Məhkəmə qərarları › İş №2(106)-104/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-104/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-104/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X7, İddiaçı2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək İmişli rayonu Qızılkənd kəndində yerləşən, 1,11 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar ödənilmiş 7300,0 manat və torpağın məhsuldarlığının artırılmasına sərf edilən 4440,0 manat olmaqla cəmi 11.740,0 manat məbləğində vəsaitin alınıb onların xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçılar tələbi aşağıdakı kimi əsaslandırmışlar: Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən JN 0163 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 163A saylı planda yeri göstərilmiş 11137,19 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 21 noyabr 2007-ci il tarixdə torpaq payçıları ilə bağladığı alqı-satqı Aktı əsasında cəmi 4300,0 ABŞ dolları ödəməklə satınalma yolu ilə əldə etmişdir. (İddiaçı1 2000,0 ABŞ dolları ödəməklə torpaqdan birlikdə istifadə etmək hüququ əldə etmişdir). Akt torpaq üzərində sərancam verən payçıların imzası ilə təsdiq olunaraq İmişli RİHB-nin Qızılkənd kənd İN-nin möhürü ilə təsdiq olunmuş və JN 0163 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının əsli ona təhvil verilmişdir. Torpaq sahəsindən indiyədək iddiaçılar birlikdə təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. 2023-cü ildə Cavabdeh aralarındakı razılaşmanı pozaraq torpaq sahəsini geri almışdır. İddiaçılar onu da qeyd etmişlər ki, torpaq onlara satıldıqdan sonra 11137,19 kv/m sahədə hamarlama işləri, sahəyə peyin və gübrə verilməsi, qrunt sularının axıdılması üçün drenajlar çəkilməsi işlərinə görə 2360 manat, həmçinin torpaq sahəsinin ES-100 markalı traktorla hamarlama işlərinin aparılması, ətrafdan torpaq daşınaraq ilə Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, islahat nəticəsində beş nəfərdən ibarət olan ailə üzvlərinin birgə mülkiyyətinə İmişli rayonu Qızılkənd kəndi ərazisində cəmi 2,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN 0163 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında göstərilmiş 163 və 163 A saylı plan əsasında təhkim edilmişdir. 163 və 163A saylı planda yeri göstərilən 11137,19 kv/m və 13079,47 kv/m torpaq sahələrini birlikdə 2005-ci ildə cəmi 3000,0 manata İddiaçı2 müvəqqəti istifadəsinə verilmiş və həmin sahədə kənd təsərrüfatı məhsulları yetişdirilərək indiyədək istifadə olunmuşdur. Müddət bitdikdən sonra İddiaçı2, İddiaçı1 ilə birlikdə torpağa yiyələnərək torpaq sahəsini qaytarmaqdan imtina etdiyi üçün aralarında mübahisə yaranmış və torpaq sahəsi ailə üzvlərinin tələbi ilə geri alınmışdır. İddiaçı2 və İddiaçı1 ona məxsus olan 2,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən on yeddi il müddətində fasiləsiz qaydada istifadə edərək faydalanmış, lakin torpağın məhsuldarlığının artırılması üçün heç bir iş görülməmiş və buna görə vəsait sərf edilməmişlər. Buna baxmayaraq İddiaçı2 aldığı 3000,0 manatı ona qaytarmağa razıdır. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 7300,0 (yeddi min üç yüz) manat vəsaitin və 73,0 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçılar- İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən həm İddiaçı2, həm də Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiyaşikayətinindəlilləri İddiaçı2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, torpaq sahəsini cavabdehə 4300,0 ABŞ dolları ödəməklə satınalma yolu ilə əldə etmişdir. Bu barədə akt tərtib edilmiş, akt torpaq üzərində sərəncam verən payçıların imzası ilə təsdiq olunaraq İmişli RİHB-nin Qızılkənd kənd İN-nin möhürü ilə təsdiq olunmuş və “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının əsli ona təhvil verilmişdir. Torpaq sahəsindən indiyədək qardaşı İddiaçı1 ilə birlikdə təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. Torpaq sahəsinin yaxşılaşdırılmasına 4440 manat əlavə vəsait qoymuşdur. Məhkəmə əsassız olaraq, torpağa çəkilən xərci təmin etməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, İmişli rayon məhkəməsinin həmin qətnaməsi ilə hüquqları pozulmuşdur. O, ailə üzvləri ilə birgə mülkiyyətində olan torpaq sahəsini 2007-ci ildə cəmi 3000 manata İddiaçı2 müvəqqəti istifadəyə vermişdi. İddiaçının təqdim etdiyi akt saxtadır və əsli yoxdur. Həmin aktda iddiaçının ona 4300 dollar verdiyi göstərilmişdir. O, cəmi 3000 manat aldığını və orada dollar söhbəti olmadığını, aktın orada əvəzindən çəkilmiş imzaların saxta olmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsini tələb etmişdir. Lakin məhkəmə ekspertizanın keçirilməsi məsələsini müzakirə etməmişdir. 15 il ərzində cavabdehlər ailəsinin torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirib əldə etməklə qazanc götürmüşlər, torpağın münbitləşdirilməsi üçün heç bir iş görməmişlər. Məhkəmə iddiaçıların torpaq sahəsindən 15 il istifadə etməsini nəzərə almadan, iddia müddəti tətbiq etmədən ondan əsassız olaraq 7300 manat alınıb iddiaçılara verilməsini qət etmişdir. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, onlar torpağı almışlar. Torpaq sahəsini alıqdan sonra həmin torpaq sahəsinin yaxşılaşdırılması üçün müəyyən xərclər çəkmişlər. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, atası 03 ha torpaq satmış və bunun əvəzində 3000 manat pul almışdır. İddiaçılar qeyd olunan alqı-satqıya dair qəbzdə saxtakarlıq etmişlər, bu ekspert rəyindən də məlumdur. Keçmiş İcra nümayəndəsi Ələkbər İmanov da əvvəlki məhkəmə iclasında qeyd etmişdir ki, pulun verilməsində iştirak etməmişdir. Həmin torpaq sahəsindən 1.11 hektara görə isə 1000 manat çıxılacaqdır. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs X12 izahatında bildirmişdir ki, tərəflər arasında sözügedən razılaşma təsdiq olunan zaman o, İmişli rayon Qızılkənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndə işləmiş, o, tərəflərin arasında imzalanmış razılıq sənədini təsdiq etmişdir. İddia edilən pul vəsaiti onun yanında verilməyib, pulu tərəflər öz aralarında razılaşıblar, o isə yalnız onların imzalarının doğruluğunu təsdiq etmişdir İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında həm xəstəliyi ilə əlaqədar, həm də seçki ilə əlaqədar komissiya üzvü olduğu üçün iştirak edə bilməyəcəyini bildirmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, İmişli rayonu Qızılkənd kəndində yerləşən 163 saylı planda yeri göstərilmiş 13079,47 kv/m və 163A saylı planda yeri göstərilmiş 11137,19 kv/m, cəmi 2,42 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh, X3, X6, Azadov Niyaməddin (Şuaməddin) Kərimxan oğlu və X2 ümumi birgə mülkiyyətindədir. Bu barədə mülkiyyət hüququnun təsdiqinə dair JN 0163 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, əvvəllər tərəflər torpaq sahəsinə dair müəyyən razılaşma olmuş, bu barədə müvafiq akt tərtib edilmiş, qəbz imzalanmışdır. Cavabdeh, X6 və X5 ilə İddiaçı2 tərəfindən imzalanaraq İmişli rayon İcra Hakimiyyəti başçısının Qızılkənd kənd İN-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2007-ci il tarixli Aktın surətinə görə, Cavabdeh ailə üzvlərinə məxsus olan İmişli rayonu Qızılkənd kəndində yerləşən 1,11 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini İddiaçı2 4300,0 ABŞ dollarına satmışdır. Bundan başqa, təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı2 və Cavabdeh tərəfindən, şahidlərin iştirakı ilə qəbz imzalanmışdır. Həmin qəbzə görə, sonuncunun ailə üzvlərinə məxsus torpaq sahəsinin dəyəri olan 4300 ABŞ dolları İddiaçı2 tərəfindən Cavabdeh təhvil vermişdir. Təqdim edilmiş başqa sənədlərə görə, iddiaçı tərəfindən torpaq sahəsində müəyyən yaxşılaşdırma işləri görülmüşdür. Müəyyən edilir ki, torpaq sahəsi ilə bağlı tərəflər arasında əvvəllər məhkəmə mübahisələri olmuşdur. İmişli Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar- Cavabdeh və başqalarının iddiası təmin edilmiş, iddiaçıların ümumi mülkiyyətində olan JN 0163 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 163A saylı planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 11137,19 kv/m kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehlər- İddiaçı2 və İddiaçı1 çıxarılması və torpaqdan istifadəsinə mane olan qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Hazırki tələbində iddiaçılar, torpaq mülkiyyətçilərinin torpaq sahəsinə görə onlardan pul aldıqlarına baxmayaraq, onları çıxardıqlarından ödədikləri pulun qaytarılmasını və torpağın yaxşılaşdırılması ilə əlaqədar çəkilmiş xərci tələb etmişlər. Mahiyyətcə, əqd etibarsız olduğundan iddiaçı ödədiyi pulu və torpaq sahəsinə əlavə çəkdiyi xərcləri tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İddiaçılar tələbində İmişli rayon İcra Hakimiyyəti başçısının Qızılkənd kənd İN-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2007-ci il tarixli akta və həmin tarixli qəbzə əsaslanmışlar. Həmin sənədlərə görə, Cavabdeh ailə üzvlərinə məxsus olan İmişli rayonu Qızılkənd kəndində yerləşən 1,11 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini İddiaçı2 4300,0 ABŞ dollarına satmışdır. İddiaçılar iddia edirlər ki, sonra cavabdeh onları torpaqdan çıxarmışdır. Torpağın yaxşılaşdırılması ilə əlaqədar iddiaçı tərəf bələdiyyə tərəfindən təsdiq olunmuş aktlara əsaslanmışdır. Qızılkənd bələdiyyəsi tərəfindən təsdiq olunmuş xx.xx.2010-cu il tarixli Aktda göstərilmişdir ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh ailə üzvlərinə məxsus olan İmişli rayonu Qızılkənd kəndində yerləşən 1,1 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ES-100 markalı traktorla hamarlama işlərini və əraziyə ətrafdan torpaq daşınmasını həyata keçirtmiş, əraziyə peyin və gübrə verərək torpağı əkinə yararlı vəziyyətə gətirmişdir. Həmin işlərin görülməsinə cəmi 2080,0 manat məbləğində vəsait sərf edilmişdir. İşdə olan Qızılkənd bələdiyyəsi tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Aktda göstərilmişdir ki, İddiaçı2 və İddiaçı1 xx.xx.2007-ci il tarixdə əldə etdiyi İmişli rayonu Qızılkənd kəndində yerləşən 1,1 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin T-75 A traktorla hamarlama işlərini həyata keçirtmiş, əraziyə peyin və gübrə verərək torpağı əkinə yararlı vəziyyətə gətirmişdir. Həmin işlərin görülməsinə cəmi 2360,0 manat məbləğində vəsait sərf edilmişdir. Mübahisəli ərazidə yaxşılaşdırma işləri görüldüyündən, eləcə də iddiaçının təqdim etdiyi qəbz mübahisələndirildiyindən iddiaçıların isifadəsində olmuş torpaq sahəsinin xam formada yaxşılaşdırılmamış vəziyyətdə və yaxşılaşdıırlmasından sonrakı dəyərinin, eləcə də iddiaçının təqdim etdiyi qəbzdə qeyd edilən 4300 ABŞ dolları yazısı barədə iş üzrə müvafiq ekspertizalar keçirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2024-cü il tarixli, G-08/24-050 nömrəli rəyindən görünür ki, torpaq sahəsində çoxillik yonca əkilmişdir. Sahənin əkinə hazırlanması və suvarma sisteminin quraşdırıması, sahənin gübrələnməsi və digər aqrotexniki qulluq işləri görülmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin rəyinə görə torpaq sahəsinin hazırki uyğun analoji xam formada yaxşılaşdırılmamış vəziyyətdə orta bazar dəyəri 8500 manatdır. Yaxşılaşdıırlmasından sonra, yəni hazırki bazar dəyəri 12900 manatdır. Aradakı fərq 12900- 8500=4400 manat təşkil edir. İş üzrə məhkəmə xətşünaslıq ekspertizasının 12 dekabr 2024-cü il tarixli 4/1680 nömrəli rəyinə görə, ekspertizaya təqdim olunmuş, mülki işin 155-ci vərəqəsində yerləşən 21 noyabr 2007-ci il tarixli qəbzin (pul vəsaitinin verilməsi ilə bağlı) aşağı hissəsində “Cavabdeh” soyadı önündə yerləşən imza– Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2024-cü il tarixli 5/1226 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş mülki işin 155ci vərəqində olan qəbzin əlyazma mətnindəki “4300 rəqəmlərindən 43” rəqəmlərin yerində əvvəlcə “10” rəqəmləri olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgilər artıralaraq indiki rəqəmlərə dəyişdirilmişdir, “dörd” yazısının yerində əvvəlcə “bir” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgilər artırılaraq indiki yazıya dəyişdirilmişdir, “300” rəqəmləri sonradan əlavə edilmişdir. Qanunun tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış qəbzə əsaslanaraq 4300 ABŞ dolları məbləğində vəsaiti manatla cavabdehdən tutmuşdur. Kollegiya bu hissədə məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, sözügedən qəbzdə düzəliş edildiyi müəyyən edilir. 4300 ABŞ dolları pulun verilməsi başqa sübutlarla müəyyən olunmur. Bununla yanaşı, cavabdeh tərəf həm birinci instansiya məhkəməsində, həm apellyasiya baxışında izahatında iddiaçının təqdim etdiyi qəbzi qəbul etmədiyini bildirmiş və torpağa görə 3000 manat aldığını bildirərək həmin vəsaiti qaytarılmağa razı olduğunu bildirmişdir. Bundan başqa, torpaq sahəsindən çıxarılmaya dair İmişli Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsindən də görünür ki, həmin işə baxarkən iş üzrə iddiaçı X3 izahatında sahəsi 11137,19 ha torpaq sahəsinə görə 3000 manat aldığını bildirmişdir. Beləliklə, əvvəlki məhkəmə mübahisəsi üzrə qüvvədə olan qətnamədən, eləcə də indiki izahatından görünür ki, cavabdeh torpaq sahəsinə görə iddiaçıdan 3000 manat alması faktını etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsində də cavabdeh 3000 manatı qaytarmağa razı olduğunu bildirmişdir. Eyni zamanda, cavabdeh torpağa görə iddiaçıdan 3000 manat aldığını yazılı ərizəsində etiraf etmişdir. Cavabdeh tərəf torpaq sahəsini müvəqqəti istifadə üçün verdiyini bildirsə də təqdim edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin arasında torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuşdur. Lakin həmin razılaşma məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2007-ci il tarixli razılaşma etibarsız olduğundan, torpaq sahəsinə görə ödənilmiş 3000 manat cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır. İddiaçının tələbinin ikinci hissəsi, torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən xərclərlə bağlıdır. Birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməmişdir. Kollegiya hesab edir ki, həmin hissədə məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kollegiya qeyd edir ki, bu hissədə iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Beləliklə, əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə bu, torpaq sahəsinin tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 avqust 2024-cü il tarixli rəyinə əsasən torpaq sahəsinin hazırki uyğun analoji xam formada yaxşılaşdırılmamış vəziyyətdə orta bazar dəyəri 8500 manat, yaxşılaşdırılmasından sonra, yəni hazırki bazar dəyəri 12900 manatdır. Aradakı fərq 12900-8500=4400 manat təşkil edir. Ona görə, Kollegiya hesab edir ki, sözügedən torpaq sahəsinin yaxşılaşdırmadan sonrakı dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki dəyəri arasındakı fərq məbləği cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir; cavabdehdən torpağa görə ona ödənilən 3000 manat və torpağın yaxşılaşdırılmasından sonrakı dəyəri ilə yaxşılaşdırmadan əvvəlki dəyər fərqinə görə 4400 manat pul vəsaiti iddiaçılar- İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. Hər iki apellyasiya şikayəti qismən təmin edildiyindən şikayətlərin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü tarixli, 2(036)-2583/2023 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh torpağa görə ödənilən 3000 manat və torpağın yaxşılaşdırılmasından sonrakı dəyəri ilə əvvəlki dəyərin fərqinə görə 4400 manat pul vəsaiti iddiaçılar- İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qanunla müəyyən edilmiş qayadada və müddətdə kassasiya qaydasında şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar