Məhkəmə qərarları › İş №2(106)-1038/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1038/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1038/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir oğlu və Kərimov Tale Sulddin oğlundan ibarət tərkibdə, iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlunun cavabdehlər Hüseynov Ələddin Sədulla oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 3000 ABŞ dolları pulun və ödənilmiş 85 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(073)-1550/2022 saylı qətnaməsindən iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasına dair Cəlilabad Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(073)-1550/2022 saylı qərardadından iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyənetdi: Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(073)-1550/2022 saylı qətnaməsi ilə iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlunun cavabdehlər Hüseynov Ələddin Sədulla oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 3000 ABŞ dolları pulun və ödənilmiş 85 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(073)-1550/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(073)-1550/2022 saylı qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu apellyasiya şikayətində iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu apellyasiya şikayətində Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət etmədən, yəni iddiaçı məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları, təsdiq edən sübutları (qətnamənin əsassızlığına dair sübutları) apellyasiya şikayətində göstərməmişdir. Bundan başqa, Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə nəzərdə tutulmuş qətnamə və qərardadlardan şikayət verilməsinin tərtib edilməsi formasına riayət edilməmişdir. İddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu Cəlilabad Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(073)-1550/2022 saylı qərardadından şikayət verərək, onun ləğv olunmasını, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(073)-1550/2022 saylı qərardadına əsasən iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(073)-1550/2022 saylı qərardadından iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu tərəfindən verilmiş şikayət əsaslıdır. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada (Məcəlləyə əlavə forma 2) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarmışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlunun Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(073)-1550/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini tədqiq edərək, şikayətin Məcəllə ilə müəyyən olunan forma məzmuna uyğun tərtib edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı apellyasiya şikayəti Məcəllənin 361ci maddəsinin tələbinə uyğun və Məcəlləyə 2 saylı əlavədə nəzərdə tutulmuş formada tərtib olunmuşdur. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlunun şikayəti əsaslı olduğundan təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 05 aprel 2023cü il tarixli 2(073)-1550/2022 saylı qərardadı ləğv edilməli, qətnamədən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlunun şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(073)-1550/2022 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(073)-1550/2022 saylı qətnaməsindən iddiaçı Bədəov Rəyasət Hüseynqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar