ki, Ədalət borc pulun ondan alınması üçün notariusa müraciət etmiş və bu barədə icra qeydi verilmişdir. Bundan sonra o, şifahi olaraq olaraq icra şöbəsinə müraciət etsə də, bunun heç bir faydası olmayıb. İddiaçı daha sonra iddia ərizəsində qeyd etmişdir ki, X2 Məhkəməsi 14 fevral 2024-cü il tarixdə yekun məhkəmə qərarı çıxardıqdan sonra hakimlər ona qətnaməni izah etmişlər və demişlər ki, Ədalətin ondan 35000 manat tələb etməsi ilə bağlı icra qeydi vardır. Ədalət həmin icra qeydinə əsasən ondan pulunu tələb edir. Bundan başqa məhkəmə özü qətnaməsində qeyd edir ki, dəfələrlə notariusa sorğu göndərilsə də, icra qeydi ilə bağlı notariat işi məhkəməyə təqdim edilməmişdir. Burada sual olunur ki, onda məhkəmə notariat işini almadan həmin işi təqdim etməyən təşkilat barədə niyə hər hansı tədbir görmür və işi obyektiv araşdırmaq üçün niyə notariat işinin alınmasına nail olmamışdır. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(049)-149/2025-ci il saylı qətnaməsinin ləğv edilərək İddiaçı Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh ərizə ünvanlayaraq səhhəti ilə bağlı qeyd olunan tarixdə və vaxtda məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təyin olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının: 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; c) bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bunda sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(049)-149/2025-ci il saylı qətnaməsinin ləğv edilərək İddiaçı Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-149/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-149/2025 saylı qətnaməsi Cavabdehnin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli, 7E-1357 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliklə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda, borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət etdiyi üçün hazırkı iş üzrə icra qeydinin aparılması ilə əlaqadar qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilmədiyi üçün iddia təmin edilməli, icra qeydi etibarsız hesab edilməlidir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən aparılmış 23 yanvar 2018-ci il tarixli, 7E-1357 reyestr nömrəli icra qeydinə əsasən İddiaçı Cavabdeh xeyrinə 35.010 manat pul vəsaitinin tutulması qeyd edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Təlimatın 162-ci bəndinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Qanunvericilik müəyyən tələblər üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Lənkəran “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə sorğu göndərilmişdir. Lakin iş materiallarında olan (səhifə 112) Lənkəran Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş sorğuya cavab məktubundan aydın olur ki, Lənkəran Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin arxivində icra qeydi ilə bağlı notariat işi axtarılmış, lakin həmin icra qeydi aşkar edilməmişdir. İş materiallarının 86-cı səhifəsində olan Lənkəran “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisi tərəfindən məkəməyə ünvanlanmış məktubda isə yalnız icra qeydinin və 27 oktyabr 2015-ci il tarixli müqavilənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən notariat işinin alınmamasını mübahisələndirsə də, iş materiallarından açıq görünür ki, birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə sorğular göndərilmiş, lakin məsul notariat orqanları notariat işinin arxivdə tapılmadığını və bu səbəbdən təqdim olunmasının mümkün olmadığını rəsmi olaraq bildirmişdir. Bu halda məhkəmənin daha artıq tədbir görməsi prosessual hüquq normalarında nəzərdə tutulmamışdır. Əksinə, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq sübut toplama təşəbbüsü göstərmiş, lakin cavabdeh özü iddiasının əsasını təşkil edən icra qeydi üzrə sənədləri təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddiaçıya bildiriş göndərildiyini qeyd etsə də, sübutetmə yükü cavabdehin üzərindədir, o, bildirişin göndərildiyini sübut etməlidir. Sadəcə "bildiriş göndərmişəm" demək kifayət deyil. Bu, yalnız sübutsuz bəyanatdır və sənədlə təsdiqlənmədiyi üçün hüquqi qüvvəsi də yoxdur. Notariat işi arxivdə tapılmadığı üçün və notarius da onu təqdim etmədiyinə görə həqiqətin müəyyən edilməsi üçün vacib sübutlar təqdim olunmamışdır. Bildiriş göndərilmədiyi təqdirdə isə icra qeydi qanunsuz hesab edilməlidir. Çünki borclunun müdafiə hüququ pozulmuşdur. Bu vəziyyət notariat icraatında birtərəfli prosedur olan icra qeydinin forma və mahiyyət cəhətdən ciddi şəkildə pozulmasıdır. Ona görə də məhkəmə tərkibi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-149/2025 saylı qətnaməsi Cavabdehnin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-149/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar